Yanınızda qeybət etməyə icazə verməyin

Yalnız Allahın rizasını qazanmaq niyyəti ilə saleh əməl üçün toplanıb gizlin görüşmək, insan­ların problemlərini çözmək düşüncəsi ilə məşvərət etmək caizdir, hətta məndubdur (dinin qadağan və ya əmr etmədiyi, ancaq savab olan əməldir).

Əksinə, hər hansı bir xeyir niyyəti olmayan məclislər, onun-bunun haqqında xosunlaşmaq, üstəlik gizli cəmiyyət qurub qaranlıq planlar qurmaq möminlərdən uzaqdır.

Belə toplantılar xeyirə səbəb olması üçün "birrü-təqva" əsasında təşkil edilməlidir. "Birr" sözü ümumiyyətlə yaxşılıq mənasında istifadə olunur. Hədis məcmuələrində "Kitabul-birri vət-təqva" adlı bölümlər var. Müəlliflər və hədis raviləri bu bölümlərdə yaxşılıq naminə nə məsələ varsa, hamısını bir-bir sadalamış; ana-ata haqından insanlara yaxşılıq etməkdən uşaqlara nəvazişdən qonşuluq münasibələrinə, möhtaclara yardımdan gözəl əxlaqa qədər iman şöbələrinə daxil olan yetmişə yaxın hədisə yer vermişlər. Dolayısilə, hər cür xeyirli iş və saleh əməl "birr" kateqoriyasına daxil edilmişdir. Təqva isə Cənabi-Haqqın əmrlərinə tabe olub, qadağalardan üz döndərmək surətilə Onun əzabından qorunma və rizasını qazanma cəhdidir. “Şəriəti-fitriyyə”[1]yə riayət etmək, ictimai münasibətlərdə lazımi əsaslara diqqət yetirmək və duyğuda, düşüncədə, yemə-içmədə, həyat tərzində başqalarına bənzəməkdən qaçınmaq da təqva çərçivəsinə daxil edilmişdir.

Qeybət məclislərinə iltifat göstərməyin

Hökmən gizli görüşməlisinizsə, bunu mütləq "birr" və "təqva" çərçivəsində həyata keçirməlisiniz. Kim iləsə pıçıldaşarkən, yoldaşınızı kənara çəkib ona gizlin bir şey deyərkən, ictimai münasibətlərdə bir araya gəlib görüş keçirərkən, ya da imana və Qurana xidmət naminə xüsusi məsələlərdə məşvərət edərkən qəlbinizi nəzərdən keçirin, Allahla münasibətinizi qoruyun, məclisin "birrü-təqva" çərçivəsində olub-olmadığını nəzarət edin və görüşün sonuna qədər təmkinlə hərəkət edin. Faydasız xosunlaşmayın, malayəni pıçıltılardan uzaq olun və qeybət, insanların ayıblarını demək və s. kimi günahlara qarşı çox diqqətli olun.

Ağzı göyçəklər kimi, ona-buna söz atan, qeybət edən, hər kəs içində, hər kəsə dil uzadıb insanların arasını vuran insanlara da imkan verməməlisiniz. Günah sayılan söhbətlərə qulaq asmamalı, onlara xoş baxmamalısınız. Qeybət edənləri dinləməyin; söz gəzdirənlərə yanınızda danışmağa imkan verməyin... Möminlər haqqında qeybət edən insan ən azı bir günahkar, bir mücrim, bir fasiqdir. Dolayısilə, onu dinləmək və onun o günahkar sözlərinə əks-reaksiya verməmək, vifaq və ittifaqa zərər vermə ilahi təvəccöhdən məhrumiyyətə səbəb ola bilər.

Bilməlisiniz ki, inancı zəif olan insanla belə vifaq və ittifaq bərəkətə səbəbdir.. bilməlisiniz ki, məsələn, Həzrəti Cəbrail, Həzrəti Mikail və ya Həzrəti İsrafillə müştərək iş görsəniz, lakin sonra münasibətinizə azca xələl gəlsə, məsələn, xəyallarınıza bir-birinizə qarşı kirli şeylər gəlsə, içdən onu şətm[2] etsəniz, sui-zənn etsəniz, Allah bərəkət və inayətini kəsər.

Bəli, üç-beş insan xüsusi məsələlər üçün toplaşanda təbliğ və təmsilin tələblərindən danışsanız, daha çox yaxşılıq etmənin yollarını axtarsanız, ehtiyacı olan tələbəyə təqaüd tapmaqdan danışsanız, qurban səfərbərliyi ilə kasıblara, məsələn, dünyanın hər hansı bir yerində zəlzələdən zərər çəkmiş insanlara əl uzatmaqdan söhbət etsəniz, bir tələbə yataqxanasının yanında bir yataqxana, yeni bir məktəb tikmənin planları ilə məşğul olsanız.. ya da əlinizdəki məşəli dünyanın hər tərəfinə aparıb zülmətləri nura qərq etmə dərdi ilə yollara düşən qəhrəmanların sayını artırma xəyalları ilə oturub dursanız, məhz bu zaman həqiqi, Allahın da xoşnud olduğu bir “nəcva”nı həyata keçirmiş olarsınız.

"Birrü-təqva"ya əsaslanmayan xosunlaşmalar qeybətdən kənara çıxmaz və bu cür nəcvadan da xeyir gəlməz. Həmçinin hər kəsi maraqlandıran məsələlərin üç-beş nəfərin, üstəlik tənqidvari nəcvası vəhdətə xələl gətirər və mənəvi gücü zəiflədər. Belə yığıncaq və görüşlər yalnız şeytanı və tərəfdarlarını məmnun edər. Necə ki Cənabi-Allah nəcva ilə bağlı ayələrin davamında: "Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər" (“Mücadilə” surəsi, 58/10) buyurur.

Xülasə

  • Yalnız Allahın rizasını qazanmaq niyyəti ilə saleh əməl üçün toplanıb gizlin görüşmək, insan­ların problemlərini çözmək düşüncəsi ilə məşvərət etmək caizdir, hətta məndubdur (dinin qadağan və ya əmr etmədiyi, ancaq savab olan əməldir).
  • Faydasız xosunlaşmayın, malayəni pıçıltılardan uzaq olun və qeybət, insanların ayıblarını demək və s. kimi günahlara qarşı çox diqqətli olun.
  • Qeybət edənləri dinləməyin; söz gəzdirənlərə yanınızda danışmağa imkan verməyin... Möminlər haqqında qeybət edən insan ən azı bir günahkar, bir mücrim, bir fasiqdir. Dolayısilə, onu dinləmək və onun o günahkar sözlərinə əks-reaksiya verməmək, vifaq və ittifaqa zərər vermə ilahi təvəccöhdən məhrumiyyətə səbəb ola bilər.

Bu insanın köksündəki əqrəbi necə çıxaraq?

İllərlə bir şeyin təəssüfünü çəkmişəm. Neçə il əvvəl bir yoldaşımız günah çuxuruna yuvarlanma, şeytanın toruna düşmə təhlükəsi ilə üz-üzə idi. Yaxınlarından bir nəfər gəlib bizə bu haqda xəbər vermişdi. Yoldaşımızın bu cür təhlükəyə düşmə ehtimalını eşidəndə həyəcanlanmış, dərhal iki-üç nəfərlə istişarə etmək ehtiyacını hiss etmişdim. Üç nəfəri otağıma çağırıb: “Bu məsələni necə həll edək? Yoldaşımızın şərəfini və heysiyyətini qorumaq üçün nə edək?”dedim. Söhbət bitib yoldaşlar otaqdan çıxandan sonra içimdə böyük bir peşmançılıq hissi oyandı, öz-özümə “ay aman” – dedim. Çünki bu məsələni, bəlkə də, bir nəfərlə də oturub həll edə bilərdim. O insan haqqında nöqsan kimi qəbul olunacaq, sui-zənnə səbəb olacaq və onu rəncidə edəcək bir məsələni niyə bir nəfərdən çox adama açmışdım. Bir nəfərə söyləsəm bəs etməzdimi? Sirr saxlayan bir nəfərlə görüşməli: “Bu insanın köksündəki əqrəbi necə çıxarıb ataq!” deməli və məsələni ən dar dairədə həll etməli deyildimmi? Aradan illər keçib, amma nə vaxt bu məsələ ağlıma gəlsə, hələ də dərin peçmançılıq çəkir, üzülür və bu mövzuda özümü bağışlaya bilmirəm.

İnsanların nöqsanlarını, xəta və günahlarını yaymamaq, onların şərəf, heysiyyət və etibarını qorumaq üçün “nəcva” ən uyğun üsuldur. Əgər bir insanın yoldan çıxdığına şahid olmusunuzsa, həmin məsələni yaymadan bu mövzunun səlahiyyətli, sözü keçən bir nəfərə qeybətə girmədən, mübaliğə etmədən bildirməlisiniz. Əgər bir məsələni iki nəfərlə həll etmək mümkündürsə, üçüncü şəxsə açmaq və bir insanın nöqsanlarını artıq adamın öyrənməsinə səbəb olmaq doğru deyil. Dolayısilə də, belə hallarda pıçıldaşma, çox qapalı görüş keçirmə və məsələni çox gizlin yollarla həll etmə möminə xas keyfiyyətdir. Əks təqdirdə hər üç-beş nəfər öz aralarında kulis qurar, hər kəs başqaları haqqında rahatlıqla əsaslı, əsassız danışar və məsələlər dilə düşərsə, nəinki məsələ həll olunar, əksinə dərdlər daha da çoxalar və zərərçəkənlərin sayı artar. Bir insan başqası haqqında danışar, başqası başqa birinin ayıblarını sayıb tökər və bir başqası da başqasının günahlarını faş edərsə... birlik, bərabərlik və qardaşlıq düşüncəsi bundan zərər görər. Bu şəkildə vəhdət ruhu zədələndiyinə görə də Cənabi-Haqq bərəkətini kəsər.

Həftənin duası

Ey hər şeyin cilovunu əlində saxlayan və bütün qapıların açarı əlində olan Uca Rəbbim! Bizi masivadan azad elə və ən xeyirli qapıları bu möhtac bəndələrin üzünə aç. Bu günahkar bəndələrini yalnız Sənə ibadət edən qullardan elə. Rəhmət və inayətlə ehtiyaclarımızı qarşıla, Səndən başqa hər şeydən ümidimizi kəs. Kəs ki, axtardığımızı yalnız Sənin qapında axtaraq.

Sözün cövhəri

Cənabi-Haqqın razılığını qazanma əsas götürüldüyü müddətdə haqqı dirçəltmə üçün görülən hər bir iş ibadət sayılır. Hətta bu mövzuda ortaya atılan strategiyalar, planlar, istişarələr, yol və üsullar təyini üçün fikirləşmək, baş yormaq da ibadət kateqoriyasına daxil ola bilər. Çünki insanı xeyrə aparan səbəblər də xeyirdir. Əgər məqsəd fərzdirsə, fərzə nail olmaq üçün gedilən yol da insana fərz savabı qazandırar. 

[1] Allahın kainatda qoyduğu qanunlar
[2] Söyüb-saymaq

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.