Könüllərdə büllurlaşan nur: "Quran"
"Quran" bəşər övladının qiymət və dəyəri ölçüsündə, onun qəlb-ruh-ağıl və cismaniyyətini nəzərə alaraq, ulular ulusundan nüzul ilə bəşəriyyət üfüqündə doğmuş ən mükəmməl bəyan və İlahi qanunlar məcmuəsidir.
* * *
"Quran" əbədi və dəyişməyən İlahi qanunları ilə ümumbəşəri səadəti və səadətə qovuşduran ən qısa, ən aydın yolu göstərən tayı-bərabəri olmayan yeganə kitabdır.
* * *
"Quran" milyonlarla alim, minlərlə filosof və mütəfəkkiri yetişdirən, yer kürəsinin taleyinə hökm etmiş ən möhtəşəm, ən nurani camaatın işıq mənbəyi olan bir kitabdır. Bu mənada onun səltənətinə tay olan ikinci bir səltənət yoxdur.
* * *
"Quran" nazil olduğu gündən bəri neçə-neçə etirazlara, neçə-neçə tənqidlərə məruz qalmış, lakin bu mövzuda qurulan bütün məhkəmələr "Quran"ın bəraəti ilə nəticələnmiş və mübarizələr onun zəfəri ilə başa çatmışdır.
* * *
"Quran" könüllərdə büllurlaşan bir nur, ruhların önünü işıqlandıran bir işıq mənbəyi və başdan-ayağa həqiqətlər sərgisidir. Onu həqiqi mahiyyəti ilə ancaq bir çiçəkdə kainatın bütün gözəlliklərini görə bilən, bir damlada tufanları seyr edə bilən inanmış ruhlar tanıyıb dərk edə bilərlər.
* * *
Müsəlmanlar ancaq "Quran"ı təsdiq və Ona iman etməklə aralarında vəhdət əmələ gətirmişlər. Və yenə Onu təsdiq və Ona iman etməklə birliyi əldə edəcəklər. "Quran"ı təsdiq etməyənlər müsəlman olmadıqları kimi, aralarında sarsılmaz bir birliyin olması da mümkün deyildir.
* * *
Bəşəriyyət cəhalət və küfrün vəhşətləri içərisində çırpındığı bir dövrdə, o vəhşi mühitdə bir ziya tufanı şəklində ortaya çıxıb, bir anda dünyaları nura qərq etmək kimi tarixin bənzərini göstərə bilmədiyi ən böyük inqilab bir dəfə olmuş, o da "Quran"la həyata keçirilmişdir. Buna tarix şahiddir..!
* * *
Gələcəyin "Quran" dövrü olacağını təəccüblə qarşılamamaq lazımdır! Çünki "Quran" keçmişi bu günlə, bu günü də sabahla bir yerdə görüb bilən bir Zatın kəlamıdır..!
* * *
Bəşəriyyətə insanın məna və mahiyyətini, haqqı, hikməti, Allahın Zat, sifət və adlarını ən həssas ölçülərlə öyrədən kitab "Quran"dır... və bu sahədə ona tay ikinci bir kitab göstərmək də mümkün deyildir. Allah dostlarının hikmətlərinə, haqpərəst filosofların fəlsəfələrinə kim baxsa, bunu anlar!
* * *
Həqiqi ədaləti, gerçək hürriyyəti, bərabərliyi, xeyri, namusu, fəziləti, hətta heyvanlara qədər hər bir varlığa şəfqəti əmr edib, zülmü, şirki, haqsızlığı, cahilliyi, rüşvəti, faizi, yalanı, yalançı şahidliyi açıqca qadağan edən yeganə kitab "Quran"dır.
Yetimi, kasıbı, məzlumu himayə edib padşahla nökəri, komandirlə sıravi əsgəri, şikayətçi ilə şikayət ediləni eyni yerə oturdub mühakimə edən kitab da yenə yalnız "Quran"dır.
* * *
Əvvəllər də "Quran"ı tənqid edənlər, bu işi özlərinə peşə edənlər, ümumiyyətlə, bilmədiklərini də bilməyən cahillər olmuşdur. Əfsus ki, bu zavallılar əleyhinə olduqları kitab haqqında nə bir tədqiqat aparmış, nə də bir şey oxumuşlar. Əslində bunların iddiaları ilə, müsbət elmlərə qarşı çıxan cahillərin iddiaları arasında çox fərq yoxdur, ancaq xalqın həqiqətləri dərk etməsi üçün hələ bir müddət də gözləməli olacağıq
"Quran" sayəsində insan Allahla həmsöhbət olmaq kimi məqamların ən üstününə yüksəlmişdir. Belə bir məqamda olduğunu dərk edən bir insan "Quran"da Rəbbini dinləyər, Rəbbi ilə danışar və Rəbbi ilə danışdığına and içsə, yalan yerə and içmiş olmaz.
* * *
Müsəlmanların "Quran"ı anlamasına və "Quran"la dərinləşməsinə mane olanlar bununla onları dinin pak ruhundan və İslamın özəyindən uzaqlaşdırırlar.
* * *
Düşünürəm ki, çox yaxın bir gələcəkdə bəşəriyyətin təqdir və heyranlıq dolu baxışları altında "Quran" ümmanına doğru axan müxtəlif elm, texnika və sənət sahələri əsl mənbəyinə yönəlib onunla birləşəndə alimlər, tədqiqatçılar və sənətkarlar da özlərini yenidən o dəryanın içində görəcəklər...
- tarixində yaradılmışdır.