Quran qürbətdədir
Peyğəmbər Əfəndimiz (s.ə.s.) bir hədisində altı qəribdən bəhs edir: "Məscid, namaz qılmayanlar arasında; Qurani-Kərim fasiqin (bilə-bilə günah işləyən) ürəyində ya da onu oxumayanın evində; salehə bir qadın pis xasiyyətli kişinin nikahı altında; saleh bir kişi arsız bir qadının yanında və alim onun elmindən istifadə etməyən bir toplum arasında qəribdir."
Bir başqa hədisdə buyurur ki: "Elə vaxt gələcək ki, o dövrdə Quran bir vadidə, insanlar ayrı vadidə olacaqlar." Yəni o dövrün insanları Quranla eyni vadini paylaşa bilməyəcək, eyni müstəvidə görüşə bilməyəcək, fərqli-fərqli yollarda olacaqlar. Bu səbəbdən Quran onu oxumayan, onda nə yazıldığını belə maraqlanmayan və ondan istifadə etməyi heç düşünməyən insanların evlərində, könüllərində qərib qalacaq. Onsuz da, əsl qərib yurd-yuvasından uzaq olan, dost-aşnadan ayrı düşən deyil, yaşadığı toplumda başa düşülməyən, anlaşılmayan, qiyməti bilinməyəndir.
Qurani-Kərimə qarşı göstərilən zahiri hörmətin də mütləq özünə görə bir dəyəri var, o da boşa getməz. Lakin əsas olan zərflə birlikdə mazrufa (zərfə qoyulan), sözlə birlikdə mənaya və Quranın səhifələri ilə birlikdə onun Rəbbimizin kəlamı olmasına da hörmət və məhəbbət göstərməkdir. Məsələn, insanlar onu ipəkdən boxçalara sarsalar, gül qoxulu qızılı zərli seyflər içində evin ən hündür yerinə assalar.. sonra evlərini yüksəltdikcə onu daha da yüksəyə çıxarsalar.. Hər səhər qalxanda və axşam yatağa girəndə beş-on dəfə öpüb üz-gözünə sürtsələr, əgər Qurani-Kərimin ortaya atdığı məfkurəyə sahib çıxmırlarsa, ona lazımi dəyəri vermiş olmaz, layiq olduğu hörmət və məhəbbəti göstərmiş sayılmazlar. Çünki hörmət və sevgi, ancaq Qurana həqiqi mənada hörmətlə dəyər qazanar.
Əgər insan Həzrəti İkrimə kimi hər yerdə Quran həqiqətlərini anlatmağa və onun həqiqi xadimi (xidmətçisi) olmağa çalışır, sonra da səhər-axşam onu oxuyub ehtiramla üz-gözünə sürtür və könlündə coşan Quran sevgisi ilə müqəddəs kitabı bağrına basıb "Kəlamı Rəbbi - Mənim Rəbbimin sözləri" deyərək öpürsə, məhz bu zaman göstərdiyi hörmət bir məna ifadə edir. Lakin bir insan Quranı oxuyub anlama həyəcanı daşımırsa, onu başqalarına da çatdırma əzmindən məhrumsa, hər ayəsini can verən nəfəs kimi möhtaclara tanıtma eşqindən və şövqündən uzaqsa, onu sadəcə evin ən yüksək yerindən asmaq, bəzi xüsusi gün və gecələrdə tozunu silərək öpüb alınına qoymaqla kifayətlənirsə.. bu zahiri və süni hörmət çox da məna ifadə etməz.
Qürbəti dindirəcək fikir işçiləri
Bununla yanaşı, məsələyə təmkinli yanaşılmalı və "Heç bir məna ifadə etməz" deyilməməlidir, deyə düşünürəm, çünki Qurani-Kərimə qarşı bu qədər hörmət belə bəzilərimiz üçün qurtuluş səbəbi ola bilər. Belə hörmətin bizim tariximizdə və mədəniyyətimizdə böyük yeri var. Tarix və Qurana hörmət deyincə, yəqin, o məşhur mənqibə sizin də ağılınıza gəldi. Deyilənlərə görə, Osman Qazi həzrətləri Şeyx Ədəbalının evində qaldığı gecə ayağını uzadıb yata bilmir, çünki otaqda Müqəddəs Quran var idi. Bir küncə yığılıb təsbeh çəkərkən yuxuya gedir. Yuxuda Ədəbalı həzrətlərinin sinəsindən çıxan bir nurun onu əhatə etdiyini, sonra da özünün budaqları buludlara çatan, kökləri diyarlara, ölkələrə uzanan bir çinara döndüyünü görür. Ədəbalı Həzrətləri yuxudakı o nurun öz qızı və Osman Qazinin gələcək yoldaşı Bala Xatuna, ağacın isə böyük bir dövlətə işarə etdiyini söyləyir: "Allah-Təala səninlə və sənin nəslinlə insanları İslamla şərəfləndirəcək," - deyir. O gecədən bu günə qədər də Osman Qazi və onun nəslinin Qurana olan hörmətin bərəkəti ilə bütün dünyaya kök saldıqlarına inanılır. Osman Qazinin Qurana göstərdiyi bu zahiri hörmət Osman Qazi kimi könlünü ona vermiş, məfkurəsi uğrunda yer kürəsində işini bitirdikdən sonra göylərə və sürəyya ulduzuna asmağa qərarlı bir insanın hörmətidirsə, o çox qiymətlidir və bir gün mütləq əvəzini qat-qat alacaqdır.
Bu gün də iç-içə iki qürbət var. İnsanların çoxu çox acı bir qürbət: "Quransızlıq qürbəti" çəkərkən Quran da camaatdan məhrumiyyətin qürbətini yaşayır. Kaş ki, insanlar Quranın harəmgahına getsələr, ona qarşı ehtiram göstərərkən Kəlamı-İlahiyyəyə həqiqi mənada sahib çıxsalar.. yəni Quran ilə insanlar arasında möhkəm birlik gerçəkləşsə, və bir şəbi-arus (sevgi ilə görüş) olsa.. o zaman insanlar həm öz qürbətindən qurtulmuş, həm də Qurani-Kərimin çöhrəsindən o qürbətin tozunu silmiş olacaqlar. Belə bir vüslətlə Qurani-Kərim qürbətinin aradan qaldırılması da, düşünürəm ki, ona həmişə sahib çıxan fikir işçiləri, bu dövrün qəribləri sayəsində olacaq. İnsan zəkası və istedadına sığmayan işlər görərək daim sülh və islah dünyagörüşlü insanlar Qurani-Kərimin qürbətini aradan qaldıracaqlar.
Yaxşı olardı ki, onlar durduqları məqama layiq olma əndişəsindən ayrılmasın və nümunəvi rəhbərliyi nümayiş etdirə bilsin. Bəşəriyyətin belə nümunəvi insanlara və keyfiyyətli rəhbərlərə ehtiyacı var... Əvvəla öz üstündəki qürbətin toz-torpağını çırpıb sirkələyərək Quran qürbətindən qurtulacaq, sonra da onun hidayəti ilə qürbət (yaxınlıq) üfüqünə doğru yola çıxacaq fikir işçilərinə...
- tarixində yaradılmışdır.