İstiğfar-2

Fəthullah Gülən: İstiğfar

Sual: Möminlər üçün arınma çeşməsi sayılan istiğfarın üsul və ədəbi haqqında nə tövsiyə edərsiniz?

Cavab: İnsan istiğfara başlayanda ilk öncə Cənabi-Allahın əzəmət və ululuğunu xatırlamalı, təzim, təkbir və təsbeh etməlidir. Bu məsələ haqqında Rəsuli-Əkrəmin (sallallahu aleyhi vəsəlləm) bir çox kəlamı vardır. Həmin rəvayətlərdən ilham alaraq istiğfara aşağıdakı sözlərlə başlamaq olar:

اَللهُ أَكْبَرُ كَبِيرًا وَالْحَمْدُ لِلهِ كَثِيرًا فَسُبْحَانَ اللهِ بُكْرَةً وَأَصِيلًا لَا إِلٰـهَ إِلَّا اللهُ وَحْدَهُ نَصَرَ عَبْدَهُ وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ لَا شَرِيكَ لَهُ
“Böyük Allahdır. Bütün həmd-sənalar Onun haqqıdır və gecə-gündüz anılmağa layiq yalnız Odur. O təkdir, bəndəsinə kömək etmiş, təkbaşına bütün düşmən ordularını məğlub etmişdir. Onun tayı-bərabəri və şəriki yoxdur.”

Allahın əzəmət və böyüklüyünü iqrar etdikdən sonra Allah Rəsuluna (sallallahu aleyhi vəsəlləm) salət və salam gətirmək də istiğfarın qəbul edilməsində mühüm əhəmiyyət kəsb edir. Çünki salətu-salam Allahıın qeyd-şərtsiz qəbul etdiyi bir duadır. Bildiyiniz kimi, salətu-salam vasitəsilə insan Kainatın İftixarı Peyğəmbərimizlə irtibat qurmuş olur. Odur ki, Həzrəti Seyyidül-Əvvabini şəfaətçi edərək Cənabi-Allaha yönəlib əfv diləmək də qürbət (Allaha yaxınlıq) qapılarını açar.

Hacət namazında etdiyimiz kimi istiğfardan əvvəl Məhəmməd ümməti üçün əfv diləmək də yerinə düşər. Abdalların səhər-axşam virdlərində təkrar etdikləri

اَللّٰهُمَّ اغْفِرْ لِأُمَّةِ مُحَمَّدٍ اَللّٰهُمَّ ارْحَمْ أُمَّةَ مُحَمَّدٍ
“Allahım, Məhəmməd ümmətini bağışla! Allahım, Məhəmməd ümmətinə mərhəmət eylə!”

duasını da oxumaq olar. Beləliklə həm Məhəmməd ümmətinə dua etmiş, həm də istiğfarın qəbulu üçün ilk addımınızı atmış olursunuz. Hətta özünüzü ümmətin ən mücrim, ən günahkar bəndəsi bilib

اَللّٰهُمَّ اغْفِرْ لِي وَاغْفِرْ لِأُمَّةِ مُحَمَّدٍ اَللّٰهُمَّ ارْحَمْنِي وَارْحَمْ أُمَّةَ مُحَمَّدٍ
“Allahım, məni və Məhəmməd ümmətini bağışla! Allahım, mənə və Məhəmməd ümmətinə mərhəmət eylə!”

deyərək özünüzə də yer ayıra bilərsiniz.

Ən gözəl söz - əfv diləyi

Belə bir dibaçənin ardınca günahların əfvi üçün Qurani-Kərimdən dua ayələri ilə də Cənabi-Allaha təvəccöh emək olar:

لَا إِلٰهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ
“Sən paksan, müqəddəssən, bütün nöqsanlardan uzaqsan, münəzzəhsən! Mən isə, həqiqətən, zalımlardan olmuşam”. Əfvini umuram. (“Ənbiya” surəsi, 21/87)

أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ
“Mənə ciddi zərər dəydi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!” (“Ənbiya” surəsi, 21/83)

رَبِّ اغْفِرْ وَارْحَمْ وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ
“Ey Rəbbim bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” (“Muminun” surəsi, 23/118)

رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي
“Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (“Qasas” surəsi, 28/16)

رَبَّنَا اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسَابُ
“Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!” (“İbrahim” surəsi, 14/41)

رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
“Ya Rəbbimiz, günahlarımıza və bilmədən həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!” (“Ali-İmran” surəsi, 3/147)

Qurani-Kərimdə keçən dularla yanaşı, sünnədə də istiğfar məqamında oxunan çox gözəl dualar var. Məsələn, Həzrəti Əbu Bəkir (radiyallahu anh) Allah Rəsulundan xahiş edir ki, namazda oxumaq üçün ona bir dua öyrətsin. Kainatın Fəxri Peyğəmbərimiz də aşağıdakı duanı tövsiyə edir:

اَللّٰهُمَّ إِنّـِي ظَلَمْتُ نَفْسِي ظُلْمًا كَثِيرًا وَلَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ فَاغْفِرْ لِي مَغْفِرَةً مِنْ عِنْدِكَ وَارْحَمْنِي إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ
“Allahım, mən özümə çox zülm verdim. Günahları bağışlayan isə yalnız Sənsən. Dərgahından göndərdiyin məxsusi bir əfvinlə məni bağışla və mənə mərhəmət et! Zira yeganə Ğafur (günahları əfv edən) və yeganə Rahim (mərhəmət edən) Sənsən” (Buxari, “Daavat” 17; Müslim, “Zikr” 48).

Namazda səcdədə və əttəhiyyatdan sonra oxunan bu duanın istiğfar zamanı dilə gətirilməsi də yerinə düşər.

Rəsuli-Əkrəmə aid “Seyyidul-istiğfar” adlı aşağıdakı dua da istiğfarda vacib dualardandır, onu səhər-axşam oxumaq olar:

اَللّهُمَّ أَنْتَ رَبِّي لَا إِلٰهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ
“Allahım, Sən mənim Rəbbimsən. Səndən qeyri ibadətə layiq ilah yoxdur. Məni yaradan Sənsən. Mən Sənin qulunam. Əzəldən Sənə vetdiyim sözə gücüm çatdığı qədər sadiqəm. Yol verdiyim qüsurların zərərindən Sənə sığınıram. Lütf etdiyin nemətlərinə görə Səni minnətdarlıqla anır, günahlarımı etiraf edirəm. Məni bağışla. Şübhəsiz ki, Səndən qeyri heç kim məni bağışlamağa qadir deyil”.

Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bu dua haqda buyurur: “Kim bu duanın savab və fəzilətinə səmimi qəlbdən inanaraq onu gündüz vaxtı oxuyub axşam düşmədən vəfat edərsə, Cənnətə girər. Kim savab və fəzilətinə səmimi qəlbdən inanaraq gecə oxuyub səhər açılmadan vəfat edərsə, o da Cənnətə girər.”

Arındığını hiss edənədək yalvar!

Başımızı yerə qoyub yorulanadək, mənən rahatlayanadək və arındığımızı hiss edənədək

يَا حَيُّ يَا قَيُّومُ بِرَحْمَتِكَ أَسْتَغِيثُ أَصْلِحْ لِي شَأْنِي كُلَّهُ وَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ
“Ya Hayyu, ya Qayyum (həqiqi həyatın sahibi və bu gün kainatı var edən), mərhəmətinin hörmətinə mənə kömək et, məni islah et və məni bir göz qırpımı da olsa nəfsimlə baş-başa qoyma!”

duasını oxuya bilərik. Bəziləri bu duaya span class="arabic"> “وَلَا أَقَلَّ مِنْ ذٰلِكَ” əlavəsini də etmişlər. Bu da “Bir göz qırpımından da az vaxtda məni nəfsimlə tək qoyma!” deməkdir.

Peyğəmbərimizin yuxudan duranda oxuduğu duanı da istiğfar məqamında dilləndirmək mümkündür:

سُبْحَانَكَ اللّٰهُمَّ أَسْتَغْفِرُكَ لِذَنْبِي وَأَسْأَلُكَ رَحْمَتَكَ، اَللّٰهُمَّ زِدْنِي عِلْمًا وَلَا تُزِغْ قَلْبِي بَعْدَ إِذْ هَدَيْتَنِي وَهَبْ لِي مِنْ لَدُنْكَ رَحْمَةً إِنَّكَ أَنْتَ الْوَهَّابُ
“Subhansan (bütün nöqsanlardan uzaqsan), ya Rəbbim. Sənin nə uca şanın var. Allahım, Səndən bütün günahlarıma əfv və mərhəmət diləyirəm. Allahım elmimi artır, ehsan etdiyin hidayətdən sonra qəlbimi haqdan uzaqlaşdırma, uca dərgahından mənə məccanən rəhmət göndər. Lütfü, kərəmi ilə təmənnasız, bolluca ehsan edən yalnız Sənsən” (Buxari, “Daavat” 7-8; Müslim, “Zikr” 59)

Digər tərəfdən hər insan qüsur və günahlarını düşünərək gündə minlərlə “əstağfirullah”/“subhənallah” çəkməlidir. Məsələn, rəvayətlərə görə Əbu Hüreyrə həzrətləri gündə 12000 dəfə “subhənallah” deyərmiş. “Bu qədər subhənallah çəkmək çox deyil?” deyə təəccüblə baxanlara da: “Günahlarım qədər çəkirəm” cavabını verərmiş (İbn Əbi Şeybə, “əl-Musənnəf”, 5/345). Zənn eləmirəm ki, Yəmənin Devs qəbiləsindən gəlib Suffə səhabələrinə qatılan, uzun müddət İnsanlığın İftixarı Peyğəmbərimizin yanında qalan, Ondan ən çox hədis rəvayət edən və Rəsuli-Əkrəmin vəfatından sonra insanların mənbə kimi müraciət etdikləri bu böyük səhabənin günahı olsun. Buna baxmayaraq o, bunu vacib bilirdi. Nəzərə alanda ki, bu gün həyatımız günah oxları ilə dəlik-deşik olub, demək, gündə 30 000 dəfə istiğfar etsək, yenə azdır.

Həmçinin “əl-Qulubud-Daria” dua məcmusunda əksini tapan böyük şəxsiyyətlərin istiğfarını da oxumaq olar. Məsələn, Həsən Bəsri həzrətləri mənən olduqca dərin və özünü ciddi hesaba çəkən bir insandır. İmkan daxilində onun günlərə bölüb oxuduğu istiğfarı siz də müəyyən günlərə səpələyərək oxuya bilərsiniz. O, istiğfara salətu-salamla başlayır, ardınca da günah saydığı əməlləri bir-bir sayır, axırda da yenə salətu-salamla duasını yekunlaşdırır. Əslinə qalsa, həm o dövr, həm də onun xarakteri dualarda sadaladığı o cür günahlardan çox uzaqdır. Bəli, gecə gündüz Haqqa ibadət edən və ömrünü haqq yolunda mübarizəyə həsr edən bir insanın bu cür günahlara girməsi mümkünsüzdür. Ancaq buna baxmayaraq o, bəlkə də, ağlından, xəyalından keçən şeylərə görə yana-yana tövbə və istiğfar edir. Bizim nə dini Həsən Bəsri səviyyəsində yayşayırıq, nə də Ondan az nöqsanımız var. Odur ki, onun hər gecə oxuduğu bu duaları biz hər gecə iki dəfə oxusaq, yenə azdır.

İstiğfarın başlanğıcında etdiyimiz kimi, qəlbdən süzülüb dildə çeşməyə dönən təzərrö və niyazdan sonra da Peyğəmbərimizə (sallallahu aleyhi vəsəlləm) salətu-salam gətirməliyik. Zira iki məqbul dua arasında oxunan dua qəbul olduğu üçün duadan sonra təkrar Rəsuli-Əkrəmə (sallallahu aleyhi vəsəlləm) salətu-salam oxumalıyıq ki, istiğfarımız iki məqbul duanın qanadları ilə pərvazlanıb məqbuliyyət səmalarına yüksəlsin.

Yekun olaraq bir məqamı xatıladım ki, istiğfar zamanı dilə gətirdiyimiz hər bir kəlmənin şüurunda olmalıyıq. Zira qafilanə, şüursuzca ağızdan çıxan sözlər həm Cənabi-Allaha hörmətsizlikdir, həm də belə sözlərin yalan olma ehtimalı var. Odur ki ağızdan çıxan hər kəlmə qəlbin dərin guşələrindən qopub gəlməli və keçdiyi hər yerdə bir iz qoymalıdır. İnsan bu şüurda Cənabi-Allaha ürəyini boşaldıb əfv dilərkən günahların xəcalətindən qıvranmalı, peşmançılıqdan ürpənməli, hətta az qala ürəyi dayanmalıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.