Müsəlman – sədaqətli və etibarlı insan

Fəthullah Gülən: Müsəlman – sədaqətli və etibarlı insan

Sual: Bir hədisdə müsəlman “dilindən və əlindən heç kimə zərər gəlməyən insan” kimi təsvir edilir. Bu cür gözəl xüsusiyyətləri bir daha xarakterimizin ayrılmaz parçasına çevirmək üçün nə tövsiyə edərdiniz?

Cavab: Mötəbər hədis kitablarına düşən: “Həqiqi müsəlman odur ki, müsəlmanlar onun əlindən və dilindən arxayın olsun” (Buxari, “İman” 4; Əbu Davud, “Cihad” 2) Peyğəmbər kəlamı həqiqi müsəlmanı əlindən və dilindən kimsəyə zərər gəlməyən bir insan kimi təsvir edir. Sizin sualda diqqətə çatdırdığınız məna və məzmuna aydınlıq gətirmək üçün əvvəla bu hədisdəki “əl-müslim” sözünə nəzər yetirək.

Hədisdə “əl-müslim” sözü müəyyənlik bildirən artikllə verilmişdir, bu da ki ideal və həqiqi müsəlman mənasına gəlir. Yəni burada sözü gedən müsəlman zahirən bu cür görünən, belə olduğunu iddia edən deyil, Haqqı səmimi qəlbdən təsdiq edib qəbul edən, Ona ram olan və iman etdiyi əsaslara əməl edən, həyatını bu əqidə ilə bəzəyən şəxs deməkdir. Bir az da aydınlıq gətirək: “əsləmə” sözü “silm” və “səlamət” kökündən gələn bir feldir, “müslüm” isə bu əsləmə felindən düzəlmiş isimdir. Bu söz “Haqqa ram olan insan” mənasına gəldiyi kimi, “qurtuluşa aparan, əmin-amanlıq və təhlükəsizliyi bərqərar edən şəxs” anlamına da gəlir. Demək, “müsəlman” deyəndə “Allaha ram olan, Onun əmrlərinə həssaslıqla riayət edən və özünü əmin-aman mühitdə qoruyan insan” başa düşmək, həm də “heç kimə zərər verməyən, etibar və etimad təlqin edən, sülh və əmin-amanlığın keşikçisi, əmanətə sadiq insan” mənasını da diqqətə almaq lazımdır.

Müsəlman və “əs-Salam, əl-Mömin” isimləri

Müsəlmanların ətrafına etibar, etimad və güvən təlqin etməsi onun ilahi əxlaqa yiyələnməsindən qaynaqlanır. Zira əs-Salam və əl-Mömin Cənabi-Allahın isimlərindəndir. Bildiyiniz kimi, “Həşr” surəsinin sonunda: “Allahdır gerçək ilah! Ondan qeyri yoxdur ilah! O, Məlikdir, Qüddusdur, Salamdır, Mömindir, Müheymindir, Əzizdir, Cabbardır, Mütəkəbbirdir”. (“Həşr” surəsi, 59\23) buyurularaq bu iki isim ardıcıl şəkildə verilmişdir.

Salam ismi nöqsandan uzaq olan və xəlq etdiyi məxluqata səlamət verən deməkdir. Mömin isə insanın qəlbində imanı var edən və etimad hissi aşılayan, vəd etdiyi şeyləri yerinə yetirən mənalarına gəlməkdədir. Bu səbəbdən Allah (cəllə cəlalühü) bəndəyə vəd veribsə, mütləq buna etimad etmək lazımdır. Əslində mömindəki rica (ümid) hissi də məhz bu imandan irəli gəlir. O halda ilahi əxlaqa yiyələnməyə çalışan, başqa sözlə desək, Zati-Üluhiyyətə aid ilahi isim və sifətləri nisbi mənada mənimsəməyi qarşısına məqsəd qoyan insan da ətrafına həmişə salamatlıq gətirməli, heç kim ondan zərər-ziyan gələr deyə narahat olub qorxmamalıdır. Allaha qəlbən inanmalı, hərəkət və davranışları ilə etibar təlqin etməli, etimad hissi aşılamalıdır. O dərəcədə ki, insanlar ən dəyərli şeylərini rahatlıqla gətirib ona əmanət etməkdən, sonra da arın-arxayın getməkdən qorxub çəkinməməlidir.

Sidq və əmanətin (doğruluq və etibarlılıq) peyğəmbərlərə xas xüsusiyyət olması da məsələnin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bəli, Peyğəmbərimizi (sallallahu aleyhi vəsəlləm) kamillik zirvəsinə yüksəldən doğruluq, Müseyləmətül-kəzzabı yerin dibinə batıran isə yalandır. Küfr öz-özlüyündə Allahı inkar edənlərin söylədiyi böyük bir yalandır. Bu, eyni zamanda kainatda Allahı göstərən bütün şahidləri təkzib etmək, xilqət aləminin mükəmməl nizam və ahəngini qavramamaq, görməməzliyə vurmaq, kainatla Quran arasındakı məntiqi uyğunluğu rədd etməkdir. Ona görə də küfr dəhşətli bir cinayətdir və cəzası da Cəhənnəmdir. İman isə insanı zirvəyə ucaldaraq onu Cənnətə layiq edir. Başda Həzrəti Əbu Bəkir olmaqla səhabələri ali mərtəbələrə yüksəldən də məhz bu doğruluq sifətidir.

Peyğəmbərlərin doğruluqla yanaşı, digər bir xüsusiyyəti də əmanətdir (etibar, etimad). Hər bir peyğəmbər həyatı boyu etibar timsalı və insanların güvənc yeri olmuşdur. Etibar mücəssəməsi olan Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) hərəkət və davranışları ilə elə bir güvən və etimad təlqin etmişdi ki, insanlar bir yerə gedərkən qızlarını və zövcələrini əmanət etməyə adam axtaranda ağıllarına birinci O gəlirdi. Çünki onlar əmin idilər ki, Rəsulullah başını qaldırıb onların üzünə də baxmayacaq. O, eyni zamanda ədəb mücəssəməsi idi. Həzrəti Xədicə anamız üstüörtülü evlilik təklifi edəndə Həbibi-Ədib Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) puçur-puçur tər tökmüşdü. Bəli, əmanətə sədaqət hissi Onun varlığına hopmuşdu. Təpədən-dırnağadək bu hislə dopdolu olduğundan hər kəsin etibarını qazanmışdı.

Güvən

Məhəmməd ümməti olaraq bu fəzilətə yiyələnmək bizim də vəzifəmizdir. Ələlxüsus da, həyatını Allahı və Rəsulunu sevdirməyə həsr edən məfkurə qəhrəmanları həmişə ətrafa güvən mehi əsdirməli və hər kəsdə özünə qarşı bir güvən hissi əmələ gətirməlidir. Belə ki, insanlar rahatlıqla onlara arxalanmalı və rahatlıqla onlar haqda: “O deyirsə, düzdür. Ona etimad etmək olar”, deməlidirlər. Əgər bu gün insanlar az-çox sizə yaxınlıq göstərir, sizə qoşulur və sizə dəstək verirsə, bilin ki, bunun kökündə məhz bu güvən hissi dayanır.

Bəli, ola bilsin, insanlar sizi gizlincə araşdırmadan, dərindən tədqiq etmədən işin təbii axarında o qədər sınayırlar ki, axırda da: “Bu adama güvənmək olar”, - deyirlər. Məsələn, siz ölkədə və xaricdə ehtiyac olan yerlərdə qurban kəsmək istədiyinizi bildirirsiniz, onlar tərəddüd etmədən əlli, yüz qurbanlığın pulunu verirlər. Məhz həssaslıq və doğruluqla bu güvəni qazanmaq və davam etdirmək çox vacibdir.

Əgər bu dövrün adanmışları bugünədək meydana gətirdikləri güvən atmosferini davam etdirə bilsələr, Allahın izni və inayəti ilə bundan sonra da onlarla tanış olan, onlara güvənən və onlarla əlaqə quran insanlar yanılmadıqlarını görər və onlardan üz döndərməzlər. Ona görə də məfkurə mühacirləri ən çətin vaxtlarda belə işlərini layiqincə görməli, mövqelərində sabitqədəm olmalı və əsas prinsiplərə həmişə sadiq qalmalıdırlar.

O, fani dünyaya yönəlməklə, Allah eləməsin, “Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz. Axirəti isə tərk edirsiniz.” (“Qiyamə” surəsi, 75\20-21), “Onlar dünyanı axirətdən (axirət nemətlərindən) üstün tutarlar.” (“Nəhl” surəsi, 16\107) ayələrinin hökmünə tuş gəlməkdən qorxmalıdır. Dünyaya onun faniliyi qədər, axirətə də onun əbədiliyi dərəcəsində dəyər vermək lazımdır. Əslində, axirətə layiqincə dəyər verəndə dünyanın da qiyməti artır. Belə ki, bu prinsipə sədaqətlə yaşayan insanlar o qədər səmimi, vəfalı və etibarlı olurlar ki, əllərini hansı daşa uzatsalar, qızıla dönür. Heç bir şeyi hədər etmirlər. Nəticə etibarilə, dünya da öz-özlüyündə abadan olur. Bəli, qətiyyən şübhəniz olmasın, ömrünü axirətə və Allahın rizasına həsr etmiş insanlar necə ki bir vaxtlar Əndəlüsü, Dövləti-Aliyə (Osmanlı) dövründə də ayaq basdıqları hər yeri abad etmişlər, bu gün də abad edə bilərlər.

Ona görə də əgər bir insan ömrünü haqq yola həsr edibsə, təmtəraqlı və dəbdəbəli həyatdan uzaq olmalı, sadə həyat yaşamalı, evi buna uyğun olmalıdır. Hətta dünyasını dəyişəndə dostları kəfən pulu tapmaq üçün ora-bura qaçmalıdır. Çünki ömrünü hizmətə həsr edən insan nə sərvətin, nə dünyanın, nə vəzifənin, nə də rahat dolanışığın “girov”una çevrilməz. O yalnız hizmətə könül vermiş və yalnız Allaha bəndə olmuşdur, dolayısilə, heç bir şey onun boynuna xalta, ayağına buxov vura bilməz. Təbii ki, peşəsi ticarət olan və halal yollarla qazanıb verməklə hizmət etmək istəyən insanlar da var, olmalıdır da. Bu, başqa məsələ, işi yalnız hizmət olan insanların çiyninə düşən həssaslıq isə ayrı məsələdir.

İdarəçilərin təmsil gücü

Adanmış insanlar hizmət yoldaşlarının da güvənini qazanmalıdırlar. Onlar dostlarının güvəninə xələl gətirən hərəkət və davranışlardan həmişə uzaq durmalıdırlar. Şübhə və narahatlıq gətirən üstüörtülü işlərdən çəkinməli və həmişə şəffaf olmalıdırlar. Bu məsələdə böyük həssaslıq və təmkin ortaya qoymaqla ətrafındakı insanların bəzi şeylərdən məhrum olduğunu və ya əl-qolunun bağlandığını düşünməsinə imkan verməməlidirlər. Bu səbəbdən də məfkurə yoldaşlarımızla çox yaxın və şəffaf olmalı, hər məsələni onlarla məşvərət etməli, amiranə hərəkətlərdən qaçınmalı, ətrafımızdakı insanların duyğu və düşüncələrini nəzərə almalıyıq. Eyni şəkildə tapşırdığımız işlərin onların bacarıq və qabiliyyətlərinə uyğun olub-olmadığını nəzərə almalı, iş bölgüsünü buna görə tənzim etməliyik.

Bu məsələdə böyüklər və ya idarəçilər ətrafındakı insanların sonsuz inam və etibarını qazanmalıdır. Belə ki, onlar bir yerə bir işə göndəriləndə böyüklərin və ya idarəçilərin hüsnü-niyyətlə hərəkət etdiyini düşünməli və buna zərrə qədər şübhə etməməlidirlər. Bundan başqa onlar təklif edilən işə isinsinlər, öyrəşsinlər və onu mənimsəsinlər deyə ciddi reablitasiya proqramlarına cəlb edilməlidir. Xülasə, iş və vəzifə bölgüsündə və tənzimində elə şəffaf və həssas hərəkət edilməlidir ki, heç kim “Mənə etimad etmirlər, mənə etibarlı bir insan kimi baxmırlar” kimi duyğulara qapılmasın, heç kimdə inamsızlıq meydana gəlməsin.

Həzrət Ömər Xalid bin Vəlidi vəzifədən uzaqlaşdıranda, Həzrət Osman Əbu Zərri Rəbəzəyə göndərəndə onlar verilən qərara heç bir etiraz etmədən əmrə itaət etmişdilər. Bu da məhz o güvənc duyğusundan irəli gəlirdi. Əgər siz məsul olduğunuz insanlara bu günədək hərəkət və davranışlarınızla inam təlqin etmiş, fikri, hissi, əqli ismət və iffətinizi qoruya bilmişsinizsə, onlar da verdiyiniz qərarları gözəl qarşılayacaqlar.

Belə olanda insanlar da yeni vəzifəylə başqa bir yerə göndəriləndə heç tərəddüd etmədən gedəcəklər. Məsələn, siz onlara: “Buradan filan yerə get” deyəndə, onlar: “Böyüklər mənim haqqımda düzgün qərar veriblər,” deyəcək və getdikləri yerdə saysız-hesabsız məhrumiyyətlərə dözməyi gözə alacaqdır. Hətta onlara: “Sən hələlik bu hücrə kimi yerdə otur,” desəniz, onlar belə bir vəzifə təklifində müəyyən faydaların nəzərə alındığını düşünəcək və nə lazımsa, edəcəklər.

Yəni siz nə qədər əmin və etibarlı bir idarəçisinizsə, istək və təklifləriniz də ətrafınızdakı insanlar tərəfindən o dərəcədə qəbul görəcəkdir. Çünki insanların ürəklərinə yol tapmağın ən əhəmiyyətli üsulu doğru olduğunuzu ortaya qoymaq və güvən təlqin etməkdir. Bu mövzuda insanlar sizə elə inanmalı və etimad etməlidir ki, çox rahatlıqla: ”İman və Quran yoluna xidmətdə harada mənə bir vəzifə verilibsə, ilahi murad da mütləq bu istiqamətdədir” deyə bilsinlər. Bu da heç şübhəsiz idarəçi mövqeyində olan insanların böyük həssaslıqla ortaya qoyduqları təmsil gücüylə reallaşacaqdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.