Sosial hərəkatlar və təbii mərhələlər

Fəthullah Gülən: Sosial hərəkatlar və təbii mərhələlər

Bütün topluma, hətta inkişaf istiqamətinə paralel olaraq bütün bəşəriyyətə qucaq açan, onlara haqq-həqiqəti çatdıran hərəkatların keçdiyi və keçməli olduğu təbii mərhələlər var. Bu təbii mərhələlərin başında iman, ondan sonra da icmali və təfsili elm dayanır. Əgər bir düşüncə sistemində elm yüksək məqama çatmışsa, bu, o demək deyil ki, artıq imanı bir kənara atmaq olar. Xeyr! Bu, çox ciddi yanlışlıqdır. Bu, eyni zamanda həmin düşüncə sistemini sosial proseslərin təbii axarına buraxmaq deməkdir. Ona görə də cəmiyyətin fikir öndərləri insanların imanını qorumaq və təravətli saxlamaq üçün yeni əsaslar tapmağa, yeni metod və sistemlər ortaya qoymağa məcburdurlar. Onlar insanlara bu şəkildə istiqamət verməsələr, rahatlığa düşkünlük və tənbəllik özünü göstərər, “Allaha şükür, bugünədək böyük uğurlar əldə etmişik, indi isə artıq dincəlmək vaxtıdır” deyənlər çıxar. Bu mərhələdən sonra insanlar ömrünü bu düşüncəyə həsr etmək, həyatını bu düşüncə sistemi ilə tənzimləmək bir yana qalsın, mükəlləf olduğu ibadətləri belə folklor mərasimi, adət-ənənə kimi görməyə başlayar. Artıq belələrinin gözündə eşq, vəcd və həyəcanla edilən, göz yaşları ilə süslənən ibadətlər folklor mərasimlərindən fərqli olmaz. Cümə, bayram, həcc bir mədəniyyətin təzahüründən ibarət olar.

Ancaq insanlar imanın keyfiyyətini və təravətini ilk günkü kimi qorusalar, ona xələl gətirməsələr, bu cür təhlükələrlə üzləşməzlər. Bu səbəbdən də iman mütəmadi şəkildə insanlara təlqin edilməli, əhəmiyyəti israrla çatdırılmalıdır. Yeni sistem və üsullar icad edilməli və lazım gəlsə, hətta məcburiyyət də olmalıdır ki, iman könüllərdə, qəlblərdə və zehinlərdə daima təravətli qalsın. Əks halda iman yavaş-yavaş saralıb solar. Bədiüzzaman həzrətləri məhz bu səbəbdən iman məsələsinə çox əhəmiyyət vermişdir.

Aksiyonda mütəmadilik

Bəli, aksiyonda mütəmadilik anlayışını insanların könüllərinə, zehinlərinə, ruhlarına və vicdanlarına çatdırmalıyıq. Fikrimcə, İslamı dünyaya çatdırmaq arzusunu insanların qəlbinə nəqş eləmək bir zərurətdir. Bu yolun həvarilərini yetişdirməliyik. Hər bir insanı bu idealın potensial həvarisi kimi görməliyik. Millətimizə xidməti özünə qayə bilənlərin əsas məqsədi kamil insan yetişdirmək olmalıdır. Eyni zamanda təlim-tərbiyəsinə biganə yanaşılmış və yanlış yollara düşmüş insanlarla da ciddi maraqlanmaq lazımdır. Onları faydalı işlərə yönəltmək üçün əlimizdən gələni etməliyik. Elə bir sistem ortaya qoymalıyıq ki, bir fərd belə hədər olmasın. Hazırda cəmiyyətdə belə bir sistemə rast gəlmirik. “İnsanın təbiəti belədir” filan deyib boyun qaçırmaq istəyənlər ola bilər, amma, məncə, belə düşünmək doğru deyil. Biz Allaha ürəkdən inanan insanlara mütəmadi şəkildə yüksək əhval-ruhiyyə aşılayan, hər bir fərdin səmimiyyətlə, şövqlə həvarilər kimi hərəkət etməsinə zəmin hazırlayan sistem ortaya qoymaqda çətinlik çəkirik. Mənə elə gəlir ki, Ustadı öldürən bunun dərdi oldu. Mən isə öləcək qədər dərd çəkmirəm, çünkü bundan ötrü böyük ürək lazımdır.

Bəli, məcburiyyətlə də olsa, fabrikin iş sistemi kimi, insanları bu istiqamətə sövq edən bir sistem qurulmalıdır. Bildiyiniz kimi, iş sistemi; ya müdir, ya iş yoldaşı, ya ustabaşı çalışmayan fəhləyə dərhal müdaxilə edir... Hamı çalışdığı yerdə bu sistemin fəaliyyətinin həm iştirakçısı, həm də nəzarətçisi olmalıdır.

Cənabi-Allahın fövqəladə inayəti başımızın tacıdır. Biz daima Onun nəhayətsiz inayətini umuruq. Ancaq O, bizə iradə vermiş və bəzi məsələləri bizim ixtiyarımıza həvalə etmişdir. Ona görə biz də məsələyə bu nöqteyi-nəzərdən baxmalıyıq. Başqa sözlə desək, Allahın fövqəladə inayət, ehsan, lütf və kərəmini şükür vəsiləsi bilər və daha da çox olması üçün Ona pənah apararıq. Amma bu dünyada planlarımızı zahirən bizə aid görünən, əslində isə əmanət verilən “mən”in və iradənin gücündən faydalanaraq həyata keçirərik.

  • Bütün bəşəriyyətə qucaq açan, onlara haqq-həqiqəti çatdıran hərəkatların keçdiyi və keçməli olduğu təbii mərhələlər var.
  • Cəmiyyətin fikir öndərləri insanların imanını qorumaq və təravətli saxlamaq üçün yeni əsaslar tapmağa, yeni metod və sistemlər ortaya qoymağa məcburdurlar.
  • İslamı dünyaya çatdırmaq arzusunu insanların qəlbinə nəqş eləmək bir zərurətdir. Bu yolun həvarilərini yetişdirməliyik.

Duran yerdə hərəkət etmək

Bəli, bir tərəfdən məsələlərə vaqif olmaq, məqsədəuyğun qərarlar vermək, digər tərəfdən isə his-həyəcanını daim qoruyub əzmkar və qərarlı olmaq, köhlənlər kimi yerində dayanmamaq, mütəmadi hərəkətdə olmaq, məncə, çox əhəmiyyətlidir. Zənn etmirəm ki, bu, asan olsun. Ancaq “mümkünsüzdür” deyib ruh düşkünlüyünə səbəb olmaq da istəmirəm.

Hazırkı mühit və mövcud şərait şövq və həyəcana gəlmək üçün əlverişli görünür. Qənaətimcə, bugünkülər gələcək nəsillərdən daha avantajlıdır. Onlar coşqun hiss-həyəcanları ilə, təbliğ və irşad şövqləri ilə, həmçinin mənəvi tənəzzüldən hifz olunmaqda gələcək nəsillərdən daha avantajlıdır. Ancaq unutmayaq ki, bugunkü nəsillər onlara dayaq olan, güc-qüvvət verən əsaslardan uzaqlaşır, onlara biganə münasibət bəsləyirlər. Yavaş-yavaş, asta-asta gəlib ruhlarına işləyən öldürücü mərəzləri görmürlər. Acınacaqlısı da odur ki, bunu təbii prosesin bir nəticəsi kimi qəbul edirlər. “Bu, bir mərhələdir, dünən elə idi, bu gün belədir, sabah başqa cür olacaq” deyir, ruhi-mənəvi tənəzzülü təbii qarşılayırlar. Və bu, hamımıza aiddir. Hərçənd Cənabi-Allahın lütfü ilə böyük insanlar həyatın hər bir mərhələsində bu təhlükələrin öhdəsindən gəlmiş, heç vaxt ruhi-mənəvi tənəzzül görməmişlər. “Təbəqət” kitablarına bir nəzər salın: onlar bir yerdə çadır qurmuş, atını bir yerə bağlamış, bəzən sağda, solda hədis toplamış, “Müharibəyə səfərbərlik var!” elanını eşidib döyüşə qatılmış, bir gün dövlət “Sənə filan yerdə ehtiyac var” deyəndə də alaçığını miniyə yükləyib yola düzəlmişdir. Ömür boyu dəyişmədən bir yolda addımlamaq mühüm məsələdir, Allahın bir lütfüdür. Bu, eyni zamanda mərkəzi gücün də bir göstəricisidir. Hətta Xəvaric və Nəvasib hərəkatlarında belə şəxsən çox böyük bir dinamizm görürəm. Yalnız istiqamətləndirmədə nöqsana yol verildiyinə görə bu axın zərərli hala gəlmişdir. Əslində bu hərəkatlarda coşqun iman, müdhiş həyəcan, əzmkarlıq və batillə mübarizə var. Onların nöqsanı səlahiyyətli şəxsə və ya şəxslərə itaət etməməkdir. Həzrət Əliyə itaət etsəydilər, ürəkyaxan hadisələrin əksəriyyəti baş verməzdi.

Belə hadisələr bu gün də baş verə bilər. Dürüst, xeyrixah, gözəl işlər görmək üçün bir araya gələn insanlar gələcəkdə bir-birinə düşmən kəsilə bilər. Siz bu gün bu insanlarla qol-boyun olsanız da, fərasətiniz varsa, onları dişlərinin quruluşundan, dırnaqlarının uzunluğundan, pəncələrinin amansız duruşundan sezə bilərsiniz. Bu zərərli dalğaların qarşısını almaq mümkünmü? Əlbəttə, mümkündür. Ancaq bu, bizim mətin dayanmağımızdan asılıdır.

Xülasə, ağır şeylərdən söhbət açdıq. Ciddi narahatlıqlarım var. Uğur və zəfərin öldürücü arxayınlığı məni bu yolda müvəffəqiyyət əldə edib-etməməkdən daha çox qorxudur.

Həftənin duası

Uca Zatına yaxınlıqla sərəfraz qıldığın bəndələrin üçün dərgahında hazırladığın lütflərinlə bu aciz və möhtac qullarını da sevindir, bizi məhrumiyyət və ümidsizliyə yenilən biçarələrdən etmə! Ya Rəbbi, mövhibə yağışı ilə bizi də islat... Amin!

Sözün cövhəri

Dini həyatı yanlışlardan qoruyub hifz etmək ancaq ibadətü-taətlə mümkündür. İnsanın ibadətü-taətsiz təbiətindəki cövhəri ortaya çıxarması və doğru yolda sabitqədəm olması çətindir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.