Millət Sevgisi

Sual: Millətimizi nə üçün sevməliyik? Eşq dərəcəsindəki (Yüksək) millət sevgisinin həqiqətini və insana yüklədiyi missiyanı izah edə bilərsinizmi?

Əvvəla bunu ifadə edim ki, mən millətimin şəxsi-mənəvisini (müəyyən bir şəxs yox, kütlədən meydana gələn mənəvi şəxs.) sevirəm. Yoxsa hər millətdə olduğu kimi, millətimizdə də haqq-hüquq və insanlıq baxımından saxta, yalançı insanlar ola bilər. Ancaq ümumi mənada ruh və məna kökünə möhkəm bağlı olan xalqımızı nəzərə alası olsaq, bu tip insanların azlıq təşkil etdiyinə şahid olacarıq.

Hədis kimi də rəvayət edilən gözəl bir kəlam var, "Hubbul-vatan minəl-iman− Vətən sevgisi imandandır". Biz bu sözü "Millət sevgisi imandandır" şəklində də ifadə edə bilərik. Belə ki, əsrlərlə İslam dininə bayraqdarlıq etmiş əziz millətimiz şanlı keçmişimizdə çox vaxt bəşər tarixinin gedişatını dəyişdirmiş, bəşəriyyətə bir çox töhfələr bəxş etmişdir. Biz millətimizlə məhz buna görə fəxr edir, bu hislərlə onu sevirik.

Şübhəsiz ki, millətimiz bir çox nailiyyətlər əldə etmişdir. Belə ki, nailiyyət deyiləndə müasir dövrdə ağıla, ümumiyyətlə, müsbət irəliləyişlər və texnoloji inkişaf gəlir. Halbuki, dünyəvi elmlər və texnologiya bəşəriyyət problemlərinin həlli və onun səadət və xoşbəxtliyini təmini baxımından hər şey demək deyildir. Hətta eqoist və mənfəətpərəst şəxslərin əlində olan əxlaq və fəzilətdən, cəmiyyətə qarşı məsuliyyət şüurundan məhrum elmi kəşf və texnoloji inkişafın bəşər üçün bir fəlakət və müsibətə çevrildiyi inkaredilməz həqiqətdir. Buna görə, bizim "millətimiz bir çox nailiyyətlər əldə etmişdir" deyəndə əcdadlarımızın bütün bəşəriyyətə insani və əxlaqi dəyərlər qazandırması, o möhtəşəm idarəçilik qabiliyyəti və siyasəti ilə toplumlara ədalət saçmasını nəzərdı tuturuq. Bəli, biz millətimizə bu cəhətə görə bağlıyıq, hətta bəzən onu aşiqlik dərəcəsində sevərik.

Lakin bu sevginin keçmişdə qalmış o insanlar üçün faydalı olub-olmadığını da bilmirəm. Bəlkə, bu yaxşılıqlarını xatırlatmağımız onları xeyirlə yad etməyə vəsilə olar. "Atalarımıza Allah rəhmət eləsin! Bizə gözəl vətəni qoyub getdilər. Lakin onu biz kirlətdik, indi isə bizə düşən vəzifə onun üfüqünü yenidən işıqlandırmaqdır" desək, bu cəhətdən bir mənası olar. Belə sağlam ruhi-mənəvi köklər üzərində inkişaf etmiş millətimizə bağlılığımızı nümayiş etdirir, ona sevgi duyur və üstəlik bu sevginin eşq dərəcəsində olduğunu iddia ediriksə, elə isə o məşuqa qarşı olan vəzifəmizi yerinə yetirməliyik. Bizim üçün əsas məsələ də elə budur.

"Əgər Sevginə Sadiqsənsə…"

Məsələn, millətimizin bir vaxtlar dövlətlərarası müvazinətdə oynadığı tarixi missiyanı, heç olmasa, öz bölgəsində yenidən həyata keçirməsi, hətta dünya miqyasında böyük bir müvazinət amilinə çevrilməsi bizim üçün çox əhəmiyyətlidir. Çünki onun ruhunda ata-babalarının miras qoyduğu ədalət düşüncəsi, doğruluq, haqq anlayışı və şəfqət məfhumu var. Həm bu regionda yaşayan xalqların, həm də öz insanımızın saədəti naminə açıq-aydın buna ehtiyac var. Bu səbəbə görə, millətimizin öz dəyərləri ilə bir daha, təkrar dirçəlib ayağa qalxmasını, özünəxas ruhun heykəlini yenidən ucaltmasını cani-könüldən arzulayırıq. Məncə, içimizdəki millət sevgisi bu istiqamətdə təcəlli etməlidir. Əslində bunun bir zərurəti də var. Rəbiətül-Ədəviyyə sevginin həqiqətini belə ifadə edir: "Allaha üsyan edir, sonra da “Sevirəm” deyirsən. Həyatıma and olsun ki, bu qədər qəribə, bu qədər əcaib bir şey görməmişəm. Əgər sevginə sadiq olsaydın, Ona itaət edərdin, çünki sevən sevdiyinə itaət edər".

Buna bənzər mülahizəni Ustad Həzrətlərinin Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) itaət və bağlılıq haqqındakı düşüncəsində də müşahidə edə bilərik. Belə ki, o, bir yerdə “Mümkün olsa, sevdiyimiz o Zata (Rəsulullaha) xarici görünüşümüz, danışıq tərzimiz, hətta səs tonumuzla bənzəməyə çalışar, Onun kimi geyinmək, Onun kimi danışmaq və Onun kimi yerimək üçün səy göstərərik,” deyir.

Bəli, Allah sevgisi itaətlə, Rəsulullah sevgisi də Onun sünnəsinə hərfi-hərfinə tabe olmaqla olur. Allah və Onun Rəsulunu sevdiyini deyən insan əgər Allahn və Rəsulunun bəyanını dünyanın hər tərəfinə yayma və hər kəsə çatdırmaqda laqeydlik göstərirsə, onun dedikləri tamamilə yalandır. Bunun kimi, millətini sevdiyini deyən insan onun ayağa qalxması, öz mahiyyəti ilə yenidən dirilməsi və ruhunun abidəsini ucaltması yolunda heç bir cəhd və səy göstərmirsə, deməli, o da yalan danışır.

Bu məsələnin bir başqa yönü də budur: Millətini sevdiyini iddia edən insan öz millətinin dəyərlərini dünyaya tanıtmağa və o dəyərlərin insanlıq üçün həqiqətən zəruri olduğunu başqalarına da inandırmağa çalışmalıdır. Yoxsa bu millət inanılmayan, etibar edilməyən bir millət olaraq qəbul edilirsə, süpürgə kimi qapı arxasına atılar və onun miras aldığı dəyərlərdən bəşəriyyət də istifadə edə bilməz. Elə isə bir yandan millətimizi öz dəyərləri ilə ayağa qaldırarkən, digər yandan da onu tarix boyu var edən dəyərlərlə bütün dünyaya anlatmaq lazımdır.

Qarışqa öz hissiyatı ilə mərmərin içində bal olduğunu bilsə, o ehtirası, əzmi və qətiyyəti ilə o mərmərin ətrafında dolanıb durar, bir yolunu tapıb o bala əldə etməyə çalışar. Qarışqa quyuya düşüb xilas olmaq üçün əzm və səy göstərməyən bir insan kimi, "Biri gəlsin ip sallasın, o ipə yapışıb çıxım" deyə düşünməz. Varıdırsa, pəncələrini, ayaqlarını, dırnaqlarını istifadə edər. Əlləri zəncirlə bağlı olsa, ağızı ilə ayaqlarını basmağa bir yer açar. Xülasə, bir çox yol axtarar, bir yol tapıb oradan mütləq çıxmağa çalışar.

Bizim vəzifəmiz, əgər bir doğru yola Allahın lütfü ilə gətirilib qoyulmuşuqsa, o yolda yüzlərlə maneə çıxsa da, bütün əngəlləri aşıb Allahın izni və kərəmi ilə yolumuza daha sürətli davam etmək əzmində olmaqdır. Məncə, həqiqi millət sevgisi elə budur.

Məfkurə Dəlilləri

Bu səviyyəyə gəlmiş bir insanın yuxusu da qaçar, bəzən o, evinin yolunu da unudar, hətta öz övladından “Sənin adın nə idi?"−deyə soruşa da bilər. Çünki insan bir mövzuya nə qədər bağlanarsa, başqa məsələlərə qarşı bir o qədər laqeydləşər. Bəli, bir məfkurəyə bağlı insan çox yaxşı bildiyi məsələləri belə bəzən unuda bilər. Dalğındır bu insan, lakin o öz məfkurəsində dalğın yox, dalğıcdır.

Əsas məsələ də ülvi bir düşüncənin, uca bir məfkurənin dalğıcı olmaqdır. Dəfələrlə baş vurmağımıza rəğmən, əlimizə heç nə keçməsə də: "Bir cövhər tapa, bir mərcan adasını çata bilərik" deyib təkrar-təkrar dalmaq… Əlbəttə ki, dalğıclığın boğulma, sudan çıxa bilməmə, təhlükələrlə üz-üzə gəlmə kimi riskləri də var. Ancaq məfkurənin dalğıcı ola bilmə mövzusuna gəlincə, o nəticə etibarilə, şübhəsiz ki, xeyir gətirər. Mütləq, şübhəsiz xeyir isə, təhlükə ehtimalına görə tərk edilə bilməz. Buna görə, Allaha qulluğun hicrət kimi, həsrət, hicran və qürbət kimi, əza və cəfa kimi çətinlikləri var, amma bunun əvəzində mütləq bir Cənnət var. Onlar ehtimaldır, Cənnət isə mütləqdir.

Belə ki, bu mövzu ilə bağlı Cənabi-Haqq belə buyurur:

"Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır." (“Tövbə” surəsi, 9/111). Cənnət Onun, Allahın olduğu kimi, sənin malın, canın, nəfsin, ailən də Onundur. Bütün bunlar insana əmanət verilmişdir. Allah (c.c.) bu ayədə, demək olar ki, insanı bir alış-verişə dəvət edərək: "Mənim sənə verdiyim əmanətləri Mənə qaytar. Bunun əvəzində sənə əbədi Cənnət, əbədi səadət verəcəyəm" buyurur.

Burada eyni zamanda bir tənəzzül də var. Allah bilavasitə insana xitab edib onunla danışır. "Siz onu Mənə verin, Mən də bunu sizə verim" deyərək bir müqavilə bağlamağı təklif edir. Bunlar ilahi kəlamın tənəzzülvari təcəllilərdir.

Bunun kimi, mənə görə: "Millətimi canım qədər sevirəm" sözü ancaq onun uğrunda can daxil olmaqla hər şeyini verməyə hazır olmaqla təsdiqlənə bilər. Millətini sevən bir insan oturarkən, durarkən, yatarkən… və s. həyatın hər anında onu düşünməlidir. Məsələn, bir insan, xalqı üçün gecə yarısı qalxıb narahatlıq keçirirsə, deməli, bu insanın vətəninə, millətinə qarşı sevgisi var. Yoxsa, quru bir sözdən başqa heç nə deyil.

Millətimizə Güvən və Diriliş Ümidi

Qənaətimicə, tarixdə daşıdığı missiya baxımından nəşət etdiyimiz bu millətə−millətimizə güvənmək lazımdır. Əlbəttə ki, bu, Allaha etimad etmə, Allaha sığınma, Allaha güvənmə mənasında bir etimad deyildir. Yaxşı bəs millətimizə niyə güvənməliyik? Çünki bu əziz millət tarix boyu heç vaxt uzun müddətli əsarətə dözmədiyi kimi, bundan sonra da əbədiyyən milli aşınmaya səbir göstərə bilməz. Məsələn, Çanaqqalada yaralı vücudlarla, ölü cəsədlərlə düşmən önünə atılmış, ölümü ilə bu gələn müsibətin qarşısını almış, amma qətiyyən təslim olmamışdır. Çünki bir Avropalının ifadə etdiyi kimi, hər millətin müdafiədən ümid kəsdiyi yerdə, bu millətin hücumu başlayır. Bu həqiqətdir. Millətimiz milli mübarizə ilə işğal güclərinin öhdəsindən gəlmiş və ölkəni düşməndən təmizləmişdir. O heç vaxt əsarətə boyun əyməmiş və başqasının əsarəti altında yaşamaqdansa "Ya dövlət başa, ya quzğun leşə " düşüncəsi ilə hərəkət etmişdir. Məncə, bu xarakterə malik olan bir millətə etimad edilməlidir.

Məsələnin bir başqa yönü də budur: İslam aləmində heç bir ölkə Türkiyənin məruz qaldığı qədər bombardmana məruz qalmamışdır. Bomba burada partlamış və onun "yanğın və xəstəliklər" kimi ən dəhşətli alfa zərbələri də burada özünü biruzə vermişdir. Digərləri beta və ya qamma şüalarından nə qədər mütəəssir olmuşlarsa, o qədər də təsir altında qalmışlar. Bəli, əsas zərəri bizim millətimiz çəkmiş, buna baxmayaraq o, qətiyyən öldürülə bilməmişdir. Baxın, hələ də millətimizin önünü kəsmək istəyirlər, amma o yenə də bir diriliş yolu tapıb yenidən dirçəlir.

Ağıla-məntiqə bağlı olan kollektiv şüur

Bir millət olaraq belə bir "basu badəl mövt" (ölümdən sonra diriliş) həyəcanımız, bir diriliş sevdamız varsa, məncə, bu məqamda kollektiv şüur məsələsi üzərində həssaslıqla dayanmaq lazımdır. Bəli, bu ərəfədə bu millətin fərdləri olaraq, bir-birimizə qarşı tam güvən və etimad içində, "birlikdə olaq, birlikdə çalışaq, birlikdə fikirləşək, fikir mübadiləsi aparaq, beyin fırtınası ilə məsələlərimizi həll edək" anlayışında olmalıyıq. Ancaq bu kollektiv şüur məsələsi, məncə, iradənin məhsulu olmalı, məntiqli olmalı və bu mövzuda göstərilən səy və səmərə arasındakı münasibət də çox yaxşı nəzərdən keçirilməlidir ki, bu məsələnin davamı gəlsin. Məsələ belə möhkəm əsaslar üzərinə qurulsa, yanılma da olmaz. İnsan məntiq və iradəsi ilə kollektiv şüuru meydana gətirə bilsə, yəni çağırışını ağıla, məntiqə və iradəyə söykəyə bilsə, o bilgiyə söykənmiş olar və uzunömürlülük vəd edər. Halbuki, sadəcə adət və ənənələrlə qanımıza, damarımıza işləmiş əxlaq və mədəniyyət zərbələrə tab gətirə bilməz. Ancaq ağıl, məntiq və mühakimə ilə işin əvvəli və axırı arasındakı münasibəti nəzərə alınaraq məsələyə yanaşanda atılan addımlar uzunömürlü olar. Eynən ticarətini onun qanun və qaydalarına görə quran bir tacir kimi. Qurduğu ticarətdə gəliri nə vaxt gələr, necə gələr bilinmir. Hətta bu ticarətdə heç nə qazanmama ehtimalı da var. Lakin səbəblər dairəsində işin səmərəsi alınar. Çünki hər şey buna görə planlanmış, buna görə ticarətə girilmişdir.

Mənə görə, kollektiv şüuru da ağıl, məntiq, mühakimə və insan iradəsinə söykəməklə hər sahədə müştərək fəaliyyəti təmin etmək lazımdır. Üstəlik, elmi kəşf və ixtiralar da səfərbər edilməklə İslam dininin ayağa qalxması üçün yol və metodlar daha işlək, daha surətli hala gətirilməlidir. Məhz belə bir kollektiv şüurla yürüdüyümüz yol genişlənə bilər ki, bu da təbii, oturub danışmağa, məşvərətə və beyin fırtınasına bağlıdır.

Xülasə, millətini həqiqi mənada sevən bir insan onun təkrar öz dəyərləri ilə dirilməsi naminə cəhd və səy göstərməli, eyni zamanda bu milli-mənəvi dəyərləri bütün dünyaya çatdırmaq üçün eşq və həyəcan duymalıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.