Haqq yolunun cilvələri və möminə yaraşan davranış

Fəthullah Gülən: Haqq yolunun cilvələri və möminə yaraşan davranış

Sual: Həsəd və qısqanclıq üzündən amansız və insafsız hücumlara məruz qalan möminlər nə etməlidir?

Cavab: Əvvəla qeyd etmək lazımdır ki, paxıllıq və qısqanclıq hisləri ilə edilən zülm və haqsızlıqlar dünən də olub, bu gün də var, bundan sonra da olacaqdır. Həzrət Adəmin oğlu vəhy yağmurları ilə bərəkətlənən bir ailədən nəşət etsə də, qısqanclıq və paxıllıq hislərinə qapılıb əlini qardaş qanına bulamışdı. Əslində şeytan bununla ilk oyununu oynamış və insanın bu zəif damarından istifadə edərək ona istədiyini elətdirmişdi.

Qövmü tərəfindən qətlə yetirilən peyğəmbər deyəndə ilk ağıla gələn Həzrəti Zəkəriyya olur. Ancaq bildiyiniz kimi insanları Allaha dəvət edən neçə-neçə peyğəmbər öz xalqı tərəfindən öldürülmüşdür. Həzrəti Davud ayaq altında əzilməkdən xilas etdiyi qövmü tərəfindən böyük haqsızlığa məruz qalmışdı. O böyük peyğəmbərə elə bir iftira atılmışdı ki, adi insandan belə bir şey gözləmək mümkün deyil. İş o həddə gəlib çatmışdı ki, o, müqəddəs sandığa əl basıb and içməyə məcbur olmuşdu. Həzrət Süleymanı (əleyhissalam) isə yalan və böhtanlarla – haşa – cindar və sehirbaz damğası ilə damğalamışdılar. İnsanlığın İftixarı Həzrət Məhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəmbərliyini gözü götürməyən hasid və qısqanc insanlar Ona – haşa – sehirbaz və kahin demişdilər. Xülasə, peyğəmbərlər, onların ardıcılları və haqq-həqiqət yolunu tutan sonrakı nəsillərdən neçə-neçə insan cürbəcür iftira, təhqir və təzyiqlərə məruz qalmışdır. Bundan sonra da bu kimi çətinliklər olacaq, haqq yolunun yolçuları əziyyət, məşəqqət və iftiralarla üzləşəcəklər.

İmtahanın müddətini Zamanın Sahibi müəyyənləşdirir

Bu kimi hadisələrlə üzləşən haqq ərənləri başlarına gələn hər bir müsibəti könül rahatlığı ilə qarşılamalı, şikayət etməməli, hətta bunu rəva görənlərdən küsməməlidir. Rəvayətlərə görə, paxıllığını çəkən düşmənləri Həllac Mənsuru haşa “özünü ilah sanır” iddiası ilə məhkəməyə verirlər. İstiğraq (vəcd) halında ağzından çıxan “ənəl həqq” sözünü səhv başa düşən o dövrün məhkəmə heyəti “əllərinin kəsilməsi” barədə hökm verir. Hökm icra edilir və Həllacın əlləri kəsilir. Həllac görməsinlər deyə qanlı biləkləri ilə avazımış üzünü örtür, sanki son dəstəmazını qanla alır. Bədənindən qan axa-axa qollarını Rəbbinə qaldıraraq: “Allahım! Sən mənə bunu rəva görənləri bağışlamadan canımı alma” - deyə dua edir. Budur böyük insanların sözü! Bunun ondan səkkiz əsr sonra deyilən “Məni məmləkət-məmləkət gəzdirənlərə, mənə zindanlarda yer hazırlayanlara haqqımı halal edirəm” sözündən bir fərqi yoxdur.

Bəli, bu yolun yolçuları bundan sonra da bir sıra çətinliklərə düçar olacaqlarını bilməli, nə kimdənsə inciməli, nə də küsməlidir. Bəzi şairlər kimi dərdini dastan eləməməli, qəzavü-qədərdən və ilahi icraatdan şikayətlənməməli və gələn nəsillərə “şikayətnamələr” qoyub getməməlidir. İnsan çətinliklərə məruz qalsa da, qətiyyən “Nə vaxtadək belə olacaq?” deyib taleyindən şikayət etməməli, ürəyində fəryad-fəğan qoparsa da, hislərini büruzə verməməli, tənha yerlərə çəkilib ürəyini boşaltmalı, ancaq heç vaxt fəryadını başqalarını eşitdirməməlidir. Çünki imtahanın müddəti haqda hökmü Zamanın Sahibi verir. Əgər Onun işinə qarışsanız, öz işlərinizi qarışdırarsınız. Əsas məsələ Onun hər icraatını sayğı ilə qarşılamaqdır.

Bəzən cəlaldan (Allahın əzəmət və qəzəbinin təcəllisi) cəfa, bəzən də camaldan (Cənabi-Allahın lütf və ehsan təcəllisi) səfa gəlir. Əsas odur ki, hər ikisini bir biləsən. Yəni nə camaldan gələn səfaya sevinməli, nə də cəlaldan gələn cəfaya təəssüflənməlisən. “Neylədim ki, başıma bu işlər gəldi? Niyə elə hey mən iztirab və sıxıntı çəkirəm? Niyə dedi-qodu edirlər? Niyə qısqanır və paxıllıq çəkirlər?” demək sünətullahdan (İlahi qanunlar) bixəbər yaşamaq deməkdir. İnsanlar ənbiyayi-izamı, övliyaları həzm edə bilməyiblərsə, sizə həsəd aparmaları normal deyilmi?

Məhəl qoymayın deyilənlərə, doğru bildiyiniz yolda sürətinizi iki qat artırın!

Bir söz sultanı necə də gözəl deyir:

Qəzadan bir sapand daşı bir qızıl kasəyə dəysə,
Nə qiyməti artar daşın, nə qiymətdən düşər kasə.

Əgər siz qızıl kasasınızsa, eybi yoxdur, qoy sizə daş atsınlar, qoy sizi olmazın şeylərlə qınasınlar. Haqq ərənləri bəzi işbilməzlərin hərəkətlərinə məhəl qoymamalı və doğru bildikləri yolda irəliləməlidir. Ədəbsiz sözlərə və tənqidlərə əhəmiyyət verməməli, belə şeylərlə fikrini dağıtmamalı, əksinə var-gücləri ilə öhdəsinə düşən vəzifələri yerinə yetirməyə çalışmalı və nəticəni Allahdan gözləməlidir. Çünki Cənabi-Allah yeni nəsli təsvir edərkən: “...Onlar heç kəsin tənəsindən qorxmazlar” (“Maidə” surəsi, 5/54) buyurur.

Alvar İmamının misraları yadıma düşdü:

Aşiq dər inci təndən;
İncimə incidəndən;
Kamalda nöqsan imiş
İnciyən incidəndən.

Əgər siz axirətdə kamillik arzusundasınızsa, burada kamillik iddiasında olmamalısınız. Çünki bu, kamilsizlik əlamətidir. Özünü böyük görən, xalqdan alqış və təqdir uman insan axirət “meyvə”lərini dünyada yeyib qurtara, o tərəfə müflis kimi gedə bilər. Çünki Cənabi-Haqın lütf etdiyi nemətləri dünyada yeyib bitirən insan: “Siz dünyada bütün yaxşı əməllərinizin mükafatını yeyib bitirdiniz!” (“Əhqaf” surəsi, 46/20) ayəsindəki həqiqətə tuş gələcəkdir. Bu səbəbdən möminlər Allahın lütf etdiyi kamilliyi axirətə saxlamalı, orada heç bir şeyin nöqsanlı olmaması üçün burada canını dişinə tutub dözməlidir. Beləcə, Allahın izni və inayəti ilə xeyirxah iş və fəaliyyətlərə heç kim əngəl ola bilməyəcək. Təki ömrünü millətinin bəxt ulduzunu parlatmağa həsr etmiş adanmış insanlar heç vaxt əhdi-peymanlarından dönməyələr. Əksinə ev alma, sərvət yığma, özü üçün rahat bir gələcək qurma kimi dünyəvi arzulara qapılsalar, Allah Haqqa xidmət imkanlarını əllərindən alar və yıpranmamış, aşınmamış, dünyaya boyun əyməmiş yeni bir nəslə verər. Odur ki, adanmış insan adanmışlığından zərrə qədər güzəştə getməməlidir.

Ən böyük etibar – isteğna

Buxari və Müslimin mötəbər səhih kitablarına düşən müxtəlif hədislərdə deyilir: Allah Rəsulu (əleyhissəlatu və səlləm) bir yəhudidən borca ərzaq alır, əvəzində dəmir zirehini girov qoyur. İnsanlığın İftixarı (sallallahu aleyhi vəsəlləm) borcunu ödəyə bilmədən dünyaya vida edir. Həzrəti Əbu Bəkir (radiyallahu anh) bir müddət sonra borcu ödəyib Nəbinin yadigarını qaytarıb alır və Həzrəti Əliyə (radiyallahu anh) əmanət edir. Pakların Pakı Rəsulullah (əleyhissəlatu vəsəlləm) əshabından borc almağı isteğna anlayışına zidd görmüşdür; onlardan dünya malı istəməməyi “risalət vəzifəsinin əvəzində heç nə ummamaq” prinsipinə sədaqət saymışdır. Dinin təbliğ və təmsil etdiyinə, səadət yurduna çıxan pillələri öyrətdiyinə, xüsusilə, səhabəyə cənnət yolunu göstərdiyinə görə zərrə qədər mənfəət güdmədiyini bu hadisə ilə bir daha ortaya qoymuş və nübüvvət yolunun yolçularına ən gözəl nümunə olmuşdur.

Həzrəti Əbu Bəkir (radiyallahu anh) xəlifə seçiləndən sonra da qonşuların qoyunlarını sağmaqla dolanışığını təmin edirdi. Bir müddət sonra böyük səhabələrin təkidi ilə cüzi bir məvacib müqabilində bu işdən əl çəkməli oldu. Gördüyü işin əvəzində maaş almaq ona ağır gəlsə də, dövlət işlərini daha yaxşı görmək üçün buna razı oldu. Buna baxmayaraq, həmin məvacibi qəlbi titrəyə-titrəyə xərcləyirdi. Vəfat edəndə “Məndən sonrakı xəlifəyə verilsin!” vəsiyyəti ilə bir küp qoyub getmişdi. İkinci xəlifə Həzrəti Ömərin hüzurunda açılan küpdən xırda pullar, bir də məktub çıxmışdı. Bu qısa namədə “Bəzən mənə ayırdığınız məvacib artıq qalırdı. Bunu xərcləməyə Allahdan həya etdim. Çünki bu, xalqın malıdır, dövlət xəzinəsinə qaytarılmalıdır” yazılmışdı. Həzrəti Ömər bu mənzərə qarşısında özünü saxlaya biməyib ağlamış və: “Ey Əbu Bəkir, elə bir həyat yaşadın ki, təkrarı mümkünsüzdür”, − demişdi. Ancaq o da sələfindən geri qalmamış, bütün Quran xadimləri kimi yalnız axirət üçün yaşamışdı.

Yanlış izah edilən izzət və şərəf anlayışı

Bəzi məğrurlar “Mütəkəbbirlərə qarşı təkəbbür...” sözünü səhv izah edirlər. Halbuki Həzrəti Ömər öz sadəliyi və təvazökarlığı ilə qarşı tərəfi diz çökdürürdü. Həzrəti Ömərin (radiyallahu anh) dövründə müsəlmanlar hazırkı Suriya və Fələstin torpaqlarına da hakim olmuşdu. Fəthdən sonra ordu başçıları Məscidi-Əqsanın açarlarını istəyincə yerli xalq: “Biz Məscidi-Əqsanın açarlarını alacaq şəxsin vəsflərini çox yaxşı bilirik. Bu açarları ondan başqasına verən deyilik”, - deyə etiraz edirlər. Onlar bu məsələni öz aralarında müzakirə edirdilər ki, Həzrəti Ömər (radiyallahu anh) dövlətin malından bir dəvə götürüb xidmətçisini də yanına alaraq yola düşür. Möminlərin xəlifəsini görmək üçün çayın sahilinə axışan xalq onu görəndə mat-məəttəl qalırlar. Çünki o dövrdə dünyanın ən böyük dövlətinin hökmdarı çarıqlarını qoltuğuna vurub xidmətçisini daşıyan dəvənin cilovunu çəkə-çəkə adi bir adam kimi yol gəlirdi. Üstəlik əynində izarla (köynəkdən azca uzun bütöv üst geyim, fitə) sarıqdan başqa bir şey yox idi. Yolda Xəlifənin o sadə paltarı dəvənin yəhərinə sürtünə-sürtünə bir neçə yerdən cırılmışdı, o da hər dəfə bunları bir şərəf nişanı kimi yamamışdı. Ədalət timsalı xəlifə bəzi möminlərin geyimi səbəbindən rişxəndlə qarşılanacağını eyham vurduğunu görüb səsini yüksəldir:

“Allah bizi İslamla şərəfləndirdi, izzət və şərəfi başqa şeydə axtarmaq bihudədir. Madam bizi şərəfli edən İslamdır, ondan qeyri izzət və şərəf bizə gərək deyil”. Bütün bu hadisələri izləyən Qüdsün ruhani liderləri: “Biz açarları ancaq bu adama verərik, çünki kitablarımızda bildirilən vəsflərin hamısı onda vardır!” − deyib açarları Həzrəti Ömərə təhvil verdilər.

“Dövlətin malı dəniz...” deyənlər kimi örnək götürürlər?

Həzrət Osman (r.a.) varlı idi. Lakin o, dünyanı kəsbən (əməli cəhətdən) tərk etməsə də, qəlbən tərk etmişdi. Çünki o qədər səxavətli idi ki, Təbuk səfəri ərəfəsində yükü ilə birlikdə beş yüz baş dəvəni, özü də qəlb rahatlığı ilə infaq etmişdi. Zənnimcə, İnsanlığın İftixarı (sallallahu aleyhi və səlləm) ona: “Osmanım! Nəyin varsa, hər şeyi ver!” desəydi, gözünü qırpmadan bütün mal-mülkünü Allah yolunda infaq edərdi.

Peyğəmbərin Kürəkəni, Heydəri-Kərrar Həzrəti Əlinin (radiyallahu anh) xəlifəliyi dövründə İslam dövləti hazırkı Türkiyədən iyirmi dəfə böyük idi. İslam orduları bir tərəfdən Mavərünnəhrə, digər tərəfdən Çin səddinə çatmış, bu tərəfdən də Cəbəllütariqə ayaq basmışdılar. Sərhədlərinin ucu-bucağı bilinməyən və bir mənada o dövrün hegemon dövləti sayılan bu böyük xilafətin rəhbəri Həzrəti Əli (radiyallahu anh) qışın oğlan çağında yaz paltarı geyinirdi. Səbəbini soruşanlara da “Mənim imkanım ancaq buna çatır!” cavabını verirdi. Həzrəti Pir məsələyə başqa prizmadan yanaşır və bunu Onun kəraməti sayır. Ancaq Səid Qütbün yanaşması ilə baxsaq, bu, ictimai ədalət, ali insan ruhu, xalqdan seçilməmə, hər kəsi özündən üstün tutma, yaxud da başqaları üçün yaşama, xülasə, həqiqi ədalət düşüncəsidir.

Həzrəti Həsən, Həzrəti Hüseyn, Həzrət Fatimə anamız, Həzrəti Aişə anamız da eyni duyğu və düşüncədə idilər. Əshabi-kiram və onların yolunu tutanlar daima təmənnasızlıq və adanmışlıq ruhu (bir insanın öz həyatını bir məfkurəyə həsr etməsi) ilə yaşamışdır. O yolu tutmayanlardan bir soruşun: “Kimi nümünə götürürsünüz?”, “Allah xatirinə, villaları, sarayları, imarətləri kimdən örnək götürmüsünüz?” “Ey “övladlarım, nəvə-nəticələrim...”, “dövlətin pulu dəniz...” deyənlər, kimdir sizin örnəyiniz, Allah xatirinə?!. Onu deyən Qarundu. Bu sözləri Ramseslər, Amnofislər demişdi. Allahdan qorxun, utanın!..

Bəli, sələflərin yolundan gedən “adanmışlar” adanmışlığın heysiyyət və şərəfini qoruyub saxlamalıdır. Könüllərə yol tapmaq istəyirlərsə, insanların qarşısına təvazökarlıqla, məhviyyətlə, xəcalətlə çıxmalı və böyük-kiçik − bütün təkəbbür hissini yerin dərinliyinə gömməlidirlər. Onlar övladlarının, nəvə-nəticələrinin dünyəvi rahatlığının, villa və sarayların dərdini çəkməməli, yalnız məfkurələrini düşünməli və ruhumuzun yıxılan abidəsini təkrar ayağa qaldırmağa çalışmalıdır. Əks halda, bilməlidirlər ki, isteğna ruhu ilə hərəkət etməyənlər Həzrət Davud kimi meydana atılsalar da, Talut kimi həsədin qoynuna düşəcək, ortaya Həzrət Harun kimi çıxsalar da, Qarun kimi yerin dibinə batacaqlar. Çünki elə bir bəndə yoxdur ki, dünyaya məftun olsun, ancaq onun əsirinə çevrilməsin. Alvar İmamının sözü ilə desək, “neçə-neçə sərvi-rəvan canlar, neçə-neçə gülüzlü sultanlar, neçə-neçə Xosrov kimi şahlar və neçə-neçə tacdarlar” dünya adlı bu qan-irin dəryasında boğulub gediblər.

Ona görə də “məfkurə yolçuları” güc mənbələri olan “adanmışlıq ruhu”nu heç bir şeyə qurban verməməli, “dünyaya heç kimi gəlib, heç kimi getmək” məfkurəsindən dönməməlidir. Allahdan diləyim odur ki, bu uca məfkurəyə könül verən insanlar dünyaya aldanmasın, onun bir zərbəsi ilə yıxılmasın.

Ziya Paşanın sözü olmasın, “Cahil gəziyor zəvraqi-iqbali-səfada / Arif üzüyor mərkəzi-girdabi-bəlada”. Biz bəla girdabının ortasında üzsək də, qətiyyən başqalarının təmtəraqlı həyatına baxıb həsəd aparmamalıyıq. Qəbirdə Münkər və Nəkir mələkləri: “Dünyada nə qoyub gəlmisən?” sualını verəndə bir qədər düşünüb: “Vallah ağlıma bir şey gəlmir!” deyən igidlər kimi Allahın hüzuruna çıxmalıyıq. Budur bizim yolumuz.

Şübhəsiz ki, həyatı ticarətlə başlayıb ticarətlə davam etdirənlərin vəziyyəti başqadır. Onlar çalışıb qazanacaq və xeyirxah fəaliyyətlərə əl tutacaqlar. Unutmayın, sizin ən böyük etibarınız isteğnadır. Əgər xeyirxah insanların sizə məhəbbət bəsləməsini və tövsiyələrinizi yerinə yetirməsini istəyirsinizsə, bu etibarınıza xələl gətirməyin. Əgər siz də onlar kimi olmaq arzusuna qapılsanız, Allah eləməsin, həlak olub gedərsiniz. Bunun üçün də dünyaya könül bağlamamalısınız. Belə ki, dünyanın bütün səltənəti ayağınıza qədər gəlsə, onu murdar bir şey kimi ayaq ucu ilə bir kənara atmağı bacarmalısınız. Bizim yolumuz budur. Ona görə də axirətə “Nə dünyadan səfa gördük, nə əhlindən ricamız var / Nə dərgahi-Xudadan qeyri bir ilticamız var” düşüncəsilə getməliyik. Əgər bu düstura əməl etsəniz, bu yoldan dönməsəniz, ömür boyu azad yaşayar, heç kimə borclu qalmazsınız. Bu səbəbdən də sizin axırınıza çıxmaq üçün qurulan tələlərə düşməzsiniz. Əksinə bircə dəfə aldansanız, sizə tələ quranların alətinə çevrilər, sizə güvənib bel bağlayan insanların ümid və etibarını sarsıdar, özünüzü müdafiə etmək üçün yalana baş vurarsınız ki, bu da İslama və müsəlmanlara ən böyük zərbədir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.