Yalan öldürücü bir virusdur
Düzgünlük, doğruluq peyğəmbərliyin mehvəridir. Peyğəmbərlik düzgünlük, doğruluq oxu ətrafında hərəkət edir. Peyğəmbərin ağızından çıxan hər söz təsdiq, yəni nizama, şəriətə, qanun əsaslıdır. Çünki onlar xilafi-vaqe heç bir söz söyləməzlər. Allah Rəsulunun həyatı buna ən gözəl nümunədir.
Kəbə təmir edilir və Həcərül-əsvədi (biz ona Əsad – xoşbəxt daş deyək) təkrar köhnə yerinə qoyma böyük bir məsələyə çevrilir. Bu uğurda qəbilələr qılınclarına sarılır, bu şərəfə hər kəs nail olmaq istəyirdi. Axırda belə bir qərara gəldilər: qərarı Kəbəyə ilk girən şəxs verəcək. Hər kəs maraqla gözləyirdi.. Allah Rəsulunun isə heç bir şeydən xəbəri yox idi. Onun dosta-düşmənə güvən və etmad təlqin edən gül üzü uzaqdan görünəndə oradakılar sevincdən göyə tullanıb "Əmin gəlir! Əmin gəlir!" dedilər və Onun veriyi qərarı qeydsiz-şərtsiz razı olduqlarını söylədilər.
Çünki Ona tam etibar edirdilər. O gün Allah Rəsulu hələ peyğəmbərliklə vəzifələndirilməmişdi, ancaq hər kəsin etimad etdiyi, güvəndiyi bir insan idi və bir peyğəmbərə xas bütün xüsusiyyətlərə malikdir.
Əgər siz də bəşəriyyətə sevgi, sülh və qardaşlıq gətirmək üçün yola çıxmısınızsa, nübüvvət missiyasına talib, yəni peyğəmbərlik yolunda getmək istəyirsinizsə, düzlük və doğruluq ən böyük sərmayəniz, dayağınız olmalıdır. “Yalan insanı”na çevrilmədən, yalançı olmadan temrinlə, təkrar edə-edə düz danışmağı özünüzə şərt qoymalı, əsla xilafi-vaqe söz deməməlisiniz. Xüsusilə də, bir nəfərin sözünü, ya da bir məsələni ötürərkən hər xüsusu, hər incəliyi kəlmə-kəlmə çatdırmağa və yarım kəlmə də olsa başqa söz qarışdırmamağa diqqət etməlisiniz. Çünki yalanın iki cəhəti var: Birincisi, insanın həqiqi düşüncəsini gizlədib fikir və qənaətinə zidd danışması, ikincisi də, vaqeyə mütabiq, yəni olana uyğun gəlməyən, təzadlı sözlər deməsidir, başqa sözlə, Allah nəzdindəki həqiqətə və Cənabi-Haqqın gördüyü, eşitdiyi, bildiyi bir məsələyə və ya hadisəyə zidd söz söyləməkdir. Elə isə, dediyiniz hər söz, hər cümlə səmimi, qəlbinizin səsi, sədası olmalı və dəqiq bildiyiniz, tam doğru olduğuna inandığınız şeyləri söyləməli, bu zaman da "İşin həqiqətini Allah bilir" düşüncəsini ağılınızdan heç vaxt çıxarmamalısınız. Gündəlik danışığınızda, adi gördüyünüz cümlələrinizdə belə bu səviyyədə bir düzlük axtarmalı, yalanın ölümcül bir virus kimi qəlbinizə girməsinə meydan verməməlisiniz.
Sidq mövzusundakı həssaslığı ilə nümunə olan Abdullah b. Məsud həzrətləri hədis rəvayət edərkən tir-tir titrəyərmiş. Peyğəmbərimizin (s.ə.s.) mübarək kəlam və bəyanlarını ötürərkən o qədər həssaslıq göstərərmiş ki, həyəcandan bütün bədəni ehtizaza gəlib alınından tərlər axarmış. Bir neçə dəfə gah irəli gedib, gah geri gələr, əllərini ovuşdurar: "La havlə vəla qüvvətə mütləq billah.." – deyər, o sözü artıq-əskiksiz nəql edə bilmək üçün dəridən-qabıqdan çıxar və sözlərini də "Allahu aləm" qeydi ilə bitirərmiş.
“Xortumlama”dan uzaq durmaq üçün
Bax belə bir həssaslığa da "dil iffəti" deyə bilərsiniz. Adına nə deyirsiniz deyin, dediyiniz sözlərin vaqeyə mütabiq, yəni həqiqətə uyğun gəlməyən, təzadlı sözlər olması və Allah elmindəki həqiqətə, yəni nəfsül-əmrin mahiyyətinə (həqiqətin özü) zidd gəlməməsi də iffətin ayrı bir yönüdür, cəhətidir. İnsan iffət və həya pərdəsini yırtmamaq üçün düzlükdə təmrin edə-edə xilafi-vaqe sözlərə də tamamilə qapalı olmalı və yalanın kölgəsinə belə yaxınlaşmamalıdır.
İnsan dünyəvi gözəlliklərə, mala-mülkə qarşı olan tamah duyğusunu da xəyalın ucundan keçər-keçməz ordaca boğmalı, böyüyüb başqasının gəlirini həzm edə bilməməyə, həsədə və qısqanclığa çevrilməsinə imkan verməməlidir. Çünki bu zəifliyin önü tezliklə alınmasa, insanı nəinki dilənçiliyə, xarakteri zəif olanları oğruya belə çevirə bilər. "Xortumlama" sözü məhz buna görə son vaxtlar çox işlədilən ifadələrdən biri olub. Bəziləri "oğurluq" sözündən xoşlanmadıqlarına görəmi, yoxsa "xortumlama" sözündə bir nəzakətlilikmi var, yoxsa böyük loğmnı udma hadisəsinə izah gətirmək üçünmü, bilmirəm, tez-tez "xortumlama"dan danışırlar; bəziləri də xalq arasında böyük insan kimi görünmələrinə baxmayaraq, adi bir oğrunun gördüyü bir çox işi görür və millətin malını haqsız yerə yeyirlər.
Bəli, insanın mal-mülkə qarşı zəfi varsa, işin başından ayağını möhkəm basmalı və sürüşkən zəmində gəzməməlidir. Gözünü sərvət bürümüş bir insanın şan-şöhrət, mal-mülk və imkan sahibi olması buzlu yolda kor-koranə qaçmağa bənzəyir. Belə insan hər an yıxılıb üzüstə düşə bilər. Elə isə belə insan yıxılıb üzüstə düşməyəcəyi zəmində gəzməli; yeri gələndə geri dönməli və iş işdən keçmədən iradəsini ortaya qoymalıdır. Əks halda, iradəsinə çox ağır yük yükləyib devrildikdən və "iffətsiz" damğası vurulduqdan sonra: "Mən necə də iradəsizmişəm," deyə şikayətlənmənin bir mənası yoxdur.
Peyğəmbərimiz (s.ə.s.) daim doğruluğu tövsiyə etmişdir
O, daim doğru yaşadığı kimi, ümmətinə də daim doğruluğu tövsiyə etmişdir.
Bəli, O, daim doğru yaşamış, doğruluğu tövsiyə etmiş və özünə xas doğruluqla müxtəlif imkan ehtimallarından qəti vacibiyyət dərəcəsinə çıxmışdı. O, elə bir nöqtəyə gəlib çatmışdı ki, ondan o tərəfə yalnız və yalnız Allah sidqi var. Əlbəttə O, hər yönü ilə bir bəşər idi. Lakin doğruluq Onu məhz belə bir səviyyəyə yüksəltmişdi. O, bizə də eyni şeyi tövsiyə edir və: "Düz deməyə (düz danışmağa) söz verin, həyatınıza yalan qarışdırmayın, mən də sizə cənnəti söz verim," – deyir.
Qırx yaşına qədər Onun xilafi-vaqe bir söz dediyini və ya sözündə durmadığını nə görən olub, nə də eşidən. Səhabə olma şərəfinə layiq olan bir şəxs deyir ki: "Cahiliyyə dövründə Allah Rəsulu ilə bir yerdə görüşmək üçün sözləşmişdik. Mən sözümü unutdum. Üç gün sonra yadıma düşdü, tez-tələsik həmin yerə getdim.. Baxdım ki, Allah Rəsulu orada məni gözləyir. Mənə nə hirsləndi, nə də incidi. Yalnız: "Ey gənc! Mənə məşəqqət verdin. Üç gündür, səni burada gözləyirəm," – dedi.
Budur Peyğəmbərimizin (s.ə.s.) (o dövrə görə) ən amansız düşməni Əbu Süfyanın Onun doğruluğunu təsdiq etməsi:
Allah Rəsulu ətraf bölgələrdəki hökmdarlara namələr göndərirdi. Bu məktublardan birini də Roma imperatoru Herakla (Heraklius) göndərmişdi. Herakl məktubu başdan ayağa oxudu. O əsnada Şamda olan Əbu Süfyanı çağırtdı və aralarında belə bir dialoq keçdi:
– Ona daha çox kim tabe olur, varlılar yoxsa kasıblar?
– Kasıblar.
– Heç Ona inananlardan dönən oldu?
– İndiyə qədər xeyr.
– Çoxalır, yoxsa azalırlar?
– Gün keçdikcə bir az da artıb çoxalırlar.
– Ömründə heç yalan danışdığını eşitmisən?
– Xeyr, heç birimiz Onun yalan danışdığını eşitməmişik.
Məktubun təsirindən sonra o dövrdə hələ müsəlmanların ən amansız düşməni Əbu Süfyanın sözləri ilə heyrətə gələn Herakl özünü saxlaya bilməyib belə dedi:
– Bir insan bu qədər vaxt insanlara yalan danışmayıbsa, Allaha qarşı yalan danışması qeyri-mümkündür.
Yalnız mövzumuzla bağlı yönünü çatdırmaq üçün qısaca təmas etdiyimiz bu hadisədə Allah Rəsulunun doğruluğuna iki dəlil var. Birincisi, Bizans İmperatoru Herakldır ki, o, yuxarıda qeyd etdiyimiz sözü söyləmişdir. İkincisi isə, o dövrdə hələ İslamla şərəflənməmiş Əbu Süfyanın verdiyi cavablardır ki, o bu sözlərlə Allah Rəsulunun doğruluğunu qəbul edib təsdiq etmişdir.
- tarixində yaradılmışdır.