Kirlənən şüuraltı müktəsəbatla mübarizə
Sual
Zehin və qəlbimizdə əvvəlcədən özünə yer etmiş mənfi şüuraltı müktəsəbatın zərərli təsirindən necə qurtula bilərik?Zehnimizi, ruhumuzu, hiss dünyamızı, məntiq və mühakiməmizi kirlədən və ya bir mənada məntiq-mühakimə mexanizmimizə mane olan, dolayısilə, narahatedici nəticələr doğuran müktəsəbat mənfi müktəsəbatdır. Bu cür müktəsəbat insanın mənəvi duyğularını korşaldır, lətaifini kirlədir. Bu səbəblə insan iradəsini ortaya qoyaraq əlindən gəldiyi qədər onlardan sıyrılıb qurtulmağa çalışmalıdır. Bu cür çirkin və zərərli müktəsəbat qeyri-ixtiyari olaraq da ortaya çıxa bilər. Lakin yaddan çıxarmamalıyıq ki, həmin mənfi şüuraltı müktəsəbat artıq bizim üçün bir imtahandır. Dolayısilə, bunlar günahı xatırladan, ona vadar edən, xəta və günah duyğusunu hərəkətə gətirən bir səbəb sayılmalı və ona uyğun tədbir görülməlidir. Məsələn, göz bir yerdə xoşagəlməz mənzərəylə rastlaşır və yaddaş mərkəzlərindən biri o “fotoşəkili” qeyd etmişdir. Şüuraltına atılan o fotoşəkil bir gün “şüur üstünə” çıxa bilər. Bu durum da insanı fasid xəyallara, çirkin xatirələrə, sürüşkən zəminlərə çəkib apara bilər. O halda insan - bir az əvvəl deyildiyi kimi - əlindən gəldiyi qədər iradəsini ortaya qoyub bu cür mənfi müktəsəbata hakim olmağa, onu cilovlamağa çalışmalıdır. Belə ki, Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə çirkin xatirələr içdə oyanıb canlananda dərhal həmin ab-havadan uzaqlaşmağı tövsiyə buyurur.
Təhlükəli viruslar və qoruyucu həkimlik
Məsələn, haram bir mənzərəylə qarşılaşma zamanı zehində meydana gələn bir fotoşəkil və ya qulaqlara toxunub içəri girən və yaddaşda iz qoyan çirkin bir söz insanı hər an pisliyə vadar edə bilər. Ona görə də insan buna imkan vermədən dərhal ondan uzaqlaşmağa çalışmalıdır. Çünki onlar tədricən öz mövcudluğunu hiss etdirər və belə demək mümkünsə, insana bəzi şeyləri zorla etdirər. Onlar virus kimidir. Necə ki bədən fiziki cəhətdən zəifləyən kimi mikroblar dərhal öz hökmünü icra etməyə başlayır, eləcə də insan mənən zəifləyəndə, mənəviyyatdan uzaq düşəndə şüuraltı zəmində çoxalmağa imkanı tapan viruslar dərhal hərəkətə gəlir, hücuma başlayır və insanı əsir almağa çalışır. Buna görə də bəzi mənəviyyat böyükləri həyatlarını elə planlamışlar ki, hər hansı bir pis əmələ niyyət olsa belə, onu etmək mümkün olmasın. Başqa sözlə, bu böyük insanlar əvvəlcədən tədbir görərək elə bir yerdə durmuşlar ki, ani bir qəflətdən pislik etmək niyyəti hasil olsa belə, bunu edə bilməsinlər. Məsələn, günah mühitindən uzaq olmaq üçün xəlvət və üzlətdə yaşamağa üstünlük vermişlər. Onlar pisliyin zərərindən qorunmaq üçün inzivaya çəkilməyi sədd və sərhəd bilir, beləcə günahlardan uzaq olmağa çalışırdılar. Ancaq dini yaşamaqla birlikdə anlatmaq vəzifəsiylə də mükəlləf olan insanlar və xüsusilə, davayi-nübüvvət varisləri (peyğəmbərlik missiyasının varisləri) üçün əsas yol və əsl mükəmməllik xalq içində Haqqla birlikdə olmaqdır. Təsəvvüfdə buna “cəlvət” deyilir. Bəli, xalqın içində Haqqla birlikdə olmaq peyğəmbəranə bir hərəkətdir. Möminin təməl vəzifəsi harada olsa, oranı özünə bənzətməsidir. Mömin könlünün necə olmasını arzulayırsa, yaşadığı mühiti də o şəkildə təmizləməli, bütün pislik ünsürlərini aradan qaldırmağa çalışmalıdır.
Hiyləgər düşməndən qorunmaq üçün tutulan dəliklər
Bir mənqibə Hicrət yolunda, Sevr mağarasında Hz. Əbu Bəkrin başına gələn hadisədən xəbər verir. Bu mənqibəyə görə Allah Rəsulu (əleyhissalatu vəssalam) və Hz. Əbu Bəkir (radiyallahu anh) Sevr mağarasına çatanda ilk öncə Hz. Əbu Bəkir zərərli heyvan olub-olmadığını yoxlamaq və içərini təmizləmək üçün mağaraya girir. Əqrəb, ilan kimi heyvanların zərərindən qorunmaq üçün cübbəsini parça-parça edib mağaranın dəliklərinin tıxayır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) mağaraya girir və bir qədər istirahət edir. Ancaq Hz. Əbu Bəkirin cübbəsi bircə dəliyi tıxamağa çatmır. Bu son dəliyi də topuğu ilə tutur. Elə bu əsnada da bir ilan gəlib Hz. Əbu Bəkirin topuğundan sancır
Bu hadisə mənbəsi etibarilə səhih qaynaqlarda olmasa da, məzmunu ilə bəzi həqiqətlərə toxunur. Bunlardan biri Hz. Əbu Bəkirin sədaqətidir. Çünki həqiqətən bir ilanın hücum etmə təhlükəsi olsaydı, Hz. Əbu Bəkir (radiyallahu anh) hər cür təhlükə və məşəqqəti gözə alıb İki Cahan Sərvərinə zərər gəlməsin deyə ayağını ilanın ağzına basardı. Burada Hz. Siddiqin sədaqəti vurğulanır.
Mənqibədən çıxan digər məna: Mömin hansı mühitdədirsə, orada Allahla irtibatına, dini-mənəvi həyatına zərərli olan hər cür təhlükədən qorunmaq üçün bütün mənfəzləri (dəlikləri) tutmalıdır. Buna təhlükə ehtimalı olan mənfəzlər də daxildir. Mömin yeri gəlsə, öz vücudu ilə də həmin dəliyi tıxamalı və Allaha belə yalvarmalıdır: "Allahım! Mən bu yerdə dünya həyatım etibarilə hər şeyimi itirə bilərəm, amma nə olar, ya Rəbb, məni Səninlə irtibatıma, qulluq şüuruma zərərli olan hər cür təhlükədən qoru, hifz et; hifz et ki ruhumun abidəsi daim dimdik dayansın, əyiləcəksə, yalnız və yalnız Sənin qarşında əyilsin".
Bir az əvvəl deyildiyi kimi, bu hadisənin səhihliyi dəqiq olmaya bilər, lakin o, bizə əsl sədaqət nümunəsi göstərməklə yanaşı, təmkin və tədbir məsələsində də mühüm bir dərs verir. O dərs də budur: "Mömin yerini və mühitini öz rənginə boyayar və o mühitdə öz duyğu və düşüncəsini yaşamaq üçün əlverişli ab-hava meydana gətirər".
Pis dost və əfi ilan
İndi isə əsas mövzumuza qayıdaq, çirkin xəyal və xatirələrdən qurtulmaq üçün bəzi görüləsi tədbirləri maddələr şəklində sıralayaq:
1. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) öfkə, qəzəb kimi müfsit, hələka sürükləyən hiss və düşüncə insanı çulğalayanda onu aradan qaldırmaq üçün belə bir çarə tövsiyə edir:
إنَّ الْغَضَبَ مِنَ الشَّيْطَانِ، وَإنَّ الشَّيْطَانَ خُلِقَ مِنَ النَّارِ، وَإنَّمَا تُطْفَأُ النَّارُ بِالْمَاءِ. فَإذَا غَضِبَ أحَدُكُمْ فَلْيَتَوَضَّأ
"Qəzəb şeytandandır, şeytan da oddan yaradılmışdır, od isə su ilə söndürülür; elə isə qəzəbləndiyiniz an dərhal durub dəstəmaz alın" (Əbu Davud, Ədəb 4). Burada Peyğəmbərimiz hal və hərəkəti dəyişməkdən bəhs edir. Məsələni insan psixologiyası aspektindən təhlil etsək, hədisdə qəzəbi cilovlamaq üçün təsirli bir yol və çarənin tövsiyə edildiyini görərik. Bu hədisə istinadən, insan günah ortamından sıyrılmaq üçün mütləq hal, hərəkət, zəmin və mühitdə dəyişiklik etməlidir. Bununla o, ilk öncə ağlındakı fasid xatirə və xəyalların təzyiqindən sıyrılacaq, daha sonra da fərqli mühit və əhval-ruhiyyədə, fərqli duyğu və düşüncələrlə o mənfi amillərin izini və təsirini zehnindən və qəlbindən silib atmağa müvəffəq olacaq.
2. Mömin həmişə saleh insanlarla dostluq etməli, onlarla birlikdə olmalı, onlarla oturub-durmalıdır. Dini elmləri öyrənməyə hazırlaşan tələbəyə Ərəb dilinə başlamadan əvvəl: "Pis dost əfi ilandan daha pisdir. Onun təsirinə düşsən, səni götürüb Cəhənnəmə aparar. Yaxşı dost isə səni Cənnətə aparar…" məzmununda farsca bir beyt əzbərlədərdilər.
Bəli, yaxşı dost tapmaq çox vacibdir. Çünki insan həmişə öz gücü ilə ayaq üstə dayana bilməz. İnsanı çadıra oxşatsaq, o, varlıq çadırının həm orta dirəyi, həm də yan payaları ola bilməz. İnsan orta dirək kimi öz varlıq çadırını çiyninə alanda bir-iki dostu da çadırın yan payaları olmalıdır. Çünki ancaq bu şəkildə ayaq üstə dayana bilər. Qübbənin daşları əl-ələ verdiyinə görə tökülmür. Bu baxımdan Peyğəmbərimiz (əleyhissalatu vəssalam),
اَلرَّاكِبُ شَيْطَانٌ وَالرَّاكِبَانِ شَيْطَانَانِ وَالثَّلاَثَةُ رَكْبٌ
"Bir yolçu şeytandır, iki yolçu da iki şeytandır, (Çünki pis əməldə birləşmələri mümkündür.) Üç yolçu isə camaatdır," - buyurur (Əbu Davud, Cihad 86; Tirmizi, Cihad 4). Peyğəmbərimiz (əleyhi əkməlüttəhaya) bizə belə bir mühiti tövsiyə etdiyinə görə, mömin də öz ortamını o vəziyyətə gətirməlidir. Elə isə bizim vəzifəmiz həmişə saleh və sadiq dostlarla birlikdə olmaqdır. Beləcə biz bir xətaya meyl edəndə dərhal xəbərdarlıq edəcək, səhvimizi görəndə düzəltməyə çalışacaq. Nə bilmək olar, bəlkə də, o sevdiyimiz dostlardan utanıb pis hislərimizi cilovlayacaq, mənfi duyğu və düşüncələrdən uzaq duracağıq.
İcazənizlə burada haşiyəyə çıxıb iç dünyamla bağlı bir xüsusu çatdırmaq istəyirəm. Saleh dostlarım bəzi səhvlərimi görüb mənə xəbərdarlıq edəndə, bəlkə, bir az utanmış, bir az xəcalət çəkmişəm. Nəfsimə ağır gəlmiş ola da bilər. Ancaq bunun nəticəsinə baxanda Rəbbimə həmişə həmd etmişəm, qəlbim həmin dostlara qarşı təşəkkür hissi ilə dolub. Ustad Həzrətləri də "Biri mənim boynumda və ya qoynumda əqrəb olduğunu desə və ya göstərsə, ondan incinmək deyil, razı olmaq lazımdır" demirmi? Saleh bir mömin mömin qardaşına "Gözlərinə, qulaqlarına çox diqqət etmirsən!" deyə xəbərdarlıq etsə, o mömin, bəlkə də, yoxuş aşağı enən maşının əyləcinin basılması kimi xeyli silkələnər, sağa-sola yırğalanar, Amma əbədi həyat baxımından əslində bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu tənbehlə o, özünə gələr və fasid dairəyə düşməkdən xilas olar. Saleh dostlarla birlikdə olmağın mükafatı məhz budur.
3. Mömin ömür boyu inandığı dəyərlərə xas duyğu və düşüncələrlə oturub-durmalı, onlarla dolub-daşmalı, həmişə oxuyub düşünməli, həyatında heç bir boşluğa imkan vermədən təməl qaynaqlardan “qidalanmağı” bacarmalıdır. Həmçinin bu istiqamətdə ciddi təvəccöh və dua ilə daima: "Allahım! Nə olar, bizi günah və üsyandan hifz et! Bizə doğruya yönəlt Bizi qoru! Əlimizdən tut, çünki biz Sənsiz bir heçik!" deyə (acizliyini) etiraf edərək Haqq Təaladan siyanət, inayət, kilayət, vəkalət və riayət istəməlidir. Necə ki Həzrəti Ruhu-Seyyidil-Ənam (əleyhi əkməlüttəhaya):
يَا حَيُّ يَا قَيُّومُ بِرَحْمَتِكَ أَسْتَغِيثُ أَصْلِحْ لِي شَأْنِي كُلَّهُ وَلاَ تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ
"Ey Hayyu-Qayyum! Rəhmətinə sığınıb köməyi Səndən istəyirəm. Hər yönümü islah et və məni bir göz qırpımı qədər də olsa, nəfsimlə baş-başa buraxma!" (Hakim, əl-Müstədrək, 1/545) deyə dua edərək bizə bu mövzuda gedilməli üfüqü göstərir.
Son olaraq qeyd edim ki, Allaha belə ürəkdən və səmimi təvəccöh edənlər indiyə qədər yarı yolda qalmadığı kimi, saleh və yaxşı dost qazananlar da Allahın inayəti ilə heç vaxt hədər olmamışlar.
Lətaif: Mənəvi, ruha xas duyğu orqanları
Fasid: Fəsad törədən
- tarixində yaradılmışdır.