İrşad yolu və iffət qalalaları
Sual: Peyğəmbər yolunun yolçularının iffət anlayışı necə olmalıdır?
Cavab: Bütün peyğəmbərlər həyatlarını ilahi bəyanların təbliğinə həsr etmiş, bu yolda zərrə qədər təmənna ummamış, ömrü təvazö və məhviyyətlə keçirmiş, israfdan uzaq olmuş, qənaətkarlığı əldən verməmiş, sadə və zahidanə yaşamışlar. Doğrudur, Həzrəti Davud (əleyhissalam) və Həzrəti Süleyman (əleyhissalam) kimi peyğəmbərlərə dünya səltənəti də verilmişdir. Ancaq onlar heç vaxt sadə həyatdan uzaqlaşmamış, bütün güc və imkanlarını haqq dini bayraqlaşdırmaq uğrunda səfərbər etmişlər. Cənabi-Allahın lütf etdiyi hakimiyyət onları yollarından döndərə bilməmişdi. Bəli, onlar heç vaxt iffət və ismətlərinə ləkə gətirməmiş, etibarlarına xələl yetirməmiş, ömür boyunca peyğəmbərlik sifətlərinə sadiq qalmışlar. Bu baxımdan peyğəmbər yolunu seçən insanların bu yola layiq olmaqlarının bir şərti də peyğəmbərlərin sifətləri ilə bəzənməkdir. Bu yolda addımlamayanlar isə nəinki irşad və təbliğ vəzifəsini yerinə yetirməzlər, hətta müsəlman olsalar belə şeytanın yoluna sapa bilərlər.
Təkcə sənin adın ləkələnməz...
İrşad yolunun yolçularının, xüsusilə, ali bir heyətdə olanlarının işlədikləri günahlar, hətta iffət və sədaqətlərinə xələl gətirən kiçik xətalar belə, onların mənsub olduğu bütün heyəti başıaşağı edə bilər. Çünki sözügedən heyət bir vücud kimidir. Onun bir üzvünün ləklənməsi bütün vücudu narahat edər. Bu səbəbdən kiçik günahlarla “ətəyinə palçıq bulaşdıran” bir insan: “Üzümə-gözümə bulaşmadığına görə eybi yoxdur”, − deməməlidir. Eyni şəkildə bir cameəyə mənsub olub gözünə, qulağına, əlinə, ayağına, dilinə diqqət etməyən, məşru (halal) zövq və ləzzətlərlə kifayətlənməyib qeyri-məşru (haram) dairənin içinə girməsə də, ətrafında gəzib-dolaşan bir insanın “Mən özümü topuq, ayaq, diz sayırdım. Elə bilirdim, mənə bulaşan palçıqdan heç kimə zərər gəlməz” deməyi doğru deyil.
Bu baxımdan, haqqa xidmət edənlər üst-başlarına “palçıq” bulaşdırmamaq üçün fövqəladə həssas həyat yaşamalı, mənən təmiz qalmağa diqqət etməli, əl, ayaq, dil və göz kimi üzvlərinin iffət halqasından kənara çıxmasına imkan verməməlidirlər. Haqq və həqiqətə təcüman olmağa çalışan həqiqi mürşid məfkurəsinə o qədər sadiq olmalı, o qədət qətiyyətli, o qədər mərd hərəkət etməlidir ki, əllərini açıb rahatlıqla: “Allahım! Əgər Sənin məmnun olmadığın bir şeyə gözümü diksəm, qulağımı şəkləsəm, canımı al!” deməyi bacarsın və İslamın çöhrəsini əsla çirklətməsin, üstünə bir şey bulaşdırmasın. Çünki irşad yolunun həqiqi yolçuları − peyğəmbərlər ismət və iffət məsələsində o qədər həssas hərəkət etmişlər ki, nə ətəklərinə bir damcı palçıq bulaşmış, nə də namuslarına zərəccə toz qonmuşdur.
“Allahım, mənim üzümdən qardaşlarımı, qardaşlarıma görə də məni utandırma!”
Bu məsələyə lazımınca fikir verməyən bir insan ümumun hüququnu tapdalamış və şeytan kimi onlara zərər yetirmiş sayılır. Nəticə etibarilə cameənin bütün fərdləri haqqını halal etmədən həmin şəxsin Cənnətə getməsi şübhəlidir. Məhz buna görə də daima dualarımızda “Allahım, mənim üzümdən qardaşlarımı xəcil etmə, qardaşlarıma görə də məni utandırma” deyə yalvarıb-yaxarmalıyıq.
Təəssüf ki, bu gün özlərini müsəlman sayan insanlar elə şər əməllər işlədilər ki, ağlınıza gələndə “əlif” qəddiniz “dal” kimi bükülür və “Kaş nəfslərinə uyub bu işi görməyəydilər! Kaş iffət və sadaqətlərini qorumaq uğrunda neçə dəfə ölüb diriləydilər, amma bu əməlləri işləməyəydilər!” deyə qıvrılırsınız.
Dilin iffəti
Digər tərəfdən bizim kimi, adi adamlara aid olmasa da, müəyyən məqamlarda olan şəxslər onları rəhbər bilən insanların xatirinə bir şey haqda danışmazdan əvvəl on dəfə götür-qoy eləməlidirlər. Belə insanların məqamı söz demədən əvvəl on dəfə düşünməyi, daha sonra məramını bir şeir misrası kimi xalqa söyləməyi tələb edir. Çünki qarşı tərəfin necə başa düşəcəyini, necə reaksiya verəcəyini nəzərə almadan deyilən sözlər bəzən mizraqtək ürəklərə saplanıb dərin və sağalmaz yaralar açır. Hətta düşünülmədən deyilən sözlər ixtilafa və iftiraqa da səbəb ola bilər. Zira bəzən insanların arasına ədavət salmağa, onları biri-biri ilə vuruşdurmağa, bir milləti batırmağa bircə söz, bircə cümlə bəs edir.
Cənnətin əsas ünsürləri olan itirdiyimiz dəyərimiz
İffət, ismət, sədaqət və vəfa təəssüf ki, itirdiyimiz dəyərlərdir. Bunlar itirdiyimiz cənnətin məhək daşlarıdır. Əgər siz bir cənnət qurmağı düşünürsünüzsə, o cənnəti bunlar üzərində bina etməlisiniz. Bu mədəniyyət binasının layihəsini ta qədimdə peyğəmbərlər tərəfindən çəkilmişdir. Sonralar müctəhid, mücəddid, övliya və əsfiyalar hər dövrün tələblərini, yenilənmə ehtiyacını nəzərə alaraq bu layihəni fərqli şəkillərdə bəşəriyyətə ərz etmiş və bir mənada: “Həyatınızı bu çərçivədə tənzim edin. Çünki bu layihəyə uyğun yaşamadan həqiqi bəndə ola bilməzsiniz” demişlər.
Mərhum Seyid Qütb “Biz hara, həqiqi müsəlmanlıq hara?!” demişdi. M.Akifin sözləri isə daha ağırdır:
Müsəlmanlıq nərədə, bizdən keçmiş insanlıq belə,
Aləmi aldatmaqsa məqsəd, aldanan yox, nafilə,
Qaç həqiqi müsəlman gördümsə, həp məqbərdədir,
Müsəlmanlıq, bilməm, amma, qaliba göylərdədir!
Bu sözləri deməklə heç kimi ümidsizliyə salmaq istəmirəm. İnsan yolun başından etibarən ümidsizlik qapılarını möhkəm bağlamalı və əsla ümidsiz olmamalıdır. Bununla yanaşı, özünü tez-tez sorğu-suala çəkməyi də unutmamalıdır. Çünki burada həyatınızı hesaba çəksəniz, diqqətli yaşasanız, o biri tərəfdə cavabsız sualların ağır yükü altında qalıb əzilməzsiniz. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) haqqında: “Məndən sonra peyğəmbər gəlsə idi, Ömər olardı” (Tirmizi, “Mənaqib”, 17) buyurduğu o böyük insan bütün həyatını “Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin” (Tirmizi, “Qiyamət”, 25) düsturuna sadiq qalaraq yaşamışdır.
Buna görə də insan həyatını riyazi dəqiqiliklə tənzim etməlidir. Çünki həm biri ona, onu yüzə, yüzü minə çevirmə imkanı var, həm də kiçik bir xəta üzündən hər şeyi hədər etmə ehitmalı... Başqa sözlə, insan nəfsini ciddi surətdə hesaba çəkərək yaşayarsa, biri min edə bilər. Əksinə, hesab-kitab bilmədən yaşayarsa, kiçicik xətalardan yolunu aza bilər. Bu səbəbdən, ruhumuza işıq saçan Həzrəti Piri-Muğan: "Diqqətli ol, (addımını) diqqətli at, batmaqdan qorx. Bir loğma, bir kəlmə, bir danə, bir ləma, bir işarə və bir öpməklə batma. Dünyalara sığmayan böyük lətifələrini onda batırma" (Ləmalar, səh. 169-170, 17-ci ləma) deyə xəbərdarlıq edir.
İnsanlığın İftixarı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də buyurur ki, harama baxmaq şeytanın zəhərli oxlarındandır (Bax: Tabərani, “əl-Mücəmül-kəbir”, X/173). Çünki göz baxır, ayaq ona (günaha) doğru addım atır, əl uzanır və beləcə utancverici əməllər işlənir. Əgər bu insan bir cameəyə mənsubdursa, işlədiyi günah bütün cameəyə ləkə gətirə bilər. Bu gün bəzi fürsətpərəstlərin böyük bir cameəni ittiham eləmək üçün bu cür xətaların işlənməsini səbirsizliklə gözlədiyini də nəzərə alsaq, bu məsələdə çox diqqətli olmaq lazımdır.
Əmanətə sədaqət
Elə isə Allah xatirinə, bu cür günahlar işləməmək və ümum heyətin başını aşağı eləməmək üçün yan-yana hasarlar çəkək, qalalar ucaldaq. Bununla da kifayətlənməyib ard-arda qapılar qoyaq. Şeytanın əvanələri gələndə: “Bihudə yorulma, qapılar sürməlidir” deyək. Beləcə, dayandığımız məqamda, Allahın izni ilə, əmin-amanlıq içində irşad və təbliğ vəzifəsini yerinə yetirək.
Allahın bizə lütf etdiyi dünyanı və bu dünyanın bəzi gözəlliklərini nəfsə uyaraq taru-mar etməyək. Həqiqətən, Cənabi-Allah bir-birini tanımayan insanlara hegemon güclərin belə bacarmadığı, Dövləti-Aliyeyi-Osmaniyyənin müyəssər olmadığı neçə-neçə nailiyyətlər lütf etmişdir. Bəxş edilən bu qədər nemətə oturub-durub ancaq “Əlhəmdülilləh” desək, yenə də əvəzini ödəyə bilmərik. Sədi “Hər nəfəsdə iki şükür vacibdir” deyir. Sözügedən nemət isə bir nəfəsin çox-çox fövqündə dayanır.
Xülaseyi-kəlam, yük ağır, əmanət qiymətlidir. Bu əmanəti əlli mühafizə dəstəsi ilə qorusanız, yenə azdır.
O halda, gəlin, Allah xatirinə, insanların başını aşağı eləməyək! İffətli olaq, arzularımızı gömək, gömmək bəs deyil, üstünə qayalar qoyaq. Beləcə, imanımızı hifz edək, axirətimizi məhv eləməyək. Əlinə fürsət keçər-keçməz kisələrini, ciblərini, çantalarını dolduraraq axirətini məhv edənlər kimi olmayaq. Gözü dünyadan qeyri bir şey görməyən insanların aldandığı kimi, biz də aldanmayaq. “Qarunlaşanlar” kimi, “qarunlaşmayaq”, “fironlaşanlar” kimi, “fironlaşmayaq”. Əksinə, Rəsuli-Əkrəm sallallahu aleyhi və səlləm kimi Əbu Bəkir, Ömər, Osman və Əli radiyallahu anhum əcməin kimi yaşayaq!
- tarixində yaradılmışdır.