Namaz Allahın insana xüsusi lütfüdür

Namaz dinin dirəyi olduğu kimi, iman əsaslarını bir-bir xatırladan ibadətdir. Namazın hər anında bir xatırlatma, dərin bir həzz vardır. O, insana Rəbb qarşısında acizliyini və fəqirliyini xatırladır. Çözülməsi mümkün olmayan, ya da elə görünən problemlərə həll yolları göstərir. Bunun əsası və mənbəyi isə Mütləq Qüdrət sahibi olan Allaha imandır. Bu məqamı "Fatihə" surəsinin ayələri ilə daha da açıqlamağa çalışaq:

Əlhamdulilləhi Rabbil Aləmin: Həmd zərrələrdən günəş sistemlərinə qədər hər şeyi tərbiyə edən, yetişdirən, kamilləşdirən Allaha məxsusdur. Min bir hadisə qarşısında əlimizdən tutan və bizi boğulmaqdan qurtaran belə bir Rəbbə inandıqdan sonra niyə ümidsizliyə düşüm ki?

Ər-Rahmənir-Rahim: O, dünya və üqbada kafirə də, möminə də mərhəmət edər. Mərhəməti qəzəbindən çoxdur. Dünya nemətlərini daim yağış kimi üstümüzə yağdırır. Axirətdə isə xas qullarını gözlərin görmədiyi, qulaqların eşitmədiyi, xəyala gəlməz sonsuz nemətlərlə sərəfraz edəcək. Elə isə niyə ümidsiz olum?

Məliki-yövmid-din: O, hesab günün yeganə sahibidir. Hər qulun ən kiçik əməli belə Ona təqdim ediləcək və O da onu haqq-hesaba çəkəcək. Mərhəməti qəzəbindən çox olan Allahım mənim  orada da dadıma çatacaq.

İyyəkə-nəbudu və iyyəkə nəstəin: Qulluğumuz yalnız Sənədir.. yalnız Səndən yardım diləriyirik. Sənin Rübubiyyətin, Üluhiyyətin qarşısında boynu bükük qapına gəldik. Sənə kölə olduğumuzu elan və etiraf edirik. Ancaq bu çox şərəfli köləlikdir; Sultanlar Sultanı olan Allahım, bizim Sultanımızsan. Biz o qədər əziz və şərəfliyik ki, heç vaxt, heç bir məxluqa boyun əymərik və biz yalnız Səni diləyir, Səni istəyirik. Yunus Əmrənin misraları ilə:

"Cənnət cənnət dedikləri
Üç-beş köşklə bir-iki huri
İstəyənə ver onları
Mənə Sən gərək, Sən" qulluq

deyirik.

Bu ifadələr hər tərəfindən tövhid əqidəsi yağan, şüurla əda ediləsi qulluğun, şükrün və ibadətin layiqincə yerinə yetirə bilməmənin etirafıdır. Xaliq-məxluq münasibətini qavramış insanın aciz və fəqir olduğunun bəyanıdır. Elə isə, bu anlayış və  düşüncəyə malik insan necə ümidsiz ola bilər?

Namaz qılmamanın bəhanəsi olmaz

"Fatihə" surəsinin digər ayələrini də eyni şəkildə dəyərləndirmək olar. Ancaq düşünürəm ki, istənilən məna aydındır, buna görə də qısa kəsirəm. Bəli, bu duyğu və düşüncələrlə namaz qılan bir insanın dünyəvi işlərini bəhanə edərək namaz qılmaması mümkünsüzdür. Elə isə imanla yanaşı, namaz həqiqətinin də insanlara izah edilməsi və mümkünsə, bunları duya bilməsi üçün onlara kömək göstərilməsi şərtdir.

İnsan namaz ibadəti ilə günəbaxanın günəşə baxıb inkişafını tamamladığı kimi, mənəvi inkişafını xitam verə bilər. Gündə beş dəfə Rəbbə yönələrək solan duyğularını, şüurunu təkrar canlandıra bilər.. və yenidən gümrahlaşa bilər.. beləliklə Rəbblə əhdü-peymanını təzələyər. Bu cəhətdən namaz Allahın bizə ən böyük lütfüdür. Namazın yoxluğu günəşin yoxluğu kimidir. Necə ki günəş olmasa, -səbəblər daxilində - günəbaxan çiçəyi də olmaz; elə də ibadət olmayanda bir mənada insan da olmur. Elə isə ibadətə həqiqi mənada möhtac olan bizik.

Namaz qılan və Rəbbin hüzurunda mənən dolan insan ticarət həyatında haramlardan, məkruhlardan olduqca uzaq durar. Xüsusilə, günün ortasında qıldığı günorta və ikindi namazları insanda özünü hesaba, sorğuya çəkmə hislərini coşdurar. Bu mexanizmi hərəkətə keçirər və insanı xətalardan qoruyar. Axşam, işa, təhəccüd və səhər namazları isə

"Naçar qaldığı yerdə
Nagah açar ol pərdə
Dərman olar hər dərdə."

Və namaz müsəlmanın gündəlik həyatını nizama salan icbari faktordur. Gündə beş dəfə Rəbbin hüzuruna çıxan insan istər-istəməz həyatını nizama salmış olar. Səhər namazından sonra işinə başlar. 6-7 saat işləyib yorulunca günorta namazı ilə ruhuna gümrahlıq verər. Qayıdıb ikindiyə qədər təkrar işləyər. İkindi namazı ilə yenidən zehni və fiziki istirahət fasiləsinə çıxar. Onsuz da belə bir iş tənzimlənməsi olmazsa, o iş yerindən nəticə götürmək, demək olar ki, qeyri-mümkündür. Namazdakı bu əsasları bilməyən, sezə bilməyən insanlar böhrandan-böhrana sürüklənər.

Xülasə, işlərinin çoxluğundan namaza vaxt tapa bilməyənlər gözləri ilahi gerçəklərə bağlı olanlardır. Namazdan məhrumiyyət çox böyük bir talesizlikdir. Namaza tənbəllik etmək imanı qoruma baxımından çox təhlükəlidir. Buna görə imanın zəifliyi iman əsaslarına layiqincə inanmama və namaz həqiqətini qavraya bilməmə, təəssüf ki, insanımızı səhv düşüncələrə sövq edir. Bunlardan qurtuluş yolu isə yuxarıda qismən izah etməyə çalışdığımız kimi, yəqin dərəcəsində bir iman və onun həyatda yaşanmasıdır.

Xülasə

  • Namaz dinin dirəyi olduğu kimi, iman əsaslarını bir-bir xatırladan ibadətdir. Namazın hər anında bir xatırlatma, dərin bir həzz vardır. O, insana Rəbb qarşısında acizliyini və fəqirliyini xatırladır.
  • İnsan namaz ibadəti ilə günəbaxanın günəşə baxıb inkişafını tamamladığı kimi, mənəvi inkişafını xitam verə bilər. Gündə beş dəfə Rəbbə yönələrək solan duyğularını, şüurunu təkrar canlandıra bilər.
  • İşlərinin çoxluğundan namaza vaxt tapa bilməyənlər gözləri ilahi gerçəklərə bağlı olanlardır. Namazdan məhrumiyyət çox böyük bir talesizlikdir. Namaza tənbəllik etmək imanı qoruma baxımından çox təhlükəlidir.

Hər məsələnin başı imandır

Hər məsələnin başı və əsası imandır. Əvvəla bu məsələyə bu aspektdən baxmaq lazımdır. Belə ki, imanın şərtləri, yəni dəyişməz əsaslar, insanın dünyagörüşünü formalaşdırır. Buna görə Allaha iman qəlb hüzrunun yeganə əsası və təminatıdır. Allaha iman etməyən qəlblərin boşluğunu heç bir şey doldura bilməz. "Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram (hüzur) tapar! " ("Rad" surəsi, 13/ 28) ayəsi bizə bu həqiqəti xatırladır.

Peyğəmbərlərə iman insanları keçmişi qaranlıq, gələcəyi isə əndişəli görməkdən qurtaran mühüm bir faktordur. Biz onlara və xüsusilə də, Nəbilər Sultanına iman gətirmək sayəsində dünya və üqbanın ən təhlükəli yerlərini şimşək kimi keçəcəyimizə inanır, Onun böyük şəfaəti ilə təsəvvürə gəlməz nemətlərə qovuşacağımıza iman edirik.

Mələklərə iman sayəsində ən tənha anlarda belə onların bizimlə olduğunu, bizə nəzarət etdiklərini və bizi qoruduqlarını hiss edirik. Bu düşüncələrlə davranışlarımıza nəzarət edir və həyatımızı duyaraq, hiss edərək yaşayırıq.

Qəzavü-qədərə iman müsibət və səadətin – hər şeyin Ondan olduğuna, qəti şəkildə, tərəddüdsüz inanma deməkdir.

Axirətə iman iman əsaslarına daxil olan və davranışlara nəzarət etməyi təmin edən ən təməl amil  olmaqla yanaşı, saysız-hesabsız dünyəvi faydalar da təmin edir. Bundan başqa, hər bir möminin qayəsi olan Allah Rəsulu ilə üz-üzə görüşmək ancaq axirətdə mümkün olacaq. Böyük peyğəmbərlər, saleh sələflər, uca övliyalar və ulu əsfiyaların, demək olar, hamısı axirətdədir. Bu səbəbdən də vüslət şövqü ilə alışıb yanan möminlərin axirətə imanın və o imanın qazandırdığı savab və hüzurun  bambaşqa yeri var.

Bu əsasların hamısına iman gətirmək insanı əvvəlcə əqidə mövzusunda lazımi yerə oturdacaq və onu həqiqi hüzura qovuşduracaq. Bundan sonra da bu hüzuru pozan ünsürlər iradi olaraq dəf ediləcək və hüzurun davamını təmin edən ibadətlər yerinə yetiriləcək. Dolayısilə, sualda bəhs edilən xüsus, əgər mövcuddursa, bu problemin səbəbini icmalən izah etdiyimiz iman əsaslarında axtarmaq lazımdır. Belə problemlər kamil iman sahiblərinə xas deyildir.

Həftənin Duası

Hamımız önümüzə atacağın bir loğmaya möhtac, boynumuzu büküb belə bir təvəccöh gözləyirik. Hər işimiz həddi aşma və hər halımız üsyan olsa da, gözlərəmiz qəmərin o gözlənilməz qürubu kimi müstəsna doğuşunun intizarında. Haqq dostları Sənə qovuşanda Cəlalın qarşısında heyrətə gələrlər. Bizsə Səni tam dərk etməmənin heyrəti ilə təlaş içindəyik. Verdiklərin verəcəklərinin istinadı; Səndən diləyirik! Bizə yaxınlığını hiss etdir və mənliyimizdə Sənə yaxınlaşma həyəcanını oyat.

Sözün cövhəri

Camaatı tərk edib namazı tək başına tələsik qılmaq, bəlkə də, kiçik günahdır, amma zaman keçdikcə böyük günaha çevrilər. Buna görə də camaatı tərk etmək namazı tərk etmək dərəcəsində böyük bir günah olar. Namazı tərk etmək böyük günahlardandır. Bu səbəblə, mömin bir vaxt namazı tərk edərkən ağlar, sızlar, inlər və tövbə edər. Lakin camaatı tərk etdiyi zaman ağlamaz və tövbə etməyi gərəkli görməz. Sonra bu, vərdiş halına gələr və nəticədə insan ard-arda bir çox günah işləmiş olar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.