Peyğəmbərimiz fitri həyatın təlimçisidir
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Hz. Aişə anamızın ifadəsi ilə, Ramazan ayı istisna, fasiləsiz oruc tutmamışdır. Bəli, Allah Rəsulu Ramazan ayından başqa heç bir ayı oruclu keçirməmişdir.
Peyğəmbərimiz fitri həyatın təlimçisidir. Onun qıldığı namaz, tutduğu oruc, xülasə etdiyi ibadətlər mahiyyətcə hər kəs üçün örnək təşkil edir... və Onun ibadət həyatı bəşəri fitrətə ən uyğun ibadət həyatıdır. Səlim (sağlam, doğru, dürüst) təbiətli heç bir insan Peyğəmbərimizin ibadətü-taətini inkar etməz.
Bəli, Allah Rəsulu (Ramazandan sonra) ən çox şaban ayında oruc tutardı. Ancaq bu ayı da başdan-ayağa oruclu keçirməzdi. Bir mənada zəruri olanlar istisna Peyğəmbərimizin ibadəti bilinməzdi. Demək olar, hər gün eyni yükü daşısa da, birdən ortaya çıxar və diqqət çəkəcək məsələlərdən təvəqqe edərdi. O (sallallahu əleyhi və səlləm), həmişə ümmətinin zəif cəhətlərini nəzərə alırdı. "Zəiflərin ayağı ilə yeriyin" bəyanına ilk növbədə özü əməl edirdi. Beləliklə, O, bütün Şabanı-Şərifi oruclu keçirsəydi, hər kəs oruc tutacaqdı, bu isə bir mənada külfət (çətinlik) demək idi.
Allah Rəsulu həyati əhəmiyyətli bütün çətin məsələlər qarşısında dağ kimi dayanmışdı. Bir rəvayətdə Peyğəmbərimizin Əbu Cəhillə güləşməsindən bəhs olunur. Belə bir hadisənin baş verib-verməməsi mübahisəli olsa da, Peyğəmbərimiz o qürurlu insanı məğlub edir. Əsli-əsası olsun-olmasın, Peyğəmbərimizin heç kimə və heç nəyə məğlub olmadığını göstərən bu hadisəni bu cəhəti ilə qəbul edirəm. Bəli, Peyğəmbərimiz gənclik illərində güləşdə hər kəsi məğlub edən və güclü-qüvvəli pəhləvan olan Əbu Cəhillə qurşaq tutur. Allah Rəsulu güləş meydanına çıxanda Ona "O (Əbu Cəhil) soyunub, bədənini yağlayıb. Sən də belə et" deyirlər. Ancaq Peyğəmbərimiz buna ehtiyac duymur və Əbu Cəhilə belə bir təklif edir: "Mən ayaq üstə dayanacağam. Sən məni bir addım irəli-geri və ya sağa-sola yerimdən tərpətsən, özümü məğlub sayacağam. Daha sonra da həmlə sırası mənə gələcək" (Ehtimal ki, o dövrdə güləş tərzi belə idi. Güləşçilər bellərinə möhkəm qurşaq bağlayar və biri müdafiə olunar, digəri də onu yıxmağa çalışarmış.) Güləş başlayır, təklifi qəbul edən Əbu Cəhil nə qədər səy göstərsə də, dimdik dayanan Allah Rəsulunu yerindən tərpədə bilmir. Dəfələrlə həmlə etsə də, hücumları nəticəsiz qalır və çarəsiz-çarəsiz deyir: "Ya Məhəmməd, səndə böyük bir sehr var. Mən dağa belə həmlə etsəydim, dağ yerindən oynayardı". Növbə Peyğəmbərimizə gəlir, Allah Rəsulu Əbu Cəhili qaldırıb yerə vurur və Əbu Cəhlin kürəyində dərin yara açılır. Hətta İbn Məsud Əbu Cəhili Uhudda öldürəndən sonra Peyğəmbərimiz İbn Məsuda: "Cavanlıqda güləşdə onun kürəyini yerə vurmuşdum. Bax gör kürəyində bir iz var?" - deyir. Əbu Cəhlin kürəyinə baxan İbn Məsud, həqiqətən, yumruq boyda bir oyuq görür. Nəticə etibarilə bu, bir əfsanədir. Lakin bu əfsanə mənə Peyğəmbərimizin müdhiş iradəsini və əzəmətli gücünü xatırladır.
Bir rəvayətdə kişilik hormonlarına görə Peyğəmbərimizin otuz insan gücündə, başqa bir rəvayətdə isə otuz peyğəmbər qüvvəsində olduğu nəql edilir. Bir rəvayətdə isə hər bir nəbinin iyirmi beş insan gücündə olmasından bəhs edilir. Buna rəğmən bir iffət abidəsi olan Rəsuli-Əkrəm iyirmi beş yaşına qədər gözünü qaldırıb heç bir qadına baxmamışdı. Hətta Hz. Xədicədən ailə qurma təklifi gələndə utandığından puçur-puçur tər tökmüşdü. Mən acizanə Rəsuli-Əkrəmin iffəti haqqında "bu, meydan, bu, şeytan" deyirəm. Ona "sehrbaz" və "məcnun" desələr də, qətiyyən iffətinə toz qondura bilməmişdilər
Bəli, Allah Rəsulu əmin (etibarlı) insan idi. Hər məsələdə olduğu kimi, Onun ibadəti də elə idi. Lakin O, bəşərə, yəni insana rəhbərlik etdiyi üçün bəşər ayağı ilə yol getmişdi.
Məsələnin fiqhi cəhətinə gəlincə, üç aylarda ardıcıl oruc tutmaq məkruhdur. Çünki Rəsuli-Əkrəm tutmamışdır. Peyğəmbərimiz ən abid və ən zahid səhabələrinə bu orucu tövsiyə etmişdir: "Abdullah bin Amr bin As evlənincə: "ruhi-mənəvi kamilliyimə mane olur, ibadətlərimə xələl gətirir" deyə günlərlə həyat yoldaşının yanına getmir. Bundan narahat olan həyat yoldaşı Allah Rəsulunun hüzuruna şikayətə gəlir. Məsələdən xəbərdar olan Peyğəmbərimiz Abdullah bin Amr bin Ası yanına çağırtdırıb ona: "Allahın sənin üstündə haqqı var. Nəfsin, ailənin sənin üstündə haqqı var. Hər bir haqqı haqqın sahibinə ver," - buyurdu. Sonra da Peyğəmbərimizlə Abdullah bin Amr bin As arasında belə bir dialoq olur:
"- Hər ay üç gün oruc tut. (Qəməri ayların on üç, on dörd və on beşində)
- Daha çox tuta bilərəm, ya Rəsulullah!
- Hər cümə axşamı və bazar ertəsi tut.
- Daha çox tuta bilərəm, ya Rəsulullah!
- "Savmi-Davud" (Hz. Davudun orucu) tut. Bir gün tut, bir gün tutma.
- Daha çox tuta bilərəm, ya Rəsulullah!
-Xeyr, bundan artıq olmaz. Ən fəzilətli oruc budur".
Xülasə, rəcəb və şaban ayında fasiləsiz oruc tutmaq nə Kitabullahda, Rəsulullahın sünnətində, nə də fiqh kitablarında var. Ancaq avam xalqın ağlında belə şeylər var. Bir də insan fasiləsiz oruc tutmaqla oruca alışa bilər ki, bununla da orucun bir faydası qalmaz. Beləliklə, bu işin son hüdudu nəfsi tərbiyə etmək üçün bir gün oruc tutub bir gün tutmamaqdır.
Xülasə:
- Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Hz. Aişə anamızın ifadəsi ilə Ramazan ayı istisna, fasiləsiz oruc tutmamış və belə oruc tutmağı da tövsiyə etməmişdir
- Peyğəmbərimiz fitri həyatın təlimçisidir. Onun qıldığı namaz, tutduğu oruc, xülasə etdiyi ibadətlər mahiyyətcə hər kəs üçün örnək təşkil edir... və Onun ibadət həyatı bəşəri fitrətə ən uyğun ibadət həyatıdır.
- Allah Rəsulu həyati əhəmiyyətli bütün çətin məsələlər qarşısında dağ kimi dayanmışdı. O, bir şeyə qərar verdisə, Onu qərarından döndərmək qeyri-mümkün idi.
Heç kəsə laqeyd yanaşmağa haqqımız yoxdur
Bura qədər bəhs olunanlardan bu nəticəyə gələ bilərik. Allah Rəsulunun (əleyhissalatu vəssalam) həyatına bir bütöv kimi baxanda O Kamil Rəhbərin ömür boyu həm toplumun böyükləri ilə məşğul olduğunu, onların imana gəlməsinə çalışdığını, həm də özünü ifadə edə bilməyən, əzilən, təcrid olunan qəriblərə qucaq açdığını görmək olar.
Bəli, Allah Rəsulu (əleyhissalatu vəssalam) ömrü boyu bu iki təbəqəni birləşdirməyə çalışmışdır. Əlbəttə, Rəsulullah qəlbinin qapılarını bu iki təbəqənin ortasında qalan insanların üzünə də açmışdır.
Məsələnin bizə aid tərəfinə gəlincə: Keçmiş dövrlərdə olduğu kimi, hal-hazırda da gizli-açıq, dünyanın, demək olar ki, hər yerində "kasta sistemi" var. Üstəlik insanın mahiyyətini nəzərə alanda cəmiyyətdə hər iki təbəqənin varlığı həmişə davam edəcək. Elə isə könüllülər hərəkatının mənsublarına düşən vəzifə də toplumun heç bir təbəqəsinə laqeydlik göstərmədən hər kəsə qucaq açmaq olmalıdır. Bəli, vicdan geniş olmalı, hər kəsin mövqeyinə hörmət göstərib dialoq zəminləri hazırlanmalı, cəmiyyətə qucaq açılmalı, hətta gəlməyən, gələ bilməyənlərin də ayağına gedilməlidir. Ölkənin və coğrafiyanın şərtləri nəzərə alınmaqla bir tərəfdən cəmiyyətdə böyük vəzifələrdə olan alim, millət vəkilləri və s. kimi sözükeçən insanlarla dialoq körpüləri qurulmalı, digər tərəfdən də toplumun məzlum, məhkum və məğdur qəriblərinə əl uzadılmalıdır. Çünki məsləyimiz hər kəsə açıq peyğəmbər yoludur. Buna görə bir tərəfdən cəmiyyətdə böyük vəzifəsi, mövqeyi, nüfuzu olan insanlara layiqli ehtiram göstərilməli, onlara dəyər verilməli, düşüncə dünyamızı başqa könüllərə duyurmaq üçün onların rəyindən istifadə edilməli, digər tərəfdən də cəmiyyətin alt təbəqələrində qalan insanlara şərait hazırlamalı, onları qərəzli fikirlərdən xilas etməli və özünü ifadə imkanı verilməlidir. Beləliklə, bu əzilən qəriblər qəribliyin təkanverici gücü ilə sürətlə şahlanacaq və Allahın izni və inayəti ilə öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər.
Bu əsrin müsəlmanları olaraq biz də Rəhməti Sonsuz olan Allahdan niyaz edirik ki, İslam Dünyası Monqol-tatar, Səlib yürüşləri, Asiyada yaşanan hərc-mərclik kimi ağrılı-acılı böyük qürbətlərdən xilas olduğu kimi, son dövrdə yaşadığı ən ağır hərc-mərclikdən də tezliklə qurtulsun. Unutmayaq ki, bu qurtuluş ancaq Allah Rəsulunun (əleyhissalatu vəssalam) on dörd əsr əvvəl müjdələdiyi o özünü islaha həsr etmiş qürbət əhli qəriblər sayəsində reallaşacaq!
Həftənin duası
Varlığı canımızın canı, nuru gözümüzün ziyası Uca Rəbbimizə elmi və biliyi qədər həmd-səna, yolda qalanların yeganə rəhbəri Həzrəti Məhəmməd Mustafaya, pak ailəsinə və ulduz kimi ətrafa işıq saçan səhabələrinə salat və salam olsun.
Ey Rəbbim, Səndən müxlis (ixlasa çatmış) və müxlas (ixlasa çatdırılmış) qullarını dəstəklədiyin kimi, bizim kimi (aciz və möhtac) qullarını da əməllərimizə ixlas verərək dəstək ol.
Sözün cövhəri
İnsanın mahiyyəti fənalığa meylli, xəsisliyə düyünlü, dünya sevgisi ilə dolu yaradılmışdır.
Bu nöqteyi-nəzərdən insanın riyazi olaraq günah çuxuruna yuvarlanma ehtimalı daha çoxdur. Buna görə də insana mütləq mənada "əsfəli safilinin övladı" demək olar. Ancaq insan bu mahiyyətini tərbiyə edərək yaxşılığa, gözəlliyə, doğruluğa istiqamətləndirə və "əhsəni-təqvim" sirrinə vaqif ola bilər.
- tarixində yaradılmışdır.