Kamil niyyətin xüsusiyyətləri-2

Niyyət insanın əbədi səadəti üçün çox əhəmiyyətlidir. Nicata çatdıran əsl niyyət isə əməl işləməyə sövq edən niyyətdir. Başqa sözlə, kamil niyyət əməli tamamlayan (kamala yetirən) bir amil olaraq qısa dünya həyatında sonsuzluğun qapılarını açan sirli açardır. Məsələn, Allah-Təalanın əmr buyurduğu namaz, oruc kimi mükəlləfiyyətlərini Rəbbinin izni və inayəti ilə yerinə yetirməyə çalışan və bu istiqamətdə əlindən gələni edən bir insanın bütün bu ibadətlərini ona, iyirmiyə, hətta yüzə vursanız, Cənnət nemətlərinin onda biri də etməz. Çünki Cənnət elə nemətlər diyarıdır ki, onları nə göz görüb, nə qulaq eşidib, nə də ağıl təsəvvür edə bilib.

Həzrəti Pir də min illik dünya həyatının Cənnətin bir saatına bərabər olmadığını demişdir. Qurani-Kərim və Sünnədə cənnət nemətlərindən “insan oğlu bir az düşünsün və bu haqda müəyyən təsəvvürü yaransın” deyə bəhs edilmişdir. Yoxsa oranın nemətləri təsəvvür və təxəyyülün fövqündədir. Edilən ibadətlərlə cənnəti əldə etmək, ona layiq olmaq mümkün deyil. Amma deyək ki, siz dünyada nə qədər ömrünüz var, Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinməyə çalışır, namaz qılır, oruc tutur, yalan danışmır, istiqamətdən ayrılmır, zəkat verir, həccə gedir və İslamın dirçəlişi yolunda əlinizdən gələni əsirgəmirsiniz. Bütün bunlar cənnətlə müqayisədə çox kiçik əməllərdir. Ancaq sizin niyyət və hərəkətləriniz bir mənada: "Ya Rəbb! Sultana sultanlıq, gədaya da gədalıq yaraşır. Bu aciz qulunun əlindən ancaq bu gəlir!" deyir. Sizin bu əngin niyyətinizə müqabil Allah da (cəllə cəlaluhu): "Mənim bu qulum altmış il yaşadı və ömrünü Mənə itaətlə keçirdi. Əgər o, min il, milyon il yaşasaydı, yolunu, yönünü dəyişməzdi. Mən də onu bu qədər ibadət etmiş kimi qəbul edirəm." Yəni Cənabi Allah insanın niyyətini əməl yerinə qoyacaq və niyyətini əməlindən daha xeyirli sayacaqdır.

İlk günlərin xalis niyyətini qorumaq

Niyyətin əməldən daha xeyirli olmasının bir səbəbi də insanın yolun başında təmiz və səmimi niyyət daşımasıdır. Lakin həmin niyyət əmələ çevriləndə bəzən ona riya, ucb və qürur qarışır. Niyyət isə bu məsələdə əməl qədər təhlükələrlə üzləşmir. Çünki niyyət qəlbin məqsədidir. Heç kim ondan agah ola bilməz. Məsələn, biri "Qoy Cənabi Haqq min dəfə canımı alsın, razıyam, təki bu diyarlarda Allahın və Onun Rəsulunun uca adı dalğalansın" deyə bilər. Ancaq ən yaxın dostların belə onun qəlbindən keçən bu hiss və həyəcandan tam xəbərdar olması mümkün deyildir. Bəli, dünyanı Onsuz zülmət içində görmək, hər yerin Onunla işıqlanacağına inanmaq, xəncər saplanmış qəlb kimi buiztirabla qıvrılmaq, "Sənə qarşı vəfalı ola bilmədim, ya Rəsulullah!" deyib inləmək və daima bu dərdlə sızlamaq... Qəlbdə ixlas örtüsü ilə örtülmüş bu niyyət və mülahizələr riya, süma, ucb və qürurla qarışmadığına görə, Allah qatında çox dəyərlidir. Odur ki Allah bu duyğu-düşüncələrin hər birini işlənmiş əməl kimi qəbul edəcək, əməllə dolmayan boş xanaları onlarla dolduracaq və onların müqabilində də əbədi səadət bəxş edəcək.

İnsan tövbə və inabə ilə xəta və günahlarını təmizləyə bilər. Günahlar silinsə də, yenə də əməl dəftərində bəzi boşluqlar qalır. Bu boşluqları dolduran sirli sərmayə isə insanın təmiz niyyəti, Allaha yönəlişi və həyata keçməyə hazır əzm və cəhdidir. Bəli, ümid edirik ki, Allah (cəllə cəlaluhu) bütün bunları əməl kimi qəbul edəcək, onlarla əməl dəftərinin boş xanalarını dolduracaq, beləcə qulunu axirətdə utandırıb xəcil etməyəcəkdir. Məhz buna görə böyüklər niyyətə çox əhəmiyyət veriblər.

Ən bəlağətli səsləniş

Əgər niyyət niyyət edilən məsələni həyata keçirmək üçün Cənabi Allaha bir səslənişdisə, demək, insan heç vaxt ona biganə qalmamalıdır. Bəli, insan işlərin çoxluğundan ümidsizliyə düşərək və ya miskin-miskin bir kənara çəkilməməli, əksinə niyyətlənib işin bir ucundan yapışmalı və əlindən gələni əsirgəməməlidir. Bu, Allah-taalaya sonsuz qüdrət və iradəsilə təcəlli edib arzulanan işləri həyata keçirməsi üçün mühüm bir səslənişdir. Odur ki, insanın bu işə biganə, laqeyd yanaşması doğru deyil. Bəli, insanın ən azı, niyyəti böyük, qayəsi yüksək olmalıdır. Bununla yanaşı, bütün məqsədlərini birdən həyata keçirə bilməyəndə də ümidsizliyə düşməməli, ilahi iradəyə qarşı ədəbli olmalı və lazımi işləri gördükdən sonra qalanların da vaxtının çatmasını gözləməlidir.

İmkanlardan uca niyyətlər

Planladığı işləri bəzi haqlı səbəblərdən görə bilməyən insanlara gəlincə, Allah onları niyyətlərinin böyüklüyü səviyyəsində qarşılayacaq. Məsələn, Qurani-Kərim imkansızlıq üzündən Təbuk səfərinə kömək göstərə bilməyən səhabələri təqdirlə yad edərək buyurur:

تولوا وأعينهم تفيض من الدمع حزنا ألا يجدوا ما ينفقون

"İnfaq etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri döndülər" (“Tövbə” surəsi, 9/92). Bir mənada, kömək edənlər köməklərinə görə, bu insanlar da saf niyyət, geniş ürək və əngin hissiyatları səviyyəsində təqdir edilmişdir. Rəsuli-Əkrəm Peyğəmbərimiz də (sallallahu əleyhi və səlləm) ya üzrlü bir səbəbə görə, ya miniyi olmadığına, ya da baxıma möhtac yaxınlarına görə döyüşə gedə bilməyənlər haqqında "Mədinədə qalan elə insanlar var ki, siz hansı yoldan getsəniz, hansı vadidən keçsəniz, (niyyətlərinə görə) sizinlə birlikdə olarlar" (Müslim, İmarə, 159) buyuraraq səfərdən qalanların da savab və mükafatda səfərə çıxanlarla müştərək olduğunu xəbər vermişdir. Yəni: onların da sizin kimi imkanı olsaydı, sizinlə çiyin-çiyinə irəli atılar və əməllə qazandığınız mükafatları əldə edərdilər. Hətta Səadət əsrinə nəzər yetirəndə belə bir mənzərəyə şahid oluruq: Həzrəti Ruhu-Seyyidil-Ənam (əleyhi əlfü əlfi salatin və salam) müəyyən səbəblərdən Bədir döyüşündə iştirak etməyib Mədinədə qalan Həzrəti Osmana qənimətdən pay ayırmış, onu da Əshabi-Bədr saymışdır.

Göründüyü kimi, bəzi haqlı səbəblər və keçilməz maneələr üzündən qayələrini həyata keçirə bilməyənlər Quran və Sünnəyə görə üzrlü və niyyətində olanları yerinə yetirmiş sayılır. Bu gün də dünyanın müxtəlif yerlərində müxtəlif sahələrdə vəzifə başında olan elə insanlar var ki, təpədən dırnağa həyəcan içindədirlər... Onlar hər gün həyəcanla oturub həyəcanla durur, öhdəsinə düşən vəzifəni yerinə yetirməyə hər an hazır olurlar. Məhz bu insanların hər gününə Allahın izni ilə mücahidə savabı yazılır. Onlar bu niyyət, əzm, səy və qətiyyətin əvəzində o biri tərəfdə elə mükafatlarla qarşılaşacaqlar ki, əksəriyyət onlara qibtə ilə baxacaq. Odur ki niyyət və himmətimiz daim ali, yüksək olmalı və qətiyyən unutmamalıyıq ki, kimin himməti millətsə, o, bir millət, kimin himməti bütün bəşəriyyətsə, o, əzəmətli bir bəşəriyyət sayılır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.