Oyun üçün yaradılmamışıq
Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm): "Ən xeyirli gənc (səfahətdən uzaq durmaqda və təmkinli olmaqda) qocalara bənzəyəndir. Yaşlılarınızın ən fənası isə (qəflətə düşən və nəfsin arzularına uyan həvapərəst) gənclər kimi yaşayandır," buyurur.
Beləliklə istər qadın, istər kişi – ən xeyirli gənc bir ayağı qəbirdə yaşlı insan kimi hər an ölümü və ölümdən sonrakı həyatı düşünən, axirətinə azuqə tədarükünə çalışan, gənclik həvəslərinin əsiri olmayan və qəflətdə boğulmayan gəncdir. O, nəfsaniliyin ən azğın dövründə belə axirət iştiyaqı ilə coşub cismani arzularını cilovlamış, qulluğu təbiətinə hopdurmuş və özünü Haqqın yoluna həsr etmiş bir ruhdur.
Hələ körpə çağında Allah-Təalanın lütfünə məzhər və hikməti ilə sərəfraz olan Həzrəti Yəhya (əleyhissalam) bu qəhrəmanlar üçün ən gözəl nümunələrdən biridir. Rəvayətə görə, yaşıdları ona: "Yəhya, sən də gəl, birlikdə oynayaq!" deyəndə, o Əziz Nəbi: "Mən oyun üçün yaradılmadım," cavabını verir. Oyun uşaqlığa xas bir şey olsa da, o hələ körpə çağında xilqətin qayəsini dərk etmiş, dünyəvi məşğuliyyətdən mümkün olduqca uzaqlaşmış və yaradılışın hikmətinə uyğun bir yol seçmişdir.
Bəli, ən xeyirli gənc Həzrəti Yəhya kimi ömrün bahar çağında bəndə olduğunu dərk edib dünya müsa¬fir¬xanasını əbədi səadət qapılarının açarı sayan gəncdir. Belə dəliqanlı iman gücü ilə pəvazlanıb iradəsi ilə nəfsani arzularına sərhəd qoyar. Hər gün dəfələrlə özünü sorğu-suala çəkərək davranışlarına, hal və hərəkətlərinə nəzarət edər. Silkələnib könül aləmində dirilərək həqiqətən var olduğunu göstərər. Ən ülvi hislərlə abad etdiyi könlünün qapılarını məna aləmlərinə də açar və bu kamilliklə fütüvvət ruhunu təmsil edən bir qəhrəman olar.
Bir gəncin yaşlılara bənzəməsi əvvəla qanının coşub daşdığı və bəşəri arzuların daim dünyaya çağırdığı bir dövrdə axirət yolunun yolçusu olduğunu unutmamasıdır. Bununla yanaşı, onun başına qar yağmış, saçı-saqqalı ağarmış bir qoca kimi bir ayağı o biri dünyadaymış kimi yaşaması da vacib məsələdir. Ən əsası da şeytanın min bir oyununa baxmayaraq, kamil bir könül insanı kimi həyatını dinə, imana, Qurana xidmətə həsr etməsi və hər an ehsan şüuru ilə hərəkət edərək bütün cismani istəklərə, şəhvani arzulara, günahlara qarşı üsyan bayrağı dalğalandırmasıdır.
Haqqın sevdiyi tövbəkar gənc
Belə gənc heç büdrəməz, heç üzüstə düşməz, heç günaha girməzmi?
Əlbəttə, ən xeyirli gənc də bəzən büdrəyib üzüstə düşə bilər. Zaman-zaman səndələmək, hərdənbir büdrəmək, bəzən üzüstə düşmək, bəzən də şeytana qapılıb günah çuxuruna yuvarlanmaq peyğəmbərlər xaric hər insanda mümkündür. Ancaq yaxşılığa, xeyirli işlərə bağlanmış igid səndələyib günaha düşən kimi dərhal səccadəsinə can atar, günahın yaşamasına imkan verməz, onu tövbə ilə boğub ən qısa vaxtda namaz, oruc, həcc, sədəqə kimi saleh əməllərlə bu çirkabdan təmizlənər.
Gənclikdə edilən ibadətlərin Haqq dərgahında daha sevimli olduğunu deyən Peyğəm¬bərimiz (s.ə.s.): "Tövbə gözəldir, gənclərdə olsa, daha gözəldir. Allah tövbə edən gənci sevər," buyurur. Bu baxımdan xeyirli gənc Allahın rizasına çatmaq üçün ömrünü ibadət və taətə həsr edən, qeyri-ixtiyari günaha düşəndə həlak olacaqmış kimi qəlbi titrəyən, vaxt ötürmədən tövbə bulağına can atıb üsyan ləkələrindən arınan bahadırdır.
İndiyə qədər iztirab içində qıvrım-qıvrım qıvrılan neçə gəncə şahid olmuşam. Gözüm harama ilişdi deyə inil-inil inləyərək sədəqə verən, yeyin addımlarla səccadəyə can atıb Haqqn hüzurunda iki büklüm olan və qəlbi qaralar qorxusu ilə günah izlərini göz yaşları ilə yuyanlar… Bir anlıq qəflətdən gözünə ilişən bir haram nəzərə görə qəddi bükülən və "Ay aman, mən məhv oldum! Allahın bu qədər nemətləri qarşısında mənə günah işləmək yaraşardımı?! Bəs indi mən neyləyəcəyəm?" deyən və tövbə, inabə, övbə pillələri ilə həqiqi qulluq üfüqünə yüksələn dəliqanlı gənc müdrik bir ixtiyar kimi davranan və qəlbini şeytani hücumlardan qoruyan ən xeyirli gəncdir.
Belə ki, insan qəlbinin canlılığı nisbətində günahlara nifrət edər və onlardan diksinər. Könül dünyası tamamilə tənəzzül etməmiş bəndə hər günaha ruhunu yaralayan, vicdanını qanadan bir iblis gülləsi kimi baxar. İşlədiyi günaha görə nədamətlə dolar, günlərini iztirabla keçirər. Əgər bir insan düşdüyü günahlara görə xəstə olacaq qədər iztirab çəkmirsə, öyrəşən dil dəfələrlə "Tövbə, ya Rəbbi!" desə də, bu tövbə deyil, sadə bir ayindir, heç bir faydası da olmaz. Tövbə vicdanı qovuran peşmançılıq hissi, bu nədamətin insan qəddini əyib bükməsidir. Peşmançılığı və əfv istəyini dilə gətirməyə gəlincə, bu yalnız iki büklüm olmuş insanın halına tərcüman olmaqdır. Bəli, həqiqi tövbə ancaq iztirab tərənnümünün və günahdan qəhrəmanlıqla uzaqlaşıb İlahi dərgaha dönüşün ünvanıdır.
Xülasə
- Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm): "Ən xeyirli gənc (səfahətdən uzaq durmaqda və təmkində) qocalara bənzəyəndir. Yaşlılarınızın ən fənası isə (qəflətə düşən və nəfsin arzularına uyan həvapərəst) gənclər kimi yaşayandır," buyurur.
- Əgər bir insan düşdüyü günahlara görə xəstə olacaq qədər iztirab çəkmirsə, öyrəşən dil dəfələrlə "Tövbə ya Rəbbi!" desə də, bu tövbə deyil, sadə bir ayindir, faydası da olmaz.
- Könül dünyası tamamilə çökməmiş bəndə hər günahı ruhunu yaralayan, vicdanını qanadan bir iblis gülləsi sayar. İşlədiyi günaha görə nədamətlə dolar, günlərini iztirabla keçirər.
Həzrəti Yusifin axirət iştiyaqı
Bədiüzzaman Həzrətləri "Ən xeyirli gənc (səfahətdən uzaq durmaqda və təmkində) qocalara bənzəyəndir. Ən fəna qoca isə (qəflətə düşən və nəfsin arzularına uyan həvapərəst) gənclər kimi yaşayandır," hədisini qısa izah etmiş, bu mövzu ilə bağlı yazdığı bir məktubda, – sualda olmasa da, – bu xüsusu vurğulamışdır:
İbrətverici hadisələrin ən gözəl şəkildə təsvir edilən, “qissələrin ən gözəli” mənasına gələn "Əhsənül-qasas" adı ilə tanınan “Yusuf” surəsi Həzrəti Yusifin (əleyhissalam) həyatından bəhs edən ibrətamiz lövhələrlə dolu, Quranın ən təfsilatlı qissəsidir. Surənin sonuna doğru, qissənin axırında Həzrəti Yusifin bu duası verilir: “Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (“Yusuf” surəsi, 12/101)
Bu ayə o qədər əzab-əziyyətdən sonra Misirdə ad-san qazanan, ana-atasına qovuşan, qardaşları ilə barışan Həzrəti Yusifin ən bəxtəvər dəmində axirətin yamaclarına göz dikməsini və ölümü arzulamasını göstərir.
Quyuya atılarkən, ucuz bir əşya kimi satılarkən, kölə kimi işlədilərkən, iffətini qorumaq uğrunda böhtana düşərkən, cani kimi zindana salınarkən və zülmə məruz qalmaqla yanaşı, vətən, el-oba həsrəti ilə qovrularkən... bircə dəfə də ölüm istəməyən və bununla yalnız risalət vəzifəsinə görə yaşadığını sübüt edən Həzrəti Yusif (əleyhissalam) dünyəvi imkanlara, ailəsinə, səadət və xoşbəxtliyə qovuşduğu an Cənabi-Haqqdan ölüm diləyir.
Deməli, qəbirin o üzündə dünyəvi səadətdən daha cazibədar bir səadət var və Həzrəti Yusif kimi həqiqətə aşina bir şəxs ləzzətli dünyəvi imkanlar içində çox acı görünən ölümü istəmişdir ki, o biri, həqiqi səadətə qovuşsun. Qurani-Hakim “Yusuf” qissəsinin sonunda Uca Peyğəmbərin bu tələbinə diqqət çəkərək belə irşad edir: Qəbirin o bir üzü üçün çalışın; həqiqi səadət və ləzzət ondadır.
Bəli, ən xeyirli gəncin əsas cəhəti də Gözəllər Gözəli Yusif Əleyhissalam kimi ən parlaq, ən sürurlu anda belə qəflətə düşməməsi, dünya gözəlliklərinə məftun olmaması, şəhvani arzulara məğlub olmaması və daim axirətini qurtarma düşüncəsi ilə hərəkət etməsidir.
Həftənin duası
Ey hər şeyin yeganə sahibi uca Rəbbimiz! Dostluğunla şərəfləndirdiyin qulların kimi, bizi də şərəfləndir. Sənə düşmənçilik edənlər kimi bizi nemətlərindən məhrum etmə. Sən möminlərin dostu və köməyi, Səndən diləyənlərin istəklərini yerinə yetirən yeganə Kərimsən! Sənin kərəmin yalnız səmimi möminlərə, təvəccöhün də əbrar və müqərrəbinə aid deyil. Sən sonsuz mərhəmətinlə dilədiyini ehsan və lütfünə qərq edərsən...
Sözün cövhəri
Ah, kaş çiynində gəzdirdiyin bir sadaq və ya o sadaqda bir ox olaydım! Çiyninə keçirdiyin, çəkib oxunu qoyduğun yayın olaydım! Və ya qaşında bir müqəddəs tük, kirpiyində bir mübarək müjgan olaydım.. ayağında barmaq, barmağında bir dırnaq olaydım! Xeyr, xeyr, atının yalında bir tutam tük, ağızında yüyən, belində yəhər olaydım.. buna da şükür. Birdən Səni tanımayıb Əbu Cahillərin cərgəsində olsaydım, halım necə olardı..! Artıq bizim borcumuz ölənədək bu yolda olmaq deyilmi?
- tarixində yaradılmışdır.