Mələk kimi nəfs − nəfsi-mütməinnə
Sual: Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) tövsiyə etdiyi dualardan biri də bu məaldadır: “Allahım! Səndən Sənə qovuşacağına inanan, hökmünə razı olan, verdiklərinə qənaət edən və Səninlə itminana çatan nəfs istəyirəm!” (ət-Təbərani, “əl-Mücəmül-kəbir”, VIII/99) Bu ülvi duada işlənən “itminana çatan nəfs” ifadəsini izah edə bilərsiniz?
Cavab: Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədişi-şərifdə
أَعْدَى عَدُوٍّ لَكَ نَفْسُكَ الَّتِي بَيْنَ جَنْبَيْكَ
“Sənin ən böyük düşmənin mahiyyətindəki nəfsdir” (əd-Deyləmi, “əl-Müsnəd”, III/408)
buyuraraq insanın ən amansız düşməninin nəfs olduğunu, dolayısilə öncə ona qarşı mübarizə aparmalı olduğunu diqqətə çatdırmışdır. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir gün bir döyüşdən sonra Mədinəyə qayıdan zaman “İndi kiçik cihaddan böyük cihada gedirik” buyurmuş, “Böyük cihad nədir?” sualına isə “Nəfsə qarşı cihad” cavabını vermişdi. (Baxın: əl-Beyhaqi, “əz-Zühd” I/165; Xatib əl-Bağdadi, “Tarixü-Bağdad”, XIII/523). Çünki qarşı tərəfdə dayanan və gözlə görünən düşmənlə müqayisədə iki qaş arasında gizlənib hücum çəkməyə girəvə axtaran hiyləgər düşmənlə mübarizə aparmaq daha çətindir. Üstəlik düşmənlə cihadda müharibə, döyüş kimi maddi çətinliklər olsa da, zəfər qazandıqda qənimət kimi qazanclar əldə etmək mümkündür. Ancaq nəfslə mücadilə aparmağın, onu məğlub etməyin, o dağ boyda düşməni diz çökdürməyin müqabilində vəd edilən mükafatlar axirətə aiddir. İnsanın təbiəti isə
كَلَّا بَلْ تُحِبُّونَ الْعَاجِلَةَ وَتَذَرُونَ الْاٰخِرَةَ
“Xeyr, xeyr! Siz bu keçib gedən dünya həyatını (nemətlərini) çox sevirsiniz. Axirəti isə tərk edirsiniz” (“Qiyamə” surəsi, 75/20-21)
məallı ayeyi-kəriməsində buyurulduğu kimi, maddi mükafatlara pərəstiş edir. Bəli, insan əməyin nəticəsini dərhal əldə etmək, zəhmətinin haqqını tələm-tələsik almaq istəyir. Bu baxımdan ileyi-kəlimətullah uğrunda cihad, əslində, kiçik bir əməl deyil, amma böyük cihadla müqayisədə kiçik görünür.
Nəfsin mərtəbələri və nəfsi-ləvvamə
Bildiyiniz kimi, amansız düşmən − nəfs mahiyyət etibarilə insan üçün çox zərərli olsa da, dəyişmə və kamilləşmə qabiliyyətinə malikdir, tərbiyələndirilsə, insanı Allahdan uzaqlaşdırmaz, əksinə Allaha aparan bir vasitəyə çevrilər. Məsələn,
وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ
“And içirəm, özünü daima qınayan nəfsə!” (“Qiyamə” surəsi, 75/2)
ayeyi-kəriməsində dəyişməyə və kamilləşməyə ilk addımını atan, ilk həmləni edən nəfsə and içilir. Bu nəfs nə qədər xətalara yol versə də, günah işləsə də özünü qınayar, hesaba çəkər, düşdüyü bataqlıqdan çıxış yolları axtarar, tövbə və istiğfar edər və eyni xəta və günahı bir daha işləməmək üçün alternativ mübarizə şəkilləri arayar. İnsanın “nəfsi-əmmarə”nin caynağından qurtulub xəta və günahlardan ötrü özünü qınayan “nəfsi-ləvvamə” mərtəbəsinə yüksəlməsi nəfsin təzkiyə və tərəqqisində çox vacibdir. Çünki bu ilk addım nəfsin digər mərtəbələrinə yüksəlmək üçün bir keçid nöqtəsidir. İnsan nəfsinin mərtəbələrini aşaraq “nəfsi-mütməinnə”yə yüksəlməsi, nəfsi-mütməinnənin nəfzi-raziyəyə (Allah-taalanın qəzavü-qədərindən və hökmlərindən razı olan), nəfsi-mərziyyəyə (Allah-taalanın razı olduğu) və − əgər bu dünyada mümkündürsə − nəfsi-safiyəyə və ya nəfsi-zəkiyyəyə çatması ilk öncə “nəfsi-əmmarə”dən “nəfsi-ləvvamə”yə keçməkdən asılıdır. Dairənin mərkəz nöqtəsində bucağın dərəcəsində meydana gələn azacıq tərpəniş böyük bir sektor əmələ gətirir. Bəli, nəfsin saflaşması baxımından mərkəzdə bu cür bir tərpənişin baş verməsi çox vacib, vacib olduğu qədər də çətindir. Çünki bunu həyata keçirmək üçün dəyişiklik etmək, başqa sözlə desək, köhnənin üstündən xətt çəkmək, keçmişlə vidalaşmaq, bu vaxta qədər vərdiş edilən şeylərdən birdəfəlik imtina edib yeni bir yola qədəm basmaq lazımdır.
Günah və xətalarına görə özünü qınayan, sorğu-suala çəkən və həmin günahları bir daha işləməmək üçün mücadilə aparan nəfs bu mübarizədə mətin olsa, qəlbin və ruhun səmalarında pərvaz edən “nəfsi-mütməinnə” mərtəbəsinə yüksələr.
İtminana çatan nəfsin xüsusiyyətləri
Nəfsi-mütməinnə itminana çatan, iman və ürfanda oturuşmuş, Allahın (cəllə cəlaluhu) riza və xoşnudluğundan qeyri hər şeydən üz döndərmiş, başqa yollara baş vurmayan nəfs deməkdir. Bihudə axtarışlardan qurtulan bu nəfsin üzü daim Allahadır, hər dəqiqə və səniyəsini Onun rizasına həsr edir və Onun yazdığı qəzavü-qədərindən və hökmlərindən razıdır. Əgər bir insanın içində Cənabi-Allahın icraati-sübhaniyəsindən razılıq hissi varsa, demək, Allah da (cəllə cəlaluhu) ondan razıdır, bu Onun razılığının əlamətidir. Bu baxımdan bəzi alimlərin fikrincə, nəfsi-raziyə və nəfsi-mərziyyə nəfsi-mütməinnənin qanadıdır. Allahdan razı olan və Allahın da ondan razı olduğu bu insan üçün istər calaldan cəfa, istərsə də camaldan vəfa gəlsin, fərqi yoxdur. O, hər ikisini də səfa bilib bağrına basar. Üstəlik o, “Həl min məzid – Yenə varmı?” yolunun yolçusu olduğuna görə, dayanmadan ürfanını artırmağa və nəfsinə aid uzaqlıqları geridə qoyaraq Ona yaxınlaşmağa çalışar.
Allaha vüslətə iman, riza və qane olma
Bu baxımdan Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) sözügedən duada Allahdan əvvəlcə itminana çatmış nəfs istədikdən sonra bu nəfsin dərin qatları və ya qanadları sayılan bəzi vəsfləri də dilə gətirdiyini görürük.
Belə ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) duada Allah-taaladan nəfsi-mütməinnə dilədikdən sonra “تُؤْمِنُ بِلِقَائِكَ” deyərək bu nəfsin gec-tez Allaha qovuşmağa inanan bir nəfs olmasını niyaz edir. Çünki tutduğu yolun şəkk-şübhəsiz Əbədi Zata apardığına inanması, liqaullah (Allaha qovuşma arzusu) arzusu ilə yanıb qovrulması, bu diləklə oturub-durması insanın qəlbində dərin və sarsılmaz bir itminan hasil edir.
Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ardınca “وَتَرْضَى بِقَضَائِكَ” ifadəsi ilə bu itminana çatan nəfsin eyni zamanda Allahın qəzavü-qədərindən razı olmasını istəyir. Bəzi alimlər “qəza” istilahını Cənabi-Allahın əzəldən ilahi elmində təəyyünat çərçivəsində bəzi şeyləri müəyyənləşdirməsi şəklində izah etsələr də, əksər üsuliddin üləmasına görə, qəza, “lövhi-məhv” və “isbat”da hökmü verilən və yazılan qədərin vaxtı-vədəsi çatanda həyata keçməsdir. İnsanın həyatı boyu üzləşdiyi hadisələr bəzən zahirən yaxşı, bəzən də pis olur. Ancaq insan öz niyyəti ilə Allahın qəza buyurduğu şeyləri xeyrə çevirə bilər. Məsələn, məruz qaldığı bəla və müsibətləri səbir və razılıqla qarşılamaqla, əldə etdiyi nemət və müvəffəqiyyətləri də şükür və həmd edərək xeyrə çevirə bilər. Lakin insan (Allahın) calalından cəfa gələndə şikayətlənməklə və taleyindən narazılıq etməklə, camalından vəfa gələndə də nankorluq edib verilən nemətlərin həqiqi sahibini görməməklə Allah hökmünü, qəzasını özü üçün şərə çevirər, bu işdən zərərli çıxar. Yəni nemət və nikmətin şərə yaxud da xeyirə çevrilməsi bir az da insanın münasibət və yanaşmasından asılıdır. Bu səbəbdən də insanın Allahın (cəllə cəlaluhu) qəzavü-qədərindən razı olması çox vacibdir.
Yekun olaraq, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) “وَتَقْنَعُ بِعَطَائِكَ” sözləri ilə Allahdan təqdir olunan və ehsan edilən hər şeyə razılıq hissi verməsini diləyir. Bəzi hallarda hərislik etmək gərəkdir ki, o da ancaq Allaha iman və Onun rizası ilə əlaqədar bir məsələdir. Bu baxımdan insan Allah rizasını dəlicəsinə diləməli və bu yolda doymaq bilməməlidir. Başqa sözlə, hərisliyin ibadət yerinə keçdiyi bir əməl varsa, o da Allaha və Onun Rəsuluna məhəbbətdir. Bəli, insan ilahi riza yolunda əldə etdikləri ilə kifayətlənməməli və daim “Yenə varmı?!”, “Yenə varmı?!” deməlidir. Ancaq dünyaya və cismaniliyə dair məsələlərdə əsas düstur Cənabi-Allahın hökmünə razı olmaqdır. “Nəfsi-mütməinnə”yə sarı yelkən açan kamil insanların xüsusiyyətlərindən biri də budur.
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bu duanı səhər və axşam oxuyaraq bütün bu mühüm xüsusiyyətləri Cənabi-Allahdan diləmişdir. Əlbəttə, O, bütün bunları öz əngin dünyası və öz yüksək diləklərinin tələbinə müvafiq şəkildə istəyirdi. Bu istəkləri biz öz dar düşüncə və amallarımız nöqteyi-nəzərindən qiymətləndirsək, Onu öz səviyyəmizə endirmiş olarıq ki, bu, ona böyük hörmətsizlikdir. Ancaq Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) duadakı istəklərinə ümməti-Məhəmmədə verilən dərs kimi yanaşmaq lazımdır. Madam O (sallallahu aleyhi və səlləm), bu duadakı yüksək məqsədini izhar edərək bizi yüksək ideallara səsləyir. O halda biz daim yüksək idealların arxasınca düşməli, daima iradələrimizi şahə qaldırmalı və son nəfəsədək iman və itminanla Allahın (cəllə cəlaluhu) riza və xoşnudluğunu qazanmağa çalışmalıyıq.
- tarixində yaradılmışdır.