Özünütənqid və istiğfar

Fəthullah Gülən: Özünütənqid və istiğfar

Sual: Başa gələn bəla və müsibət sınağından möminə layiq şəkildə üzüağ çıxmaq üçün hansı əsaslara diqqət yetirməliyik?

Cavab: "Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə nəfsindəndir" (“Nisa” surəsi, 4/79) ilahi fərmanına inanan bir insan üzləşdiyi hər bir bəla və müsibəti ilk növbədə öz xəta və günahlarının nəticəsi hesab etməlidir. Məsələn, deyək ki, stəkan və ya qab əlindən yerə düşdü. Sən bunu özündən bilməli, həmin anda təxəyyül,[1] təsəvvür[2] və ya təəqqül[3] dünyanda meydana gələn sapmadan görməli və deməlisən ki: "Görəsən, mən nə xəta işləmişəm ki, belə bir sıxıntı ilə üzləşirəm?" Çünki kainatda heç bir hadisə təsadüfi deyil. Diqqətli nəzərlə yetirsəniz, həyatı bir süzgəcdən keçirsəniz, görəcəksiniz ki, başımıza gələn adi hadisələr belə xəbərdarlıqdır, hər hadisə bir mənada siqnal mahiyyətini daşıyır. Əgər insan bu xəbərdarlığı anlayıb Allaha yönəlsə və həmin bəlanın önünü kəsən xeyirli bir əməl (kəffarə) ortaya qoysa, Allahın inayəti ilə daha böyük qəza və bəlalar sovuşar. Bəli, bu kimi müsibətlər həm bir siqnal, həm də kəffarədir. Məsələn, bəzən qırılan bir stəkan bəla və müsibət zəncirini də qırmış və günahları təmizləmiş olur. Allah Rəsulu bir hədisdə buyurur ki, "Müsəlmanın başına gələn elə bir yorğunluq, xəstəlik, kədər, hüzün, əziyyət, qəm, hətta ayağına batan elə bir tikan yoxdur ki, Allah bununla bəzi günahlarını bağışlamasın" (Buxari, Mərda, 1; Müslim, Birr, 49).

Əsl günahkarı tapmaq

Meydana gələn hadisələrin səbəblərini həmişə dəqiq və aydın görmək mümkün deyildir. İnanan insan qəflətən sirli bir qutu kimi qarşısına çıxan hadisələrdə belə ilk öncə öz xəta və qüsurlarını axtarmalıdır. Çünki günahı özündə axtaran insan həqiqi günahkarı tapma yolunda mühüm addım atmış olur. Əksinə, həmişə kənarda günahkar axtaranlar ömür boyu əlləşsələr də, həqiqi günahkarı tapa bilməzlər, ömür də başqalarını günahlandırmaqla hədər olub gedər.

Mövzumuzla bağlı Həzrəti Pir deyir: "Mənə edilən zülm və işgəncələrin həqiqi səbəbini indi başa düşdüm. Dərin təəssüf hissi ilə deyirəm ki, bunlar Quran xidmətini maddi-mənəvi tərəqqi və kamilliyə alət etdiyimə görə başıma gəldi". O böyük insanın bu sözləri onun necə dərin özünütənqid xüsusiyyətinə malik olduğunu göstərir. Demək, iman və Qurana xidməti varidat[4] və mövhibə,[5] övliyalıq kimi şeylərə, hətta cənnətə girmə, cəhənnəmdən qurtulma kimi ülvi qayələrə belə vasitə edilməməlidir. İnsan bu kimi şeyləri əsl qayəyə çevirərsə, əməllər yerlə-yeksan olar. Bizim ilk növbədə diləyimiz ixlas və ilahi rıza olmalıdır. Nə cənnət arzusu, nə də cəhənnəm qorxusu həqiqi qulluq qayəsinin önünə keçməməlidir. İxlaslı əməlin əvəzini onsuz da Allah artıqlamısı ilə verəcək. Allahın nemətlərinin sayı-hesabı yoxdur, bizim ibadətlərimiz isə məhduddur. Dünyanın hökmdarı olsanız, trilyonlarınız olsa, yenə də verəndə qorxarsınız. Çünki nə qədər versəniz, mülkünüz o qədər azalmış olacaq. Ancaq Allahın nemətləri o qədər çoxdur ki, heç siyahısını da tuta bilməsiniz. Ona görə də sizin istəkləriniz Onun lütfünün yanında çox kiçik görünəcək.

Hər cür şikayətdən uzaq olmaq

Başına gələn bəla və müsibətlərin gerçək səbəblərini görə bilməyənlər Allahdan şikayətlənməyə başlayırlar. İnsan bir haqsızlıqla üzləşəndə səlahiyyətli qurumlara və ya xalqa şikayət etmək hüququna malikdir. Başqa sözlə desək, zülmə məruz qaldığını düşünən bir insan zülmkarları Haqqa və xalqa şikayət edərək Haqqın hökmünü, xalqın da rəyini uma bilər. Ancaq bir insanın heç bir halda Allahı kiməsə şikayət etmə haqqı yoxdur. Nəinki şikayəti dilə gətirmək, başa gələn bəla və müsibətlərə görə “ah-uf” eləmək belə Allahdan şikayət sayılır. Bu səbəbdən şikayət anlamına gələn gizli-aşkar hər cür söz və hərəkətlərdən uzaq olmalıyıq.

İnsanın başına gələn bəla və müsibətləri özündən bilməsi ciddi bir mühasibə (özünütənqid) hissindən, özünütənqid isə qəlbdə oturuşmuş möhkəm bir Allaha iman və axirət inancından asılıdır. Həzrəti Ömərə (r.a.) istinad edilən bir kəlam var: "Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin". Demək ki, nəfsi sorğu-suala çəkməklə axirətdə hesaba çəkilmə inancı bir-biri ilə yaxından bağlıdır. Böyük şəxsiyyətlərin övradü-əzkarına (gündəlik dualar) baxanda görürük ki, onların ömrü nəfsi hesab çəkməklə keçmişdir. Məsələn, Həzrəti Şahı-Geylani bir virdində nəfsini elə sorğuya çəkir ki, bəlkə, biz bir ömür boyu bunu etməmişik. Əbul-Həsən əş-Şazəli Həzrətləri "Sən filansan, fəsmənsən" deyərək özünü möhkəm tənqid etdikdən sonra "Sənin qapına neçə-neçə mənim kimiləri gəldi, amma əliboş qayıtmadı" ifadələri ilə ümid qapısını da bağlamadan Allahdan əfv diləyir.

Həsən Bəsri həzrətlərinin “Qulubud-daria”da keçən bir duası da bariz nünunədir. Həftənin hər gününə xüsusi bir vird ayıran bu böyük şəxsiyyət qüsurlarını sayıb tökür. Səhabədən dərs almış tabiunun böyük sərdarlarından, Bəsrədə batil məzhəblərlə əzmlə mübarizə aparan, demək olar ki, yuxularına, xəyallarına belə günah girməyən və Əbu Hənifənin elmindən çox istifadə etdiyi bu şanlı qəhrəman günah və qüsurlarını elə mübaliğə ilə dilə gəririr ki, elə bil dünyada ən pis, ən günahkar insan odur. Batmış, müflis olmuş adam kimi Cənabi-Allaha üz tutur, aramsız günah işləyirmiş kimi hər gün nəfsini hesaba çəkir.

İstiğfarı doğuran mühasibə (özünütənqid) hissi

Özünütənqid şüuru ilə xəta və qüsurlarını görə bilən bir insan təbii olaraq tövbə və istiğfara yönəlir. Cənabi-Allah “Furqan” surəsində bir çox məsavini (pislik, fənalıq) sıralayıb bu əməl yiyələrinin əzaba düçar olacağını açıqladıqdan sonra, bu kimi pis əməllərə bulaşıb təkrar Allaha yönələn tövbə qəhrəmanlarının necə qarşılancağını da müjdələyir: "Ancaq günahlardan əl çəkib Haqqa yönələn, qəlbdən iman edən, sonra da saleh əməl edənlər başqa! Allah onların seyyiatını (pis işlər, günahlar, qəbahətlər) həsənata (yaxşı işlər, gözəlliklər) çevirəcək. Çünki Allah Ğafurdur (bağışlayandır), Rəhimdir (rəhm edəndir)" (“Furqan” surəsi, 25/70) Bu ayəyə görə, günah və xətalarla ruhən deformasiyaya uğrayan bir insan dərhal tövbə və istiğfar edər, cidd-cəhdlə arınmağa çalışar, imanını yeniləyər və saleh əmələ yönələrsə, Allah-taala da onun seyyiatını həsənatla əvəz edər. Bəli, Cənabi-Allah insanın əli, ayağı, gözü, qulağı, üz ifadələri, mimikaları və s. ilə işlədiyi nə qədər günah varsa, onları silər, yerinə həsənə yazar. Həzrəti Pir bu ayəyə fərqli prizmadan yanaşaraq insanın şər qabiliyyətinin xeyir qabiliyyətinə çevriləcəyini bildirir. Demək ki, tövbə, inabə və övbə ilə Allaha yönəlmək insanın günaha meyil hissini yaxşılığa və gözəlliyə yönəldir.

İstiğfar – Yenidən dirilişin abi-həyatı

Allah Rəsulu (əleyhissalatu vəssalam) istiğfarın əhəmiyyətini "Kim əməl dəftərinə baxıb sevinmək istəyirsə, oraya çoxlu istiğfar yazdırsın" (Kənzül-ümmal, 1/475, hədis no.: 2065) hədisi ilə açıqlamışdır. Şəxsən bu üfüqün ən böyük və şanlı qəhrəmanı - Həzrəti Ruhu-Seyyidül-Ənam (əleyhi əfdalüttəhiyyat və əkməlüttəslimat) gündə yüz dəfə istiğfar etdiyini buyurur. Bunu həm Onun mərifət üfüqünün mütəmadi tərəqqi etməsi ilə, həm də ümmətə rəhbərliyi ilə izah etmək olar. Çünki bir topluma, bir heyətə rəhbərlik edən insan pis və ya yaxşı bütün hərəkət və davranışları ilə ardıcıllarına nümunədir. Məsələn, əgər bir müəssisənin idarəçisi daim öz mənfəətini təmin eləməklə məşğuldursa, işçilərini də soyğunçuluğa sürükləyər. O cümlədən, həmişə xeyirxahlıq edən rəhbər ardıcıllarını da yaxşı işlərə təşviq etmiş olar. Bu nöqteyi-nəzərdən baxanda, uca yolunun yolçularını mələklərin zirvəsinə yüksəldən Allah Rəsulu (əleyhissalatu vəssalam) gündə yüz dəfə istiğfar edirdi.

Əslində insan hansı səviyyədə olursa-olsun, öz həyatına tənqid gözü ilə baxsa, bir çox xəta və qüsurlarını görəcək, "əstağfirullah" deyəcəkdir. Məsələn, bir yerə gedəndə gözü harama dəymiş ola bilər. Bir nəfər başqa bir adamın gözəl xüsusiyyətlərindən danışanda bundan narahat ola, onu pisləyə bilər. Başqa bir yerdə bəlkə də qeybət bataqlığına düşüb, amma xəbəri də yoxdur. Hər kəs bu kimi günahların insanı həlaka sürüklədiyini düşünməli və dərhal istiğfara yönəlməlidir. Həzrəti Pir "Diqqətli ol, (addımını) diqqətli at, batmaqdan qorx. Bir loğma, bir kəlmə, bir danə, bir ləma, bir işarə və bir öpməklə batma. Dünyalara sığmayan böyük lətifələrini onda batırma" deyərək zahirən kiçik görünən günahların belə insanı həlak edə biləcəyini diqqətə çatdırmışdır.

İnsanlar dünya işlərini görəndə belə yüz ölçüb bir biçirlər. Məsələn, bir iş quranda diqqətlə araşdırma aparır, sonra sərmayə qoyurlar. Daha sonra işin aylıq hesabatını apararaq mədaxil və məxaricə nəzarət edir, beləcə görülən işin səmərəli olub-olmadığını yoxlayırlar. Əgər fani dünya işlərinin belə bu qədər hesab-kitabı varsa, əbədi həyat üçün daha ciddi düşünməli deyilikmi?

Yeri gəlmişkən, bir məsələni də xatırlatmaqda fayda görürəm. Həzrəti Piri "Dua və təvəkkül xeyirxahlıq hissinə böyük güc qatdığı kimi, istiğfarla tövbə də şərə meylin qarşısını alır" deyir. Yəni tövbə və istiğfar insandakı mənfi meyllərin qarşısını alaraq xəta və günahların nəfəsini kəsdiyi kimi, dua da müsbət meylləri möhkəmləndirir. Odur ki, bir tərəfdən tövbə istiğfarla, digər tərəfdən də dua ilə hərəkət edən insan, Allahın izni və inayəti ilə, kamillik zirvəsinə ucalaraq İnsanlığın İftixarı Peyğəmbərimizin hüzurunda dayanar. Ancaq qeyd edim ki, kaş insan qəlbi və ruhi həyatının bərpası ilə məşğul olmaqdansa, əvvəlcədən pozulmasına mane olaydı! Çünki dağılan bir şeyin bərpası çox çətindir. Bir neçə dəfə danışmışam sizə, Ədirnəyə gedəndə Səlimiyyə məscidinin bərpa işlərinə başlamışdılar. Ədirnədə altı-yeddi il qaldım, Sarı Səlimin altı ildə tikdirdiyi bu məscidin bərpası hələ də tamamlanmamışdı. Çünki dağılan bir şeyi əvvəlki şəklinə qaytarmaq təkrar inşa etməkdən daha çətindir. Bəli, günahlarla deformasiyaya uğrayan bir insanın təkrar öz formasına qayıtması elə də asan deyil. Odur ki, insan günahdan uzaq bir həyat yaşamağa çalışmalı və daim ehtiyatlı, gözüaçıq olmalıdır.

[1] Təxəyyül: Xəyal etmək, bir şeyi ilk öncə zehində canlandırmaq deməkdir. İnsan zehnini bir komputer proqramına bənzətsək, düşüncə əməliyyatı işlənməmiş xam xəyalla başlayır. Yəni düşüncənin ilk addımı, ilk mərhələsi xəyaldır.
[2] Təsəvvür: Bir şeyi zehində formalaşdırmaq, quraşdırmaq mənalarına gəlir. Təsəvvür xəyaldakı “materialların” işlənmiş və formalaşmış mərhələsidir. Qəlbdən gələn mücərrəd mənalar xəyal və təsəvvür mərhələsində təsvir olunub formalaşır. Beləcə ilk müşəxxəs mərhələsi başlamış olur.
[3] Təəqqül: Düşüncələrin xəyal və təsvir mərhələsindən ağıla keçid mərhələsidir. Yəni ağıl bu xəyal və təsvirləri götürüb tədqiq və təhqiq etməyə başlayır. Daha sonra da konkret bir məlumata çevririr.
[4] Allahdan qəlbə gələn ilhamlar. İlahi ilham
[5] İlahi mənəvi ərməğanlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.