Süd və Fitrət

Sual: Rəsul-Əkrəm Əfəndimizin (s.ə.s.) Miracda ona ikram edilən içkilər arasından südü seçməsinə müqabil Həzrəti Cəbrayılın (ə.s.) "Fitrəti seçdin!" deməsi nə mənaya gəlir? Fitrət ilə süd arasında necə əlaqə var?

Cavab: Hədisi-şəriflərdə izah edildiyinə görə, Miracda İnsanlığın İftixarına (s.ə.s.) bir qabda şərab, bir qabda süd və bir qabda da bal gətirilmişdi. Allah Rəsulu südü seçincə, Cəbrayıl (ə.s.) "Bu aldığın fitrətə uyğun olandır. Sən və ümmətin fitrət üzrəsiniz!" demişdi.

Səlim Fitrət

"Fitrət" sözünün lüğəvi mənası xilqət, insanın yaradılışında var olan xüsuslar, xarakter, maya, təbiət, Peyğəmbərlərin yolu, Din, səlim qəlb mənalarına gəlir. Bəzi alimlər fitrəti "ilk yaradılış" şəklində anlamış, bu görüşlərini möhkəmlətmək üçün Qurani Kərimdə Cənabi-Haqqın adı olaraq keçən "Fatirus-Səmavati vəl-ərz - Göylərin və yerin Yaradanı" ifadəsinə əsaslanmışlar.

Termin olaraq isə fitrət, hər insanın Allaha inanmağa və Ona qulluq etməyə meyilli yaradılması olub ülvi həqiqətləri qəbul və anlama qabiliyyətidir. İnsanın bütün orqanlarının, cövhərlərinin, lətifələrinin və zahiri-batini hisslərinin (duyğu) bir yaradılış hikməti və hər birinin özünə xas vəzifələri vardır. Təbiət etibarilə, insan dünyaya göndəriliş hikmətini anlama, dua və ibadətə (ubudiyyətə) aid məsuliyyətlərini qavrama və həmişə xeyir arxasında olma təmayüllü yaradılmışdır ki, buna "fitrət" deyilir. Korlanmamış fitrət mütəmadi haqqa yönəlmiş bir yolun yolçusu olar. Beləliklə, səlim fitrətə sahib olan insan, özünü dərk etdiyi andan Haqqı tanımağa ehtiyac duyur, davamlı Onu axtarır və Ona qulluq etməklə qəlbən rahatlayır.

Qurani-Kərimin bir çox ayəsində fitrət vurğulanmış və Rəsuli-Əkrəmin (s.ə.s.) rəhbərliyi ilə bəşəriyyət Haqq dinə, yəni fitrət üzrə yaşamağa dəvət edilmişdir. Cənabi-Haqq məalən belə buyurur: " (Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman – təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar)." (Rum, 30/30)

Həbibi-Kibriya Əfəndimiz (s.ə.s.), "Hər uşaq İslama uyğun olaraq, səlim fitrət üzrə dünyaya gəlir." buyuraraq, hər insanın yaradılış baxımından ləkəsiz, tərtəmiz, iman və İslama ən uyğun bir mahiyyətdə doğulduğunu ifadə etmişdir. Deməli, əgər bir insan doğulduğu andan tək yaşamağa məcbur qalsa və ona heç bir xarici təsir olmasa, ağlı və vicdanı onu Haqq dinə yəni "Tövhid"ə aparacaqdır. Allah-Təala insana yaxşılıq və pisliklərlə dolu dünya həyatında yaxşılığa meyilli, daim yaxşını seçə biləcək qabiliyyət, vicdan və iradə vermişdir. Fitrətini qorumuş və onu korlamamış hər bir insan yaxşılığa meyilli və Allahın ayələrini ağıl və qəlb yolu ilə qavramağa mühəyyadır (hazırlanmış).

Bəli, insanın fitrətində iman əsl, küfür isə arizi (əslində olmayıb sonradan əmələ gələn) bir xüsusdur. Bununla belə, əsası təmiz olan fitrət, sonrakı sui-istimallar (bir şeyi işlətməmə, və ya yanlış yerdə, yanlış şəkildə istifadə etmək) nəticəsində kirlənmiş ola bilər. Başqa sözlə, əgər, fitrət qorunmaz və onu mühafizə etmək üçün lazımlı tədbirlər görülməzsə, insanın batil cərəyanlardan hər hansı birinə qapılıb getməsi də mümkün və ehtimal daxilindədir.

Qarın ilə Qan Arasındakı Möcüzəli Qida

Rəhbəri-Əkməl Əfəndimizin (s.ə.s.) südü seçməsi ilə ona "Fitrəti seçdin" deyilməsi, əvvəla bəşərin ilk qidasının süd olduğunu ağıla gətirir. Süd ən əsas və təbii qida maddəsidir ki, insan dünyaya gələn kimi onunla bəslənməyə başlayır. Həkimlər və qida ekspertləri südün tərkibində sodium, potasium, kalsium, maqnezium, fosfor, mis, kükürd və xlor kimi təbii duzlar ilə zülal, şəkər və yağ kimi qidaların mövcud olduğunu, bu etibarla onun həm həyati bir qida mənbəyi, həm də bir çox xəstəlik üçün şəfa vəsiləsi olduğunu ifadə edirlər.

Necə ki, Əfəndimiz (s.ə.s.), "Uca Allah bir adama süd nəsib etsə, o onu içərkən, 'Allahım, bu südü bərəkətli et və bizə daha çox süd ver!' deyə dua etsin. Çünki yemək və içkilərin yerini tutan, aclığı və susuzluğu aradan qaldıran süddən başqa bir qida bilmirəm." deyir.

Əslində, südün qarın ilə qan arasından çıxıb insanlar üçün xalis bir içkiyə dönməsi tamamilə  ilahi ehsandır və ibrət nəzəri ilə baxılmalı bir hadisədir. Buna görə, Cənabi-Haqq Qurani-Kərimin müxtəlif ayələrində süddən bəhs edir, onu Rəhman və Rəzzaq (ruzi verən) olduğunu dəlillərindən sayır. Beləliklə də, süd, təbiiliyi, yeni doğulanlara təməl qida olma keyfiyyəti, ehtiva etdiyi maddələr baxımından zənginliyi, insanlarla yanaşı bir çox heyvanın da  qida mənbəyi olması və bir yönü ilə rəhmət xəzinəsindən vasitəsiz göndərilişi kimi xüsusiyyətləri ilə "fitrət"ə çox bənzəyir.

Misal Aləmində Süd Simvolu

Merac Şahsuvarının (s.ə.s.) o müqəddəs səyahətini sadəcə misal aləminə səfər olaraq görmək çox səhvdir, lakin Merac ilə əlaqəli hədisi-şəriflərdə təsvir edilən mənzərələrin misal aləminə aid bəzi bərzəxi simvollar daşıdığına şübhə yoxdur. Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.) o mənzərələrin və simvolların həqiqi mahiyyətlərini Allahın öyrətməsi ilə öyrənmişdi, bilirdi, lakin onları ümmətinə izah edərkən bəzi hikmətlərə görə, yenə o bərzəxə aid şəkil, rəmz və işarələri işlətmişdir. Süd də Rəsuli- Əkrəmin (s.ə.s.) və ümməti-Məhəmmədin  sahib olduğu əsl fitrəti simvollaşdırmaqdadır. Rəhbəri-Əkməl (s.ə.s.) misal aləmində südün fitrətə işarə etdiyini bildiyinə görə onu seçmişdir.

Ayrıca, Allah Rəsulu (s.ə.s.) süd ilə əlaqəli belə bir yuxu rəvayət edir: "Yuxuda mənə bir kasa süd gətirildi. Ondan elə içdim və o qədər doydum ki, südə doyduğumu dırnaqlarımın ucuna qədər hiss etdim. Daha sonra artığımı Ömər ibn Xəttaba (r.a.) verdim." Əshabi-kiramın, "Ya Rəsulullah! Onu nə ilə yozdun?" sualına, Əfəndimiz "Elm ilə" cavab verir.

Deməli, süd bir yönü ilə fitrətin rəmzi olduğu kimi, digər bir yönü ilə də elm və ürfanın simvoludur. Əslində, elmdən məqsədin İslam fitrətinə və yaradılış hikmətinə uyğun yaşamaq olduğunu düşünsək, elm ilə fitrət arasında da dərin bir əlaqə olduğu aydın olacaq. Bu baxımdan, yuxuda bir insana süd verilməsi ya da içirilməsi onun həm fitrətə dəvət edilməsi, həm də ilahi mərifət hasil edəcək elmlə şərəfləndirilməsi deməkdir. Bəli, misal aləminə görə süd, başlanğıcdakı elm və mərifət ilə nəticədəki fitrət üfüqünü təmsil edir.

Süd, İçki və Bal Arasındakı Seçim

Sələflər yuxuda görülən şərabın (içkinin) avaralığa, özündən çıxmağa, mala-mülkə və dünyəvi şan-şöhrətə işarə etdiyini deyirlər. Necə ki, mövzu ilə əlaqəli bir hədisdə, Cəbrayılin (ə.s.) Rəsuli-Əkrəm Əfəndimizə (s.ə.s.) "Əgər şərabı alsaydın, ümmətin yolundan azardı!.." dediyi rəvayət edilir. Bu söz də, şərabın misal aləmində yolundan azmaya işarə olduğunu təsdiqləyir. Şərab, xurma və üzüm kimi meyvələrin qıcqırdılması ilə əldə edilir ki, əslində qıcqırtma işi də bir yönü ilə təbiilikdən uzaqlaşma və mahiyyət dəyişdirmə əməliyyatıdır. Halbuki, süddə, təbiilik, saflıq və duruluq var ki, Qurani Kərim də onu saf, qatışıqsız və duru mənasına gələn "xalisən" sözü ilə vəsf edir. Beləliklə, şərab ilə süd arasındakı seçim çürümüşlə saf, dəyişikliyə məruz qalmışla əslini mühafizə, sapqınlıq ilə hidayət, mənəvi çökmə ilə yüksəliş və mahiyyət deformasiyası ilə səlim fitrət arasındakı bir seçimdir.

Rəsuli-Əkrəm Əfəndimizə (s.ə.s.) Meracda təqdim olunanların içində bal olmasında və onun seçilməməsində də incə bir məna var. Halbuki, bal çox faydalı və şəfalı bir qida olsa da, süd qədər təbii və hər zaman, hər kəsin istifadəsinə əlverişli deyil. Bundan savayı, bir çox alim yuxuda görülən balı, dünya malı və zənginlik şəklində şərh etmişlər. Deməli, həm hər məkanda və hər mövsümdə arıçılıqla məşğul olmağın mümkün olması, həm balın içki olaraq istifadə edilməsi üçün süd ya da su ilə qarışdırılıb şərbət halına gətirilməsi lazım olduğu, həm də onun bərzəxə aid mənzərə və təsvirlərdə mal-mülkə işarə olduğu nəzərə alınsa, südə nisbətən onun da sadəlikdən uzaqlaşma və dünyəviləşmə əlaməti sayıldığını deyə bilərik.

Cənabi-Haqqın "Nəhl" surəsində süd, içki və balı arxa-arxaya zikr etməsi də müzakirə etdiyimiz mövzunu daha yaxşı anlamağa kömək ola bilər. Ayəti-kərimlərdə məal olaraq belə deyilir: Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər. (Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz. Əksinə, südə elə bir tam verərik ki, o, içənlərə xoş gələr). Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır.

Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: "Rəbbinin yollarını itaətlə tut!") (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!" (Nəhl, 16 / 66-69)

Üzərində çox təfəkkür ediləsi bu ilahi bəyan eyni zamanda sərxoş edici içkilərlə əlaqəli enən ilk vəhydir. Bununla içki hələ haram edilməmiş, lakin gözəl ruzi ilə müqayisə edilərək, mətnaltı onun xoş bir içki olmadığı izah edilmişdir.

Digər tərəfdən, Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.) yuxulardakı pis səhnələrlə əlaqəli, "Xoşunuza gəlməyən bir şey gördüyünüz zaman üç dəfə sol tərəfinizə tüpürün, üç dəfə də 'Əuzü billahi minəşşeytanirracim' deyin və onu heç kimə danışmayın!" buyurmuşdur. Çünki yuxunu kiməsə danışma və onu yozma, edilən şərh istiqamətində reallaşması üçün göndərilən dəvətnamə mənasına gəlir. Adəti-sübhaniyə baxımından, misal aləminə aid mənzərələr yaxşı ya da pis yozumuna görə həyatda cərəyan edir.

Bu baxımdan, Həzrəti Ruhu-Seyyidil-Ənam Əfəndimizin (s.ə.s.) südü alması, onun Cəbrayıl (ə.s.) tərəfindən fitrəti seçmə şəklində açıqlanması və Allah Rəsulunun (s.ə.s.) bu hadisəni danışması, həmin həqiqətin yozulduğu şəkildə bu aləmdə eyni ilə reallaşması üçün hökmə bağlanması mənasına da gəlir.

Fitrətə Ən Uyğun Din

Allah Rəsulunun və ümməti-Məhəmmədin (s.ə.s.) fitrət üzrə olmalarında məqsəd isə İslamın sevdirmə və asanlaşdırma əsasları ilə gəlmiş, ifrat və təfridin kökünü kəsmiş, bütün insanlara ancaq güclərinin çatacağı məsuliyyətləri yükləmiş və göndərildiyi kimi mühafizə edilmiş insan təbiətinə ən uyğun din olmasıdır.

İslamiyyət özünəxas üslubu, metodları və bəşəri problemlərə təqdim etdiyi həll  yolları baxımından, səmavi və qeyri-səmavi bütün sistemlərdən fərqlidir və o hər yönü ilə mükəmməllik nümunəsidir. Çünki İslam insanın bütün təməl xassələrini, zehni, fikri, ruhi bacarıqlarının hamısını nəzərə alaraq onu çox geniş bir çərçivəyə oturdur, nə bəzi fəlsəfi cərəyanlar kimi yalnız ağıla və fikrə xitab edərək hisləri görməməzliyə vurur, nə də ağılı və məntiqi görməzlikdən gələrək onu sırf hissi bir varlıq kimi qiymətləndirir. Əksinə, İslam insana küllü nəzərlə baxır.. onun daxili və xarici duyğularının bütün istəklərini ödəyir.. və onu varlığın maddi-mənəvi bütün ünsürləri ilə dünyəvi-üxrəvi xoşbəxtliyə və Cənnətə hazırlayır.

İnsan düşüncəsinin məhsulu olan nə qədər xeyir, səadət və xoşbəxtlik səbəbi, ya da yolu varsa bunların hamısı müvəqqəti və köhnəlməyə məhkumdur. Çünki buna bənzər yol və vasitələr hər zaman insandan insana, cəmiyyətdən cəmiyyətə dəyişən, zamanla deformasiyaya məruz qalan, davamlı yanılma və təshihlə aşınan, nisbi, izafi xeyirlər vəd edən, hətta vəd edirmiş kimi görünən bəzi sistemciklərdir ki, insan oğlunun umduğunu qətiyyən verə bilməmişlər.

Lakin İslam dini əbəd üçün yaradılan, əbədə namizəd olan və sonsuz səadət xəyalları ilə oturub duran insan oğlunun bütün istəklərini qane edəcək müjdələrlə gəlmişdir. O, nə bəşərin mahiyyətinə zidd bir təklif etmiş, nə də onun arzu və istəklərindən hər hansı birinə laqeyd yanaşmışdır. Bəli, bu dində insanın arzu və istəkləri mövzusunda heç bir boşluq olmadığı kimi, təqvini əmrlər (Allahın kainatda qoyduğu qanunlar) və onların şərhində də hər hansı bir ziddiyyət yoxdur. Beləliklə, həm dünyəvi istək və ehtiyaclarımızı qarşılayan, həm də bizə üxrəvi səadət vəd edən bu din mahiyyətimiz, qabiliyyətimiz, əməllərimiz və təmayüllərimiz baxımından fitrətə ən uyğun şəkildə vəhy edilmiş Haqq və həqiqət qanunlarının məcmuəsidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.