Mənqibələr bizə nə deyir?

Bu günün xəstəliklərindən biri də Allah dostlarına qarşı laqeydlikdir. Böyükləri kiçik göstərmə və ya onları adi insanlar səviyyəsində dəyərləndirmə qorxunc düşüncə sapmasıdır. Belə insanların cəfəngiyyatına qulaq assanız, bu sözləri eşidəcəksiniz: "İmamı Əzəm Əbu Hənifə, İmam Şafi, Əhməd b. Hənbəl, İmam Malik, Qəzali, İmam Rəbbani, Şazili, Abdülqadir Geylani bizim kimi insanlardır. Dolayısilə, onlara aid mənqibələrin əsası yoxdur". Övliyalara belə ifrat dərəcədə düşmənçilik edənlər bilməlidirlər ki, onları alçaltmağa çalışmaqla nə onlar alçalar, nə də özləri yüksələ bilərlər. Belə insanlar yalnız bir şey qazanır: məhrumiyyət.. böyüklərin feyz və bərəkətindən məhrumiyyət.. böyüklüyə inanmadıqları üçün məhrumiyyət.

Birinci məhrumiyyətdən nəyi nəzərdə tutduğum, zənnimcə, aydındır və izaha ehtiyac yoxdur. İkinci məhrumiyyətlə bunu nəzərdə tuturam: insan bir nəticəyə inanmadıqca, o yolda olsa da, nəticə əldə edə bilməz. Deyək ki, bir insan övliyaların kəramətini inkar edir. Bu insan vəlayət yolunda olsa belə, kəramət üfüqünə çata bilməz, çünki o, buna inanmır. Bu sadə misalı başqa sahələrə də şamil etmək olar. Məsələn, ruhun və qəlbin özünəxas bir həyat mərtəbəsi olduğuna inanmayan, qətiyyən o mərtəbəyə yüksələ bilməz. Buna bənzər məhrumiyyətlər çoxdur. Biz bir neçəsinə təmas edib keçək:

Allah dostları olan övliyalara mənfi baxış, himmətin qol-qanadını sındıran böyük bir məhrumiyyətdir. Çünki onlar İmam Rəbbanini, Abdülqadiri Geylanini öz səviyyələrinə salmaqla, öz üfüqlərini qaraldırlar. Yəni bu bəxtsizlər özlərini onlarla eyni səviyyədə gördüklərinə görə artıq onlar üçün gedəsi yol, qət ediləsi məsafə qalmamışdır, çünki yolun sonuna gəlib çatmışlar. Əgər yolun sonu bu bəxtsizlərin çatdığı yerdirsə, bu nə fəci sondur! Çünki insan kimi aldatsa da, özünü və vicdanını aldada bilməz. Çatdığı yeri yolun sonu sayan bu insanlar bilməlidir ki, yolun sonu bu deyil, ola da bilməz. Üstəlik bir üst dərəcənin varlığına inanmamaq ümidə böyük bir zərbə vurmaq deməkdir. Ümidi sarsılmış bir insanın isə ruhi-mənəvi titrəyişə belə macalı qalmaz.

Böyüklərə bəxş edilən bu qədər ilahi lütfü görməmək bir cəhətdən Cənabi-Haqqın lütflərinə qarşı laqeydlikdir. “Qul Allahı necə tanıyırsa, Cənabi-Haqq da onunla elə rəftar edər” prinsipinə əsasən bu laqeydliyi nəzərə alsaq, o insanın məhrumiyyətinin böyüklüyü daha yaxşı anlaşılacaq...

İnsanlar böyükləri öz səviyyələrinə salmaqla böyük zülüm edirlər, çünki böyüklərə o məqamları Cənabi-Haqq vermişdir. Allahın verdiyi bir dərəcəni, məqamı, ucalığı o insanların əlindən almağa cürət etmək (onsuz da almaq qeyri-mümkündür) zülmdən başqa nə ola bilər? Bir çox ayənin işarəsi ilə zülm edənlərin qurtula bilməyəcəyini də nəzərə alsaq, belə insanların bir şeyə nail olması mümkün deyil.

Mənqibələrlə təsəlli tapmaq kifayət etmir

Bəli, övliya mənqibələrini məqbul görməyib tənqid edənlərdən bəziləri belə insanlardır. Bu tənqidlərin əsasında övliyanı inkar və kəraməti təhqir var. Niyyət naqis olduğuna görə, iddiaları da səhvdir..

Ancaq bir qrup insan da var ki, onların söylədikləri zahirən tənqidə bənzəsə də, digərlərindən olduqca fərqlidir. Bunlar övliya mənqibələrinin rəvayətinə qətiyyən qarşı deyillər. Onların şikayətləri bu mənqibələrin həyata keçirilməməsidir. Yəni onlar da İmam Rəbbani, İmam Şazili, Şahi-Nəqşibəndi və digər böyüklərə aid mənqibələrin rəvayət edilməsi məsələsində həmfikirdirlər, ancaq bu mənqibələri sadəcə dinləmək onların məziyyətlərini əldə etmək üçün kifayət etmir. Əgər bu mənqibələr bizi təşviq edir, bəzi duyğuları oyandırırsa, heç olmasa bu mənqibə qəhrəmanlarına bənzəməyə çalışmalı və onları ucaldan əməlləri həyatımıza əks etməliyik, deyirlər. Bu ikinci görüş yerindədir və birinci görüşün sahibləri ilə qarışdırılmamalı, tərəzinin eyni gözünə qoyulmamalıdır.

Biz də son fikri dəstəkləyir və deyirik ki: mənqibələrlə təsəlli tapmaq bir mənada mənqibə qəhrəmanı ola bilməməyin ifadəsidir. Elə isə yalnız böyüklər haqqında mənqibələr dinləmək və oxumaqla kifayətlənməməli, himmətlərimizi uca qayələrə yönəldərək onlar kimi olmağa çalışmalıyıq. Çünki İslam başlanğıc və sonu birləşdirən dindir. İşin başındakı bir insan ondan istifadə edə bildiyi kimi, Cəbrail da istifadə edə bilir. Elə isə hər bir insan zirvəyə və ən yüksək nöqtəyə talib olmalıdır.. və Allaha doğru atdığı hər addımda "daha yoxmu?" üfüqünə göz dikməlidir. Bu da ancaq böyüklük yolunda getməklə mümkündür. Bu yol isə maksimum təqva, ixlas, zühd və vəra kimi əsaslar üzərində qurulmuşdur. Bunsuz Allaha yaxınlaşmaq və böyüklərə bənzəmək mümkün deyildir.

Xülasə

  • Bu günün xəstəliklərindən biri də Allah dostlarına qarşı laqeydlikdir. Böyükləri kiçik göstərmə və ya onları adi insanlar səviyyəsində dəyərləndirmə qorxunc düşüncə sapmasıdır.
  • İnsan bir nəticəyə inanmadıqca, o yolda olsa da, nəticə əldə edə bilməz. Deyək ki, bir insan övliyaların kəramətini inkar edir. Bu insan vəlayət yolunda olsa belə, kəramət üfüqünə çata bilməz, çünki o, buna inanmır.
  • Mənqibələrlə təsəlli tapmaq bir mənada mənqibə qəhrəmanı ola bilməməyin ifadəsidir. Elə isə yalnız böyüklər haqqında mənqibələr dinləmək və oxumaqla kifayətlənməməli, himmətlərimizi uca qayələrə yönəldərək onlar kimi olmağa çalışmalıyıq.

Son hədd

İbn İshaq və İbn Hişam kimi məğazi müəllifləri vəhyin kəsildiyi dövrdə Peyğəmbərimizin (sallallahu əleyhi vəsəlləm) dağlara çıxıb həyatdan bezdiyini yazır. Biz belə bir düşüncədən, belə bir düşüncəni Ona aid etməkdən Allaha sığınırıq. Onun kimi peyğəmbərlik yükünü daşımağa hazır bir şəxsiyyətin iradə zəifliyindən qaynaqlanan belə bir niyyət və təşəbbüsünü ağlımızın ucundan da keçirə bilmərik. İndi isə hadisəni qısaca təhlil edək.

Allah Rəsulu (əleyhi əkməlüt-təhaya) qırx yaşına qədər əxlaqı ilə, əməli ilə daim zirvələrdə oldu. Uzun müddət yalqız qaldı və bəşəriyyətin qurtuluşu üçün çarələr axtardı. Bəli, sanki, Cənabi-Haqq başlanğıcdan Onun pak ruhunu peyğəmbərliyin ağır yükünü daşımağa hazırlayırdı. O, İlahi bir sövqlə tənha qaldığı vaxtlar təmrin edirdi.. və bir gün gəldi O vəhylə mükafatlandırıldı. Belə bir payə ilə şərəfləndirilmək Peyğəmbərimiz üçün ən böyük, ən  sevindirici müjdə, eyni zamanda da ən böyük amal olmuşdur. Artıq Ona bəşəriyyətin xilası üçün qapı açılmışdı.

Lakin bu əsnada heç ummadığı bir hadisə ilə qarşılaşır: vəhy birdən-birə kəsilir. Əvvəlki sevincin yerinı də kədər hakim kəsilir. Peyğəmbərimiz həssas və dərin təfəkkürlə düşünür, düşünür və vəhyin kəsilmə səbəbini axtarır. Ehtimal ki, Onu ən çox qorxudan da "görəsən, artıq layiq deyiləm?" düşüncəsi ola bilərdi.. əgər bu belə idisə, əlbəttə ki, bu Ona xas bir şərh idi və Ondan başqa birinin məsələyə bu cür şərh verməsi ədəbsizlik olardı.

Digər tərəfdən Əbu Ləhəbin arvadının Peyğəmbərimizi harda görsə, istehza ilə: "Daha şeytanın gəlmir?" deməsi də Onu olduqca rəncidə edirdi. O, buna görə dağlara çıxdı. İnsanlardan uzaqlaşdı və özünü tamamilə təfəkkürə verdi. Zahirən Onun davranışlarını görən və bu davranışı Onun iradəsini nəzərə almadan dəyərləndirən "Görəsən, bu insan intihar edəcək?" deyə fikirləşə bilər və Onun yüklü buludlara bənzəyən hüznünü belə izah edə bilərdi. Ancaq bu Peyğəmbərimizin əhval-ruhiyyəsini düzgün əks etdirmir. Və Onu böyüklüyü səviyyəsində əks etdirmir.

Peyğəmbərimizin insanların hidayəti mövzusunda "ehtiras"ını da (ki Quran Onun hidayət şövqünü bu sözlə ifadə edir) nəzərə alsaq, Onun davranışlarında özünün ruhi-mənəvi səviyəsində daim belə bir həyəcan var idi. Bu, bəşəriyyət üçün özünü həlak etmə səviyyəsinə çatmış ali bir ruhun davranışlardakı dərinlikdir. Bunu yaşamayanların Onu anlaması qeyri-mümkündür.

Həftənin duası

Ey Uca Rəbbim!.. Bilərək, ya da bilməyərək işlədiyim günahlara görə məni bağışla və himayə et. Qulluq şüurunun qapısını və ehsanın sirrini mənə aç; məni peyğəmbərlərin, siddiqlərin, şəhidlərin və digər saleh qulların getdiyi yola qoy. Allah Rəsuluna, Onun pak ailəsinə və seçkin yoldaşlarına salət və salam olsun.

Sözün cövhəri

İnsan bədənin və cismaniyyətin dar çərçivəsində qalıb aləmi-mələkuta qanad açmasa, eynilə çuval içində qalıb cücərə bilməyən və beləliklə, yox olub gedən bir toxum kimi olar. Bu toxumda çoxalma, artma və bərəkətlənmə qeyri-mümkün olduğu kimi, mövcud halı dəyişmədiyi müddətdə də çürüməyə və məhvə məhkumdur. Toxum nə vaxt, torpaq altına düşər və nəşvü-nüma mərhələsinə qədəm qoyar, o zaman boy atar, boy atdıqca sünbüllənər və Allahın izni ilə bir toxum anbarla buğdaya çevrilər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.