Allah bəndələrinə qarşı ayrı-seçkilik etməz

Sual: Allah-Təala bir ayədə: "İstədiyim bəndəni hidayətə çatdıraram”[1], − buyurur. O halda Cənabi Allah bəndələri arasında ayrı-seçkilik etmiş olmur?

Əvvəla qeyd edim ki, hərçənd Allah bəndələri arasında ayrı-seçkilik etsə belə, Ona "Nə üçün bəndələrinə qarşı ayrı-seçkilik edirsən?" deməyə heç kimin haqqı yoxdur. Allah mülkün[2] yeganə sahibidir və mülkündə dilədiyi kimi hökm edir. Həmçinin bu mövzuda sual verərkən ədəbli və nəzakətli olmaq lazımdır. Cənabi-Haqq hər şeyi əlində tutan, hər şeyə hökm edən Malikül-Mülkdür. Bəşər övladının Onun haqqında belə bir şey deməyə haqqı çatmır. Əslində, bu sualı bu şəkildə də soruşmaq olardı: “Cənabi Haqq bir insanı hidayətə çatdırandan və ya zəlalət bataqlığına atandan sonra ilahi adət baxımından onu hansı prinsip əsasında sorğu-suala çəkəcək? Çünki Allah mütləq hakimdir. O, bəndəsini, görəsən, hansı hikmətinə binaən və hansı isminin təcəllisi olaraq zəlalətə sövq edir?”

Bəli, Allah (cəllə cəlaluhu) dilədiyi bəndəsini hidayət yoluna yönəldər, istədiyi bəndəsini də zəlalətə salar. Bu həqiqət Qurani-Kərimin müxtəlif ayələrində dəfələrlə təkrar edilir. Bu məsələdə ilahi iradə əsasdır. Hidayət və zəlalət hadisəsi Allahın yaratması ilə gerçəkləşir. Ancaq hidayət və zəlalətin səbəbi bəndənin ilk addımı atmasıdır. Bu mövzuda bəndənin cəhdi o qədər cüzidir ki, bir mənada heç nəzərə alınmır və hidayətin gerçəkləşməsi birbaşa Zati-üluhiyyətə istinad edilir.

Gəlin mövzunu bir az da aydınlaşdıraq: Məsələn, insan yemək yeyir və su içir. Yemək və içməklə bədənə daxil olan müxtəlif zülal və vitaminlər gedib hüceyrələrin içində öz yerini alır və funksiyalarını yerinə yetirir. İnsanın bir tikəni ağzına qoyması incəliklə nizamlanan bu prosesləri həyata keçirməyə kifayət eləmir. Tikəni ağıza qoymaq üçün ələ-qola lazım olan gücü, ağıla düşünməyi və digər şeyləri Allah vermişdir. İnsan tikəni ağızına qoyur, Allahın hökmü ilə tüpürcək vəziləri hərəkətə gəlib ağızın içərisini isladır. Qida ağızda islanarkən beyinə xəbər gedir və oradan da dərhal mədəyə: "Filan şəkildə, filan tərkibdə yemək gəlir. Ona uyğun turşunu/şirəni ifraz et!" əmri göndərilir. Əmri alan mədənin bütün “dəzgahları” işə başlayır və öz funksiyasını yerinə yetirir. Daha sonra bağırsaqlara xəbər göndərilir və bəzi yapışqan qidalar orada daha güclü turşuların vasitəsilə həll edilir.

İnsan iradəsinin bu proseslərlə heç biri əlaqəsi yoxdur. Sellülozalı qidalar bağırsaqlarda xüsusi funksiya icra edir. Alma qabığı kimi qidalar həzm olunmadan bədəndən kənarlaşdırılır, çünki mədə-bağırsaq sistemində bunları həzm edən fermentlər yoxdur. Bunların hamısı qeyri-adi nizam içində cərəyan edir. Əks halda, bağırsaqların iş prinsipinin pozulması qaçılmaz olar.

Zənnimcə, artıq izahata ehtiyac yoxdur. Xülasə, qida ağıza daxil olandan ta bədən üçün faydalı şəklə düşənədək min cür prosesdən keçir. Və insanın bütün bu proseslərə heç bir qarışacağı yoxdur.

İndi nankor bir adam durub: "Bu proseslərin hamısını öz iradəmlə həyata keçirdim!" desə, Allahın işinə şərik çıxmış olmaz? Halbuki, o, belə deməyə borcludur: Mən tikəni ağzıma qoydum, birdən qeyri-adi mexanizm qeybi bir əl tərəfindən işə salındı. Bu səbəbdən də bu tikənin həzm edilməsi ilə mənim heç bir əlaqəm olmadı”. Göründüyü kimi bu məsələdə insanın iradə və istəyi çox cüzidir. İndi deyin görək, bu işləri onun cüzi iradəsinə aid etmək nə qədər doğrudur?

Hidayətə gəlincə, bu qədər mühüm bir məsələnin insanın iradəsi ilə heç bir əlaqəsi yoxdur. Məsələn, siz gözəllikləri dəfələrlə sidq-ürəkdən dilə gətirirsiniz. Mövzuları inandırıcı, şirin və olduqca təsirli bir üslubla izah edirsiniz. Ancaq həmsöhbətlərinizə heç cür təsir edə bilmirsiniz. Namazda feyzdən məst olmağı, vəcdə gəlib özünüzü unutmağı, dünya və dünyaya aid hər şeyi tərk edib Ona yönəlməyi çox arzulayırsınız, amma müvəffəq ola bilmirsiniz. Allah bəzən istədiklərinizi lütf etsə də, həmişə belə olmur. Olması da Onun iradəsindən asılıdır.

İman zövqü, eşqi və həzzi, Cənnət arzusu və qəlbin Allaha təşnə olması böyük bir lütfdür. Allah onu yalnız dilədiyi bəndələrin ruhuna hiss etdirər, hiss etdirmədiyi bəndələr də ondan məhrum qalar. Buna görə də Sadüddin Təftəzani imana belə tərif verir: "İman insanın cüzi iradəsini işlətməsi ilə Allahın onun qəlbində yandırdığı çıraqdır". Çırağı yandıran Allahdır və insanın bunda iştirakı çox cüzidir. Bəli, insan cüzi iradəsindən istifadə edib düyməyə toxunur, Allah da onun həyatını işığa qərq edib nurlandırır.

İnsan bu məsələyə də “ağıza qoyulan tikə” nümunəsi kimi baxmağa məcburdur. "Allah diləmədikcə siz diləyə bilməzsiniz”[3]. Bəli, işin çoxu Ona aiddir. İnsanın bu işdə iştirakı o qədər kiçikdir ki, bəndənin bunu görməzliyə vurub işin hamısını öz adına çıxması Allaha qarşı ədəbsizlik sayılır.

[1] Baxın: “Bəqərə” surəsi, 2/272; “İbrahim” surəsi, 14/4; “Həcc” surəsi, 22/16; “Qasas” surəsi, 28/56.
[2] Gözlə görünən və görünməyən, canlı-cansız hər şey, bütün xilqət aləmi.
[3] “İnsan” surəsi, 76/30; “Təkvir” surəsi, 81/29.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.