Həqiqi Azadlıq və Könül Ərlərinin Müstəqilliyi

Sual: Bir tərəfdən azad və müstəqil yaşamağı, digər tərəfdən də dialoq və xoşgörünün gərəyi olaraq hər kəslə bir növ münasibət içində olmağı azadlıq anlayışımız baxımından necə qiymətləndirirsiniz?

Azadlıq dinin ruhuna zidd olmayan hər istəyi, hər hansı maneə ilə qarşılaşmadan həyata keçirə bilmənin ünvanıdır. Bununla birlikdə o, ölçüsüz bir sərbəstlik deyildir; hər hansı bir təzyiq, məhkumluq və boyunduruq altında olmamaqdır.

Tamamilə “bədəni” bir varlığa çevrilən və daim iştahalarını təmin etmək arxasında qaçanlar azadlığı hər hansı bir məhdudiyyət və maneə ilə qarşılaşmadan hər cür istəyi reallaşdırmaq şəklində anlamış və tərif etmişlər. Bu yanlış azadlıq mülahizəsi ilə əxlaq və fəzilətin yerinə cismaniliyi, madiyyati yerləşdirmişlər. Sərhədsiz sərbəstliyi həyat fəlsəfəsi halına gətirən bu talesizlər azad olduqlarını və sərbəst yaşadıqlarını iddia etdikləri halda, heç fərqinə varmadan bədənin, cismani arzuların, dünyəvi istəklərin və bəhimliyin tələsinə düşmüş, şan-şöhrət və vəzifənin, sərvət və şəhvətin qulu-köləsi olmuşlar. Belə bir əsarətin nəticəsində də Allahla münasibətlərinin olmamasından qaynaqlanan mənəvi məhrumiyyətlər yaşamış, cürəbəcür xəstəliklərə tutulmuş və anarxiyaya açıq kütlələr halına gələrək cəmiyyəti böhrandan-böhrana sürükləmişlər.

Dinimizdə insanın hər ağlına gələni və arzu etdiyi hər şeyi etmə mənasına gələn "mütləq azadlıq" yoxdur. Bu günün qərb anlayışına görə azadlıq, "Başqasına zərər verməyən hər şeyi edə bilmək" kimi tərif edilsə də; bizim azadlıq anlayışımız "insanın, nə özünə nə də başqasına zərər verməmək şərti ilə halal dairədə istədiyini etməsi" şəklindədir.

Qul Oldum!..

Bununla yanaşı, biz İslamın qəlbi və ruhi aspektindən azadlığı "insanın Allahdan qeyri heç bir şey və heç bir kimsənin boyunduruğu altına girməməsi, heç bir şey qarşısında baş əyməməsi" kimi anlayırıq. Cismani həzlərin arxasında sürünə-sürünə ömür keçirən, nemətlərə şükür etmək əvəzinə həddini aşan, qafilləşən və dünya malını qazandıqca daha çox ehtirasa qapılıb qürrələnən, həmçinin əlindəki imkanları itirmə qorxusu ilə tir-tir titrəyən bir zavallını, dünyanın hökmdarı da olsa, azad qəbul edə bilmərik. Çünki bizə görə həqiqi azadlıq ancaq insanın dünyəvi əndişələrdən, mal-mülk kimi ehtiraslardan qəlbən qurtulub Haqqa yönəlməsi sayəsində gerçəkləşə bilər. Buna görə də, Allah Rəsulu (s.ə.s.) könlünü dünya malının əsiri edən və daim onu düşünənləri "dinarın, dirhəmin, məxmər və ipəyin qulları" kimi təvsif etmiş və qınamışdır. Bir Haqq dostu da tələbəsinə nəsihət verərkən: "Oğul, köləlik zəncirini qır və azad ol; nə vaxtadək qızıl və gümüşün əsiri olaraq qalacaqsan?" -demişdir.

Bəli, müxtəlif arzu, istək və diləklərə bağlanmış bir qəlbin sahibi qətiyyən azad sayıla bilməz. Ömürünü müxtəlif dünyəvi mənfəət və cismani həzzlər müqabilində başqalarına girov qoyan və daim onlara “faiz” ödəmək məcburiyyətində olan bir insan azad qəbul edilə bilməz.

Əksinə, dünyanın nəfs və həvəslərinə aid yönlərinə qapalı olan, qəlbini dünyadan, dünyanı da qəlbindən uzaqlaşdıran bir insan zindanda da olsa, həqiqi azadlığı əldə etmişdir. Yaradana yönələn, həqiqi qibləsinə üz tutan, yalnız Haqqa qul olmaqla arzulara qulluq, qüvvətə qulluq, şəhvətə qulluq, şöhrətə qulluq kimi müxtəlif qulluqlardan xilas olan belə bir insan həqiqətən azaddır. O boynuna heç bir kəməndin keçirilməsinə razı olmaz; ehtiraslar onun üfüqünü kirlədə bilməz; həva, həvəs və şəhvət ona boyun əydirə bilməz. O, Həzrəti Mövlana ədası ilə: "Qul oldum, qul oldum, qul oldum... Hər kölə azadlığa çıxanda məsud və bəxtiyar olar. Mən Sənə qulluğumla səadət və sevinci tapdım", -deyər; qulluğu ilə bir növ sultanlığa nail olar.

Vərdişlərin Əsarəti

Əslində, müstəqilliyə daha geniş mənada yanaşmaq lazımdır. Məsələn, adətləri, vərdişləri tərgitmək və bir mənada tam müstəqil yaşamaq da azadlığın başqa bir yönünü meydana gətirir. "Tərkul-adət minəl-məxluqat–Vərdiş və pis adətləri tərgitmək də öldürən faktorlardan biridir", sözündə ifadə edildiyi kimi insanın vərdiş etdiyi və bağlandığı şeylərdən uzaqlaşması çox çətindir. Yemə-içməyə, yuxuya, rahatlığa möhkəm bağlı olan insanların bunları müvəqqəti də olsa, tərgitməsi, demək olar ki, qeyri-mümkündür.

Halbuki bir müsəlman xüsusi təlim görmüş bir əsgər kimi ən çətin şəraitdə yaşamağa da vərdiş etməli və belə bir şeylə qarşılaşsa da, dərhal yelkənlərini endirməməlidir. Bir insanın ailəsini sevməsi və onu bir Cənnət hücrəsi kimi görməsi təbiidir, lakin yuvasına ifrat dərəcədə bağlanması və “Onsuz olmaz” deyə düşünməsi doğru deyildir. Çanaqqalada şəhid olanlar yurd-yuva, həyat və dünyəvi gözəlliklər əsiri olsa idilər, bu gün biz azadlığı dada bilməzdik. Başqa sözlə, insan yeri gələndə din, iman, vətən və millət uğrunda isti yuvasını da tərk edəcək, xəyalından belə silib atacaq qədər bütün qayğılardan azad olmalıdır ki, bəzi məhrumiyyətlər səbəbi ilə böyük sarsıntılar keçirməsin.

Baş Əymərik Ədanıya...

Azadlığın digər bir yönünü isə qüvvətin haqda olduğu prinsipinə görə hərəkət etmək, zalım gücün təzyiqi qarşısında əsla geri çəkilməmək və başqa güclərin boyunduruğuna razı olmamaq təşkil edir.

"Baş əymərik ədaniyə dünyayi-dun üçün;
Allahadır təvəkkülümüz, etimadımız"

- deyən Baqi məhz belə bir azadlıq düşüncəsini səsləndirir. Bəli, əgər Allaha təvəkkül etmisənsə və Ona tam güvənirsənsə, üç-beş günlük dünya üçün sən də alçaqlara baş əyməz, əl açmazsan. Həzrəti İbrahim və ona tabe olanlar kimi "Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə döndük. Axır dönüş də ancaq Sənin hüzurunadır." (Mumtəhənə, 60/4) -deyər və hər zaman başı dik, mərd olar; nə zülmü, nə də zalımı alqışlayarsan. Allahı yeganə Əziz və Hakim bilmisənsə, qəlbini sıxan və ruhuna ağır gələn hadisələr qarşısında belə: "Bir hikməti var.." -deyib ən ağır şərtləri belə lehinə çevirə biləcək bir Rəbbinin olduğunu düşünərək rahatlayarsan. Cənabi-Haqqı Qalib ismi-şərifi ilə tanımısansa, Onun sözünün üstünə söz, qüdrətindən daha böyük qüdrət ola bilməyəcəyinə və istədiyi hər şeyin mütləq həyata keçəcəyinə mütləq inanaraq yalnız Ona qul olar və digər bütün qulluqlardan xilas olarsan. Allaha layiqincə təvəkkül etsən, dünyəvi əndişələrdən, təlaşlardan və sarsıntılardan əmin olar; el-aləmin icad edib ortaya atdığı ssenarilərdən səksənib təşvişə düşməz, müxtəlif ruhi-mənəvi böhranlara girməz və şəxsiyyət aşınmasına məruz qalmazsan.

Əks halda, hər güclüyə qul olar, hər qaba qüvvət sahibinə köləlik etmək məcburiyyətində qalar; bu gün bundan, sabah ondan və ertəsi gün də başqasından təmənna güdərsən; daha güclü və qüvvətli başqa birisi təzyiq göstərdiyi zaman da, bu dəfə ona baş əyməyə başlayarsan. Məhz buna görə, o qədər insan var ki, dəbdəbə və ehtişam içində yaşamasına baxmayaraq, gerçək azadlığı heç cür duyub dada bilməz və əsir həyatı sürər; elələri də var ki, hər şeydən məhrum olsalar da, Allahdan başqa heç kəsə borcu olmadığına görə, heç vaxt özünü əsir və məhkum kimi hiss etməz. Həzrəti Bədiüzzaman bu həqiqəti necə gözəl ifadə edir: "Onu tanıyan və itaət edən zindanda da olsa, bəxtiyardır. Onu unudan saraylarda da olsa, zindandadır, bədbəxtdir".

Başqalarına “borc ödəmək” durumunda olmaq böyük bir zillətdir. Bəziləri qarşısında müstəqilliyinizi itirdiyiniz zaman, nə qədər insanın əsarəti altına girirsinizsə, bir varlığını qorumaq üçün bir o qədər “borc ödəmək” məcburiyyətində qalırsınız. Sizi əsarət altına alanların istəkləri də fərqli-fərqli olur. O, bir şey istər, bu, ayrı şey istər, başqa biri qarşına tələblər qoyar. Hər birinin istəyini yerinə yetirməyə məcbur qalanda da müsbət cavab vermək istədiyiniz insanların diləklərini belə yerinə gətirə bilməzsiniz; müxtəlif istəklərlə başa çıxa bilməzsiniz. Bir yönü ilə, Türkiyənin hazırkı vəziyyəti də belədir. Avropa Birliyinin, Orta Asiyanın, Orta Şərqin və bəzi güclü dövlətlərin müxtəlif tələbləri vardır və bəzən bu tələblər də bir-biri ilə ziddiyyət təşkil edir. Siz təkbaşına ayaq üstə dura bilmir və bəzi planların, lahiyələrin bir hissəsi olmağa məcbur edilirsinizsə, müxtəlif strategiyalarda birinci dərəcəli söz sahibi ola bilmir və onlar planlarkən siz düşüncənizi açıq şəkildə ortaya qoya bilmirsinizsə, deməli siz tam müstəqil deyil­siniz. Bu durum sizin müəyyən sərhədlərə məhkum olduğunuzun və meydanda bir ortaqlığın belə olmadığının dəlilidir. Bu vəziyyətdə də, heç kəsi razı sala bilməz, heç kəsi qane edə bilməz və beləliklə, əsarətdən xilas ola bilməzsiniz.

Müstəqil Bir Hərəkat

Bu prizmadan baxanda: "Könüllülər Hərəkatı" olaraq zikr edilən dialoq və təhsil fəaliyyətlərinin də müstəqil olması çox əhəmiyyətlidir. Bu hərəkatla bağlı elmi tədqiqatlar aparan sosioloqlar və politoloqlar də hər fürsətdə bu müstəqilliyə barmaq basır və "Bu fəaliyyət heç bir xarici dəstəyə söykənməyən müstəqil bir sivil toplum fəaliyyətidir" deyirlər.

Bəli, "günümüzün qarasevdalıları" deyə bəhs etdiyim təhsil könüllüləri "Bu nəcib millət öz yaralarına özü əlac edə biləcək gücdədir. Elə isə, millətə müraciət edəcək, əsla başqalarından asılı olmayacaq və yadlara “borc ödəmə” zillətinə düşməyəcəyik" deyib yola düşdülər. Onlar, əvvəla Allaha sığınaraq, sonra da, zahiri səbəblər baxımından, millətimizin himmətini yanlarına alaraq azadlıq deyə-deyə, müstəqilliyi ciyərlərinə çəkə-çəkə yola rəvan oldular və ömür boyu el-aləmə əl açmadılar, heç kəsə borclanmadılar.

Heç kəsə borclanmadılar, çünki bu seçkin, güzidə millətin nümayəndələri əksəriyyət etibarilə dialoq və təhsil fəaliyyətlərinin fəlsəfəsini xoş qarşılayırdılar. Faydalı və qalıcı işlərin gördüyünə inanırdılar. Bəlkə, bəzi tələskən fitrətə malik insanlar təhsilə və insanların könüllərini qazanmaq naminə aparılan fəaliyyətlərə qoyulan sərmayələrin səmərə verməsi üçün müəyyən müddətə ehtiyac olduğunu bilmədiklərinə və arzuladıqları nəticələri qısa vaxtda görə bilmədiklərinə görə, müəyyən müddət bu fəaliyyəti müşahidə etməyə və dinləməyə üstünlük verirdilər. Bəzən beş-on il kənardan seyr edir, dinləyir, fədakar ruhların nə qədər vəfalı və səmimi olduqlarını anlamağa çalışır; ürəklərinin daim din, vətən və millət üçün döyünüb-döyünmədiyinə baxır və hər şeyi ölçüb-biçdikdən sonra onlar da bu yolun doğru və etibarlı olduğu qərarına gəlirdilər. Allahın izni ilə insanımızın gözünün bu yolla açılacağına və ölkəmizin bu yolla güclənəcəyini düşünürdülər. Millətimizə edilən bir xəyanət, bir zülm və bir haqsızlıq qarşısında hamılıqla səslərini yüksəldib bir dünya xoru təşkil edərək, bütün dünyada Türkiyənin səsi-nəfəsi olacaq azad lobbilərin ancaq bu yolla meydana gələcəyinə inanırdılar. Ədirnədən Qarsa qədər Anadolu insanı bu hərəkatı qəbul etmiş və onun ətrafında toplanmışdı. Başqa sözlə, məsələ sadəcə bir sövq edilmə əsəri deyildi, eyni zamanda, onun başdan etibarən məntiqi bir dərinliyi də mövcud idi.

Təbii ki, o məntiqi dərinlikdə Cənabi-Haqqın sövqi-sübhanisi və könülləri bu xeyirli işlərə yönləndirməsi vardı. Yəni Allah birinə əhəmiyyətli bir məsələni düşündürür; eyni məsələni bir başqasının qəlbinə də salır; o iki adamı yeni tanıyan bir insanın zehnini də o düşüncə ilə doldurur. Bunlar bir-birini tanıyanda hər kəsin ürəyinə yatan bu məsələ onlarda ortaq bir məxrəcə çevrilir. Dolayısilə, o məsələ bir mənada heç biri üçün yeni deyil, lakin hamısı bir-birindən güc alaraq o işə möhkəm sarılır. Əgər könüllərinə düşən o qığılcım bir təhsil müəssisəsinin açılması ilə əlaqədar isə, hamısı himmətini ortaya qoyur və bərabər o müəssisəni açırlar. Belə ki, zamanla bu saleh əməli adətə dönür, infaq etmənin və Allah yolunda xərcləmənin qəhrəmanına dönürlər. Üstəlik, özləri bir veribsə, Cənabi-Haqqın onlara on lütf etdiyini görüncə tamamilə səxavətləşirlər.

Səxavət Qəhrəmanları

Əshabi-kiram Əfəndilərimiz də bu şəkildə Allah yolunda infaq etməyi adətə çevirmişdi. Peyğəmbər Əfəndimiz (s.ə.s.) onların könüllərindəki “vermə” qapılarını açmaq üçün, kim bilir, nə çətinliklər çəkmişdi. Məsələn, bir gün əsl ərəb qəbilələrindən biri olan Mudar qəbiləsinin müsəlmanları gəlmişdilər. Geyəcək başqa bir şey tapa bilmədiklərinə görə əyinlərində yun paltar olduğu üçün, məscidə girən kimi hər tərəfi tər və yun qoxusu bürüyür. Yorğun, ac-susuz olan bu yoxsul insanları görüncə Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) gözləri dolmuşdu.. onların bu halına, az qala, ağlayacaqdı. Dərhal infaqla bağlı ayələr oxumuş, səhabələrinə insanlara kömək etmənin fəzilətlərini izah etmişdi. Lakin Səhabə əfəndilərimiz hələ başqalarına kömək etməyə alışmamışdılar; dolayısilə, heç kimdə coşqunluq, həyəcan görünməmişdi. Allah Rəsulunun üzündə hüzün buludları görünməyə başlamışdı ki, Onun halından yaxşı anlayan və işin incəliyini qavrayan bir səhabə yerindən sıçrayıb evinə getmiş, ovuc dolu gətirdiklərini Rəsulullahın hüzuruna tökmüşdü. Onu görən digər səhabələr də məsələni anlamış və hər kəs infaqa tələsmişdi. Nəticədə, Peyğəmbər Əfəndimizin (s.ə.s.) qarşısında bir oğlaq hündürlüyündə yardım yığılmışdı. Bu mənzərə qarşısında üzündəki buludlar bir-bir çəkilən Şəfqət Peyğəmbəri (s.ə.s.) səhabələrinə təbəssüm etmiş və belə buyurmuşdu: "Bir işə rəhbərlik edib yol göstərən həmin işi etmiş kimidir".

Bəli, Səhabə Əfəndilərimiz o gün “vermə” qapısını taybatay açmış və müəyyən zaman sonra da sahib olduqları hər şeyi verməyə alışmışdılar. Onlardan kimi malının hamısını, kimi sərvətinin üçdə ikisini, kimisi də yeddi yüz dəvəni və bir başqası da ən çox sevdiyi bağ-bağçasını Allah yolunda sədəqə verəcək qədər əliaçıq olmuşdu.

Zənnimcə, bu millət içində də "infaq qəhrəmanı" bir çox insan var. Belə ki, Allahın lütf etdiyi mal-mülkü gələcək nəsillərin ən gözəl şəkildə yetişməsi üçün verməyə alışmış və illərdir ki, həmişə vermiş bu insanlar əgər bir il infaq edəcək bir şey tapa bilməsələr, gecələr boyu gözlərinə yuxu getməz. Onlardan birinə: "Bu il işlərin yaxşı görünmür; sənin təqaüd verib oxudacağın şagirdlərə biz baxaq" deyilsə, bu sözdən inciyər, bəlkə də qəlbi qırılar və "Allah, Kərimdir, Mən bu qədər əhd edim, O verməzsə sonra düşünərəm", -deyər. Bu xalis niyyət, təmiz düşüncə və saf duyğu yalnız müəyyən bir təbəqənin insanlarına aid deyil; bunu bütün millət mənimsəmişdir. Bu baxımdan, öz millətinizin mərdliyindən qaynaqlanan fəaliyyətlərdə azadlığınızı və müstəqilliyinizi zədələyən bir xüsusdan söhbət gedə bilməz. Çünki millət verdiklərinin əvəzində heç kəsdən heç nə gözləmir; hər kəs gözünü Ulu Dərgaha dikib, oradan gələcək lütflərin intizarındadır. Bu fədakar ruhlu insanlar fani insanlardan mükafat umub, alacaqları mükafatları bəşəri darlığa məhkum etmək istəmirlər; Allahın əngin rəhmətinə və sonsuz səxavətinə təvəccöh edib; Cəvvadu-Kərimin leysan kimi yağdıracağı lütfləri umurlar. Başqa sözlə, Allah üçün gəlib-gedir, Allah üçün infaq edir və hər şeyi Allah üçün edirlər.

Ömür boyu borc altında qalmamaq üçün...

Deməli daim Allah naminə verməli, Allah naminə almalıyıq. Allah adına verməyən və verərkən minnət edib təmənnaya girən qafil insanlardan heç bir şey qəbul etməməliyik. Çünki Bədiüzzaman həzrətlərinin ifadəsi ilə: "Əhli-dünya, xüsusilə əhli-dəlalət pulunu ucuza verməz, çox bahaya satar. Bəzən bir illik dünya həyatına müəyyən qədər kömək edəcək mal-mülkə müqabil, hədsiz bir həyatı-əbədiyədən məhrum edə bilər. Etdiyi kömək əvəzində min qatını istər".

İlk dəfə Avropaya getməyə hazırlaşanda Yaşar Tunagür Xoca mənə demişdi ki: "Əhli-dəlalət sizdən iki stəkan çay pulu qoparacağına inanmasa, qətiyyən sizə bir stəkan çay içirməz. Əgər, sizə zərrə qədər dəstək təklif edirlərsə, bilin ki, sizdən yalnız iki deyil, bəlkə dörd-beş qatını çıxarmağı düşünürlər, hesablarında o vardır".

Demək ki, Allah rizasını güdməyən və dünyasını maddi mənfəətlər üzərində quranların məqsədi sizi ömür boyu “borc altında qoymaqdır”. Yer üzündəki bütün əhli-dünyanın və dünyəvi ölçülərə görə hesab aparanların niyyəti belədir. Buna görə, bu hərəkatın müstəqilliyi üzərində həssaslıqla durulmalı; azad başlayan və azad davam edən dialoq və təhsil fəaliyyətlərinin bundan sonra da millətə aid müstəqil bir təşəbbüs olaraq qalmasına maksimum səviyyədə diqqət yetirilməlidir.

Hürriyət və Hər kəslə İrtibat

Digər tərəfdən, azad və tam müstəqil olmaqla, dialoq axtarışının və hər kəsin mövqeyinə hörmət anlayışının gərəyi olaraq hər kəslə irtibat qurma bir-birinə zidd şeylər deyil. Çünki sadəcə Allaha qul olduğunuzun şüuru ilə hərəkət edir və Onun rizasını qazanmağa çalışırsınızsa, demək, bağlanacağınız qapıya bağlanmış və başqa bağlılıqlardan xilas olmusunuz. Bu niyyətinizi reallaşdırmaq üçün dialoq, xoşgörü və təhsil yolunu seçirsinizsə, başqa insanlarla bir araya gələndə bəzi davranışlarınıza müəyyən sərhədlər qoymuş kimi ola bilərsiniz; məsələn, onları da hesaba qatmaq, onların hərəkətlərini, davranışlarını və hissiyyatlarını da nəzərə almaq, məcburiyyətində qala bilərsiniz. Lakin əslində bunlar azadlığı məhdudlaşdırma mənasını vermədiyi kimi, təməldə İslamın ruhuna da zidd deyil. Çünki insanları öz hissiyyatlarıyla mütaliə edə bilməz, özünüzü onların yerinə qoya bilməz və müasir ifadə ilə "empati" qura bilməsəniz, onların ehtiyaclarını görə bilməz, istəklərini müəyyən edə bilməz, onların duyğularını öyrənə bilməz və çox məsələdə məqsədəuyğun qərarlar verə bilməzsiniz. Məqsədəuyğun qərar verə bilməyiniz və addımlarınızı daha rahat ata bilməyiniz üçün onları yaxşı tanımalı, mədəniyyətlərinin təməl incəliklərinə bələd olmalı, həssas nöqtələrini bilməli və hissiyyatlarını da hesaba almalısınız.

Əgər bu xüsusları nəzərə almasanız, öz dəyərlərinizi  təqdim edərkən heç fərqinə varmadan onların dəyərlərinə toxunmuş; onları özünüzdən və öz dəyərlərinizdən qaçırmış olarsınız. Məsələn, Peyğəmbər Əfəndimizin (s.ə.s.) aləmlərə rəhmət olaraq göndərildiyindən və Sultanul-Ənbiya olduğundan şübhəmiz yoxdur. Bəli, Odur peyğəmbərlik silsiləsində vücudu-Haqqa ən açıq bürhan. Odur İlahi əmrlərə ən faseh tərcüman. Əsmai-İlahiyyə və sifəti-sübhaniyənin mərkəz nöqtəsi O, peyğəmbərlik səmasının dan ulduzu da Odur... Lakin Həzrəti Məsihi hər şey görən, hətta onun hülul və ittihadına inanan və ona bir yönü ilə "Rəbb" deyən insanların yanında: "Əfəndimizin tayı-bərabəri yoxdur, istisnasız bütün Peyğəmbərlər Onun qapısının qulu və xəlayiqidir" bəyanı ilə sözə başlar, mərhum Əli Ülvi Qurucunun:

"Məhşərdə nəbilər belə səndən mədəd istər,
Rəhmət, deyən aləmlərə Rəhmandır Əfəndim,"

misraları ilə haray qoparsanız, müxatəblərinizin hissiyyatını hesaba qatmamış və ilk addımınızda onların giriş qapılarını bağlamış olarsınız. Söyləyəcəyiniz sözlərin doğru olması lazım olduğu kimi, o doğrunun dilə gətiriləcəyi yer, zaman və üslub da çox yaxşı təyin edilməlidir. Şəxsən bu cür xüsuslara diqqət yetirərkən çox vaxt: "Ya Rəsulallah, məni bağışla; burada Sənə layiqli tərcüman ola bilmədim. Lakin müxatəblərimin hissiyyatını nəzərə alaraq, onları əks təsirə sövq etməmək və Səni tam olaraq anlata bilmək üçün belə davrandım" -demiş və Ondan üzr istəmişəm. Bəli, siz o insanları tanımasanız, bəzi məsələlərdə onların duyğu və düşüncələrini nəzərə almasanız və müəyyən səviyyədə mövqelərinə hörmət etməsəniz, özünüzü ifadə etmə fürsətini qaçırmış olarsınız. Dininizdən, millətinizdən və tarixinizdən qopub gələn rəngarəngliyi ortaya qoyma imkanını heç vaxt tapa bilməzsiniz.

Dolayısilə, xoşgörü-dialoq deyərkən və hər kəslə bir şəkildə irtibatda olarkən də dinin izn verdiyi dairədə gəzmiş, yenə Haqqa qulluğunuzu səsləndirmiş, azadlığın ayrı bir yönünü dadmış və müstəqilliyi başqalarına da daddırma cəhdini ortaya qoymuş olarsınız.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.