Səndən Qeyrisinə Səcdə Etməmişik

Bir insanın özünü digər mömin qardaşlarından aşağı səviyyəli hesab etməsinin iki cəhəti var: Biri çox faydalı və Allah nəzdində çox məqbul, digəri isə zərərlidir.

İnsanın bu hissə qapılıb özünü pisləməsi və nöqsanlı görməsi zərərlidir. Ancaq insanın sabah başına nə gələcəyini bilmədiyi üçün bunu özünə dərd edərək, bu hisslə, bu düşüncə ilə digər Allah qullarının yanında özünü aşağı səviyyədə görməsi bir mənada fəzilət və üstünlükdür.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) şəxsinə üstün məqamlar istinad ediləndə belə deyərdi: "Mən bir bəşərəm (insan övladıyam) və Allahın əbdiyəm (quluyam). Siz mənə Allahın qulu və Rəsulu deyin!" Dövrü-Risalətpənahidə (Rəsulullahın sağlığında) bir səhabəyə: "Sən eləsən.. sən beləsən..." deyiləndə "Mən yalnız Allahın bir quluyam" deyə cavab verərdi. Əhlullah adlanan Haqq dostları da məsələyə bu cür yanaşırdı. Məsələn, Şahı-Geylani Həzrətləri onu göylərə qaldıranlara: "Mən yalnız Allahın bir bəndəsiyəm" deyərdi.

Bu cəhətdən insanın özünü səviyyəcə aşağı görməsini, hətta özünü heç saymasını üzrlü saymaq olar, bəlkə də, "faydalıdır" da demək olar. Yeri gəlmişkən, bir insanın başqalarının vəsayası altında Haqq Təalanın mərhəmətinə layiq olmağı düşünməsi hətta təzkiyeyi-nəfs (nəfsi təmizləmə, arındırma) baxımından yararlıdır. Mən iyirminci əsrdə bəşəriyyətin xilasına namizəd gördüyüm nəsildə bir mənada bu duyğu və düşüncənin ağır gəlməsini gözləyir, müşahidə edir və bu xüsusiyyətin onlarda olmasını çox arzulayıram. Əhli-xidmətindən heç kim özünü digər insanlardan üstün və fərqli görmə "xəstəliyinə" tutulmamalıdır. Əhli-dünya fəlsəfədən aldığı dərslə üstünlük xəstəliyinə yoluxa bilər. Mömin qardaşlarımız bu kimi xəstəliklərə tutulmamalı, Qərbdə olduğu kimi insanları süni şəkildə ucaltmaq üçün mübaliğə etməməlidirlər.

Mən kiməm və nəyəm!

Mövzunu ətraflı izah etmək üçün bir üslub dəyişikliyi çərçivəsində "mən"dən başlamaq istəyirəm. Başqa insanlar da "mən" deyib mövzunu özləri üçün dəyərləndirə bilərlər.

Mən bir fərd olaraq imana və Qurana xidmət baxımından Allaha həmd edirəm ki, məni mühüm vəzifələrlə şərəfləndirdi. Mən mahiyyət və cisim olaraq heçəm. Lakin Allah bu heçliyə müxtəlif varlıq cilvəsi lütf etdi. Allah bəzən günahkar bir quluna da müxtəlif nemətlər lütf edir. Belə də oldu və məni misilsiz bir camaatla həmhal elədi. Mən bu baxımdan özümü dünyanın ən xoşbəxt insanlarından sayır və "Allah zavallı bir nəfəri götürüb pak ömür sürən, xidmətə namizəd insanların yanına qoydu" deyirəm. Mən məhz buna aşağılıq hissi demirəm. Maddə və mahiyyətcə Rəbbimin nəzdində bir damla kirli suyam (Bax. "Tariq" surəsi , 86/6). Buna baxmayaraq, əgər insanlar məni böyük sayır və ucaldırsa, bu mövzuda yanılmış ola bilərlər. Amma öz nöqteyi-nəzərimdən mən həmişə belə düşünürəm, özümə belə baxıram. İnsanlar fikir yürüdərkən və qərar verərkən yanıla bilər. Bu xüsusda da çox qorxuram, qorxmalıyam da, sonra da Peyğəmbərimizin dediyi kimi: "Rəbbim, məni xalqın gözündə böyük, Sənin gözündə kiçik etmə" deyirəm. Xalq bir insanı böyük görə bilər. Ancaq mən ilahi dərgahda nəyəmsə o cür, hətta ondan da aşağı görünmək istəyirəm. Bu gün əl üstündə tutulub sabah ayaq altında bir mərkəbdən də aşağı səviyyəyə düşməkdənsə, "Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar" ("Furqan" surəsi, 25/44) ayəsinə istindən o böyük hesab günü o vəziyyətə düşməkdənsə, burada xətalarımın cəzasını artıqlaması ilə çəkmək və ya Sənin nəhayətsiz əfvinə sığınmaq istəyirəm. Vahşini bağışlayan, onu səhabəlik məqamı ilə sərəfraz edən o əngin mərhəmətinə sığınaraq əl açıram, "Sən istəsən, mərkəbi də insan edərsən, diləsən, insanı da mərkəb edərsən" deyirəm.

Bizi insan olaraq ən gözəl surətdə yaratdın. Ancaq biz insani sirətimizi (iç dünyamızı, daxili gözəlliyimizi) iradi olaraq pozduq. Palçığa, bataqlığa girdik. İndi də palçıq içində çırpına-çırpına qalmışıq. Amma bir yerdə deyildiyi kimi, Səndən qeyrisinə səcdə etməyən bir başımız var. Könül kirlənsə, daxili aləm saralıb-solsa da, Səndən qeyrisinə səcdə etməmiş, heç kimə boyun əyməmişik. Sənə məhz bunu verəcəyik. "Mə arəfnəkə haqqa marifətikə - Səni layiqincə tanıya bilmədik" qalxanı ilə dargahına sığınır və əfvini diləyirik.

Bu, bir mənada özünü sorğu-suala çəkmədir. Mən bu halımla özümü bu əsrdə dərs aldığım o böyük insanın arxasınca gedən bir qul hesab edirəm. İnsanımıza səhabeyi-kiramdan danışıram. Qıtmir var, padşahları və onların bağını, bostanını qoruyur. Qıtmir də var, ən kiçik səhabənin arxasınca dolaşır və onun yanında olmağı şərəf sayır. Mən də onların adını çəkir, onları tanıtmağa çalışıram. Səmimi olduğumu deyə bilmərəm. "Tamamilə səmimiyyətdən uzağam" da deyə bilmərəm. Biri lovğalanma olar, digəri də nankorluq. Rəbbim indiyə qədər qabiliyyətsizliyimin və nöqsanlarımın üstünü örtdü, sətr etdi, məni sizə olduğum kimi göstərmədiyi üçün mən də sizə şərh etmək istəmirəm. Buradan "Ya Səttar" deyib yürüyürəm. O biri aləmdə də "Ya Səttar" deyib aman diləyərəm. O da, bəlkə, qəflətimi örtüb məni bağışlayar. Bu sözləri səmimi deyirəm və özümü belə görürəm. "Ah bu camaat mənim nə yavuz bir dilbaz olduğumu bilsə, gəlib məni dinləməz" deyirəm. Bu dediklərimin neçəsini bəzi yoldaşlarım da deyə bilər, bilmirəm, belə bir vəzifəmin olduğunu da sanmıram.

  • Nəfsi "sıfırlamaq" aşağılama hissi ilə özünü pisləmə mənasına gəlməməlidir. Çünki bu anlayış insanı ümidsizliyə aparar.
  • Peyğəmbərimiz belə onu ucaldıb mədh edənlərə qul olduğunu, dolayısilə də, ən böyük payənin qulluq olduğunu xatırlatmışdır.
  • İnsan nəfsini hesaba çəkərkən Allahın bəxş etdiyi nemətləri də nəzərə almalıdır. Yoxsa Ona qarşı nankorluq olar.

Aşağılıq hissinə qapılmaq lazım deyil

"Mən mücrüməm (günahkaram), insanların qarşısına çıxıb danışa bilmərəm. Heç kimə haqqı anlada bilmərəm. Namaz qıldırıb xütbə oxuya bilmərəm" kimi düşüncəni aşağılıq hissi, yazıqlıq və şeytanın insanın bəzi zəif cəhətlərindən istifadə edərək onu xidmətdən soyutması sayıram.

Zəif və çəlimsiz olsaq da, qollarımız güclü olmasa da, bu işi həqiqi sahibini tapana qədər davam etdirmək əzmindəyik. Rəbbimizi xoşnud etmək üçün Qurani-Möcüzül-Bəyana xidmət istiqamətində Fəxri-Kainat Peyğəmbərimizin atına zimamdarlıq etmə, yəni atının yüyənini çiynimizə keçirib aparma vəzifəsindən əl çəkməyəcəyik. Əgər biz özümüzü səviyyəcə aşağı görürüksə və bu hiss bizi məlum vəzifədən uzaqlaşdırırsa, məlun aşağılıq hissi məhz odur.

Nə olsaq da, daima imanlı olmuşuq, heç vaxt ümidimizi itirməmişik. Canımızı Allaha tapşıranda da "Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Cənnətimə daxil ol!" ("Fəcr" surəsi, 89/27-30) həqiqətini sırf bir İlahi iltifat kimi, qarşılıqsız təvəccöh kimi gözləyirik.

Xüsusilə, bu dövrdə aşağılıq hissinə qapılmamalıyıq, çünki biz nə qədər mücrüm olsaq da, Haqq Təala bizə bu nəzakətli, pak və misilsiz camaat içində olma imkanı bəxş etmişdir. Bu güzidə, seçilmiş insanlarla eyni damın, eyni qübbənin altında oturmuşuq. Hər gün bu həqiqət saçan simalarla qarşılaşırıq. Onlardan çox şey mənim hislərimdə əks olunur. Dağılmış, xarab olmuş qəlbimi inşa edərkən bu insanlardan çox yararlanıram. Onların hiss və həyəcanı mənim bu pərişan cismimə can və dizlərimə təpər olur.

Bu cəhətdən fərd-fərd naqis olsaq da, biz camaat olaraq Fəxri-Kainat Peyğəmbərimizi sevindirəcək, Onun üzünü güldürəcək bir mövqedəyik. İnsanlar çubuq və dəyənəyi xırman yerinə atmış, boyunduruğu yerə qoyub getmiş, dini qoyub qaçmışdır. Allah məhz belə bir dövrdə yolumuza işıq saçanları məqami-mahmudla sevindirsin. Cığır açanları xoşbəxt və bəxtiyar etsin. Rəhbərlərimizi firdövs cənnəti ilə məsud və bəxtiyar etsin. Biz Fəxri-Kainat Peyğəmbərimizin yolunda və izində imana və Qurana xidmət edərkən, başımızın üstündə Fəxri Kainat Peyğəmbərimizin himayəsini və hifz qanadlarını hiss edirik. Bu cəhətdən Allaha çox şükür -Qərbli anlayışı ilə desək- Məhəmmədiyik. Hz. Məhəmmədin (sallallahu əleyhi və səlləm) camaatındanıq. Bu xüsusiyyətimizə görə heç kəs bizə tay ola bilməz və bu, sonsuz təqdirlərə layiqdir. Biz xidmətə bağlı olduğumuz müddətdə beləyik. Elə isə fərd-fərd qiymətsiz olsaq da, ümidlərimizi doğruldacaq, Allahın məğfirətindən istifadə edəcək bir camaat olaraq şəxsi-mənəvi etibarilə elə uca məqama namizədik ki, səhabə, tabiun, təbeyi-tabiunun dövrü istisna olmaqla, yer üzündə bu camaata bərabər ikinci bir camaat yoxdur. Buna da Allaha həmd-səna edirəm.

Sözün cövhəri

İnsanın mənliyində Haqq Təalanın səm və bəsəri (eşitmə və görmə xüsusiyyəti) vardır. Hətta "hüvə (O)" sirri insanda "ənə (mənlik, mən)" şəklində təcəlli etmişdir. İnsan "ənə" çəpərini təsəvvüfdəki "fənafillah" və "bəqabillah"la dağıdıb atmaqla Allahda baqi olma məqamına çata bilər. Beləcə insan "mən"i kəşf etməklə mənliyin sirlərini qavramış olar. Hədəf seçdiyi nöqtəyə çatandan sonra da əlindəki kristal badəni yerə çırparaq "Səninlə məqsuduma çatdım, artıq mənə lazım deyilsən" deyib mərifət şüuru ilə İlahi lütflərdən zövq alar...

Həftənin Duası

Ey sonsuz mərhəmət sahibi uca Rəbbim! Bizi qüvvəmiz çatmayan işlərlə mükəlləf etmə, bunu istəməyə nə qədər üzümüz olmasa da, daim bizimlə ol və bizi heç vaxt tək qoyma, dualarımıza cavab ver, ümidlərimizi puç etmə, Sənə aparan yolları asanlaşdır və tövbələrimizi qəbul et... Peyğəmbərimiz Həzrəti Məhəmmədə, ailə üzvlərinə və bütün səhabələrə salət və salam edirik. Dualarımızı qəbul et, Rəbbim!..

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.