Allahdan uzaqlaşdıran elm

Fəthullah Gülən: Allahdan uzaqlaşdıran elm

Sual: Elmə dair: “İnsanın elmi ilə birlikdə zöhdü də artmazsa, Allahdan uzaqlığı artar” (Münavi, “Feyzül-qadir”, VI/52) hədisini necə başa düşməliyik?

Cavab: İnsanı Allaha aparan yollar məxluqatın nəfəsinin sayı qədərdir. Çünki hər insan fərqli istedad və qabiliyyətlərə malikdir. Buna görə də bəzi həssas insanlar Haqqa aparan ən mühüm yolun eşq olduğunu söyləmişlər. Bu eşq yolçularından bəzisi; “Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni, / Bir dəm bəlayi-eşqdən etmə cüda məni!” (Füzuli) deyərək inildəmiş, başqa bir könül insanı: “Elə bir dildarə dil ver, eyləyə dilşad səni, / Elə bir daməni tut ki, edə bərmurad səni!” (Alvarlı Efe) misraları ilə eşq yolundan xəbər vermiş, başqa bir eşq qəhrəmanı isə; “Zahidin könlündə Cənnətdir təmənna etdiyi / Arifi-dilxəstənin könlündəki dildarıdır” (Şeyx Qalib) sətirləri ilə aşiqin daxili aləmini, duyğu-düşüncələrini təsvir etmişdir.

Bəzi haqq-həqiqət yolçuları da zöhd yolu ilə Allaha qovuşmağa çalışmış və bu yolun digər yollardan daha mühüm olduğunu düşünmüşlər. Zöhd bir mənada dünya və dünyadakı hər şeydən uzaq gəzmək və dünya nemətlərindən zəruri ehtiyacdan artıq istifadə etməmək deməkdir. İnsan övladı, təbii ki, yaşamaq üçün yemək, içmək, yatmaq kimi cismani ehtiyaclarını təmin etməlidir. Ancaq zöhd yolunu seçən insan “qəflətə düşərəm” əndişəsi ilə dünya nemətlərindən doyunca faydalanmaq istəməz. “Dadmağa izin var, doymağa yox” (Bax: Bədiüzzaman, “Sözlər” s.38, Səkkizinci söz; Nurun ilk qapısı, səh. 17) kəlamını özünə rəhbər bilər.

Tədəbbür, təzəkkür və təfəkkür yolu ilə Allahı tanımağa çalışan bəzi insanlar isə daim əşya və hadisələri ələk-vələk etmiş, kainat kitabını “oxumuş”, bu kitablarla Qurani-Möcüzül-Bəyan arasında əlaqə qurmuş və bu iki kitabı bir-birinin “zərrəbin”i altında müşahidə etməyə çalışmışlar.

Təqlid vadilərində yolunu azanlar

Bundan savayı, zahiri və formal müsəlmanlıqdan əl çəkə bilməyən və təqlidçiliyin əsirinə çevrilən bəndələr də var ki, belələrinin çox uzağa getməsi, məsafə qət eməsi çox çətindir. Ata-babalarını təqlid edən bu bəndələrin halı “Ata-babalarımızın getdiyi yol bizə yetər!” (“Maidə” surəsi, 5/104) deyən kafirlərin halına bənzəyir. Bu vəziyyətdə olan insan “Görəsən, xristian mühitində böyüsəydim, ağıl, məntiq və mühakiməmlə bu sınıq-salxaq müsəlmanlığı əldə edə bilərdim?” deyə öz-özünə sual verməyi unutmamalıdır. Hərçənd əhli-sünnə vəl camaat alimləri Allah-taalanın əngin mərhəmətinə istinadən təqlidi imanın da məqbul olduğunu, yəni ata-babalarına baxıb “Lə iləhə illəllah Muhammədun Rəsulullah” deyən, atasına baxıb məscidə gedən, ramazan ayında nənəsinə baxıb oruc tutan insanların nicat tapacağını söyləmişlər.

Mehdi “inflyasiyası”

Əslində, təqlid haqqında bu deyilənlər bizim nəslimizi təsvir edir. Çünki heç birimiz hazırda inandığımız həqiqətlərə çalışıb-çabalayaraq, (N.F.Qısakürəyin təbiri ilə desək) “beynimizi burnumuzdan qusaraq” nail olmamışıq. Heç birimiz gecələri yuxusuz keçirib Həzrət Ömərin (radiyallahu and) əmisi Zeyd ibn Amr kimi “Allahım, Səni diləyirəm” (Bax: Buxari, “Mənaqib” 24; ən-Nəsai, “əs-Sünənül-kübra”, V/54) deməyib. Onu tapmaq üçün dəli-divanə olub yollara düşməmiş və daima özümüzü təqlidlə ovutmuşuq. Üstəlik kimsə bizim müsəlmanlığımızı alqışa tutub, biz də qürrələnmişiksə, bax onda tamam aladanmışıq. Hətta bəzi binəvalar alqış və təqdir görüb populizmə (siyasi mövqe və ya xalq kütlələrinə müraciətin ritorik üslubu) meyl etdilər və nəticədə hər yerdə çoxlu mehdi zühur elədi. Müasir dövrdə o qədər mehdi zühur etdi ki, “mehdi inflyasiyası” üz verdi desək, mübaliğə olmaz. Bəli, kimisi özünü hesaba çəkir, adi müsəlman olub-olmadığına şübhə ilə baxır, kimisi də özünü “bir həmlədə bəşəriyyəti xilas edən, bir nəfəsdə Qeysərləri, Kisraları diz çökdürən” (M.Akifin şeirinə istinadən) qəhrəman kimi görür. Reallıqda isə bu insanlar Allahı layiqincə tanımayan, Peyğəmbəri (sallallahu aleyhi və səlləm) bilməyən, Rəşid xəlifələrdən və səhabələrdən xəbərsiz yaşayan təqlidin zavallı qul-kölələri idi. Harada olduğunu, düz yolda sərgərdan qaldığını bilməyən, anlamayan bu insanlar mənzil başına çətin vararlar.

Halbuki, inanclı insan Zati-Üluhiyyəti tanımaq, mərifət və məhəbbət ümmanında yelkən açmaq üçün daima təfəkkür və təzəkkür etməli, bezib-usanmadan yoluna davam eləməlidir. İrfan badələrini başına çəkib: “Bax bu gədanın halına, / Bəndə olmuş zülfün telinə, / Barmağım eşqim balına, / Batırdıqca batırdım, bir su ver!” deməlidir. Dəniz suyu ilə susuzluğunu yatırmağa çalışan bir insan kimi içdikcə içməlidir. O bir tərəfdən ürfan dəryasının dərinliklərinə baş vurub incilər axtarmalı, bir tərəfdən də bu düşüncəni ağlından çıxarmamalıdır: ““Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!” həqiqətini anlasaydım, “İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq (Cənnət gözləyir)!” (“Rad” surəsi, 13/29) müjdəsini dərk eləsəydim, Allah-taala ilə daha dərin irtibat qurar, daim eşqü-iştiyaq nəğmələri söyləyər, möminlərə qarşı son dərəcə təvazökar olar və bütün məxluqata əngin şəfqət hissi ilə baxardım. Demək, mən hələ də yerdə sürünürəm”.

Dayaz görün, dərin ol!

Həqiqi bəndəlik həddən artıq çalışmaqla, fövqəladə qeyrət göstəməklə yüksək təvazökarlığı cəm etmək deməkdir. Bəli, insan bir tərəfdən mənən yüksək məqamlara ucalması ilə mələklərə: “Bu, necə olan işdir? Cismdən ibarət ola-ola mələklərlə bərabər səmada pərvaz edir, hətta onları ötüb keçir!” dedirtməlidir. Bir tərəfdən də özünü heç nə saymalıdır. Bura “İmazını at!” dedinmi, rahatlıqla “Heç!” yazmağa bacarmalıdır.

Kamilliyi həqiqi mənası ilə dərk etməkdə İnsanlığın İftixarı Peyğəmbərimizdən (sallallahu aleyhi və səlləm) böyük insan yoxdur. Ancaq görün O (sallallahu aleyhi və səlləm), Allaha necə yalvarırdı: “Allahım, məni mənim gözümdə kiçik göstər! (Peyğəmbərlik vəzifəm baxımından) məni insanların nəzərində böyük göstər” (əl-Bəzzar, “əl-Müsnəd”, X/315; əd-Deyləmi, “əl-Müsnəd” I/473). Bir haqq dostu bu duanı bir az dəyişdirərək bu cür niyaz edir: “Allahım, məni mənim gözümdə dayaz, dinimdə dərin eylə!”

İnsan bir yandan özünü kiçicik, bir milçək qanadı kimi görməli, bir yandan isə bu şüurda olmalıdır: “Allahım, məni dində elə kamil et ki, dini varidatım (fəzilətim, savabım) bütün bəşəriyyətə paylansa, hamının Cənnətə girməsinə bəs etsin!” Belə ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Həzrət Maiz haqqında “O elə tövbə elədi ki, Mədinədə 70 nəfərə paylansa, hamısına bəs edər” buyurmuşdu. Çünki o, heç kimin bilmədiyi və görmədiyi bir yerdə günah işləmiş, peşman olub Allah Rəsulunun yanına gəlmiş, cəzasını çəkməklə təmizlənmək istədiyini söyləmişdi. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) onu on dörd dəfə geri qaytardığı halda, o, canlı bahasına da olsa, arınmaq əzmindən dönməmişdi. Cəzasını çəkəndən sonra da Allah Rəsulu (sallallahu aleyhi və səlləm) həm bir həqiqəti bəyan etmək, həm də sui-zənnin qarşısını almaq üçün yuxarıda verilən sözləri dilə gətirmişdir.

Bəli, insan iman, ürfan, mərifət, zövqi-ruhani, eşqü-iştiyaqda sabitqədəm olmaq istəyirsə, dayanmadan mənən kamilləşməyə çalışmalıdır. Ancaq çalışıb-çabalamaqla yanaşı, özünü ən dayaz insan sanmalıdır. Bu da bir həqiqətdir ki, mənən dərin insan özünü ən dayaz və həqir insan kimi görər. Özlərini başqalarından üstün görənlər isə ən bayağı və zavallı insanlardır. Bu adam istər mömin, istər münafiq, istər də kafir olsun, fərqi yoxdur, nəticə dəyişmir.

“Elm özünü bilməkdir”

Xəyallarında özünü yüksək məqamlar ayıran, “Mən çox güman ki, mühüm bir missiyanı həyata keçirmək və bəşəriyyəti kamillik zirvəsinə yüksəltmək üçün ilahi qüdrət tərəfindən göndərilən müstəsna insanam” şəklində düşünən bir insanın həqiqətdə milçək qanadı qədər dəyəri yoxdur. Çünki böyüklüyün nişanəsi təvazökarlıq və məhviyyətdir. Kiçikliyin əlaməti isə təkəbbürdür (Bax: Bədiüzzaman, “Münazarat”, s.64).

Əsl mərifət də elmi bu düşüncə ilə yoğurmaqdır. Buna da kamala çatmış, mənən yetkinləşmiş və biliyini əmələ çevirmiş insanlar nail olur. Alvarlı Efe Həzrətləri gündə altı saat elmlə, söhbəti-Cananla məşğul olmasına, Zati-Üluhiyyəin adı çəkiləndə rəngi-ruhu solmasına baxmayaq, “Nə elmim var, nə əməlim. / Nə xeyrü-taətdə qaldı məcalım, / Qariki-üsyanam, çoxdur vəbalım, / Əcəb, ruzi-cəzada nə olar halım”, − deyərdi. Yunus Əmrə də; “Elm elm bilməkdir, / Elm özünü bilməkdir. / Sən özünü bilməsən, / Bu necə oxumaqdır” deyir.

Yoxsa elmi və biliyi el-aləmdən alqış görmək, tərif eşitmək üçün öyrənən insanlar bir addım da irəli gedə bilməzlər. Belələri haqqında “Filan kəsə maşallah olsun! Gör insanlara necə əl tutur, yol göstərir və onları bataqlıqdan çəkib xilas edir” desələr də, onlara bir faydası yoxdur. Sualda verilən hədisdən də göründüyü kimi bir mömin elmi, biliyi artdığı halda, dünyadan və dünya nemətlərindən imtina etməyi bacarmırsa, hələ də “dünya” ilə oturub-durursa, “dünya” deyib dalınca düşürsə, məqam-mənsəb əldə edəndə gözünü daha yüksəklərə dikir və əlindəki dünya malını əldən verməmək üçün ölüb-dirilisə, o, ancaq və ancaq Allahdan uzaqlaşmış sayılır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.