Tərcüməçidən
Bir çoxları dilimizdə nəşr olunan Türk ədəbiyyatı nümunələrinə “tərcümə” yox, “çevirmə” deyirlər. Bu, iki ayrı adı daşıyan millətlərin eyniliyinin təsdiqi kimi xoş məram daşısa da, üzərində işlədiyimiz bu kitabı “çevirmə” yox, məhz “tərcümə” kimi təqdim etmək qərarına gəldik. Əvvəla, ona görə ki, bizcə, “çevirmə” sözünün lüğəvi mənası ilə bu məna arasında ziddiyyət var. İkincisi və ən əsası isə, “tərcümə” sözü ilə müəllifin duyğu və düşüncələrinə, hiss və həyəcanlarına, bəhs etdiyi məsələlərə sevgi və sayğısına, məsuliyyət və humanizminə tərcüman olmaq istəmişik.
Bacardıqmı, yoxsa yox, bunu bilmirik, amma çox istərdik ki, Azərbaycan oxucusu heç olmazsa, bu kiçik həcmli kitab vasitəsilə Allah (cəllə cəlaluhu)[1] qarşısında, Onun “Həbibim” deyə xitab etdiyi Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)[2] qarşısında həya abidəsi kimi ucalan böyük mütəfəkkir M. Fəthullah Gülənlə, sözün həqiqi mənasında, İNSANLA üz-üzə, könül-könülə, baş-başa qala bilsin, onunla birlikdə həqiqət dünyasını gəzib seyr etsin və düşünsün.
M. Fəthullah Gülən Türkiyədə və onun sərhədlərindən çox-çox uzaqlarda yaxşı tanınsa da, əsərləri dəfələrlə və böyük tirajla ingilis, fransız, alman, rus, ərəb dillərində çap edilsə də, təəssüf ki, Azərbaycan oxucusu onu hələ layiqincə tanımır, yaxud tanıyanların sayı kifayət qədər deyil. Bunda qəribəlik də yoxdur, çünki o, əslində, müasirlərindən, bəlkə də, bir əsr, bəlkə də, daha çox irəlidə olan bir fikir və könül insanıdır. Elə bu kitabın tərcüməsində məqsəd də sözügedən boşluğu doldurmaq, həm müəllif, həm də onun toxunduğu, dərinliklərinə daldığı mövzular barəsində Azərbaycan oxucusunun təfəkkür üfüqündə yeni səhifə açmaqdır. Bu səhifə İslamdır; dini ilə, elmi ilə, məntiqi ilə, mədəniyyəti ilə... insana lazım olan hər şeyi ilə.
Oxucu etiraz bayrağını qaldırmağa, “Bunları bilirik, burada yeni nə var ki?” deməyə tələsməsin. Hansısa filosofun bu sözlərini xatırlayıram: “Nə qədər ki, oxumamışdım, elə bilirdim, hər şeyi bilirəm. Elə ki oxumağa başladım, anladım ki, heç nə bilmirəm”.
Biz ateist sovet cəmiyyətinin yetirmələriyik və İslamı əsl mahiyyəti ilə tanımırıq, bilmirik və bu bilgisizliyimizi də bu kitabın müəllifinin sözləri ilə desək, bilik zənn edirik.
Sovet-ateist dünyagörüşü qətiyyən orijinal deyildi və təbliğ etdiklərini əvvəlki əsrlərdən götürmüşdü. Götürmüşdü və daha da inadkarlıqla davam etdirirdi. Allahı və dini inkar onun əsas fəlsəfəsi idi və buna o qədər aludə olmuşdu ki, dinə o qədər kin və nifrətlə baxırdı ki, sağlam düşünə bilmirdi, genetikanı, hətta kibernetikanı belə qadağan etməkdən çəkinmirdi. Yaradandan üz döndərən insan övladı öz əcdadının meymun olduğunu iddia etməkdən də həya eləmirdi.
M. Fəthullah Gülənin bütün əsərlərində insanlığı bu yanlışlıqdan uzaqlaşdırmağa, insana kim olduğunu, nə olduğunu, haradan gəlib haraya getdiyini, hansı vəzifə və məsuliyyətlər daşıdığını tanıtmağa çalışır. Bununla yanaşı, əsərlərində heç vaxt “mənəm, mənəm” demir. Əksinə, həqiqətləri dərin biliyi və son dərəcə təvazökarlıqla gözlər önünə sərir və nəticə çıxarmağı oxucunun öhdəsinə buraxır.
“Ölümdən sonrakı həyat” əsəri adından da göründüyü kimi ölümdən sonra başlayan əbədi həyata həsr edilmişdir. Bu mövzuda Qərbdə və Rusiyada da çox sayda ciddi araşdırmalar aparılmış və kitablar çap edilmişdir, lakin onların heç biri möhtərəm Fəthullah Gülənin bu kiçik həcmli əsəri ilə müqayisə oluna bilməz. Ən azı ona görə ki, müəllif bu əsərində oxucusuna İlahi həqiqətlərin dili və məntiqi ilə müraciət edir və kitabı oxuyan hər kəsin qəlbinə su səpir, insanlığını dərk edən könüllərdə məsuliyyət hissini hərəkətə gətirir.
Kitabın dünya və axirətimiz üçün faydalı olması ümidi ilə...
[1] Cəllə cəlaluhu (c.c.) – “Ən yüksək cəlal sahibi”. Allahın adı çəkilərkən bunu demək savabdır və ədəbdəndir.
[2] Peyğəmbərlərin sonuncusu, Allahu-Təalanın “Həbibim” deyə xitab etdiyi İki Cahan Sərvəri Həzrət Məhəmmədin adı çəkilərkən “sallalahu aleyhi və səlləm” (s.a.s.) kimi salavatlardan birini oxumaq, yəni Allah Rəsuluna dua etmək savabdır və ədəbdəndir.
- tarixində yaradılmışdır.