Quran və sünnədə siyasət elmi

Fəthullah Gülən: Quran və sünnədə siyasət elmi

Sual: Bəzi insanlar yalanlarını və qanunsuz əməllərini “elmi-siyasət” qiyafəsinə bürüyüb qanuniləşdirməyə çalışırlar. Mömin “elmi-siyasət”i necə anlamalı və necə həyata keçirməlidir?

Cavab: Kökü ərəb dilinə aid olan “siyasət” sözü “idarə etmək” mənasına gəlir. Biz “idarə etmək” sözünü iki mənada işlədirik. Birincisi: bir sistemin, bir topluluğun və ya bir qurumun qayda-qanunlarla idarəsi. İkinci mənası isə müdaratdır. Müdaratsa düşmənlərlə münasibətə aiddir. Səbirlə, diplomatik yollarla, yaxşılıq etməklə düşmənin şərini sovuşdurmaq deməkdir. Bu məsələ ilə bağlı Həzrət Ustad Sədi Şirazinin bu misralarını nəql edir:

Asayişi-dü giti təfsirin dü harfəst;
Ba dostan mürüvvət ba düşman müdara.

Yəni “İki cahanın (dünya və axirət) əmin-amanlığını və dincliyini istəyən iki şeyə əməl etsin: dostlara mürüvvət göstərmək, düşmənlə sülhlə rəftar etmək ”.

Dostlara qarşı mürüvvətli olmaq – onlara dəyər vermək, yaxşılıq etmək və qucaq açmaq deməkdir. İnsan yaradılışın göz qamaşdıran abidəsidir. Ona görə də ona ehtiram göstərmək, dəyər vermək və onunla insan kimi rəftar etmək lazımdır. Heç bir humanizm hərəkatı insana İslamiyyət qədər dəyər verməmiş və verdiyi dəyəri əməli şəkildə ortaya qoymamışdır.

Müdaratla təqiyyə arasındakı fərq

Düşmənlərə müdarat etmək onlarla sülhlə keçinmək deməkdir. Yəni düşmənləri lüzumsuz demaqogiya ilə təhrik etməmək, diplomatiyadan məharətlə istifadə etmək, qarşı tərəfin hücum və təxribatını ustalıqla dəf etməkdir. Elə siyasət işlətməlisiniz ki, nə düşmənlə üz-üzə gələsiniz, nə də ondan zərər görəsiniz. Gördüyünüz kimi, bu yanaşma sirati-müstəqimdən uzaqlaşan bir məzhəbin əl atdığı təqiyyədən çox fərqlidir. Onlar başqalarını aldatmağı və məqsədlərinə çatmaq üçün hər cür yalan danışmağı mübah (halal) sayırlar. Müdaratsa səbir və mətanətlə, məntiqi və diplomatik yollarla düşmənçilik hərəkətlərinin qarşısını almağa çalışmaqdır.

Bəli, əgər bir məsələnin diplomatik yollarla həlli mümkünsə və siz bunu bilə-bilə güc tətbiq edərək həll etməyə çalışırsınızsa, düşmənlə uzaqgörən strategiyalarla mübarizə aparmırsınızsa və naşı ittihadçılar kimi dala-qabağa baxmadan silaha əl atırsınızsa, ölkə dalana dirənə və parçalana bilər. İttihadçılar Rusiya ilə müharibəyə girərək o böyüklükdə Dövləti-Aliyəni paramparça etdilər. Ölkəni bu cür macəralardan qorumaq üçün atılan siyasi addımlara və idarəçilik üsuluna, bir sözlə aparılan siyasətə müdarat deyilir.

Siyasəti fırıldaqçılıq sanan zehniyyət

Müasir dövrdə siyasət deyəndə təkcə siyasi partiya kimi təşkilatlanan və toplumu idarə edən insanların gördüyü iş başa düşülür. Ancaq elmi-siyasət təkcə dövlət idarəçiliyi ilə məhdudlaşmır. Şəxsi, ailəvi və ictimai həyatın da özünəməxsus siyasəti vardır. Burada siyasət düzgün aparılmasa, problemlər qaçılmaz olar. Möminin siyasəti isə dinin ortaya qoyduğu prinsiplərlə üst-üstə düşməlidir. Dolayısilə, adi işlərdən tutmuş dövlətin idarəsinə qədər - bütün sahələrdə yol verilən qanunsuzluqlar və müsəlmanların adına yaraşmayan hərəkətlər, əməllər elmi-siyasətin çərçivəsinə daxil deyildir.

Məsələn, hər bir dövlətin məqsədi var: dövlətlər arasında güclü mövqedə olmaq, gücünü qoruyub-saxlamaq, nüfuz qazanmaq və s. Əgər dövlətlər bu məqsədlərə çatmaq üçün müxtəlif bəhanələrlə dünyanın yeraltı və yerüstü zənginliyini istismar edirlərsə, bəzi ölkələrin düşmənçilik bəyanatlarını öz ölkələrinə hücüm kimi göstərib həmin ölkələrin torpaqlarını qəsb edirlərsə, o ölkələrin xalqlarını öz maddi və mənəvi dəyərlərindən uzaqlaşdırırlarsa, onlara kimliyini unutdururlarsa, hüququ tapdalayırlarsa və despotluq edirlərsə, buna siyasət demək olmaz. Bunu ancaq insafsız və vicdansız dövlət terroru adlandırmaq olar.

Bəzi ölkələrin öz mövqelərini qorumaq üçün qeyri-qanuni siyasi addımlar atması, ölkənin içində hakimiyyəti ələ keçirən bəzi insanların şəxsi mənafeyi üçün bu cür qeyri-hüquqi yollara əl atması mümkündür. Belələri nəinki özlərinin, övladlarının, hətta nəvələrinin gələcəyini sığortalamaq üçün var-dövlət yığır, öz adamlarını işə qoyur, başqalarına yaşamağı çox görür, cinayətlərini müxtəlif qiyafələrə bürüyüb xalqa qəbul etidrməyə çaslışırlar. Bəzən yalan danışır, bəzən təmiz niyyətdən dəm vurur, bəzən zülmlərini siyasi zərurət kimi təqdim edir, bəzən də özlərini haqlı çıxarmaq üçün zülm etdikləri insanları qaralayırlar. Ancaq nə qədər dindar görünsələr də, daim dindən, imandan danışsalar da, həqiqi müsəlmanlığı özlərindən başqasına yaraşdırmasalar da, bu zülmü işləyənlər Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) və Onu rəşid xəlifələrinin siyasətindən çox-çox uzaqdır.

Zülmə qanunilik donu geyindirmə cəhdləri

Bununla yanaşı, qanuni və halal zənn edilərək görülən qeyr-qanuni işlər də var. Deyək ki, bir nəfər məscid vaizidir. Özü bu işdən çıxandan sonra yerinə bir yaxın adamını gətirmək istəyir, o şəxsi bu işə layiq görür. Ardınca da onu bu işə qoymaq üçün özü də bilmədən qanun-qaydaları pozur. Bu, qanuni (halal, caiz) bir məqsədə çatmaq üçün qeyri-qanuni yola əl atmaqdır.

Eynilə bunun kimi dövlət idarəsini ələ keçirən bəzi insanlar xalqı soyub-soğana çevirəndə, pul kassalarını dolduranda, qeyri-qanuni yollarla əldə etdikləri pulları xarici banklara köçürəndə bu əməllərinə təxminən bu sözlərlə haqq qazanıdırırlar: “Gərək biz güclü olaq. İşdi sabah bir şey olsa, təzədən güc toplamaq üçün bu pullara ehtiyac olacaq”. Bütün bunlar zahirən məsum görünsə də, ölkəyə xəyanətdir, xalqa böyük ziyandır. Bu fikir məsum göründüyünə görə, dindar insanlar belə bu xətaya yol verə bilərlər. Ancaq bu açıq-aşkar zəlalətdir, açıq-aşkar əmanətə xəyanətdir. Bu yollara əl atan insanlar öz-özlərini rüsvayçılıq bataqlığına salırlar.

Əgər onlar və onlara dəstək verən kütlələr bunu siyasət sayır və bunu bir zərurət bilirsə, aldanırlar. Çünki əvvəla siyasət gərək əxlaqi və dini prinsiplərə uyğun olsun. Müsəlman siyasətçi Allah Rəsulunun və onun varislərinin yolunu özünə rəhbər tutmalıdır. İnsanlığın İftixarı Peyğəmbərimiz, Onun həqiqi varisləri isə halal-haramdan uzaq olmuş və heç vaxt haram yollara addım atmamışlar. Ona görə də həm məqsəd, həm də məqsədə aparan vasitələr qanuni olmalıdır. Bu çox həssaslıq tələb edən bir məsələdir. Xüsusilə başdakılar buna diqqət etsələr, həm xalqın etibarını qazanar, həm də insanlara nümunə olarlar.

Xalqın etibarı

Əslində, haqq yolunun fədakar yolçularının bütün dünyada hüsn-rəğbətlə qarşılanmasının sirri də buradadır. Onlar doğru yoldan ayrılmadıqları, gördüyü işlərə görə nə dünyada, nə axirətdə bir təmənna ummadıqları və şəri qanunlara əməl etdikləri üçün uğur qazanırlar. Bundan sonra eyni şəkildə əzmkarlıq, qətiyyət, həssaslıq və səbir göstərsələr, Allah-taala qəlblərə aparan yolları onların üzünə açacaqdır.

Dünyada malım, mülküm yoxdur. Heç arzulamamışam da. Nəinki özümə, heç qardaşlarıma da arzulamamışam, hətta bundan ötrü dua da etmişəm. Heç vaxt qohum-əqrabamı qabağa çəkməmişəm, heç ağlıma da gətirməmişəm. Mənə yaxın olan insanlara ev almamağı və zərurətdən artıq pul yığmamağı tövsiyə etmişəm.

Etibar qazanmağın yolu budur. Öz mənafeyinizi azacıq düşünsəniz, xalqın sizə olan etibarı sarsılar. Halbuki dünyanın yüz yetmiş ölkəsinə qol budaq salan bu Könüllülər hərəkatının əsas prinsipi könüllülükdür. Əgər xalq ondan əlini çəkərsə, Allahın inayəti də kəsilər və görülən işlər yarımçıq qalar. İlahi yardım üçün millətin himmətinə ehtiyac var. Bu vəsiləni yox eləsəniz, Allahın yardımı da kəsilər.

Sizi gözü götürməyən, paxıllıq edən və qısqanan insanlar iftira və böhtan ataraq fəaliyyətlərinizi qaralamaq istəyə bilərlər. Siz doğru yolda olandan sonra heç bir iftira və böhtan, Allahın izni ilə, sizə zərər verə bilməz. İnsafı, vicdanı olan hamı bilir ki, bütün dünyada sevgi və xoşgörü bayrağını dalğalandıran təhsil müəssisələri Anadolu xalqını zəhməti ilə qurulub. Ən çətin dövrdə İstiqlal mübarizəsindən zəfərlə çıxan Anadolu xalqı ikinci dəfə dirçəlmiş və orta səviyyəli iqtisadiyyatına baxmayaraq, bütün dünyaya yayılmışdır. Üstəlik öz ruh və məna köklərində süzülən dəyərləri bütün dünyaya çatdırmaq və elmi-mədəni mübadilə aparmaq üçün minlərlə müəllim, rəhbər və tələbə dünyaya yayılmış, tanımadıqları ölkələrə getmiş və azacıq məvaciblə keçinməyə çalışmışlar. Demək torpaq münbit imiş ki, orada bu cür gözəlliklər cücərib. Bəlkə də, gündə on dəfə onlara dua edirəm və bunu vəfa borcu bilirəm. “Allahım! Dünyaya yayılan o insanları, tələbələri, müəllimləri, iş adamlarını peyğəmbərlərlə birlikdə həşr et! Onlara güc-qüvvət ver!” deyirəm.

Xülasə, xalqımızın güvəni və etimadı sayəsində bu gün dinə və bəşəriyyətə xidmət yolunda bu qədər işlər görülür. Ona görə də xalqın etibarını itirməmək üçün bundan sonra da çox diqqətli olmalı, bu etibara xələl gətirən hər cür əməldən uzaq durmalıyıq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.