Əsirlərin dağınıtısını aradan qaldırmaq
Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün gərək onun bütün şərt və rüknləri tam şəkildə yerinə yetirəsiniz. Əgər onlardan birini yerinə yetirməsəniz, namaz batil olar. Dəstəmaz almasaq və ya iftitah təkbiri deməsək, ya da qibləyə tərəf durmasaq, digər bütün şərtləri yerinə yetirsək belə, namaz batil sayılar. Hətta namazın Allah dərgahında məqbul olması, axirətdə bəndənin dadına çatması və qəbirdə dost olması batini rüknlərinə, yəni hüdu və xüşuya riayətdən asılıdır. Zahiri şərtlərlə yanaşı, daxili rüknlərin də yerinə yetirilməsi vacibdir. Əks halda, namazı layiqincə yetirməmiş olarıq. Bu qayda digər ibadətlərə də şamil olunur.
İnşa və bərpa
Bir binanın inşa və ya bərpasına da eyni aspektdən yanaşmaq olar. Təsəvvür edin: dahi Memar Sinan (məkanı behişt olsun) Səlimiyyə camesini qısa vaxtda – altı ildə tikib qurtarmışdır. Ədirnə işğal ediləndə bolqarların topları ilə müxtəlif yerlərində çatlaq və yarıqlar əmələ gələn bu camenin bərpa işləri isə yeddi-səkkiz il çəkmişdir. Ancaq atılan bir bomba və ya baş verən bir zəlzələ bu möhtəşəm sənət əsərinin qısa vaxtda dağılmasına səbə ola bilər.
İnsan vücudunda da təmir və təxrib işləri gedir. Bəzən qida ilə birlikdə qəbul edilən zəhər beyinin neyronlarına təsir edir və insan yuxu vaxtlarını bir-birinə qarışdırır. Zəhərin zərərini dəf etmək, sağalmaq üçün uzun müddət müalicə almaq lazımdır.
Kökə enmək
Xüsusilə, son iki-üç əsrdə toplumumuz da böyük zərər görmüş, hər tərəfi xarabalığa çevrilmişdir. Əbdülhaq Həmidin misraları bunu gözəl təsvir edir: “Eyvah! Nə yer, nə yar qaldı, / Könlüm dolu ahu-zar qaldı”. Ziya paşa deyir: “Eyvah, bu baziçədə (oyun) bizlər yenə yandıq, / Zira ki, ziyan ortada, bilməm nə qazandıq”. Mehmet Akifsə bu halı bu misralarla təsvir edir: “Eyvah! Beş-on kafirin imanına qandıq; / Bir uyquya daldıq ki, Cəhənnəmdə oyandıq!” Bu səbəbdən dinini, dəyərlərini unudan cəmiyyəti dikəltmək, dirçəltmək və onu islah etmək üçün böyük əmək sərf etmək lazımdır.
Çatlayan, sınan, parçalanan və mübarək parçaları sağa-sola səpələnən bu abidənin mahiyyətinə uğun şəkildə yenidən ucaldılması maddi-mənəvi zövqlərini, şəxsi xoşbəxtliyini fəda edən insanların ciddi cəhd və səylərindən asılıdır. Ərəbcə bir misrada deyildiyi kimi “Nə qədər əziyyət çəkilirsə, o qədər də uğur əldə edilir” (əl-Münavi, “Feyzül-qadir” IV, 505). Daha aydın desək, maddi-mənəvi uğur əldə etmək, zirvələrə yüksəlmək və zəfər qazanmaq ancaq cəhd və səydən, cəhd və səyin lazımi yerlərdə ortaya qoyulmasından asılıdır. Unutmayaq ki, kökdən gəlməyən, kökə enməyən, kökünə bağlı olmayan və xalqın dəstəyini almayan bir hərəkat toplumun islahı və yenidən dirçəlişi istiqamətində səmərəli və davamlı addımlar ata bilməz. İddialı şoularla ortaya atılan neçə-neçə hərəkat üçcə addım o tərəf gedə bilməmiş, yorulub yollarda qalmış və dağılıb getmişdir. Bəli, toplumun islahına əlverişli zəmin hazırlamaqda, maneələri aradan qaldırmaqda siyasi xadimlərin dəstəyi və təşəbbüsləri müəyyən rol oynaya ola bilər. Onların dəstəyi toplumun islahı üçün çalışıb-çabalayan insanların işini yüngülləşdirə və sürətləndirə bilər. Və siyasi xadimlərin, idarəçilərin bu dəstəkləri təqdirəşayandır. Ancaq “təmir” işində məsələnin mahiyyətinə enmək, onu kökündən həll etmək və xalqın dəstəyini almaq mühüm əhəmiyyət daşıyır. Ona görə də “Bismillah” deyib işin “əlifba”sından başlamaq lazımdır. Çünki cəmiyyətin islahı fərdlərin islahından asılıdır. Unutmayaq ki, cəmiyyəti təşkil edən bütün müəssisələr və institutlar islah etmədən cəmiyyəti islah etmək mümkün deyil.
Maddi-mənəvi zövqlərindən keçən islahçılar
Bu cür təmir və islahı həyata keçirmək istəyənlər məqsədlərinə çatmaq üçün ömürlərini bu yola fəda etməlidirlər. Belə ki şəxsin və ya ailənin mənafeyinə xidmət edən bəzi böyük layihələr uğursuzluqla nəticələnmişdir. Uğursuzluğu bir yana qalsın, üstəlik uca məfkurənin adına ləkə gətirmişdir. Çünki Həzrət Pirin sözü ilə desək, əgər siyasət və hökümət, yaxud da bir təşkilat şəxsi mənfəətlərə xidmət edirsə, deməli, işin içində zülm var (Bax: Bədiüzzaman, “Sözlər” səh. 770 (Ləmaat)). Belə olduqda insanlar və ya təşkilatlar bir-birini qaralamaqla, pisləməklə məşğul olarlar. Bəli, ortada mənfəət düşüncəsi varsa, kütlələr arasında çəkişmə və qarşıdurma qaçılmazdır. Bu da toplumun tərəqqisinə bir fayda verməz. El-aləm tərəqqi edər, irəli gedər, siz isə heç vaxt asılılıqdan qurtula bilməzsiniz. Asılılığa son qoymaq üçün bir yol var, o da təmənnasız, sırf Allah rizası və millət uğrunda gecə-gündüz çalışmaqdır.
Yaşatmaq idealı ilə yaşayanlar böyük layihələr hazırlamalı, böyük planlar cızmalıdırlar. Hətta əlli-altmış illik planları, layihələri qabaqcadan hazır olmalıdır. Allah insana çoxlu qabiliyyətlər vermişdir. Bu qabiliyyətlərdən yaxşı istifadə etməli, özümüzü dar bir məkana həbs edərək istedad və qabiliyyətlərmizin qol-qanadını qırmamalıyıq. Üstəlik həyata keçirdiyimiz fəaliyyətlərlə kifayətlənməməli və hər mərhələdə fərqli yollar taparaq dünyanın hər tərəfinə yayılmağa çalışmalıyıq.
Səhv başa düşülməsin, bu, dünyanı işğal etmək, imperiyaları dağıdıb yeni imperiya qurmaq demək deyil. Əksinə burada əsas niyyət fərqli millətlərlə sağlam, sıx və səmimi qonşuluq münasibəti quraraq bir tərəfdən onlarla mədəni mübadiləni həyata keçirmək, digər tərəfdən humanizmin fövqündə dayanan bəzi insani dəyər və düşüncələri onlara çatdırmaqdır. Çünki qloballaşan dünyada xaqlarla bu cür sıx münasibət və əlaqələr qurulmazsa, dünya dözülməz Cəhənnəmə dönər. Vəhşətdən başqa bir şey düşünməyən, insanları öldürmək və öldürdükləri insanların yerinə keçmədən başqa planı, məqsədi olmayan, insanların bir-birinə düşmən edərək tiranlığını davam etdirmək istəyən zalımların hakimiyyəti davam edər. Ancaq unutmayaq ki, bu qoca dünyanın kinə, nifrətə, düşmənçiliyə və düşmənçiyin təbii nəticəsi olan dəhşətli silahlara artıq taqəti qalmayıb. Bu nifrət dalğasının qarşısı sevgi, tolerantlıq və dialoqla alınmasa, qorxunc hadisələrin baş verməsi, qiyamətin qopması qaçılmazdır.
Ona görə də biz “təmiri”, islahı, qardaşlığı və yaşatmağı seçməliyik. Bu yolda ölümlə təhdid edilsək də, təvəkküllə qarşılamalı, zahirən çirkin olan hadisələrin üstünə təbəssümlə getməliyik. Bəşəriyyətin qurtuluşu naminə lazım gəlsə, özümüzü həyatın zövqlərindən məhrum etnəliyik. Üstəlik Allah-taalanın hizmət üçün bəxş etdiyi nemətləri heç vaxt öz mənfəətimizə sərf etməməliyik. Çünki dünyanı dirçəltməyi özünə borc bilən insanların öz mənafeyini güdməsi çirkin bir hərəkət olub insanlıqla bir araya sığımır. Hətta bu yolda Cənnət düşüncəsi ilə məşğul olmağı belə məfkurəmizə hörmətsizlik saymalıyıq. Bir yol tapıb yeni nəslə bu duyğunu aşılamalıyıq. Çünki dünyanı bu duyğu və dünşüncəni mənimsəmiş nadir və seçilmiş insanlar dəyişdirəcək.
Könül qapılarının sirli açarı – sevgi
İztirab islah və “təmir” lahiyələrini hazırlama və bu layihələri həyata keçirmək üçün mühim hərəkətverici qüvvələrdən biridir. Bu gücə sahib insanlar, Allahın izni və inayəti ilə “təmir”lə umduqları nəticəni əldə edəcəklər. Ona görə də gəlin Allahdan bir az iztirab diləyək. Millətin, İslam aləminin dərdini çəkmək üçün iztirab diləyək. “Allahım, ürəyimizə iztirab qoru at!” deyə yalvaraq. Oturanda, duranda, uzananda, yeriyəndə – hər an bəşəriyyətin problemlərini düşünək və həll yolları axtaraq.
Dində asanlıq prinsipi əsas olsa da (Bax: Buxari, “İman” 29; Nəsai, “İman” 28), “beyin memarları”nın işi çox ağırdır. Şairin dediyi kimi, onlar “beyinlərini burunlarından qusmalıdırlar”. Çünki onların gözünün içinə baxan, onların sözü ilə oturub-duran və bir az da kütlə psixologiyası isə hərəkət edən nə qədər insan var. Ona görə də onlar yaşamaqdan çox yaşatmağı düşünməli və bu məfkurə ilə nəfəs almalıdırlar. Bu məsələdə qarşımıza yüksək hədəflər qoymalı və məsələyə bütün bəşəriyyətin problemi kimi baxmalıyıq. Əgər qloballaşan dünyada məfkurənizin bayrağı hər yerdə dalğalanmasa, istədiyiniz yerə gələ bilməz və arzuladığınız təmiri həyata keçirə bilməzsiniz. Haqqınız olan yeri belə sizə haram edərlər. Ona görə də millətimiz dünya milləti kimi hərəkət etməyə məcburdur.
Bu yolun yolçuları daim yumşaq və mülayim olmalı, könüllərə sevgi dili ilə yol tapmalıdırlar. Çünki sevginin dili elə bir sirli açardır ki, onunla bütün paslı qıfılları açmaq olur. Bu dildən düzgün istifadə etsəniz, bütün qapıları açar, hər mütəmərridin ürəyinə yol taparsınız. Bir atalar sözündə deyilir: şirin dil ilanı yuvasından çıxarar. Tütəkçinin barmaq hərəkətləri və ya ifa etdiyi mahnı kobranı rəqs etdirirsə, mənə elə gəlir, ruhani davranış və hərəkətlər də düşmənçilik hislərini əridər: Quranın buryurduğu kimi, sizin düşmən bildiyiniz insanlar belə yaxın dost olar (Bax: “Fussilət” surəsi, 41/34) və “Biz də elə sizi gözləyirdik” deyərlər.
Bügün verilən nemətlər gələcəkdə veriləcək nemətlərin ən inandırıcı dəlilidir
İndiki nəsil məsələnin mahiyyətini tam dərk etməsə də, inanan insanların gördüyü bu “təmir” işi eyni zamanda dünyanın da “təmiri” deməkdir. Belə ki, otuz il əvvəl də o dövrün insanları hər tərəfə yayılan sevgi fədailərinin bir gün dünyanı bugünkü vəziyyətə gətirəcəklərinə inanmamışdılar. Ancaq bu gün hər bir insaflı adam dünyanın yüz yetmiş ölkəsinə gedən və oralarda ölkəsinin fəxri səfiri kimi çalışıb-çabalayan insanların gördükləri işləri təqdirlə qarşılayır və alqışlayırlar. İyirmi beş-otuz il sonrasını indidən görmək asan deyil. Əvvəlki paklıq və səmimiyyəti qoruyub saxlasaq, təmənnasızlıq və adanmışlıq ruhunu davam etdirsək, yeni bir dirçəlişin dünya miqyasında gerçəkləşməsi qaçılmazdır.
Yenə də unutmayaq ki, Allahın (cəllə cəlaluhu) keçmişdə insanlara gördürdüyü gözəl işlər, hizmətlər, bəxş etdiyi uğurlar gələcəkdəki hizmətlərin və uğurların ən inandırıcı dəlilidir. Keçmişdə baş verən şeylərin bu gün təkrar baş verməməsi üçün bir səbəb yoxdur. Əsas məsələ səhabələr kimi çalışmaq, onlar kimi yüksək mənəviyyata sahib olmaq, heç vaxt “köhnəlmə”dən, “nimdaşlaşma”dan və “ölgünləşmə”dən mənən fəal və gümrah qalmaq, yeni layihələr ortaya qoymaq və bu layihələri həyata keçirmək üçün bütün imkanlardan istifadə etməkdir.
- tarixində yaradılmışdır.