Fitnə atəşi və dua

Fəthullah Gülən: Fitnə atəşi və dua

Sual: “Mumtəhənə” surəsinin “Ey Rəbbimiz! Bizi kafirlərlərin əlində fitnə vasitəsi etmə! (Bizi onların təzyiq və işgəncələri ilə üz-üzə qoyma!) Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!”(“Mumtəhənə” surəsi, 60/5) məallı ayəsi bizə nələri öyrədir?

Cavab: Əvvəlki ayədə Həzrət İbrahimin (ala nəbiyyinə və aleyhissalam) adı çəkilməsi bu duanın ona aid oluğunu xəbər verir. Həmin ayədə Allah-taala Həzrət İbrahim və ardıcılları haqqında buyurur: “İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir” (“Mumtəhənə” surəsi, 60/4). Məallarla, ələlxüsus da bəsit və səthi məallarla Qurani-Kərimin həqiqi dərinliyini və ənginliyini anlamaq mümkün deyil. Bu səbəbdən məsələyə aydınlıq gətirməyə çalışaq və ayənin məzmununu bir qədər ətraflı izah edək: “Həzrət İbrahim və ümmətinin mükəmməl həyatında − sözlərində, hərəkət və davranışlarında istənilən gözəl örnəyə rast gələ bilərsiniz. Çünki onlar gözəl örnəklərin canlı mücəssəməsidir”.

Burada Allah-taala əvvəlcə Həzrət İbrahimin müstəsna məqamını vurğuladıqdan sonra növbəti ayədə onun həyatından sözügedən duanı nümunə verir ki, biz də örnək götürək.

Geniş məzmunlu söz – fitnə

Həzrəti İbrahimin bu duasını izah edərkən “fitnə” sözünün mənasına baxmaq da vacibdir. Ona görə də, ilk öncə “fitnə” sözünün mənasına baxaq. Ərəblərin “qızılı daş-torpaqdan ayırma” işini ifadə etmək üçün işlətdikləri “fitnə” sözü ümumiyyətlə “yoxlamaq, sınaqdan keçirmək, filizi putada əritmək, xası xamdan ayırmaq” (Bax: İbn Mənzur, “Lisanül-Ərəb”, 13/317) mənalarına gəlir. Ancaq dini ədəbiyyatda fitnə sözünün istifadə sahəsi genişdir. Məsələn, iğtişaş törətməyə, təfriqə salmağa, hərc-mərcliyə səbəb olmağa və insanları bir-biri ilə üz-üzə gətirməyə fitnə deyildiyi kimi, axirət səadətini təhlükəyə atan maddi və cismani arzular, mal-mülk, ailə, övladlar, sağlamlıq, cavanlıq, məqam-mənsəb kimi bir mənada imtahan sayılan nemətlər də fitnə adlandırılmışdır. Həmçinin, inanclı insanların inandıqları dəyərlərə görə zülm, işkəncə və təzyiqlərə məruz qalmaları, din-diyanətə zidd əməlləri işləməyə məcbur edilmələri, müsəlman kimi yaşadıqları üçün məhkəmələrdə süründürülmələri, zindanlara atılmaları, sürgün edilmələri də fitnə sayılır. Fitnə sözünün sözügedən ayədə ifadə etdiyi məna isə bu son tərifə uyğun gəlir.

Bəzi hallarda fitnə sözünün yerində işlədilən “imtahan” kəlməsi də fitnə məfhumunun izahında əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, imtahan sözünün kökü “möhnət”dir. Möhnət də gümüşün odda əridilib saf hala gətirilməsi mənasında işlədilir (Bax: əz-Zəbidi, “Tacül-arus”, 36/153). Məsələyə bu aspektdən baxanda aydın olur ki, uca bir məfkurə yolunda addımalayan insanlar müxtəlif fitnə və möhnətlərə məruz qalacaqlar; din, dəyanət, əxlaq və fəzilətə düşmən kəsilənlər onların öz dəyərlərini yaşamasını və yaşatmasını istəməyəcək, onları yollarından döndərməyə və özlərinə oxşatmağa çalışacaqlar.

Həzrət İbrahim və onun ümməti də haqq yolunda ixlaslı və qətiyyətli olduqlarına görə kafir və facirlərin zülmünə, işkəncəsinə məruz qalmış, el-obasından didərgin salınmış, oda atılmışdır. Həzrət İbrahim də möminlərin bir rəhbəri kimi əllərini açmış və onlarla birlikdə “Ey Rəbbimiz! Bizi kafirlərlərin əlində fitnə vasitəsi etmə! (Bizi onların təzyiq və işgəncələri ilə üz-üzə qoyma!) Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!”deyərək zalımların zülmündən qurtuluş diləmişdir. Bu duada əslində insan fitrətinin acizliyi və zəifliyi dilə gətirilir. Çünki imtahan çox çətindir. İnsan bəzən dəmir zindan üstündə verilən işgəncələrə və bədəninə basılan dağlara tab gətirə bilmir. Ona görə də Həzrət İbrahim böyük fərasəti ilə bu cür bəla və müsibətlərdən Allah sığınmışdı.

Haqq yolun taleyi

Əslində, bəla, müsibət, fitnə və möhnətlər Haqq yolunun dəyişməz taleyidir. Çünki insan tutduğu yolda nə qədər mətin dayanır və qətiyyət göstərirsə, əhli-zəlalət və əhli-küfrdən o qədər zülm görür. Qarşı tərəf imanınızdan, haqq məfkurəniz və əməllərinizdən narahat olmağa başladısa, nə vaxtdsa əllərini yaxanızdan çəkəcəyini sanmayın.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) “Ya Rəsulallah! Ən şiddətli bəlalara məruz qalanlar kimdir?” sualının cavabında: “Peyğəmbərlər, onlardan sonra da mənəvi dərəcələrinə görə digər insanlar” (Bax: Tirmizi, “Zöhd”, 57; İbn Macə, “Fitən”, 23) deyə buyurmuşdur. Hədisdə də bildirildiyi kimi, ən şiddətli, ən çətin, ən ağır imtahanlara üzləşənlər peyğəmbərlərdir. Ardınca mənəvi dərəcələrinə görə digər möminlər. O baxımdan əgər biz peyğəmbərlərin üzləşdiyi imtahanlara məruz qalsaydıq, dözməyə gücümüz çatmazdı.

İmtahanların hikmətini düzgün anlamaq

Həzrət İbrahim (əleyhissalam) fitnədən qurtuluş dilədikdən sonra “Ey Rəbbimiz, bizi bağışla!” deyərək Allah-taaladan əfv diləmişdi. Çünki mömin sırf haqq yolda olduğuna görə zülmə, bəlaya və fitnəyə məruz qalsa belə, başına gələnlərin səbəbini öz xəta və günahlarında axtarmalı və Allahdan əfv diləməlidir.

Bəli, insan başına gələn bəla və müsibətlərə Həzrət Ömər (radiyallahu anh) fəlsəfəsi ilə yanaşmalıdır. Həzrət Ömər xəliəfliyi illərində Mədinədə baş verən quraqlıq və qıtlığı öz günahından bilmiş, başını yerə qoyub “Allahım! Mənim günahlarım ucundan Məhəmməd ümmətini həlak etmə!” deyə yalvarmışdı. Kamil mömin məhz belə olmalıdır. Bir yerə ildırım düşəndə və ya bir yeri sel aparanda “Görəsən, bunlar mənim günahlarımın üzündən baş vermədi ki?!” deməlidir. Bəli, mömin məruz qaldığı bütün bəla və müsibətləri öz günahlarından bilməli və bunu kəffareyi-zünub (günahlardan təmizlənmə) səbəbi kimi görməlidir.

Digər tərəfdən, Allahın ehsan etdiyi nemətləri və qazanılan uğurları insanın özündən bilməsi şirk olub möminlərin bəzi müsibət və bəlalarla üzləşməsinə səbəb ola bilər. Çünki Allah-taala haqq yolunda görülən işlərə şirk qarışmasını istəmir. İlahi dərgahda tövhid naminə görülən işlərə şirkin qarışması qədər böyük günah və çirkin əməl yoxdur.

Şirk təkcə daşdan, ağacdan düzəldilən bütləri, totemləri Allaha şərik qoşmaq, Lat, Mənat və ya Uzzaya ibadət etmək deyildir. Bunlar açıq-aşkar şirkdir. Bir də gizli şirk var. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisində “Sizə görə ən çox narahat olduğum şey kiçik şirkdir” buyurmuş, səhabələrin: “Kiçik şirk nədir?” sualına isə: “Riyadır”, − cavabını vermişdi (Əhməd ibn Hənbəl, “əl-Müsnəd” 5/428, 429; ət-Təbərani, “əl-Mücəmül-kəbir” 4/253).

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) başqa bir hədisində isə bu kiçik şirk haqqında belə buyurmuşdur: “Şirk qaranlıq gecədə qara daşın üzərində yeriyən qarışqanın ayaq izindən də qədər görünməzdir” (Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, IV/403; İbn Əbi Şeybə, “əl-Müsənnəf”, VI/70). Demək, riya o qədər gizli şirkdir ki, əksər hallarda insanın ondan xəbəri olmur, nəticədə də ibadətləri və haqq yolunda gördüyü işlər hədər olub gedir.

Haqq yolun yolçuları gördükləri işlərə şirk qarışdıranda bəzən Cənabi-Haqq əhli-zəlalətin əli ilə onların “qulağını çəkir”. Əsərlərdə (Risaleyi-nur), istər “Şefkat tokatları”ndan bəhs edilən hissədə, istərsə də “Lahikalar”da Həzrət Ustad bu məsələ ilə əlaqədar çoxlu misallar çəkir. Üstəlik, unutmayaq ki, başa gələn bəlalar günahın böyüklüyü ilə düz mütənasibdir. Xəta və günahın böyüklüyünə görə verilən cəza “şəfqət şilləsi” də ola bilər, “nikmət/əzab şilləsi” də...

Qədərin ədaləti

Ona görə də, görülən işlərə eqosentrik (özünəsitayiş) düşüncələrin qarışması, məsələn, bir nəfərin qələmə aldığı yazını bəyənməsi və ya bir adamın öz pulu ilə tikdirdiyi binaya görə xalqdan alqış gözləməsi həm ilahi cəzaya, həm də çəkilən zəhmətin, tökülən tərin hədər getməsinə səbəb ola bilər. Üstəlik bunların bir nəticəsi olaraq Allah da möminləri fitnəyə düçar edib kafirlərin əli ilə cəzalandıra bilər. Burada əhli-zəlalət zülm etsə də, tale ədalətli davranır. Bu cür əziyyətlər günahlara kəffarədir. Ancaq unutmayaq ki, bu cür fitnə və imtahanın günahlara kəffarə olmasının da müəyyən şərtləri var.

Əgər möminlər öz xətaları ucundan əziyyətlərə məruz qaldıqlarını anlasalar, tövbə və isteğfarla Allaha yönəlsələr, “Tövbələr olsun, ya Rəbbi! Milyon dəfə əstağfirullah!” deyə peşman olaraq Ona yalvarıb-yaxarsalar, başlarına gələn fitnə günahlarının bağışlanmasına vəsilə ola bilər.

Belə ki, Həzrəti Pir əhli-zəlalət və əhli-dünyanın ona nəyə görə zülüm etdiyini anladığını, bunun səbəbini də iman və Quran yolunda gördüyü işləri özünün maddi-mənəvi kamilləşməsinə alət etməsi ilə izah etmişdir. (Bax: Bədiüzzaman, Emirdağ lahikası – 2, s. 73-74) (Onun iman və Quran yolunda elədiyi xidmətləri özünün maddi-mənəvi kamilləşməsinə alət etdiyinə dair heç nə bilmirəm. Amma o özünü sorğu-suala çəkir və məsələyə bu cür yanaşırdı.) Demək, insan Allah yolunda gördüyü işlərin müqabilində nə dünyəvi, nə də üxrəvi mükafat gözləməməlidir. Bəli, insan nə xalqdan təqdir və alqış gözləməli, nə də “mənən yüksəlim, Cənnətə girim, Firdövsə qədəm basım” kimi mənəvi məqamlar, üxrəvi mükafatlar ummalıdır.

Əks halda çəkilən əzab-əziyyətlər, çətinliklər və məşəqqətlər günahlara kəffarə olmaya bilər. Məsələn, fitnəyə məruz qalan insan “Mən Allah yolunda canla-başla çalışıram. Neylədim ki, başıma bunlar gəldi?” deyib bir tərəfdən nöqsan və qüsurlarını görmür, digər tərəfdən halından şikayət edirsə, çəkdiyi sıxıntılar bihudə gedər. Üstəlik, Allah qorusun, taleyindən narazılıq göstərdiyinə və Allahdan şikayət etdiyinə görə günah işləmiş olar.

Rəbbim son nəfəsədək Onun yolunda olmağı, həyatımızı tövbə və isteğfarla nurlandırmağı, pak və tərtəmiz şəkildə dünyadan getməyi nəsib etsin!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.