Külli Bərəkət və Birə Yeddi Yüz Verən Sünbüllər
Sual: Ana-ataya hörmət və sileyi-rəhm kimi gözəl xüsusiyyətlərin hər biri ümumi mənada bərəkət vəsiləsi hesab olunur. Dininə xidmət etmək istəyən fərdlər bir xidmətini minə çevirmək üçün ilk öncə hansı bərəkət vəsilələrinə baş vurmalıdır?
Cavab: Bir işin bərəkətli olması fərdin həmin işi niyə və nə üçün etdiyini dərk etməsindən, həmçinin bu işin necə görülməsini yaxşı bilməsindən, özünü o işə həsr etməsindən, sonra da onu "Haqqı görmə və Onun tərəfindən görülmə" düşüncəsi ilə, yəni ehsan şüuru ilə yerinə yetirməsindən asılıdır. Hz. Pirin ifadə etdiyi kimi, mömin Haqq tərəfindən görülmə düşüncəsi ilə işləməli, başlamalı, oturmalı, durmalı, yeməli, içməli və bu düşüncə ilə ömür sürməlidir. Bildiyiniz kimi, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu xüsusu;
اَلإِحْسَانُ أَنْ تَعْبُدَ اللّٰهَ كَأَنَّكَ تَرَاهُ فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ
"Ehsan Allahı görürmüş kimi ibadət etməkdir, sən Onu görməsən də, O səni görür" (Buhari, iman 37) ifadələri ilə dilə gətirir. Bəli, siz ehsan mehvərində ömür sürsəniz, başınıza mərhəmət diyarından bərəkət yağar.
Nəfsin və əhlin Haqqını vermək
İnsanın müxtəlif məsuliyyət və mükəlləfiyyətləri var. Bu məsuliyyətlər bir hədisi-şərifdə belə dilə gətirilir:
إِنَّ لِرَبِّكَ عَلَيْكَ حَقًّا وَلِنَفْسِكَ عَلَيْكَ حَقًّا وَلِأَهْلِكَ عَلَيْكَ حَقًّا فَأَعْطِ كُلَّ ذِي حَقٍّ حَقَّهُ
"Sənin üstündə Rəbbin haqqı var, nəfsin haqqı var, əhlin (ailənin) də haqqı var. Hər birinin haqqını ver" (Buhari, Adap 86). Gördüyümüz kimi, insanın birinci mükəlləfiyyəti Zati-Uluhiyyətə aid haqlardır. Bu haqlar Qurani Kərim və Sünneyi-Səhihədə izah edilmişdir. Allaha məxsus olan iman, islam, ehsan kimi haqlar insanın başlıca mükəlləfiyyətidir.
Peyğəmbərimiz (əleyhissalatu vəssalam) Allaha qarşı daşıdığımız mükəlləfiyyətləri xatırlatdıqdan sonra nəfsin də üstümüzdə haqqı olduğunu ifadə edir. Əhsəni-təqvimdə (ən gözəl şəkildə) yaradılan, bir cövhər, bir brilyant qədər qiymətli olan nəfsimizi orada-burada, boş yerə, bihudə hədər etməməliyik. Doğru yolda dəyərləndirərək onunla cənnət, firdövs, Peyğəmbərimizə qonşuluq və ən əsası Cənabi-Haqqın riza və xoşnudluğunu qazanma kimi ali məqamlara yüksəlməyə çalışmalıyıq. Əgər nəfsimiz potensial olaraq belə bir üfüqə namizəd olmasaydı, bu ali qayələrə çatmağa uyğun yaradılmasaydı, Allah insana bu uca qayələri hədəf göstərməzdi. Bu ülvi qayələrin hədəf göstərilməsi insanda olan qabiliyyətlərin buna uyğun yaradılmasından xəbər verir. Elə isə Hz. Pirin "23-cü Söz"də şərh etdiyi kimi, insan belə qiymətli bir cövhəri misgər bazarında hədər etmədən onun vasitəsilə daha qiymətli hədəfə doğru yürüməli və ona çatmağa çalışmalıdır. Bəli, insanın həqiqi qiymətini fani dünyanın tərəzisi ilə ölçmək mümkün deyil. Əgər qəlb və ruh həyatına iman, islam, ehsan və yerdən göyə qədər bütün dərəcələri ilə birlikdə qovuşmaq əzmində olsanız, ancaq o zaman dəyərli bir şeyin arxasınca düşmüş sayılırsınız. Bütün bunlar nəfsə aid haqlardır. Dolayısilə nəfsin haqlarını təkcə intihar etməmək, əli, ayağı, dili, dodağı kəsməmək, yəni onu hədər etməmək şəklində başa düşmək natamam bir anlayış olardı. Xülasə, nəfsi hədər etməmək onun maddi və mənəvi bütün haqq-hüququna riayət etmək deməkdir.
Eynən bunu kimi, ailənin haqq-hüququ da sadəcə onlarla oturub xoş-beş etməkdən, bir çay süfrəsinin başında onların könlünü almaqdan ibarət deyil. Və ya bu haqqı onların təkcə cismani (yemək, içmək, iaşə və s.) hüququna riayət etməklə ödəmək olmaz. Bunlarla yanaşı onlara qəlbi, ruhi kamillik istiqamətində gözəl rəhbərlik etmək, ibrə kimi onlara daim qibləni göstərmək lazımdır. Yəni inanclı bir fərd kimi insanın öz ailəsinə Allahı, Rəsulullahı tanıtması və onlara insan kimi yaşamağı öyrətməsi ailənin onun üstündə haqqıdır. Bununla yanaşı daim uşaqları nəzarətdə saxlamaq, onları bir anlıq da olsa, pislərlə, pisliklərlə baş-başa buraxmamaq da onların haqqıdır. Əlbəttə ki, bütün bu mükəlləfiyyətləri əsəbiləşərək, çığırıb-bağıraraq, təzyiq göstərərək, özünə, fikirlərinə qarşı nifrət hissi oyadaraq deyil, beynini zoqquldadaraq, sancı çəkərək, mərhum Ustad Nəcib Fazilin ifadəsi ilə, "beynini burnundan qusaraq", pedaqoji və psixoloji üsullarla, xüsusən də, Rəhbəri-Əkməl Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) irşad metodu ilə etməlisiniz. Bütün bunlar uşaqların bizim üstümüzdə haqqıdır və bu haqlar layiqincə yerinə yetirilməlidir.
Uşaqlardakı boşluqların əsl qaynağı
Bir mənqibə var: Əhlullahdan (Haqq dostlarından) bir nəfərin uşağı müəyyən yaşa gəlib çatandan sonra əlinə bir biz alıb yaramazlıq edir, camaatın ta uzaqdan nohurlardan daşıyıb gətirdiyi su tuluqlarını deşir. Əvvəlcə Həzrətin (atanın) xatirinə heç kim bir söz demir. Ancaq əli əməlindən qalmayan bu uşaq camaatın canını boğazına yığır və bir-iki nəfər gəlib məsələni Həzrətə danışır. Həzrət dərhal nəfsini hesaba çəkməyə və buna səbəb ola biləcək xətasını axtarmağa başlayır. "Görəsən, mən nəyi bizlədim, nəyi deşdim ki, məndən uşağıma keçdi?" deyir, keçmişini gözdən keçirir. Əhlullah xəyaldan keçən mənfi şeyləri belə günah saydığı üçün, bəlkə də, özünə görə bir çox qüsur və nöqsan tapır. Lakin buna oxşar bir xəta etdiyini ağlına gətirə bilmir. Zövcəsinə üz tutub onu da məsələdən agah edir: "Bizim oğlan çoxdan bəri bir şey edirmiş. Ancaq insanlar nəzakət xatirinə və həya edib bizə bir şey söyləməyiblər. İndi biz bu tərbiyəsizliyin qarşısını almalıyıq. Sən də bir həyatını gözdən keçir" məsləhətini verir. Xanımı bir qədər fikrə gedir və sonra belə deyir: "Vallah, mən bu cür xətaya yol verdiyimi xatırlamıram. Amma hamilə olanda bir qonşunun evinə getmişdim. Əlimdə millər vardı, (paltar) hörürdüm. Bu vaxt orada bir portağal gördüm. Milin ucu ilə ona azca toxunub ağzıma apardım". Bunu eşidən Həzrət xanımına dərhal qonşuya gedib halallıq istəməyi və tövbə etməyi məsləhət görür.
Çox keçmədən həmin uşaq tuluqları bizlə deşə-deşə birdən-birə öz-özünə: "Mən barmaqla göstərilən filankəsin oğluyam. Bu iş heç mənə yaraşmır? Tövbə, ya Rəbbi!" deyir və qaça-qaça atasının yanına gəlir. "Ata! Mən bu günə qədər filan şeyi elədim" deyir. Nə bilmək olar, bəlkə də, bu zaman atası da ona: "Oğlum! O əməli sən etməmisən, o işi bir vaxtlar biz elədik" deyə cavab verib.
Bəli, ana-ata uşaqlarını yaxından izləməli, onların bir şeyi "bizləməsinə" imkan verməməlidir. Çünki sizin bir nöqsanınız sizdə də olmasa, onlarda ortaya çıxar və onun qüsurunun əziyyətini övlad acısı ilə yenə də siz çəkərsiniz. Allahın qarşısında üzüqara siz olar, övladınıza görə çətinliyi, iztirabı siz çəkərsiniz. Bu bir mənqibədir. Ancaq mənqibələrlə bağlı fəqirin (özünü qəsd edir) bir mülahizəsi var: Mənqibənin əslinin səhihliyinə deyil, fəslinin ifadə etdiyi mənaya baxmaq lazımdır.
Pisliyin aradan qaldırılması yolları
Yuxarıda keçən hədisi-şərifdə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) işarə buyurduğu bu üç sacayağına (üçlüyə) millətin və insanlığın da haqqını əlavə edə bilərik. Çünki sözügedən hədisi-şərifdə açıq verilməsə də, başqa səhih hədisi-şəriflərdə bizə göstərilən hədəflər arasında bu haqqın da olduğunu görürük. Bu səbəbdən millətimizin və insanlığın üstümüzdə olan haqlarını da eyni kateqoriyada dəyərləndirə bilərik. Bəli, millət abidəsini yenidən doğru-düzgün ucaltmaq, qaldırıb yerinə qoymaq bizim vəzifəmizdir və bu gün bu vəzifə bizim üstümüzdə bir haqdır. İstər irşad dinamizmi ilə, istər irşada aparan yol və üsullarla, istərsə də bizə bəxş edilən digər imkanlarla millətimizi öz dəyərləri ilə, öz məna və ruhu ilə iqamə etmə (ucaltma) bizim üstümüzdə əmanətdir. Əgər bu vəzifəni bu və ya digər şəkildə yerinə yetirərək bu günə qədər gətirib çıxarmış və bizə miras qoyublarsa, bu haqqa riayət etmək bizim borcumuzdur. Çünki bu günə qədər bu məfkurənin əzabkeşləri bu əmanəti zindanlarda sancı çəkərək, həbsxana və sürgünlərdə ömür çürüdərək, min bir iztiraba qatlanaraq, "beynini burnundan qusaraq" bu günə qədər gətirmiş çatdırmış və bizə əmanət etmişdir. Elə isə bu əmanətə sahib çıxmaq onların haqqıdır, bizim də borcumuz.
Eyni şəkildə, əyri baxan, yanlış görən insanlara görmə sistemini öyrətmək də millətin bizim üstümüzdə haqqıdır. Allah Rəsulu (əleyhissalatu vəssalam):
مَنْ رَأَى مِنْكُمْ مُنْكَراً فَلْيُغَيِّرْهُ بِيَدِهِ ، فَإِنْ لَمْ يَسْتَطِعْ فبِلِسَانِهِ ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِقَلبِهِ وَذَلَكَ أَضْعَفُ الْإِيمَانِ
"Kim bir münkər (Allahın razı olmadığı şey) görsə, onu əli ilə düzəltsin. Buna gücü çatmasa, dili ilə düzəltsin. Buna da gücü çatmasa, qəlbi ilə onun əleyhinə olsun.. Bu axırıncı imanın ən zəif mərtəbəsidir" (Müslim, İman 78) deyə buyurmurmu? Yəni gücün çatırsa, qarşındakı insanın gedib boğaza qədər münkərata batmasına imkan verməyəcək, əksinə mərufata (Allahın razı olduğu şeylər) baş vurmasına vəsilə olmağa çalışacaqsan. Onun əlindən tutub mehrabı, qibləni göstərəcəksən. Əgər əlinlə bacarırsansa, əlinlə elə. Əgər əlinlə bacarmırsansa, yumşaq dillə irşad etməyə, Haqq yola gətirməyə çalış. Əgər bunu da edə bilmirsənsə, başqa yollar axtarmalısan. Vəziyyətə görə, qəlbi əlaqəni kəsib, mövqeyini ortaya qoyaraq: "Sənin kimi ağlı başında bir adamdan belə şey gözləməzdim!" deyərək bu vəzifəni yerinə yetirməyə çalışmalısan. Büğz edərək, göz ağardaraq, üz mimikası ilə, "Məlunun biri!" kimi həqarət yağdırmaqla deyil, mömin şəfqətini ortaya qoyaraq, qəlbinə xitab edərək, onun insani yönlərinin qabarıq olduğu vaxtlardan istifadə edərək və s. ona doğru yolu göstərməyə çalışmalısan. Yeri gəlsə, oturub ona bir stəkan çay içirməli və onun yumşalmasını, gərginliyini atıb səmimi bir münasibətin qurulmasını təmin etməlisən. İynə vuranda belə ucu sivri iynə asan girsin deyə xəstəyə özünü sıxmamağı təlqin edirlər. Dolayısilə, yumşaq söz və yumşaq davranış, içdən, səmimi bir təbəssüm müxatəbin sərtliyini və gərginliyini azalda bilər. Sonra da sən belə bir yumşaq abı-havada müxatəbin ruhuna bir işıq, bir nur və bir ziya kimi axıb onun könlündə özünə yer tapar, onu gözəlliyə, yaxşılığa yönəldə bilərsən. Bunlar da məhz qəlblə görülən işlərə aiddir.
Külli bərəkət və səhabə
Bu gün adanmış ruhlar millətimiz və bütün bəşəriyyət naminə əzəmətli, əhəmiyyətli, aləmşümul bir vəzifəyə, belə bir məsuliyyətə çiyin vermişlər. Bu az iş deyil. Bəli, səhabənin çiyninə düşən o böyük qismət bu gün dövrün adanmış könüllərinə əmanətdir. Ancaq bu məsələnin bəşəriyyət üçün faydalı, daimi və uzunmüddətli olması onların bundan sonra da səhabə kimi yaşamasından asılıdır. Bəli, səhabə ciddiyyət və səmimiyyətini bir ömür boyu qorumaq lazımdır. Adanmış ruhlar bu vəzifəyə belə bir şüurla, düşüncə ilə sahib çıxmalı, bu şüuru qorumaq üçün ehsan mülahizəsi ilə hərəkət etməli, yerindən ayrılmamalı, yerini tez-tez yoxlamalı; yoxlamalı və vəziyyətə görə "Mən burada deyil, beş addım irəlidə olmalıyam. Hətta beş deyil on addım irəlidə olmalı idim, amma təəssüf ki, bu işi layiqincə görə bilmirəm" deyib daha da yaxşısını etməyə çalışmalıdır. Əgər biz bunu edə bilsək, Cənabi-Haqq da külli bərəkət lütf edər və bizim bu hərəkət və davranışlarımız münbit torpaq tapmış, hava ilə görüşmüş, su ilə gərdəyə girmiş və günəşlə əl-ələ vermiş toxumlar kimi bəhrə verər; bir də görərsiniz ki, o toxumlar Quranın ifadəsi ilə yeddi, yeddi yüz dən verən... sünbüllərə çevrilib. Rəbbim, dinə xidmət yolunda hamımıza belə külli bərəkət lütf etsin!
- tarixində yaradılmışdır.