Torpaq və gül
Sual: Sədi Şirazinin “Gülüstan” əsərində əksini tapan “Torpaq ol ki, gül bitirəsən, çünki gülü ancaq torpaq bitirə bilər” ifadəsi Allaha ibadət və bəndəlik anlayışı baxımından hansı mətləbləri ehtiva edir?
Cavab: Əvvəlcə bu gözəl kəlamın həqiqi mənasına baxaq: gül ancaq torpaqda bitir. Gül nə qranit, mərmər və ya dəmirin, nə də qiymətli daşların – gümüş, qızıl, zəbərcəd və yaqutun üstündə bitir.
Əslində ölən insanların torpağa basdırılmasına da bu aspektdən yanaşmaq olar. Ölən adamı götürüb bir kənara atmırlar. Əksinə, o biri dünyada gül bitirsin deyə torpağa basdırırlar. Bunu istər əcbüz-zənəblə[1], istərsə də, başqa bir şeylə izah edin, insanda elə bir əsas, özül var ki, Allah-taala məhz bununla onu əhya edəcəkdir. Ancaq bu dünyada torpağa basdırılmadan mənən çürüyən bir insanın axirətdə gül olub çiçək açması mümkünsüzdür.
İbadətin zirvəsi – səcdə
Torpaq daima təvazökarlığın və məhviyyətin simvolu olmuşdur. Çünki ayaqlar altında əzilsə də, Allahın izni və inayəti ilə insanların və digər canlıların həyat mənbəyinə çevrilmişdir. Bu səbəbdən insan da məqamından asılı olmayaraq özünü “sıfır” bilməli vəAllahın hüzurunda əmrə-müntəzir dayanmalıdır ki, mənən yüksəlsin, “bəhrə” versin. Əksinə təkəbbürü ucbatından yerə-göyə sığmayan insan isə bir gün başaşağı uçuruma yuvarlanar.
Ona görə də insan Allahın lütf və nemətlərinə layiq şəkildə təvazökar olmalı və şükür eləməlidir. Bu həqiqəti namazın rüknləri ilə müqayisədə xəyalımızda canlandıra bilərik. Məsələn, “Allahu əkbər” deyib namaza başlayan və qiyamda əmrə-müntəzir dayanan insan çox keçmir ki, bununla kifayətlənməyib rukuya gedir, Allahın hüzurunda iki qat olur. Ardınca “Allahım, Sənə şukürlər olsun ki, mənə bu ibadəti yerinə yetirməyi lütf etdin. Sən böyüksən! Sən ucasan! Yeganə böyük Sənsən, mən isə kiçik və aciz bir varlıq. Ancaq mən ayaq üstə durmaqla Sənə layiqincə şükür edə bilmirəm. Budur qarşında bel büküb əyilirəm” hisləri ilə başını səcdəyə qoyur. Sonra Onun qapısında muradını axtaran bir bəndə sayaq başını səcdədən qaldırır, Ona yönəlib: “Yox, bu bəs deyil!” deyib təkrar səcdəyə qapanır.
İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) “Səcdə bəndənin Allaha ən yaxın olduğu yerdir” (Müslim, “Səlat”, 215; Əbu Davud, “Səlat”, 148; Nəsayi, “Məvaqid”, 35) hədisi ilə bəndənin Allaha səcdədən daha yaxın bir yer və anının olmadığını bildirir. Şair səcdənin mənasını misraların dili ilə gözəl ifadə edir:
Başla ayaq eyni yerdə, öpər alnı səccadə,
Budur, insanı yaxınlığa aparan caddə (yol)!..
Müvəffəqiyyəti özündən bilmə müsibəti
Demək, insan nə qədər təvazökar, nə qədər başıaşağı olarsa, Allaha da bir o qədər yaxın olar. Əslində Allaha ürəkdən inanan bir insan Rəbbinin nemətləri haqqında bu şəkildə düşünür və düşünməlidir. O, Kərim olan Rəbbinin sonsuz nemətləri qarşısında təvazökarlıqla əyilər, ayaq basdığı yerə baş qoyar, Sonsuzun önündə özünü sıfır bilər.
O baxımdan ömrünü din, vətən və xalq yoluna həsr edən insanlar böyük nailiyyətlər əldə etsələr də, yüksək məqamlara gəlsələr də, bunu heç vaxt özlərindən bilməməlidirlər. Həmişə başıaşağı olmalı və Onun rizasından qeyri dünyəvi və üxrəvi bir şey ummamalıdırlar. Həyatını haqq yoluna həsr edən insanların bunun müqabilində “Filan işim həll olsun, rahat bir evim olsun, uşağım bir vəzifəyə gəlsin” kimi fikirləri olmamalıdır. O, saleh əməlləri nə Cənnətə düşmək, nə də Cəhənnəmdən qurtulmaq üçün işləməlidir. Bu kimi şeyləri Allahın lütf, inayət, riayət və kilayətindən gözləməlidir.
Yoxsa dinə, xalqa xidmət edirəm deyib ciblərini dolduranlar açıq-aşkar yalan danışırlar. Hər işinin müqabilində xalqdan alqış və təqdir uman, barmaqla göstərilmək istəyən və məqam-mənsəb arxasınca düşən adam həm riyakarlıq, həm eqoistlik etmiş, həm də Allahla ədəbsizcəsinə sövdələşməyə girmiş olur. Allahın lütf etdiyi nailiyyət və nemətləri öz ağıl, zəka, fətanət və dirayətinin nəticəsi sayan və bu çərçivədə Fironsayağı danışan adamlara bu gün fürsət verilsə də, sabah əllərindən alınacaq, bu gün nə qədər harınlayıb həddlərini aşsalar da, sabah o qədər xəcalət çəkəcəklər. Budur İlahi qanun və bu qanun indiyədək heç vaxt dəyişməmişdir.
Gübrə ol ki, gül bitsin!..
Həqiqi mömin qazandığı nailiyyətləri öz mənfəətinə sərf etməz və ya uğurlarının alqışlandığını görüb həddini aşmaz. Əksinə, o, Allahın nemətlərinə müqabil: “Görəsən güllərimlə, çiçəklərimlə, yarpaqlarımla, kökümlə torpağa qarışıb başqa güllərin bitməsinə zəmin hazırlaya bilərəm?” deyə fikirləşməlidir.
Ustad Nəcib Fazil (məqamı cənnət olsun) özündən danışanda: “Məni də bir gübrə sayın” deyərdi. Bu sözünü heç unutmuram. Əslində böyüklüyünü bilə-bilə bu cür fikirləşməsi onun sadə və təvazökar bir insan olduğunu göstərir. Mömin gərək özu haqqında bu cür düşünsün. Mömin bir gül bağına dönsə də, quşlar ətrafında qanad çalıb nəğmələr söyləsə də, o, başqa güllər bitsin deyə torpağa qarışıb gübrə olmağı bacarmalıdır. Çünki Allahın başımıza yağdırdığı nemətlərin müqabilində biz də məhviyyət, təvazökarlıq və xəcalət hislərimizi dərinləşdirməliyik. Hətta təqdir ediləndə belə: “Allahım, biz neyləmişik ki, bu insanlar bizə söyülmək saydığımız alqış dolu sözlər söyləyirlər!” deməliyik.
Görülən işləri illah da bir səbəblə izah eləmək lazımdırsa, vifaq və ittifaqa baxmaq olar. Çünki Allah-taala vifaq və ittifaqı Ona yönələn bir təvəccöh və ya bir nəzər hesab edir, təvəccöhə təvəccöhlə, nəzərə nəzərlə cavab verir. Vifaq və ittifaq ilahi yardımın ən böyük vəsiləsidir.
“Ənfal” surəsində keçən “Və Allah onların ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir” (“Ənfal” surəsi, 8/63) ayəsində də buyurulduğu kimi əsas məsələ Allahın inayəti, riayəti (qoruma) və kilayətidir (hifzi). Bizim Onunla irtibatımız möhkəm olarsa, “bir işimizi, bir savabımızı min” edər. O, bir damlaya dənizin, bir zərrəyə günəşin, bir qarışqaya kərgədanın işini gördürərək öz böyüklüyünü göstərir. Çünki bəzən Allah öz böyüklüyünü kiçik ünsürlərlə böyük işlər görərək ortaya qoyur.
İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) dünyasını dəyişəndə sayca otuz-qırx mindən çox olmayan səhabələr o dövrün iki hegemon dövlətinə – Bizans və Sasani imperiyasına diz çökdürmüş, güclü bir dövlət qurmuş və dünyaya yeni bir nizam gətimişdilər. Üstəlik bugünkü PKK-dan üç-dörd dəfə böyük olan on bir irtidad üsyanını yatırmışdılar. Həzrət Əbu Bəkir (radiyallahu anh) iki il yarımlıq xilafət dövründə bu fitnələri aradan qaldırmış və əminn-amanlığı bərqərar etmişdir. Bu gün özlərini böyük dövlət sayanlar, nizami ordudan dəm vuranlar, ancaq PKK-nın qarşısını ala bilməyələr utanıb yerə girməlidirlər.
Torpağa elə qarış ki, məzarın da bilinməsin!..
Allah bəs, baqi həvəs (Allah bizə yetərdir, qalanı boş həvəsdir). Bizim alqışa, təmtəraqlı sözlərə ehtiyacımız yoxdur. Məhviyyət və təvazökarlıqla haqq yolunda xidmət etməli, Rəbbin rizasını axtarmalı, sonra da bir gülə gübrə olmaq üçün torpağa qarışmalıyıq. Nəinki sağkən alqış və tərifdən uzaq olmalı, hətta öləndə belə dəfnimizə çox adamın gəlməsini ummamamlıyıq. Hətta “Mərhumu necə tanıyırdınız? Haqqınızı halal edirsiniz?” suallarını lüzumsuz saymalı, əsas məsələnin Allahla möhkəm irtibat olduğunu heç vaxt unutmamalıyıq.
Varlığı yoxluğu bilinməyən bir insan kimi yaşamalı, bu cür də dünyadan köçməliyik. Mümkünsə əsrin böyük şəxsiyyəti kimi, qəbrimizin belə gizli qalmasını istəməliyik. O, “İki-üç tələbəmdən başqa, kimsə bilməsin” demişdi. Siz bir onun tövhid əqidəsinə, Allahla irtibatına baxın! Bu gün bir neçə nəfərdən başqa heç kim onun qəbrinin yerini bilmir. O, əsərlərində dilə gətirdiyi “fövqəladə təvazö”, “fövqəladə məhviyyət” və “fövqəladə xəcalət” prinsipinə hərfiyyən əməl etmişdir (Bax: “Şüalar”, səh. 305 (On üçüncü şüa); Əmirdağ lahiqəsi, 1/106).
Əgər gördüyümüz işlərin müqabilində illah da bir təmənna umuruqsa, o da Məhəmmədi ruhun hər tərəfə yayılması olmalıdır. Ancaq bu məsələdə belə, nəticəni görmək arzusuna düşməməli, nəticəni Rəbbin muradına həvalə eləməliyik. Çünki Onun muradından qeyri bir şey diləmək doğru deyil. Biz istəyirik, arzu edirik, ancaq O nə murad edir, orasını bilmirik. Biz istəsək də, bəzi kömür ruhlu insanlar hidayətə gəlməyəcək. Ona görə də biz Allahın (cəllə cəlaluhu) və Onun Şanlı Nəbisinin (sallallahu aleyhi və səlləm) könüllərdə taxt qurması məsələsində qətiyyətli və israrlı olsaq da, nəticəni Rəbbimizə həvalə edər, Onun hökm və təqdirinə razı olarıq.
[1] Əcbüzzənəb – Mötəbər hədis kitablarında buyurulur ki, torpağa basdırılan insan çürüyür, ancaq “əcbüzzənəb” adlı sümük sağ qalır. Qiyamətdən sonra insan məhz bu “əcbüzzənəb”dən təkrar dirildiləcəkdir.
- tarixində yaradılmışdır.