Axtardığımız hüzur və özümüzü sorğu-suala çəkmə

Sual: Mömin istər şəxsi həyatında, istərsə təmsil etdiyi qurum və ictimai mövqeyi baxımından özünü necə hesaba çəkməlidir. Bu əxlaqın (özünü sorğu-suala çəkmə) əsasları nələrdir?

Bu gün bir çox fərdi və ailəvi problemlərə şahid oluruq. Məsələn, ailə müəssisəsində ər-arvad arasında və ya övladla ana-ata arasında ciddi mənada hüzursuzluq, anlaşımlazlıq var. Fərd və ailədən qaynaqlanan bu problemlər tədricən ictimai müəssisələrə də təsir edir və cəmiyyətdə daha dərin yaralara yol açır. Halbuki savablardan və ömrünü gözəl əməllərlə süsləyən fərdlərdən təşkil olunmuş bir cəmiyyətin "xəstə" olması mümkün deyil. Bu səbəbdən də əgər toplumda bir "xəstəlik" meydana çıxıbsa, rahatlıqla deyə bilərik ki, bu, onun molekullarından, yəni fərd və ailədən qaynaqlanır. Fəxri-Kainat Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) "cəvamiül-kəlim"[1] olan bir kəlamında bu məsələni necə gözəl xülasə edir:

كَمَا تَكُونُوا يُوَلَّى عَلَيْكُمْ

"Necəsinizsə, o cür də idarə olunursunuz" (Kenzül-ummal, 6/89). Yəni siz südsünüzsə, qaymağınız süddən, qa­tıq­sınızsa, qaymağınız qatıqdan olacaq. Əgər zəyə bənzəyirsinizsə, qaymağınız da zəy olar. Bu baxımdan əvvəla ailə müəssisəsində, ardınca da bütün cəmiyyətdə həqiqi hüzura qovuşmaq, hüzurla nəfəs almaq, hüzuru dad­maq istəyiriksə, cəmiyyəti təşkil edən fərdlər, yəni hamımız əvvəla özümüzlə üzləşməli, özümüzə baxmalı, öz xəta və qüsurlarımızla hesablaşmalıyıq.

Xidmətçi idarəçilik anlayışı

Məsələn, cəmiyyətin müəyyən problemlərinin əsas həll yollarından biri qurum və ya müəssisə nümayəndələrinin, yəni başda duran idarəçilərin

سَيِّدُ الْقَوْمِ خَادِمُهُمْ

"Bir toplumun böyüyü onlara xidmət edəndir" (Kenzül-ummal, 7/710) hədisi-şəriflə ortaya qoyulan düsturu bir "xidmət fəlsəfəsi" kimi mənimsəməsidir. Bəli, xidmət edən insanlarla birlikdə xidmət etmək Allah Rəsulunun (əleyhissalatu vəssalam) uca əxlaqıdır. Belə ki, nə vaxt bir səfərə çıxılanda, yemək hazırlamaq üçün hərə bir işin ucundan tutanda ulduzlar səki daşı kimi ayaqları altına sərilən, varlığın səbəb və qayəsi, kainatın iftixar vəsiləsi O Zat da odun toplamağı öz öhdəsinə götürüb səhabələrə qoşulardı. Madam, "usveyi-həsənə"[2] olan Peyğəmbərimizin yolu budur, elə isə bilməliyik ki, əmr etməklə, istədiyimizi yeritməklə, məcbur etməklə bir nəticə əldə etmək mümkün deyil. Buna görə də, idarəçi ilk növbədə özü görüləsi işləri görməli və beləcə işçilərini hərəkətə gətirib həmin işi görməyə təşviq etməlidir.

Ancaq bu gün bu əhəmiyyətli məsələni cəmiyyətdə kök atmış klassik əxlaq baxımından həyata keçirmək elə də asan deyil. Çünki müasir dövrdə ənaniyyət və eqoizm əksəri insanın düşüncə və hiss dünyasına hakimdir. Dolayısilə, cəmiyyətin müxtəlif sahələrində müəyyən mövqeyə gələn insanlar özlərini digər insanlardan fərqli və üstün sayır, insanlara qarşı hərəkət və davranışlarını da bu anlayışa uyğun formalaşdırırlar. Bu səbəbdən cəmiyyətdə kök atmış bu ümumi anlayışı - münasibət və davranışları birdən-birə dəyişdirmək, başqası ilə əvəz etməyə çalışmaq bir neçə mutasiyanı birdən həyata keçirmək kimidir və nəticə etibarilə bu qədər mutasiyaya məruz qalan bir varlığın yaşaması mümkün deyildir. Bəli, siz cəmiyyətin çiyninə gücü çatmayan bir yükü yükləsəniz, o toplumu həmin yükün altında əzmiş olarsınız. Elə isə zəruri məsələ bu prinsipin doğruluğuna inanan insanların - bir ovuc insan da olsa, - onu yaşatması, həyatına əks etdirməsi, öz həyatına tətbiq etməsidir. Yəni amiranə, hökmlü davranışlar əvəzinə, lazımi işləri görərək insanlara rəhbərlik edib yol göstərməkdir. Bunu bacara bilsək, bu əxlaq tədricən cəmiyyətdə yayılacaq, toplum tərəfindən də mənimsəniləcək.

Dərdə şərik idarəçi

Əslində məmurun vəzifəsi amirinə hörmət etmək olduğu kimi, böyüklərin vəzifəsi də onlara şəfqət göstərmək və hansı işi gördürmək istəyirsə, həmin işi şəxsən görməklə yol göstərməkdir. Bu haqda Allah Rəsulu (sallallahu əleyhi və səlləm) belə buyurur:

لَيْسَ مِنَّا مَنْ لَمْ يَرْحَمْ صَغِيرَنَا وَيُوقِّرْ كَبِيرَنَا

"Kiçiyimizə mərhəmət, böyüyümüzə hörmət göstərməyən bizdən deyil" (Tirmizi, Birr 15). Gördüyümüz kimi, Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) kiçiklərə şəfqət göstərməyən, onları bağrına basmayan, qucaqlamayan, qorumayan, lazımınca qayğı göstərməyən, böyüklərə qarşı da hörmət və sayğı göstərməyənlər haqda "Bizdən deyil" kimi olduqca ağır ifadə işlətmiş və beləcə məsələnin əhəmiyyətinə diqqət çəkmişdir.

Burada haşiyə veriləsi bir məsələ var: böyüyə hörmət etmək, sözünü dinləmək, tapşırıqlarını yerinə yetirmək əsasən kiçiyin, yəni idarə edilənin vəzifəsidir. Bununla yanaşı, böyüyün vəzifəsi də ondan hörmət ummamaqdır. Onun vəzifəsi əmri altındakı işçilərinə şəfqət, mərhəmət və mülayimliklə qayğı göstərmək, onların dərdi ilə həmdərd olmaq, hətta onlar (bir dərddən) inləyərsə, onlarla birlikdə inləməkdir. Məktəb müdirindən rəhbərə qədər, qəza qaymaqamından (qəza rəhbərindən) şəhər valisinə, hətta bir dövlət başçısına qədər hər hansı bir idarəçi məsuliyyət daşıdığı insanlarla o qədər yaxın, həmdərd olmalıdır ki, onların birini dərdli görəndə dərdinə şərik ola bilsin.

Bildiyiniz kimi, əqli çatışmazlığı olan bir qadın hüzuru-risalət-pənahiyə gələrək bir çətinliyi olduğunu və Onun həll etməsini istəyir. İki Cahan Sərvərinin əlindən tutan qadın yarım kəlmə etiraz eşitmədən Onu (sallallahu əleyhi və səlləm) o küçə sənin, bu küçə mənim gəzdirir. Nə istəyi varsa, Allah Rəsulunu aparıb elətdirir. Hər bir idarəçi məhz bu səviyyədə insanlarla birlikdə, onların arasında olmalıdır. Çünki siz onların içinə girməsəniz, onlar da sizin içinizdə olmaz. Siz onları deyil, onlar sizi idarə edərlər. Bu əslində elə olmadığı halda sadəcə onlara şirin, sevimli biri kimi görünməklə həll olunası bir məsələ də deyil. Əgər belə düşünürsünüzsə, bu gün əkdiyinizi gün gələr biçərsiniz - bütün planlarınız alt-üst olar. Bir də görərsiniz ki, sizə xoş görünən insanlar xoşagəlməz olub, sevimli görünənlər sevimsiz olub. Belə vəziyyətə düşməmək üçün onların qəlbini fəth etmək üçün yollar axtarmaq lazımdır. Bəzən xətalarına görə onlara xəbərdarlıq edib danlasanız da, sonra bir kənara çəkib çəkinmədən: "Qardaşım! Bir az əvvəl bəlkə bir az kobud danışdım, haqqını tapdaladım. Haqqını halal et. Bunun üçün əlimdən nə gəlirsə, eləməyə hazıram" - deməyi bacarmalısınız. Ata-ananın belə göstərmədiyi bu şəfqət, bu rəftar könülləri elə fəth edər ki, sizə ram olar. Beləcə də işləriniz saat kimi qaydasında getməyə başlayar. Ailədə, məhəllədə, məktəbdə, Quran kursunda, məsciddə və s. bütün müəssisələrdə bu əxlaqın mənimsənilməsi üçün insanları "reabilitasiya" edib buna hazır vəziyyətə gətirmək lazımdır.

Bəli, özü ilə üz-üzə gəlməyən, özünü sorğu-suala, hesaba çəkməyən, ortaya çıxan nöqsanları işin başında və ya iş gedən vaxt özünün etdiyi xətalarda görməyən insan elə hey qüsuru başqa yerdə (çöldə, orda-burda) axtarar, ancaq nə günahkarı tapa, nə də o nöqsanlardan qurtula bilər. Lakin dönüb öz-özünü: "Mən, görəsən, nəyi səhv elədim ki, hər şey yolunda gedə-gedə qəflətən belə bir problem çıxdı?" deyə sorğu-suala çəkən insan isə Allahın izni və inayəti ilə qarşısına çıxan bütün maneələri dəf edib işlərində müvəffəqiyyət qazanar.

"Olanlar mənim üzümdən oldu"

İnsanlığın İftixarı Peyğəmbərimizə iman gətirən ən güzidə insanlar Məkkəni fəth edir və bu fəthlə könülləri cuşa gəlir. Ardınca Huneynə üz tutur, ancaq orada döyüşdə müvəqqəti geri çəkilməli olurlar. Qurani-Kərim Məkkəni fəth edən bu müvəffəq və müzəffər ordudan belə bəhs edir:

لَقَدْ نَصَرَكُمُ اللَّهُ فِي مَوَاطِنَ كَثِيرَةٍ ۙ وَيَوْمَ حُنَيْنٍ ۙ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنْكُمْ شَيْئًا وَضَاقَتْ عَلَيْكُمُ الْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُمْ مُدْبِرِينَ

"Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza güvənib arxayın oldunuz, amma (bu) sizin karınıza gəlmədi. Yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəldi, sonra da geri çəkildiniz" ("Tövbə" surəsi, 9/25). Bizim əshabi-kiramı sorğuya çəkməyimiz hörmətsizlik, tərbiyəsizlik olar. Lakin bir həqiqəti vurğulamaq üçün belə bir mövzuya müraciət etmək məcburiyyətində qaldıq. Bəli, oturuşu-duruşu, yemə-içməyi, qısaca hər şeyi Allahın rizasına müvafiq olan o seçilmiş insanların qəlbinə qazanılan uğurlara görə azacıq özünü bəyənmə hissi gəlincə aqibəti müvəqqəti məğlubiyyət oldu. Ardınca da Allah Rəsuluna (əleyhissalatu vəssalam) pənah aparmaqla, Onun rəhbərliyi ilə məğlubiyyəti zəfərə çevirdilər. Çünki Rəhbəri-Küll, Müqtədayi-Əkməl Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) qəlbinə belə bir hissin girməsinə əsla imkan verməmişdi.

Madam, Qurani-Kərim səhabeyi-kiram kimi seçilmiş güzidə camaatı bu şəkildə xəbərdarlıq edir, ona görə də hər dəfə müvəffəqiyyətsizliyə düçar olanda özümüzü sorğu-suala, "olanlar bizim üzümüzdən olur" deyib nəfsimizi hesaba çəkməli deyilikmi? Məsələn, bizi gözü götürməyən və illərdir əleyhimizə yazıb-pozan insanlar var. Belə bir məsələdə: "Nə edək, Allah onları bu təbiətdə yaradıb. Onsuz da, nə etsək, bu insanları razı edə bilmərik!" deyə düşünmək doğru deyil. Əksinə, belə düşünmək, zənnimcə, Qurani əqliliyə və Qurani məntiqə daha uyğun olar: "Görəsən, biz bu insanların insani duyğu və düşüncələrini hərəkətə gətirmək, beləcə onlarla müəyyən bir cizgidə uzlaşa bilmək üçün bütün alternativ yollara baş vurduqmu? Görəsən, bu insanlara qarşı bir üslub xətamız oldumu? Bir müdrikin qapısını döyüb bu məsələ haqda onun düşüncə və təkliflərini öyrəndikmi?"

Xəbərdarlıq və üslub (Xəbərdarlıq və irşada münasibət)

Həmçinin bilməliyik ki, qüsur və nöqsanlarının sorğu-suala çəkilməsinə razı olmayan, bunu əsla qəbul etməyən, Türkcəmizin nəfis təbiri ilə desək, "burnundan tük aldırtmayan" insan bir mənada xəstə sayılır. Xüsusilə, kasta sisteminin hakim olduğu yerlərdə bəzi insanlar bu kimi sorğu-suala adət etməyiblər və buna uyğun deyillər. Ən kiçik tənqidə belə dözməz, dərhal mübahisə etməyə başlarlar. Hətta ümuma müraciətlə dilə gətirilən xəta və nöqsanlara belə əks-reaksiya göstərərlər. Buna görə xəbərdarlıq və irşad etməyə çalışan şəxslər bu mövcud haləti ruhiyyəni nəzərə almalı və addımlarını buna uyğun atmalıdır. Bəli, bu gün səhvini üzünə deyiləndə çox az adam Hz. Pirin ifadəsi ilə desək, "Qoynumdakı əqrəbi xəbər verənə rəhmət" deyib məmnun olur. Çünki əvvəla insanımızı bu səviyyəyə gətirən, kamala çatdıran yuvamız yoxdur, çöl-bayır isə buna əlverişli deyil. Məktəb bu duyğu və düşüncədən uzaq tamam fərqli tədris sistemi ilə dolub. Məbəd namaz qılıb nəsihət dinlədiyimiz, beləcə Allaha yaxınlaşdığımız gözəl bir məkan olsa da, ülfət və ünsiyyətə (alışqanlığa, vərdişə) məğlub olan bizlər bu halımızla onun nəfəsini bayatlaşmış və yıpranmış şəkildə hiss edirik. Bəli, məbəddə belə insanlarda həyəcan oyadacaq yeni bir şeylərdən danışılmır. Orada da ciddi bir Peyğəmbər və Allah eşqi nümayan deyildir. Bütün bu müəssisələrdə yaşanan mənəvi boşluq isə həzmsizlik, nöqsanı görməmə və xəta dilə gətiriləndə dərhal əks reaksiya vermə kimi müxtəlif və dərin boşluqlar şəklində cəmiyyətdə əks olunur. Dolayısilə, qəbul etməliyik ki, cəmiyyətin başdan-ayağa çox ciddi reabilitasiyaya ehtiyacı var. Çünki görürük ki, əslində hamımızda bu var, səhvimiz deyiləndə, az-çox dərhal reaksiya veririk. Bu baxımdan, xəbərdarlıq və irşad məsələlərində ümumi cəmiyyətin mövcud vəziyyətini nəzərə alaraq çox həssas hərəkət etməliyik.

Başıma gələn bir hadisə ilə mövzunu bir az da aydınlaşdırmağa çalışım. İzmirə getdiyim ilk illərdə ərzurumlu, sünneyi-səniyyə istiqamətində yaşamağa çalışan dəyərli bir dostum vardı. Gözlərinin içinə baxanda Allahı xatırladan mənalar görərdiniz. Bu dostuma bir gün belə bir təklif etdim: "Səhvimi görəndə sən mənə xəbərdarlıq edəcəksən, sənin səhvin olanda da mən sənə xəbərdarlıq edəcəyəm". Beləcə yolumuzu tapmaq, Allahın bizi qoyduğu yerdən ayrılmamaq, səhv yolla getməmək üçün bir-birimizə kömək edəcəkdik. Belə bir "müqavilədən" sonra, namazın səcdə və rüku dualarını istənilən səviyyədə etmədiyimə görə bir gün yanıma gəlib mənə xəbərdarlıq etdi: "Bu nədir, filankəslər kimi namazı başdan edirsən. Allaha ən yaxın olduğun bir anı niyə layiqincə dəyərləndirmisən?" İndi baxın, onunla bu mövzuda bir müqavilə bağlasaq da, üstəlik bu mənim təklifim olsa da, təəssüflə etiraf edim ki, əyləci basılmış maşın kimi sarsıldım. Ancaq Rəbbimə həmd olsun ki, dərhal öz-özümə: "İndi iradəni layiqincə ortaya qoyma vaxtıdır. Bu onun vəzifəsi olduğu üçün cavab verməməliyəm. Onsuz da, buna layiq idim. Namazda belə bir xüsusa diqqət yetirtməli idim" - dedim. Bir başqa gün mən də bir məsələ ilə bağlı ona xəbərdarlıq elədim. Zənnimcə, o da eyni şəkildə sarsılmışdı.

Bunu danışmaqda məqsədim: siz başqalarının qüsurlarını, xəta və nöqsanlarını üzünə deyəndə, hər kəs bunu rahatlıqla həzm etməyə bilər. Buna görə də belə hallarda deyiləsi sözlər üsuluna uyğun söylənməlidir. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) üslubu necə də lətif, necə də xoşdur. Bildiyiniz kimi O, biri bir səhv edəndə camaat içində üzünə deyib qüruru ilə oynamırdı. Dərhal minbərə çıxıb ümumi şəkildə xitab edərək həm qüsuru olana, həm də camaata dərs verirdi. Beləcə nə nəzərdə tutulan şəxs rəncidə edilmir, nə də səhv səhv kimi ortada qalmır, düzəldilməsi istiqamətində səy göstərilirdi. Dolayısilə, qarşıdakı insanın xarakterini yaxşı bilməli, nəyə reaksiya verəcəyini müəyyən etməli və məhz buna görə alternativ üslub tapmağa çalışmalıyıq. Əks halda "Qüsurları düzəldirəm" deyib insanları rəncidə edib incitsək, belə bir üslub xətası ilə hər şeyi yerlə-yeksan edər və heç gözləmədiyimiz nəticələrlə qarşılaşarıq.


[1] Sözü az, mənası geniş kəlamlar

[2] Ən gözəl nümunə

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.