Peyğəmbərlərə xas xüsusiyyətlər və könüllərin fəthi
Sual: Gəlib çatan məlumatlara görə, Hicrətin əvvəlində mədinəli müsəlmanların sayı təqribən min beş yüz nəfər olmuş, səkkiz il sonra Məkkə fəthində isə on min nəfərlik müsəlman ordusu təşkil edilmişdi. Bu qədər qısa bir vaxtda minlərlə insanın İslamla şərəflənməsində Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) rauf və rəhim vəsflərinin oynadığı rolu izah edə bilərsinizmi?
Cevap:Rəsuli-Əkrəm (əleyhissalatu vəssalam) Mədinəyə təşrif buyuranda ənsar və mühacirin ümumi sayı min beş yüzə yaxın idi. O dövrdə Mədinədə dörd minə yaxın yəhudi, dörd min beş yüzə qədər də müxtəlif qəbilələrə mənsub müşrik və bütpərəst insan yaşayırdı. Onların sayı barədə dəqiq məlumat vermək çətin olsa da, mövzu ilə bağlı qələmə alınmış "əl-İstiab", "əl-İsabə", "Üsdül-ğabə" kimi əsərlərdə bu rəqəmlər qeydə alınmışdır. Bu sayların təsbitində xüsusən Məhəmməd Hamidullah Bəyin - yeri cənnət olsun - əməyi böyükdür.
Bu məsələdə ilk növbədə min beş yüz nəfərlik toplumun səkkiz min beş yüz nəfərlik kütləyə təzyiq və zorakılığı ilə deyil, onların öz iradə və seçimləri ilə hakimiyyətin qurulmasına baxmaq lazımdır. Bildiyiniz kimi İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) mədinəli yəhudi və müşriklərlə bir müqavilə bağlamış və bu müqavilə əsasında onları idarə etmişdir. Peyğəmbərimiz (əleyhi əkməlüt-təhaya) bu gün də tez-tez vurğulanan və dillərdə dastan olan sözügedən Mədinə müqaviləsi ilə Buas hadisələrində bir-birini didən toplumları uzlaşdırmış, bir-birinə düşmən kəsilən qəbilələri bir araya gətirib barışdırmış və beləliklə, həmin toplumun fərdləri arasında möhkəm qardaşlıq münasibətləri qurmuşdur.
Müxtəlif toplumlar və ictimai uzlaşma
Əslində hicrət dövründə Mədinədə müxtəlif, bir-birindən çox fərqli mədəniyyət və anlayışa malik insanlar vardı. Müşriklərin öz dünyası vardı. Yəhudilər isə tamam başqa dünyanın insanları idi. Mühacirlərin də ənsardan fərqli həyat tərzi vardı. Mühacirlər ümumiyyətlə ticarətlə məşğul olan insanlar idi. Bəziləri yaz günlərini Yəməndə, qışı Şamda keçirərdi. Ənsar isə daha çox əkinçilik, bağçılıq və heyvandarlıqla məşğul olurdu. Gördüyünüz kimi, toplum içində müxtəliflik hökm sürürdü. Belə müxtəlifliyin hakim olduğu bir cəmiyyətdə bu fərqlərin müharibələrə və qarşıdurmaya çevrilməməsi, ictimai birlik və əmin-amanlığın təsis edilməsində, fitnə və iğtişaşa meyilli insanların topluma bir ziyan verməməsində və yumşalıb zərərsiz fərdlərə çevrilməsində Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) raufiyyət[1] və rəhimiyyətinin[2] şübhəsiz ki, böyük rolu var. Çünki O, bəşər içində misli-bərabəri olmayan əngin və dərin şəfqətə malik idi. Bəli, O, hər kəsin üstündə tir-tir əsirdi. Vicdanı o qədər əngindi ki, amansız din düşmənlərini belə heyrətə vardırırdı. Çünki İki Cahan Sərvəri (əleyhissalatu vəssalam) İslamı həzm edə bilməyənləri də ehmal etmir, onların etdiyi pisliyə pisliklə cavab vermir, dara düşəndə dada çatır və hətta Qurani-Kərimin ifadəsi ilə "pis əməllərini yaxşılıqla sovuşdururdu".
Bəli, O Şəfqət və Rəhmət Peyğəmbəri qəlb qapılarını hər kəsin üzünə açmışdı. Məsələn, Buxaridə keçən bir hədisdə belə rəvayət olunur: Allah Rəsulu bir gün xəstə bir Yəhudi uşağına baş çəkməyə getmişdi. Uşaq ölüm ayağında idi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) uşağa yaxınlaşıb ona imanı təlqin etmişdi. Hər halda uşaq həddi-büluğa çatmışdı ki, Rəsuli-Əkrəm də (sallallahu əleyhi və səlləm) onun İslamı qəbul etməsini istəyirdi. Allah Rəsulunun təklifini eşidən uşaq əvvəlcə atasının üzünə baxmışdı. Atası da ona: "Əbul-Qasimin (Rəsulullahın) dediyini elə," - (Buhari, Cenaiz 80) deyə məsləhət bilmişdi.
Bir gün də bir ruhi xəstə qadın Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzuruna gələrək işlərini Ona gördürmək istəmişdi. Mən səhabələr arasında yalnız bu qadının ruhi xəstə olduğunu bilirəm, qaynaqlarda başqa ruhi xəstəyə rast gəlməmişəm. Məhz bu qadın İki Cahan Sərvərini o küçə sənin, bu küçə mənim gəzib-dolaşdırmış və bütün işlərini Ona gördürmüşdü. Halbuki Peyğəmbərimiz (əleyhissalatu vəssalam) səhabələrdən birinə: "Get bu işi gör" deyə bilərdi və ya özü ilə bir nəfər götürüb həmin işi ona gördütdürə bilərdi. Lakin qəlbləri fəth etmək və insanlara güvən və etimad təlqin etmək üçün O şəxsən özü getmişdi.
"Mirati-Məhəmməddən (Hz. Məhəmməd (s.ə.s.) güzgüsündən )Allah görünər daim"
Hələ nə qədər heyrətamiz və parlaq nümunələr vermək olar. Ancaq bu xüsusu aidiyyəti yerlərə həvalə edib mövzuya qayıtmaq istəyirəm. Həzrəti Ruhu-Seyyidil-Ənamın[3] (əleyhi əlfü əlfi salatin və salam) bənzərsiz şəfqət və rəfəti[4] insanların arasında əmin-amanlıq və etimadın təsisində, həmin əmin-amanlığın mütəmadiliyinin təmin edilməsində, təbii ki, böyük rol oynayırdı. Ancaq bu məsələni təkcə bu iki vəsflə izah etmək olmaz. Çünki O, ən uca və ən yüksək əxlaqa sahib idi. Bəli, O, ilahi əxlaqla "təchiz" edilmişdi; bütün gözəl əxlaqı özündə cəmləmişdi, həm də ən yüksək səviyyədə. Buna görə xalq dilində olan və şeirdə də istifadə edilən bir cümlədə deyilir: "Mirati-Məhəmməddən Allah görünər daim". Yəni Həzrəti Ruhu-Seyyidil-Ənam (əleyhi əkməlüt-təhaya) elə ciddi simaya, pak xarakterə və inandırıcı ruha sahib idi ki, baxana "Allah var" dedirtdirirdi
Buna görə də Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) göstərilən təvəccöhü sadəcə Onun raufiyyət və rəhimiyyəti ilə izah etmək naqis dəyərləndirmədir. Bu iki ali vəsf insanların İslama yönəlməsində mühüm faktor olmaqla yanaşı, Onun peyğəmbərlərə xas sidq, əmanət, təbliğ, ismət və fətanəti[5] də belə qısa vaxtda bu qədər qəlbin fəthində və təhlükəli insanların muma dönməsində böyük rol oynamışdır.
Şəfqət bürcündə fətanət üfüqü
Xüsusilə, fətanət vəsfi bu mövzuda böyük əhəmiyyət daşıyır. Allah Rəsulu (əleyhi salavatullahi və səlamuh) fətanəti-üzmaya (əzəmətli, böyük fətanət) malik idi. Bu səbəbdən verdiyi bütün qərarlar düzgün və doğru idi. Heç bir hərəkət və işində "kaş belə etməyəydim", ya da "filan şəkildə plan cızaydım" deməmişdir. (Yəni işlərini elə mükəmməl görmüşdür ki, heyfsilənməyə ehtiyac olmamışdır) Eyni şəkildə elə adamlara iş tapşırmışdır ki, "kaş ki ona yox, filankəsə tapşıraydım" deməyə ehtiyac qalmamışdır. Bu məsələlərdə Cənabi-Haqq vəhy ilə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) yolunu mütləq işıqlandırmışdır. Ancaq bu da bir həqiqətdir ki, bir çox iş və fəaliyyət də Onun fətanəti-üzmasından irəli gəlirdi. Bu yüksək düşüncə qabiliyyəti dahilikdən çox-çox üstün idi. Dahi üstün insandır. Dahilər bir neçə insanın düşüncə qabiliyyətini ehtiva edir. Ancaq fətanət bundan tamamilə fərqlidir. Fətanəti-üzma isə Allah Təalanın seçkin bir qulunu missiyasına uyğun xüsusi qabiliyyətlə sərəfraz etməsidir ki, bunun təsirini dahiliklə müqayisə də etmək olmaz.
Hicrətin başlanğıcından bəri Mədinənin sürətli inkişafında belə bir fətanətin böyük təsiri vardı. Məsələn, dörd min beş yüzə yaxın mədinəli müşrikin müsəlmanlar arasında əriyib getməsi ağılı mat qoyur. Etiraf edim ki, bu qədər qısa vaxtda belə böyük nəticənin əldə edilməsini dərk etməkdə ağlım aciz qalır. Bəli, bütlərə sitayiş edən o insanlar necə olur ki, bir-bir istiqamətini dəyişir, dəyişib Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) "qızıl silsiləsinə" daxil olur, o silsilənin bir halqasına çevrilir. Münafiqlər məsələsi də o dövrdə böyük problem idi. Onlar zahirən müsəlman kimi görünərək daim daxildən zərbə endirməyə çalışırdılar. Hz. Pir münafiqlərin bu hərətəklərini belə ifadə edir: "Qurd gövdənin içinə girdi. Qorxuram ki, cəmiyyətin bünyəsi buna dözə bilməz". Bir gün həmin münafiqlərdən biri Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hüzuruna gələrək İslamı qəbul etdiyini və qalan insanları da Onun hüzuruna gətirə biləcəyini demişdi. Ancaq misilsiz fətanət sahibi Fəxri Kainat Peyğəmbərimiz buna razı olmamışdı. Məhz bizim ağılımıza sığmayan bu kimi davranış və münasibətlər nəticəsində münafiqlər də zaman keçdikcə müsəlmanların içində ərimişdi. Belə ki, bildiyim qədər, xəlifələr dövründə Mədineyi-Münəvvərədə bircə münafiq də qalmamışdı.
Əmanət və inandırıcılıq
Bu müvəffəqiyyəti Həzrəti Ruhu-Seyyidil-Ənamın (əleyhi əkməlüt-təhaya) raufiyyət və rəhimiyyəti ilə yanaşı, Onun bənzərsiz fətanət və idarə qabiliyyəti, Allahı xatırladan xarici görünüşü ilə, əmin və etibarlı insan olması, zəfər ardınca zəfərin gəldiyi və müxtəlif yerlərdən qənimətlərin axdığı bir dövrdə belə dar otağında təvazö və məhviyyətlə ömür sürməsi ilə və qeyd etmədiyimiz neçə-neçə ali xüsusiyyəti ilə izah edə bilərsiniz. Bildiyiniz kimi, Hz. Aişə Anamızın rəvayət etdiyi hədisi-şərifdə bildirilir ki, Həzrəti Ruhu-Seyyidil-Ənam (əleyhi əfdalut-tahiyyat və əkməlüt-təslimat) hücrəsində gecə ibadət etməyə qalxanda: "Ey Aişə, icazə verirsənmi, Rəbbimə ibadət edim" deyə ondan icazə istəyərmiş. Demək ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) həyat yoldaşının yanında olmağı onun haqqı bilir, buna görə də ailə üzvlərinin haqqını yerinə yetirməkdə olduqca həssas davranıb icazə istəyirdi. Hz. Aişə Anamız rəvayət edir ki, bu dar otaqda Peyğəmbərimiz (əleyhi salavatullahi və səlamuh) səcdə edərkən əli ilə onun (Hz. Aişənin) ayaqlarını qırağa çəkib həmin yerə səcdə edər, səcdəsini bitirincə də təkrar ayaqlarını uzadıb yatarmış. Zənnimcə, Peyğəmbərimizin həyatını təsvir etmək üçün bu mənzərə kifayət edər.
Bəli, Fəxri Kainatın məhz bu dar otaqda ömür sürmüş və ruhunun üfüqünə yürümüşdü. Digər tahirə (pak) zövcələrin otaqları bundan fərqli deyildi. Məhz bu elə inandırıcı faktordur ki, belə əmniyyət və güvəni heç bir şeylə əldə edə bilməzsiniz. Təsəvvür edin ki, siz on il əvvəl bir həsir üstündə, bir ədyal altında yatırsınız; sonra fəth edilən yerlərdən gələn qənimətin beşdə biri sizə verilir, ancaq siz ondan özünüzə pay götürməyib onu da başqalarına paylayır və öz sadə həyatınıza davam edirsiniz. Bəli, bütün bunlara şahid olan insanın ona etibar etməməsi mümkün deyil. Əvvələr də qeyd etdiyim kimi, Kainatın Fəxri ruhunun üfüqünə yürüdüyü günlərdə ailəsinin güzəranını təmin etmək üçün qalxanını bir Yəhudiyə girov verib borc almışdı. Halbuki O nəinki dilə gətirsəydi, hətta "zövcələrimin belə bir ehtiyacı var" deyə eyham vursaydı, səhabeyi-kiram canını ortaya qoyub o işi görərdi. Ancaq O (əleyhi əkməlüt-təhaya) ciddi istiğna[6] duyğusuna, heç kəsə əl açmama düsturuna malik idi.
وَمَۤا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلٰى رَبِّ الْعَالَمِينَ
"Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" ("Şuəra" surəsi, 26/127) ayəsinə əsasən Allahdan başqa heç kimdən heç nə gözləmirdi.
Bir insan bir il, iki il, üç il… on il eyni istiqamətdən ayrılmır, olduğu kimi görünür, olduğu kimi yaşayırsa, onun qəlblərə yol tapacağına heç şübhəniz olmasın. Zənnimcə, mənim kimi kobud bir insan belə o dövrdə yaşasaydı, "Vallah, bu inanılmalı insandır" deyərdi. Buna görə də, nəticə etibarilə deyə bilərik ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Haqq-Təalanın öz isimlərindən seçib Ona verdiyi rauf və rəhim sifətləri ilə yanaşı, əmniyyət, fətanət kimi peyğəmbərə xas xüsusiyyətləri də ən yüksək dərəcədə idi. Allah (cəllə cəlaluhu) Onu bütün bu vəsflərlə bəşəriyyətə göndərmiş və insanlar da bu əmniyyət abidəsinə qəlbən inanmışdılar.
Adanmış ruhlar və təmənnasızlıq
Müasir dövrdə də ruh və məna köklərimizdən süzülüb gələn dəyərləri başqalarına çatdırmaq yolunda səy göstərən irşad könüllüləri üçün (zahiri, (ziilli) planda) bu vəsflərə sahib olmaq çox əhəmiyyətlidir. Məxluqata və insanlara acıma, varlığa qarşı şəfqət göstərmə yolumuzun əsas düsturlarından biridir. Əlbəttə, şəfqətin də dərəcələri var. Bir dərdli insana qarşı şəfqət duymaq, ona bağrını açmaq və ya bir ailəyə qarşı şəfqətli olmaq əhəmiyyətlidir, ancaq bunlardan da mühüm və əngin şəfqət hiss bütün millətə qarşı olandır. Hz. Pir deyir: "Millətimin imanını səlamətdə görsəm, cəhənnəmin alovları içində yanmağa razıyam. Çünki bədənim yanarkən könlüm, gül-gülistan olar". Məhz bu, əngin bir şəfqətin ifadəsidir. Eyni zamanda onda şəfqətdən doğan isar[7] duyğusu da vardır. Bəli, o, öz həyatını və səadətini deyil, İslamiyyətin əhyasını əhəmiyyətli sayırdı. Onun əngin şəfqətini bu sözlərində də görə bilərik: "Şəxsən məruz qaldığım zəhmət və məşəqqəti düşünməyə vaxtım yoxdur. Kaş, bundan min dəfə daha çox məşəqqətə məruz qalam, ancaq iman qalasının gələcəyi salamat ola!" Dolayısilə, onun bu halını görən ətrafı ona qəlbən inanırdı.
Bu səbəblə irşada adanmış ruhlar getdikləri yerlərdə ilk günkü saflığı, duruluğu, istiğnayı və xidmət anlayşını davam etdirər və hər şeyi Allah rizası üçün edərlərsə, oradakı insanlar bir il, iki il, üç il.. onları müşahidə edəcək və onların bu yolda mətin olduğunu görüb nəinki onlardan əndişələnəcək, əksinə onları hər zaman müdafiə edəcəklər. Onlara qarşı mənfi münasibət formalaşdırmağa çalışanlara da "Biz on ildir bu insanların hər addımına göz qoyuruq. Dediklərinizin heç biri doğru deyil" deyəcəklər. Hər şeyə şübhə ilə yanaşılan, paranoyyanın hökm sürdüyü ölkələrdə belə insanlar onları sınayacaq və uzun müddət eyni xarakteri təmsil etdiklərini görəndə qəlblərini onlara açacaqlar.
Bəli, görülən işlərin əvəzində heç nə ummamaq, həyatı həmin insanların həyatına həsr etmək inandırıcılıq üçün çox əhəmiyyətlidir. Əgər hazırda dünyanın müxtəlif yerlərində, fərqli millətlər içində, könüllülər öz fəaliyyətini davam etdirirsə, Cənabi-Haqq onlara bu qədər imkan lütf edibsə, deməli, həmin insanlar getdikləri yerlərə adanmışlığı, etibarı və əmniyyəti layiqincə təmsil edirlər. Müxatəbləri də onlara inanır, güvənir, qəlblərini onlara açırlar. Bəli, Cənabi-Haqq gedən insanların ixlas və səmimiyyətinə uyğun müxatəblərin qəlbində sevgi yaradır. Elə isə adanmış ruhlar indiyə qədər olduğu kimi, bundan sonra da əsla maddi-mənəvi hər hansı bir təmənna ummamalı və ilk günkü saflığı və səmimiyyəti qorumalıdırlar.
[1] Çox acımaq, əsirgəmək, mərhəmət etmək
[2] Mərhəmət edən, acıyan
[3] Ruhu bütün məxluqatın öndəri, rəhbəri, imamı olan Peyğəmbərimiz (s.ə.s.)
[4] Acıma, əsirgəmə, mərhəmət etmə
[5] Peyğəmbərlərə xas xüsusiyyət, tez qavrama, başa düşmə, dərk etmə
[6] Nəfsi tox, əldə olanla kifayətlənmə
[7] Səhabəyə xas olan xüsusiyyət, yəni hədiyyə və sədəqə qəbul edərkən özünü arxaya çəkib başqasını önə keçirmək; denə xidmət əvəzində maddi mənfəət istəmədən, qəlbən tələb etmədən, sırf İlahi ehsan olduğunu qəbul edərək, insanlardan minnət almadan qəbul etməkdir.
- tarixində yaradılmışdır.