Eşq və həyəcan timsalı – Həzrəti Mövlanə

Sual: Bu gün bəzi insanlar Həzrəti Mövlanəni yanlış anlayır və tutduğu yolu tənqid edirlər. Həzrəti Mövlanənin və onun tutduğu yolun İslamın əsalarına bağlılığını dəyərləndirə bilərsinizmi?

Cavab: İslam tarixində elm, ürfan, eşq və həyəcanı ilə cahana səs salıb zamana sığmayan neçə-neçə böyük şəxsiyyətlər yetişmişdir. Xüsusilə, İmam Qəzali, İmam Rəbbani, Mövlanə Xalidi-Bağdadi kimi nadir dahilərin özünəməxsus çəkisi var. Bu böyük şəxsiyyətlərdən biri də Həzrəti Mövlanədir. Qaranlıq zamanları işıqlandıran, əsrlərə nur saçan bu böyük zatlar öz dövrlərini düzgün dərk və analiz etmiş, daha çox xalqın ehtiyacı olan məsələlərə yönəlmişlər. Bəli, onlar keçmiş bilikləri qeyd edib üzərində işləmək yerinə, insan, kainat və Allah münasibətini düzgün qavrayıb, düzgün təhlil edərək dövrün tələbatına uyğun fikirlər irəli sürmüş və aləmdə böyük əks-səda verib əsrlərlə yaşayan qiymətli əsərlər ərsəyə gətirmişlər. İlk növbədə Mövlanə Həzrətlərinə bu prizmadan yanaşmaq lazımdır. Çünki onun ön plana çəkdiyi məsələlər o dövrdə baş qaldıran mənfi hallar və zərərli fikirlər əleyhinə hazırlanan dərmandır.

Həzrəti Mövlana və Söyüdün qoynundakı diriliş

Mövlanənin dövrünə ümumi nəzər yetirək; o dövrdə Səlibçilərin İslam bölgələrinə hücumları hər tərəfi kəsafətə, çirkaba batırmış... Monqol işğalları bölünmə, parçalanma və təfriqəyə zəmin hazırlamış ... fitnə və üsyan alovu hər tərəfi bürümüş... Səlcuqlular bu ağır hücumlara cavab verə bilməyib get-gedə nüfuzunu itirmiş və bütün bu mənfi cərəyanlar Anadolunun içərilərinə qədər uzanmışdı. Həzrəti Mövlanə məhz belə bir dövrdə əngin xoşgörü və müsamihə anlayışı ilə hər kəsə qucaq açaraq ixtilaf, fitnə və təfriqə xəstəliyinə təbiblik etmişdir. Bu əngin anlayış və üfüq ‒ Həzrət də bu yolun təmsilçisidir ‒ İslami dəyərlərlə sərəfraz olan millətimizin yenidən dirçəlişinə zəmin hazırlamış və nəticə olaraq Osmanlılar Anadolunun kiçik bir guşəsində təkrar ayağa qalxmışlar.

O dövrdə ən çox belə bir birlik və ittifaq düşüncəsinə ehtiyac vardı. Həzrəti Mövlanə bu ehtiyacı sezmiş, Anadolunun parça-parça olub bəyliklərin yarandığı, birliyin dağıldığı, fikirlərin qarışdığı, hər kəsin bir hava çaldığı bir dövrdə insanları bir anlayış ətrafında birləşdirərək Osmanlının dirilişinə zəmin hazırlamışdır. Osmanlının qısa vaxtda əldə etdiyi uğurlarda, fikrimcə, bu anlayışın ‒“Mövlana ruhu”nun böyük rolu vardır. Çünki Osmanlılar getdikləri yerlərdə mərhəmət və şəfqətlə deyil, sərtliklə rəftar etsəydilər, çox keçmədən bir yerdə ilişib qalar və böyük fəthləri həyata keçirə bilməzdilər. Beləliklə, Dövləti-Aliyənin bəşər tarixində heç bir ailəyə nəsib olmayan altı əsrlik hakimiyyətində dövləti idarəçilərinin üstün məziyyət və vəsfləri ilə yanaşı, Həzrəti Mövlanə kimi dərvişlərin əməyinin də mühüm rol oynadığını danmaq olmaz.

Mərifət üfüqünə yelkən açan, eşq və şövqlə qanad çırpan o əngin könüllü insan – Həzrəti Mövlanə elə bir ab-hava meydana gətirmişdi ki, əksəriyyət bundan yan keçə bilməmiş, onun halqasına daxil olmuşdu. Hətta Yunus Əmrə belə uzaqlardan gəlib onun dərs halqasına girmişdir. O uca zat da ruhunun ilhamları ilə başına toplaşan bu insanların qəlbini süsləyərək işıqlı şəxsiyyətlər yetişdirmişdir.

İman və mərifət yönümlü cəzb və incizab

Əgər Həzrəti Mövlanənin təkcə bu xüsusiyyətini, yəni hər kəsə əl uzadan əngin müsamihə və şəfqət anlayışını götürüb onun dərin ibadətini, Quran və Sünnəyə möhkəm bağlılığını görməsək, onun haqqında yanlış fikirlərə meydan vermiş olarıq. Əvvəla qeyd edək ki, bəzilərinin iddia etdiyi kimi, əgər o, dinin əsaslarına (möhkəmata) riayət etməsəydi, nə Konya əhalisi onu rəğbətlə qarşılayar, nə də dindar hökmdarlar onun orada nurunu yaymasına imkan verərdilər. Üstəlik Mövlanənin müasiri olan böyük alimlərin heç biri onun əleyhinə bircə söz də deməmişdir. Məsələn, onunla eyni dövrdə yaşayan Sədrəddin Konəvi Həzrətləri “Şəcəreyi-Numaniyə”ni şərh etmiş, Beyzavinin təfsirinə də geniş haşiyə yazmış böyük bir alimdir. Həyatına və əsərlərinə baxanda bu böyük alimin Həzrəti Mövlanənin əleyhinə bircə kəlmə də söylədiyini görmürük. Çünki Həzrəti Mövlanə əngin şəfqət və mərhəmətilə insanlara qucaq açmaqla yanaşı, İslamın əsaslarına sadiq olmuş, şəriətə zidd hərəkət və davranışa yol verməmişdir.

Təəssüf ki, bu gün bəziləri Həzrəti Mövlanəni ani hissiyatla cuşa gəlib şahlanan, tənnurəsini geyib fırlanmağa başlayan, fırlanmaqdan böyük həzz alan, ətrafındakı insanları da özünə qoşan insan kimi tanıyır. Halbuki məsələ adi fırlanmaqdan ibarət deyildir. Həzrəti Mövlana ilməyini insan, kainat və Allah arasında gəzdirərək gözoxşayan mərifət naxışları hörmüş, İlahi mərifət badəsindən doyunca içmiş və bundan aldığı güclə insanları eşqə, şövqə gətirmişdir. Həzrəti Pir də eyni yolu getmiş, ilk öncə imanı-billah (Allaha iman), sonra mərifətullah (Allah biliyi), ardınca məhəbbətullah (Allah sevgisi) və daha sonra da zövqü-ruhani demişdir. Demək ki, insan əvvəlcə kamil imana yiyələnməli, sonra İslamiyyəti nöqsansız yaşamalı, daha sonra ixlasın bütün ənginliyini vicdanən hiss etməyə, ihsan şüurunu əldə etməyə çalışmalı, vicdanı ilə Allahı tanımağa cəhd göstərməli, əməllərini xarakterinə çevirməlidir ki, zövqü-ruhaniyə, şövqi-ilahiyyə çata bilsin. Yəni möhkəm bir iman, möhkəm bir İslam, möhkəm bir ihsan şüuru, dərin mərifətullah və məhəbbətullah olmadan eşq və şövqə çatmaq mümkün deyil. Həzrəti Mövlananın cəzbə gəlib, eşq və şövqlə ruhən yüksəlib özündən getməsinə də bu aspektdən yanaşmaq lazımdır.

Əsas prinsiplərlə bağlı əngin xoşgörü

Digər tərəfdən Həzrəti Mövlanənin istər şəthiyyat səciyyəli (şəthiyyat - cəzbəyə qapınların söylədiyi ağla-məntiqə uyğun olmayan sözlər) bəzi sözləri, istərsə cəzbə gələrək fırlanması tamamən hala[1] və zövqə[2] aid məslələrdir. Belə şeylər onun duyub hiss etdiyi heyrət[3], dəhşət[4], heyman[5] və qalaq[6] hallarından qaynaqlanır. Ayıq bir insanın təmkin və təyəqqüzlə hərəkət etməsi əsas olsa da, özündən gedən, səkr[7] halında olan bir insanın söz və davranışlarına baxıb şəxsi barədə “ehkam kəsmək” doğru deyildir. Bu baxımdan bizim vəzifəmiz Həzrəti Mövlanə kimi böyük şəxsiyyətlərin bu xüsusiyyətlərini nəzərə alaraq onların iltibasa əlverişli bu kimi söz və davranışlarına uyğun bir libas geydirib izah etməkdir.

Məsələn, Həzrəti Mövlanənin ən çox tənqid edilən ifadələrindən biri: "Gəl, gəl, nə olursan ol yenə gəl, istər kafir, istər məcusi, istər bütpərəst ol, yenə gəl. Bizim dərgahımız ümidsizlik dərgahı deyil, yüz kərə tövbəni pozmuş olsan da, yenə gəl" sözüdür. Bu gün bu misraların ona aid olub-olmadığını dəqiq bilmirik. Ona aid olmasa belə, Həzrəti Mövlanənin bu mənaya gələn çoxlu sözü var. Onun bu sözünü tənqid edənlər, zənnimcə, məqsəd və niyyətinə bələd olmadıqlarına görə tənqid edirlər. Qənaətimcə, bu misralarda heç bir qəbahət yoxdur. Çünki Həzrəti Mövlanənin həyatına və əsərlərinə baxanda bu sözünün "Nə olursan-ol, gəl, bizim dünyamızın gözəlliklərini kəşf et və burada özünü tap" mənasına gəldiyini rahatlıqla görmək olur.

Digər tərəfdən, Həzrəti Mövlanə özünün də ifadə etdiyi kimi, bir ayağı yetmiş iki millətin içində, digər ayağı da İslamın mərkəzində olub heç vaxt dinin hökmlərinə zidd hərəkət etməyi düşünməyən bir insandır. O, İslamın üsul və əsaslarına “nöqtəsinə, vergülünə” kimi əməl edib möhkəm bağlandığı üçün nə bir fərzi, nə bir vacibi, nə də bir sünnəti tərk etməsi mümkün deyildir. Onun Allahla dərin münasibətini nəzərə almadan təkcə sosial münasibətlər aspektindən dəyərləndirmək doğru deyil. Çünki Həzrəti Mövlanənin iki yönü var. Bir yönü, İslamın əsas prinsiplərinə sadiq bir ömür yaşamaq; digər yönü xalqın içində olub ona dini sevdirmək. Zənnimcə onu tənqid edənlər də yalnız ikinci yönünə baxır və onun ruhi-mənəvi dərinliyini ya görmür, ya da görmək istəmir.

Bu gün də könülləri Allah və insan sevgisi ilə dolub-daşan bəzi insanların ibadət və dinin əsas prinsiplərinə ciddi əməl etməklə yanaşı, bütün dünyaya yayılma arzusunu tənqid edənlər var. Bəli, bəziləri bu insanların zikir və dualarını, gecə ibadətlərini nəzərə almadan onları sırf dialoq fəaliyyətləri prizmasından dəyərləndirir, bu istiqamətdə fikir yürüdür və nəticə olaraq da onlar haqqında mənfi şeylər söyləyirlər. Halbuki insanların bir-birini yemək üçün dişini itilədiyi və dəhşətli silahlar əldə etdiyi bir dövrdə sevgi, hörmət, şəfqət və xoşgörü ilə yoğrulmuş dialoq fəaliyyətləri çox əhəmiyyətlidir. Çünki bəşərin gərilmiş və hər an partlamağa hazır olan hislərinə su səpmək istəyirsinizsə, sevginin sirli açarını işə salmalısınız. O açarın açmadığı qapı, girmədiyi könül, güldürmədiyi çöhrə yoxdur. Üstəlik unutmayaq ki, duyğu və düşüncələrinizi qaşqabaqlı bir çöhrə və qəzəblə deyil, ancaq səmimi bir təbəssümlə insanların ruhuna çatdıra bilərsiniz. Bu səbəbdən də əngin vicdanınızda hər kəsə yer olmalıdır. Belə ki, qəlb evinizə qədəm qoyan heç bir insan “ayaq üstə qalaram” deyə narahatlıq keçirməməlidir. Bunun üçün də Həzrəti Mövlanə, İmam Rəbbani, Mövlanə Xalidi-Bağdadi və Həzrəti Pir kimi, Quran və Sünnəni rəhbər bilən irşad ərənlərinin yol və üslubunu seçməliyik. Onların arasında ikinci dərəcəli məsələlərdə dövrün tələbatından irəli gələn bəzi fərqlər olsa da, bu əngin vicdanlı zatların hər biri sevgiylə oturub sevgiylə qalxmış, mərhəmətlə dolub şəfqətlə boşalmış, qəlb qapılarını hər kəsə açıb döyənə əlsiz, söyənə dilsiz və qəlb qırana könülsüz olmuşlar. O halda bu gün bizim vəzifəmiz bu tarixi şəxsiyyətlərdən nümunə götürərək əl-ələ verib sevginin bu sirli və sehrli gücündən insanlıq üçün istifadə etməkdir.

[1] Ərəb dilində “hal”, “vəziyyət” deməkdir. Zikir, kədər və sevinc kimi vəziyyətlərdə qəlbə gələn hissin adıdır və müvəqqətidir.
[2] Ərəb dilində ləzzət və dad mənasına gələn bir sözdür. Mənəvi həzz və ləzzət. Mənadan doğan ləzzət.
[3] Heyrət Allaha qarşı hərisliklə ümidsizlik arasında bir dayanacaqdır. Eyni şəkildə qorxu və riza, təvəkkül ve rica arasında bir dayanacaqdır.
[4] Sevgilinin əzəmətinin sevəni təsir altına alması.
[5] Farsca” şaşqınlıq” deməkdir. Coşqun varlıq ümmanında, ilahi təcəlli nurlarının parıltısında heyrətə dalma, özündən getmə, qərq olma halı.
[6] Aşiqin məşuqa tərəf şövqlə yürüməsi.
[7] Mənən sərxoş olmaq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.