Uşaq

Bir ağacın növ və nəslinin davamında çəyirdək və toxum nə isə insan nəsil və növünün davamında da uşaq odur. Uşaqlarına laqeyd yanaşan millətlər bir gün sönüb tarixə qarışmağa, onları yad əllərə və yad mədəniyyətlərə həvalə edənlər də köklərindən, özlərindən uzaqlaşmağa məhkumdurlar.

* * *

Hər otuz-qırx ildə bir millətin ən fəal və ən məhsuldar təbəqəsini təşkil edən nəsillər bu günkü uşaqlardır. Uşaqları kiçik və dəyərsiz görənlər millət həyatının nə qədər mühüm bir ünsürünə laqeyd yanaşdıqlarını düşünüb ürpərməlidirlər.

* * *

Bu günün nəsillərində görülən əskikliyin, bəzi idarəçilərdə müşahidə olunan nöqsanların və millət tərəfindən çəkilən sıxıntıların səbəbkarları otuz il əvvəlki hakim ünsürlərdir. 25-30 il sonrakı hər faciə və ya fəzilətlər də bu günkü nəsillərin təlim və tərbiyəsi ilə məşğul olanlara aid olacaq.

* * *

Gələcəyini təminat altına almaq istəyən hər millət başqa yerlərə xərcləyəcəyi zaman və enerjinin bir qismini də sabahın böyük insanları olacaq uşaqların yetişdirilməsinə sərf etməlidir. Başqa işlərə xərclənənlərin böyük bir hissəsi bihudə getsə belə, nəslin insanlıq səviyyəsinə yüksəldilməsi istiqamətində sərf edilənlər bitib tükənmək bilməyən bir gəlir mənbəyi kimi mütəmadi olaraq davam edəcək.

* * *

Hal-hazırda cəmiyyətin üz qarası sayılan səfillər, şərlilər, anarxistlər, əyyaşlar, narkomanlar... dünən tərbiyələrində laqeydlik göstərdiyimiz uşaqlardır. Görəsən, bu günkü laqeydliklərimiz ucbatından sabah küçələrimizi necə nəsillərin dolduracağını heç düşündükmü..?

* * *

Sabahın taleyinə texniki üstünlüyə sahib olan millətlər deyil, evlilik müəssisəsini ciddi olaraq ələ alan və öz nəsillərini insanlıq səviyyəsinə yüksəltməyi bilən millətlər hakim olacaq. Evlilik və doğum məsələsini ciddi olaraq ələ ala bilməmiş və öz tərbiyə fəlsəfəsi ilə nəsillərinə sahib çıxa bilməmiş millətlər bu gün olmasa da sabah zamanın insafsız çarxları arasında əzilib getməyə məhkumdurlar.

* * *

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.