Fütüvvət ruhu

Fəthullah Gülən: Fütüvvət ruhu

Sual: Fütüvvət anlayışına tarix boyu geniş və əhatəli izahlar verilmişdir. Hazırki dövrün şəraitini də nəzərə alaraq “fütüvvət” nədir və kimlərə “igid” deyilir?

Cavab: Gənc, igid və dəliqanlı mənalarına gələn "fəta" kökündən törəmiş “fütüvvət” sözü inam hissi ilə dolub-daşmaq, hər kəslə gözəl rəftar etmək, başqaları üçün yaşamaq, öhdəsinə düşən vəzifəni tərəddüdsüz yerinə yetirmək, müqəddəs dəyərlər uğrunda hər cür fədakarlığa qatlanmaq, nə qədər çətin olsa da vaxt-vədəni gözləmək, səbir etmək, ağıl və məntiqə müraciət edib dövr və şəraiti də nəzərə alaraq şərlə mübarizə aparmaq və bu yolun çətinliklərindən qorxub sarsılmamaq deməkdir.

Hədisi-şərif kimi rəvayət olunan gözəl bir kəlam Hz. Əlini fütüvvət qəhrəmanı kimi təsvir edir: "Əli kimi igid, Zülfiqar kimi qılınc yoxdur" (Zəhəbi, Mizanül-etidal, 5/390). Əslində fütüvvətin kökləri Həzrəti Əlidən çox-çox əvvəllərə gedib çıxır. Belə ki, Ənbiyeyi-izamın hər biri fütüvvət ruhunu yüksək səviyyədə təmisl etmişdir. Çünki onlar özləri üçün deyil, sırf məfkurələri naminə ömür sürmüşlər. Elə peyğəmbərlər var ki, ümmətinin sayı bir neçə nəfəri keçməyib. Eləsi də var ki, ona bircə nəfər də iman gətirməyib. Ancaq onlar tərəddüd etmədən yollarına davam etmişlər.

Nəticəni Allahdan bilmək

Peyğəmbərlərin risalət vəzifəsini layiqincə təmsil etməsi, təkvini qanunlara riayət edərək vəzifəsini fətanətlə yerinə yetirməsi, hər cür şəraitdə tədbirli hərəkət etməsi, ancaq yenə də nəticəni Allahdan gözləməsi fütüvvət ruhundan qaynaqlanır. Bəli, yolun başlanğıcında vəzifə eşqi ilə alışıb yanma, axırında isə vəzifəni könül rahatlığı ilə başa vurma fütüvvətin əlamətlərindəndir. Başqa sözlə desək, irşad və təbliğdə "Əlhamdulillah, insanlar məni dinləməsələr də, Rəbbimin əmrini yerinə yetirdim. Rəbbim məni bu vəzifədən azad etmədi" düşüncəsinə sadiq qalmaq və ümidsizliyə düşmədən yola davam etmək iman və Quran xidmətində mühüm əhəmiyyət kəsb edir.

Fütüvvət ruhunun əsl təmsilçiləri tarix boyu çarmıxların kölgəsində belə vəzifələrini yerinə yetirmiş, təzyiq və təhdidlərə məhəl qoymamış, ölümdən qorxmadan yollarından dönməmişlər. Həzrəti Məsih romalıların zülmünə, o cümlədən müəyyən bir qrupun onları təhrik etməsinə baxmayaraq canını ortaya qoyub heç vaxt geri addım atmamış, gözünü axirətə dikərək başqa bir həyat mərtəbəsinə yüksəlmişdir. O, təmsil etdiyi fütüvvət ruhu ilə yüksək üfüqlərə ucalmışdır.

“Kəhf” surəsində Həzrəti Musanın Həzrəti Xızırla səyahətindən bəhs edən qissədə də fütüvvətin ayrı bir cəhəti diqqət çəkir. Qissədə maddi aləmin dar qəliblərini yararaq məna aləminin ənginliklərinə qanad açmaq, beləcə qəlbin və ruhun uca məqamlarına yüksəlib səyahəti bu mehvərdə davam etdirmək fütüvvət ruhunun bir cəhəti kimi təqdim edilir. Belə bir məqamda maddiyyat tamamən sıradan çıxmasa da, zərurət çərçivəsində özünü göstərsə də, bəşəri arzu-istəklər ikinci plana keçir. Sözügedən qissədən belə bir nəticəyə də gəlmək mümkündür: möminlər təkcə zahiri elmlərlə deyil, qəlbi və ruhi yönlərini işlədərək lədün (batini) elminə də yiyələnməyə çalışmalıdır.

Adanmışlıq və fütüvvət

Fütüvvətin mühüm əsaslarından biri də adanmışlıq ruhudur. Yəni insanın hər şeyi bir kənara atıb həyatını məfkurəsinə həsr etməsidir. Bu ruha malik insan "Mənim bir dərdim var, o da Allahın adını ucaltmaq" deməlidir. Onun ismi həmişə ali və ucadır, ancaq Onun adını bütün cahana tanıtmaq lazımdır. Adanmış insan bütün hissiyyat, düşüncə və əməllərini məfkurəsinə istiqamətləndirməli və yolunda sabitqədəm olmaq üçün mütəmadi Cənabi-Allaha yalvarmalıdır. Məfkurə eşqi ona hətta evinin yolunu, uşaqlarının üzünü belə unutdurmalıdır. Ancaq qeyd edim ki, həyat yoldaşı, övladlar, ana-ata – mükəlləf olduğu insanlara aid vəzifələrini istəməsə belə, mümkün qədər yerinə yetirməyə çalışması da bu yolun bir əsasıdır.

Fütüvvət və mətanət

Fütüvvətin digər mühüm əsası da məfkurə yolunda mətin olmaqdır. İnsan başına nə gəlirsə-gəlsin, "Gəlsə cəlalından cəfa, yaxud camalından vəfa, ikisi də cana səfa, lütfün də xoş, qəhrin də xoş" (İbrahim Tənnuri) deyib mətin dayanıb bir addım da geri çəkilməməlidir. Mətin dayanmaq deyəndə, yəni bir insan qorxmadan, sarsılmadan nə olur-olsun vəzifəsini başa vurmasını nəzərdə tuturuq. Yoxsa möminə yaraşan daima Allahın hüzurunda dal hərfi kimi ikiqat olmaqdır. Hətta “Bu da azdır” deyib yerə qapanmaqdır. Çünki insan Ona ən çox bu məqamda yaxın olur. Dolayısilə, bu iki məsələni qarışdırmamaq lazımdır.

Əsl igidlik insanın özünü “sıfır” saya bilməsidir

Sözügedən keyfiyyətlərə malik könüllülərin ən böyük fərqi “fərqlilik” düşüncəsindən uzaq olmalarıdır. Kənardan baxanlar bəlkə də, onların fədakarlıqlarını sözlə ifadə etməkdə aciz qalacaqlar. Onlar tikə-tikə doğransalar da, mişarla ikiyə bölünsələr də, "Səttar, səndən dönmərəm" deyəcəklər. Ancaq onlar nə qədər fədakarlıq göstərsələr də, özlərini adi bir insan saymalı, başqalarından üstün görməməlidirlər. Hətta fərqlilik fikrini xəyallarına belə gətirməməli, qeyri-ixtiyari gələndə də böyük bir günah işləmiş kimi dərhal tövbə səccadəsinə tələsməlidirlər. Onlar zəhmətlərinin bəhrəsini görəndə də belə düşünməlidirlər: "Bütün bunlar bir vaxtlar kimlərinsə səpdiyi toxumların rişə salıb boy atmasının, böyüyüb bol bar verməsinin nəticəsidir. Sələflərin xalis və səmimi əməyinin bəhrəsidir. Əkilən toxumlara nəzarət etmək, dibini belləmək, suvarmaq bizim dövrümüzə rast düşdü. Ona görə də özümüzü fərqli sanmamalıyıq". Bütün bu gözəllikləri insanın özündən bilməsi, bir mənada öz adına çıxması həm başqalarının haqqını tapdalamaq, həm də Allaha hörmətsizlik etməkdir.

Digər tərəfdən, fütüvvət ruhuna sahib bir insan istər istəməz yaş, baş, məqam və təcrübə kimi zahirən üstünlük kimi görünən xüsusiyyətləri ağlına da gətirməz. Yaş fərqi, təcrübəli olmaq, bəzən də insanların rəğbəti təşəxxüs hissini körükləyir. Düzdür, yaşına görə bu işə ilk çiyin verən böyüklər haqqında "rəhbər, əfəndi, pir..." kimi ehtiram bildirən sözlər işlətmək həm bir ədəbdir, həm də ilklərlə sonrakıların qaynayıb-qarışmasına vəsilədir. Bəli, “məsih”, “mehdi” kimi yanlış düşüncələrə, “qütb” və “qövs” kimi mübaliğələrə yol vermədən və insanlarda nifrət oyatmadan kiçiklərin böyüklərə ehtiram bəsləyib onlar haqqında gözəl düşünməsi münasibətlərin ahəngini təmin edir. Lakin hörmət görən şəxslərin təbiətində "sıfır olma" düşüncəsi kök salmamışsa, insanların hüsnü-zənninə baxıb xülyalara qapıla bilərlər. Məsələn, bəziləri belə düşünə bilər, "Yaşım altmışı haqlayıb. Əksəriyyəti mənə "ağabəy" deyir. Məni müəllimi bilib hörmət edir. Demək, məndə nəsə var." Bunlar insanı aldadan və büdrəyib yıxılmasına, hətta həlak olmasına gətirib çıxaran çox təhlükəli düşüncələrdir. Hər kəs təcrübəsindən istifadə etməyə görə məsuliyyət daşıyır, bu, ayrı bir məsələ. Ancaq bir insanın istər təcrübəsinə, istər istedadına, istərsə də iti ağlına görə bəslənən rəğbəti bir üstünlük sayıb başqaları ilə amiranə rəftar etməsi həddi aşmaq və tərbiyəsizlikdən başqa bir şey deyil.

Fütüvvətin əvəzolunmaz xüsusiyyəti – təvazökarlıq

Həzrəti Əliyə isnad edilən "Sadə bir insan ol" sözü bizim üçün çox əhəmiyyətlidir. Bir insan fütüvvətin təmsilçisi olmaq istəyirsə, özünü gizlətməlidir. Qənaəti-acizanəmcə, bu, fütüvvətin əhəmiyyətli prinsiplərindən birirdir. Mən Həzrəti Pirin həyatına şahid olmamışam. Ancaq onun ilk tələbələrindən eşitmişəm: Həzrəti Pir onların ustadı olsa da, tələbələri özlərini ona minnətdar saysalar da, heç vaxt özünü onlardan üstün tutmamışdır. Özünü həmişə "qardaşınız" sözü ilə təqdim etmişdir: "Yolumuzun əsası uxuvvətdir. Ata ilə övlad, şeyx ilə mürid münasibətləri deyildir. Əksinə həqiqi qardaşlıq münasibətləridir. Olsa-olsa araya bircə ustadlık məsələsi girə bilər. Yolumuz xəliliyə olduğu üçün, istiqamətimiz xillətdir (dostluq). Xillət isə ən yaxın dostluğu, ən fədakar, ən gözəl yoldaşlığı və mərdanə qardaşlığı tələb edir."

Rəsuli-Əkrəm Peyğəmbərimizlə (sallallahu əleyhi və səlləm) səhabeyi-kiram arasındakı münasibətlər bizim üçün örnək təşkil edir. Səhabeyi-kiram Allah Rəsulunu daha yaxından tanıdıqca və Onun yüksək məqamını anladıqca Ona qarşı daha ədəbli və daha nəzakətli davranırdılar. Məsələn, güclü nitqi ilə xütbədə insanları ovsunlayan, Quran qiraəti ilə müşriklərə belə təsir edən gözəllik abidəsi Həzrəti Əbu Bəkir (r.a.) Allah Rəsulunun hüzuruna boynu bükük girər, ona sonsuz ehtiram göstərərdi. Zənnimcə, onun Peyğəmbərimizin (s.ə.s.) hüzurunda dediyi sözləri saysaq, heç iki yüzü keçməz.

Yaxşı bəs, bu qədər ehtiram göstərilən şəxs kimdir? Hədis meyarları ilə üst-üstə düşməsə də, bütün övliyaların altına qol quyduğu bir kəlamda Allah (cəllə cəlaluhu) Peyğəmbərimiz haqqında "Sən olmasaydın, bu fələyi yaratmazdım" buyurur. Çünki O, həm kainat kitabının şərhində, həm də şəriət qanunlarının məcmusu – Qurani-Kərimin başa düşülməsində misilsiz bir rəhbərdir. Belə bir Rəhbərə qarşı hörmət səhabənin borcu və Onun da haqqı idi. Bəli, O (s.ə.s.), bir yerə ayaq basanda nəinki oranın sakinləri, torpaq altında çürümüş sümüklər belə ayağa qalxmalıydı. Lakin O, bir yerə gələndə ayağa qalxan səhabələrə "Əcəmlər kimi ayağa qalxmayın" deyirdi.

O, öz işini özü görərdi. Lazım gəlsə, yeməyini özü bişirir, qabları özü yuyur, yatağını da özü düzəldirdi. Əslində qapını azca aralasaydı, evin sakinləri də, digər insanlar da Ona xidmət üçün əllərindən gələni edərdilər. Ancaq Həzrəti Ruhu-Seyyidül-Ənam (əleyhi əfdalut-təhiyyat və əkməlüt-təslimat) buna icazə vermir və öz işini özü görürdü. Çünki böyükdə böyüklük əlaməti təvazökarlıq və həyadır. Böyük görünməyə gəlincə o, kiçik insanların kompleksidir. İnsanların etimadından yararlanaraq onlara hökm etmək böyüklərə yaraşmaz. Allah Rəsulu isə (əleyhi əlfü əlfi salatin və salam) ona yaraşmayan bir şeyi etməmişdir. Bəli, Onun əməlləri ona yaraşırdı, hətta mələklər aləmi belə Ona qibtə edir, heyran qalırdılar. Xülasə, fütüvvətin də zirvə nöqtəsi bütün dərinlik və ənginliyi ilə Onun timsalında bizə təqdim edilmişdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.