Düşüncə və aksiyon vəhdəti

Sual: İş və fəaliyyətlərin bir plan və proqram əsasında həyata keçirilməsi mühüm bir prinsip kimi qəbul edilir. Digər tərəfdən isə "aksiyon öncəlikli" bir düşüncədən bəhs olunur. Bu iki xüsusu qarşılaşdırarkən aksiyon öncəliklə bir düşüncəni necə başa düşməli və necə tətbiq etməliyik?

Cavab: Həm dünyəvi, həm uxrəvi cəhətdən insanlara faydalı olan, uzunmüddətli və möhkəm bir aksiyon ortaya qoymaq istəyən hər bir fərd bütün işlərini müəyyən kriterilər əsasında, müəyyən plan və proqram çərçivəsində görməlidir. İnanan insanın kriterisi "ədilleyi-əsliyə"dir, yəni Kitab, Sünnə, icmayi-ümmət və qiyasi-füqəhadır. Bununla yanaşı "ədilleyi-taliyə" və ya "ədilleyi-zamaniyə" adlanan "məsləhət", "istehsan", "ənənə"dən ibarət xüsuslar da var. İctihad və istinbat bunlar əsasında ortaya qoyulur. Lakin bir şeyi unutmayaq ki, bütün bu ictihad və istinbatlar əsas qaynaqlardan çıxan "uclar"ı dəyərləndirməklə aparılır. Yoxsa böyük müctəhidlər necə gəldi, ağıla gələn kimi hökm verməmişlər. Üsuli-fiqh istilahı ilə desək, onlar bir "maqisun-əleyh"ə[1] söykənərək müqayisə aparmış və ya ictihad etmişlər. Bunu da qeyd edək ki, o böyük şəxsiyyətlər bu çətin işi həssaslıqla, ehtiyatla həyata keçirmişlər.

İcmali plan

Qayıdaq əsas mövzuya. Bəli, işin başlanğıcında müəyyən kriterilər əsasında bir plan hazırlamaq lazımdır. Lakin fəqir (özünü nəzərdə tutur) bu plana həmişə icmali bir plan kimi baxır. Necə ki, insan iman edərkən iman dairəsinə ilk öncə icmali biliklə girir. Yəni bidayətdə icmali biliklə "Allah var, o, Xaliqi-əzəm və Xaliqi-aləmdir" deyir, məsələni bu şəkildə qəbul edir. Lakin vaxt ötdükcə səviyyə və yaşa-başa görə təkvini əmrlərin şərhini nəzərə alaraq daha fərqli istidlal[2] yolları ilə təfərrüata baş vurur və bu mövzuda dərinləşməyə çalışır. İnsan bir aksiyon və fəaliyyətə başlayarkən əvvəlcədən icmali bir plana, proqrama malik olmalı, ondan sonra yola çıxmalıdır.

Yaxşı bəs, "icmali plan" deyəndə nəyi nəzərdə tuturuq? Məsələn, bir möminin inandığı, mənimsədiyi təməl dəyərlər var. O, bu dəyərləri, bu gözəllikləri hər kəsə çatdırmaq istəyir, oturanda da, duranda da: "Kaş sevdiyimi sevsə qamu xalqı-cahan/Sözümüz cümlə həman qisseyi-canan olsa!.." deyir. Bu düşüncə bu dəyərləri, bu gözəllikləri yer üzündə hər könülə, bəşəriyyətin hər fərdinə çatdırma naminə icmali bir fikir və təsəvvürün olduğunu göstərir. Lakin hər bir diyarın özünəxas şəraiti, mədəniyyəti, ədət-ənənələri var, bunları nəzərə almaq da "təfsilatlı düşüncə" və təfsilatlı plan və proqramdan asılıdır. "Aksiyon öncəlikli düşüncə" də əslində elə budur. Yəni icmali bilik, plan və proqram həyata keçirilməli, aksiyon və fəaliyyətə çevrilməlidir. Bu da nəticə etibarilə aksiyonun təfsilatlı plan və düşüncəyə rəhbərlik, bələdçilik etməsi deməkdir.

"Bunlar Onun varisləridir"

Gəlin mövzunu bir az da izah etməyə çalışaq. Deyək ki, siz insanlığa ərməğan edilən səmavi dəyərlər mənzuməsinə ürəkdən inanır, bunu həqiqi mənada vicdanınızda dərindən hiss edirsiniz. Əlbəttə, belə bir imanın nəticəsi olaraq bu dəyərlər mənzuməsini bütün dünyaya tanıtma arzusundasınız. Bunu edərkən məqsədiniz dininizi el-aləmə nə propaqanda, nə missionerlik, nə də zorakılıqla qəbul etdirmək deyildir. Çünki inandığınız dini hal və hərəkətlərinizlə, özünəxas rəngi ilə, naxışı ilə təmsil etməsəniz, gördüyünüz iş özünüzü aldatmaqdan başqa bir nəticə verməyəcək! Bu səbəblə sizə deyirlər ki, qoy hər şeyi davranışlarınız anlatsın, kamil davranışlarınız çatdırsın! Davranışlarınız qarşı tərəfin vicdanına təsir etsin. Sizə baxanlar hərəkət və davranışlarınızda, oturuşunuzda-duruşunuzda, baxışınızda, danışığınızda Allahı xatırlasın, "Allah" desin; desin və qəlblərdə "Bu insanlar elə-belə insanlar deyil, boş yerə addım atmırlar" fikri mayalansın. Belə sağlam qayda və bünövrə üstünə oturdulan şeylər Allahın izni və inayəti ilə Rixter cədvəli ilə on ballıq zəlzələ də olsa, yıxılmaz. Lakin ən bəlağətli ifadə və bəyanlarla ifadə olunan təmsillə dərinləşməyən irşad və təbliğ üç ballıq zəlzələdə də yerlə-yeksan ola bilər. Dolayısilə, söz çox əhəmiyyətli deyil. O, hərəkət və davranışın ifadəsi olmaqla nisbi dəyər ifadə edir. Ancaq xarakterə hopmuş, insan təbiətinin bir dərinliyinə çevrilmiş təmsil insanlarda maraq oyadır və təsirli olur.  Məsələn, siz arpa qədər harama da əl vurmursunuz. Hətta hədsiz ehtiyacınız olanda da eyni iradə ilə eyni cür hərəkəti edirsiniz. Bu bir olur, iki olur, üç olur… və nəhayət, insanların diqqətini cəlb edir. Hz. Pir Seyid Taha və Hacı İlyasla birlikdə Xaliçdən keçərkən başını aşağı əyir və gözlərini qoruyur. Seyid Taha və Hacı İlyas buna təəccübləndiyini bildirəndə Hz. Ustad belə cavab verir: "Luzumsuz, müvəqqəti, günahlı zövqlərin aqibəti əzablar, təəssüflər olduğuna görə, istəmirəm".

Bu məqama, bu əxlaqa bir ömür boyu sadiq olmaq çox vacibdir. Bəli, sizin davranışlarınıza qırx il göz qoyandan sonra: "Allah, Allah! Bunlar peyğəmbər kimi insanlardır. İsmət, sədaqət, əmanət, təbliğ, fətanət kimi peyğəmbər vəsflərinə sahibdirlər. Xatəmul-ənbiya Həzrəti Məhəmməd Mustafadan (sallallahu əleyhi və səlləm) sonra peyğəmbər gəlməyəcək, demək ki, bunlar Onun varisləridir" deməlidirlər. Müxatəbiniz olan insanlara bu sözləri dedirdəcək keyfiyyətə, üfüqə yüksəlməyə çalışmalısınız.

Üstəlik insanların İslamın o parlıq çöhrəsinə qara yaxmağa çalışdığı bir dövrdə siz müəyyən yanlışları düzəltmək üçün, öz dəyərlərinizi düzgün təmsil etmək naminə ölənə qədər cəhd və səy göstərməlisiniz. Məsələn, bu gün heç cür caiz olmayan canlı bombalar məsum insanların ölümünə yol açır, hər ağlına gələn müharibə elan edir, qüvvələr qeyri-bərabər ola-ola ora-bura bir-iki raket atmaqla günahsız insanların üstünə onlarla, yüzlərlə raketin yağmasına səbəb olurlar. Siz bütün bunların müqabilində bu hadisələrin heç birinin Müsəlmanlıqla əlaqəsi olmadığını hər kəsə çatdırıb izah etməlisiniz. Çünki İslam həyatın heç bir sahəsini boş buraxmamışdır. O, zülm və haqsızlıqla məşru dairədə mübarizə aparma qaydalarını da açıq-aydın bəyan etmişdir. Məsələn, İstiqlal Müharibəsində olduğu kimi, xalqı idarə edənlər bir heyət təşkil edir və müharibə qərarını da onlar verirdilər. Xalq da onların verdiyi qərarlara tabe olur, ölkənin hər tərəfində bu qərarı yerinə yetirir, məşru çərçivədə mücadilə aparırdı.

Bəzilərinin kirlətdiyi İslamın o parlaq çöhrəsini olduğu kimi, bütün parlaqlığı ilə aləmə göstərmə kimi icmali bir planımız olmalıdır. Bu planın təfsilatına gəlincə, dünyanın hər tərəfinə yayılıb İslamı düzgün təmsil edərək "Belə Müsəlmanlar da varmış!" dedirtməliyik. Əlbəttə, bunu öz adımıza dedirtmək riya olar. Amma Müsəlmanlıq adına dedirtməyə gəlincə, bu bir vəzifədir. Yəni İnsanlığın İftixarı və Raşid Xəlifələrin - canımız Onlara fəda olsun - bizə əmanət etdiyi həqiqi Müsəlmanlığı gerçək mahiyyəti ilə cahana çatdırmaq bizim borcumuzdur. Bəli, müasir insanın düşüncəsindən buğulu, sisli, paslı Müsəlmanlıq təsəvvürünü silməli, gerçək Müsəlmanlığı mahiyyəti-nəfsül-əmriyyəsinə (Haqq qatındakı həqiqi mahiyyəti) uyğun dərinliyi, nurəfşan çöhrəsi ilə ortaya qoymalıyıq...

Məsələn, dünyanın hər yerində məktəb və mədəniyyət ocaqları açaraq, o müəssisələrdə oxuyan tələbələri onların ailələlərini ziyarət etmək üçün körpü sayaraq, müəyyən günlərdə bəzən halva, bəzən aşura, bəzən böyrək, bəzən künəfə bişirib "Bunlar Türk mədəniyyətinin nümunələridir. Biz bunları bişirib qonşularımıza paylayırıq" deyərək fərqli din və mədəniyyətə mənsub insanlar arasında körpülər salmağa, onlarla yaxınlaşmağa və yanlış fikirlərlə meydana gəlmiş uçurumları aradan qaldırmağa çalışmalıyıq. Beləcə dəryalar üstündə körpülər salmaqla və dağlar arasında keçidlər açmaqla bir daha qəlb qapılarını döyərək o qəlblərlə Allah arasında olan maneələri aradan qaldırmağa, qəlblərin bir daha fitri olaraq Allahla qovuşmasını təmin etməyə səy göstərməliyik.

Alternativ düşüncə və layihələr

Bəli, getdiyiniz yerlərin insanları siz fərqinə varsanız da, varmasanız da sizinlə yuxudan maraqlanır, sizi əlli dəfə yoxlayırlar. Məsələn, bəzi bədniyyətli insanlar gedib sizi xaricdə qaralamaq istəyəndə bu cavabı almışdılar: "Biz on ildir bu insanları dinləyirik. Sizin dediyinizin heç birini onlarda görmədik. Heç aritmiyaya rast gəlmədik. Onların nəbzi həmişə eyni cür vurur". Gördüyünüz kimi, onlar bu sözləri ilə sizin müdafiəçiniz oldular. Əgər bəzi yerlərdə müəyyən tıxanmalar olmuşdusa, bu da özümüzü tam şəkildə ifadə edə bilməməyimizdən, ifadədə bəzi qüsurlara yol verməyimizdən qaynaqlanır. Bu məqamda bir xüsusu da vurğulaya bilərik: Gözlənilməz mənfi hadisələri müsbətə çevirə bilən, mənfiliyə müsbətlik gətirə bilən alternativ plan və proqramlar həmişə olmalıdır.

Bəli, dəyişən şərtlərə görə mövcud vəziyyəti bir daha nəzərdən keçirib o şərtlərə uyğun alternativ plan və layihələr ortaya qoymaq lazımdır ki, buna da "təfsilatlı plan" deyə bilərik. Eyni zamanda bu, "aksiyon öncəlikli düşüncə" deməkdir. Bəli, bir tərəfdən "icmali plan"ınız, müəyyən təməl əsaslarınız olmalıdır və fəaliyyətlərinizi onun üstündə bina etməlisiniz. Ancaq bununla yanaşı müəyyən bir zamana aid açıq uclar da buraxmalı və alternativ plan və layihələriniz də olmalıdır ki, şərtlər uyğun gələndə tətbiq edəsiniz. Fərqli mədəniyyətləri nəzərə alaraq o insanları dil, din, dünyagörüş, əşya və hadisələrə baxışları aspektində tanıdıqca, öyrəndikcə aksiyonunuz çərçivəsində "burada belə bir şey etmək olar, filan yerdə belə bir şey ola bilər" deyə, getdiyiniz ölkənin şəratinə görə müxtəlif alternativlər ortaya qoya və Allahın izni və inayəti ilə yeni düşüncə sistemləri inkişaf etdirə bilməlisiniz.

Xülasə, başlanğıcda səthi düşünən insan müntəhada daha əngin və dərin düşünəcək. Ziya Göyalpın cəhalətlə bağlı dediyi sözlərlə söyləyəsi olsaq, məbdədə sadə düşünən müntəhaya doğru gedərkən mürəkkəb düşünməyə - siz buna müzaaf (bir qat artmış) təbirini də əlavə edə bilərsiniz - və nəhayət qat-qat dərin (müqab) düşünməyə başlayacaq. Yəni düşünərkən məsələyə alternativlərlə birlikdə yanaşacaq, "bu da ola bilər, bu da ola bilər, lakin bu da ola bilər" deyərək bütün alternativləri düşünüb hesaba alan bir üfüq ənginliyinə sahib olacaq. Bütün bunlar bir mənada "təfsilatlı düşüncə", "təfsilatlı plan" və "təfsilatlı layihə" mövzusunda vacib xüsuslardır.


[1] Bir məsələ haqqında hökm verərkən onu ona oxşar və və hökmü bəlli olan başqa bir məsələ ilə müqayisə etmək

[2] Dəlilə əsasən nəticə çıxarma, ümumi mülahizələrdən xüsusi nəticə alma üsulu

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.