Məhəmmədi ruhumuz varmı?
Bütün peyğəmbərlər Cənabi-Haqqın seçilmiş qullarıdırlar.
Allah-Təala onları xüsusi keyfiyyətlərlə təchiz edərək dünyaya göndərmiş və elçiliklə vəzifələndirmişdir. Lakin onlardan bəzilərini digərlərindən üstün tutmuşdur. Ümumi mənada və mütləq surətlə hər peyğəmbərin fəzilətini təsbit etməklə bərabər bəzi peyğəmbərlərə elə uca fəzilətlər vermiş və onları elə üstün məziyyətlərlə yaratmışdır ki, digərlərinin o mövzuda onlara çatmaları qeyri-mümkündür. Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.), Həzrəti İsa (ə.s.), Həzrəti Musa (ə.s.), Həzrəti İbrahim (ə.s.), Həzrəti Nuh (ə.s.) üçün "Ulul-əzm" ünvanının işlədilməsi də belə bir üstünlüyə sahib olmalarının nəticəsidir. Hətta, risalət taxtının sultanları olan bu ən uca peyğəmbərlər arasında belə, kiçik fərqlər mövcuddur.
Əşya və hadisələrdə Həzrəti Adəmdən (ə.s.) İnsanlığın Fəxrinə (s.ə.s.) qədər davam edən silsilə içərisində ruh, məna, dərk edilmə və şərh edilmə baxımından mütəmadi dəyişikliklər baş vermişdir. Dəyişən şərtlər hər zaman müxtəlif formada cəmiyyətə də təsirini göstərmişdir. Buna görə də ayrı-ayrı dövrlərdə gələn peyğəmbərlərin o dövrün şərtlərinə uyğun müxtəlif keyfiyyətlərlə təchiz edilməsi labüd idi.
Məsələn, Həzrəti Nuhun (ə.s.) yaşadığı dövrün şərtləri və o dövrdəki insanların xüsusiyyətləri ancaq onun kimi bir peyğəmbərin göndərilişinə uyğun idi. Odur ki, əgər Həzrəti İsa (ə.s.) da həmin dövrdə göndərilsəydi, o da Həzrəti Nuhun (ə.s.) xüsusiyyətlərini daşımalı və vəzifəsini onun kimi icra etməli idi. Əgər Həzrəti Nuh (ə.s.) onun qövmünə göndərilsəydi öz təbiətinin fövqündə, Məsihi (İsəvi) ruhla hərəkət etməyə məcbur olardı. Müasir dövr etibarı ilə isə, davamlı surətdə qloballaşmağa doğru gedən dünyanın bütün insanlığa qucaq açan və gətirdiyi düsturlarla qiyamətə qədər bəşəriyyətin fərdi, ailəvi, ictimai, idari və siyasi hər cür məsələsini həll edə biləcək ümumbəşəri bir peyğəmbərə ehtiyacı vardı. Məhz belə bir dövrdə Allah (c.c.) o səviyyədə bir peyğəmbəri, yəni Nəbilər Sərvəri Həzrəti Məhəmmədi (s.ə.s.) göndərdi.
Xəlillik və müsamihə yolu
Rəhbəri Əkməl Əfəndimiz (s.ə.s.) həm Həzrəti Nuh (ə.s.) və Həzrəti Musa (ə.s.), həm də Həzrəti İbrahim (ə.s.) və Həzrəti İsa (ə.s.) ilə təmsil edilən məsləkləri bötövlükdə nəzərə alaraq özünün həlimlik, səlimlik, mülayimlik və müsamihə yolunda olanlara bənzədiyini demişdir.
Beləcə Həzrəti Ruhu-Seyyidul-Ənam (s.ə.s.) xəlillik və məsihiliyi özündə cəmləşdirmişdi. Dostluq və müsamihə yolunu seçmiş, bu yolda zirvəyə çıxmış, dostluq və şəfqət üfüqündə taxt qurmuşdur. Həzrəti İbrahimdə (ə.s.) toxum misalı mövcud olan xəlillik, Həzrəti Məsihdə (ə.s.) bir nüvə şəklində mövcud olan məsihilik və rəfət (əsirgəmə, acıma) duyğuları İnsanlığın Fəxrində (s.ə.s.) yetişmiş bir ağac halını almışdır. Onlardakı həlimlik və şəfqət ən kamil formasında mükəmməl insan Həzrəti Həbibullahda təcəssüm etmişdir. Beləliklə, Məhəmmədi Ruh, həbibilik və xəlilliyin ünvanına çevrilmişdir .
Bəli, Məhəmmədi ruh-səmimi bir dostluq, qardaşlıq, ülfət və ünsiyyət şəklində təzahür edən İbrahimi və Məsihi üslubu özündə birləşdirmiş insan təbiətidir. Artıq bəşəriyyətin bu cür xarakter və bu cür təbiətli insanlara möhtac olduğunu bilən Cənabi-Haqq əvvəlki iki elçinin xüsusiyyətlərini Allah Rəsulunda (s.ə.s.) toplamış və onu, rəhbəri-əkməl (mükəmməl bir rəhbər) olaraq göndərmişdir. Məhəmmədi ruhla canlanan insanlar başqalarına şəfqətlə qucaq açar və onları özündən uzaqlaşdıracaq davranışlardan uzaq durarlar. Onlar, ünsiyyət zamanı müxatəblərini cəlb etmə, yumşaltma və düşündürmə üslubunu seçər, hər məsələni empatiya (qarşı tərəfin nöqteyi nəzəri) ilə dəyərləndirər və beləcə onu anlamağa çalışaraq, onların qəlblərinə girməyi bacarar, heç olmasa öncə hər kəsi bir insaf zəmininə çəkər və sonra söyləmək istədiklərini dilə gətirərlər. Beləcə, həm insanların üfüqlərini açmış, həm də onları özlərinə qarşı insaflı davranmağa sövq etmiş olarlar.
Məhəmmədi ruh, şəfqət və mərhəmətlə yoğrulmuş xarakter deməkdir. Belə xarakterə malik olan insanın başqasına zərər verməsi qeyri-mümkündür. Hətta müxatəblərinin necə davranmağından asılı olmayaraq onlara eynilə qarşılıq verməsi, bəddua və lənət etməsi belə mümkün deyil. Çünki bəşərə bu ruhu aşılayan Şəfqət Peyğəmbəri (s.ə.s.), ona rəva görülən işgəncə, əziyyət və zülmlər qarşısında belə, insanların hidayətini diləmişdir. Öz ümmətinin qurtuluşu üçün isə gecə-gündüz dua etmiş və göz yaşı tökmüşdür.
Bizim məsləyimizin əsası da məhz bu duyğu və düşüncədən meydana gəlir. Bizim göz dikdiyimiz üfüq Məhəmmədi ruhdur. Hər Quran tələbəsi və təbliğ aşiqi xarakter etibarilə həddindən artıq incə, saf, bir ana kimi şəfqətli, daima təvazökar, başıaşağı və hər kəsə sevgi ilə qucaq açmağa hazır bir insan olmalıdır. O, öz dövründə Məhəmmədi ruhun (s.ə.s.) təmsilçisi olmalıdır. Bəli, o ən uzaqdakılara belə yaxın olmalı və məclisi Peyğəmbər məclisi kimi hər kəsə açıq olmalıdır ki, düşmən ruhlar belə, qeyri-ixtiyari özlərini bir anda onun şəfqət ab-havasına salsınlar, bir daha əsla bu atmosferdən ayrılmağı düşünməsinlər...
Xülasə
- Peyğəmbərlərin bəzisində Allahın Calal, bəzisində isə Camal sifəti üstünlük təşkil edir. Peyğəmbərimizdə isə Camal sifətinin təcəllisi görsəniz.
- Peyğəmbərimiz, öz sözləriylə desək, daha çox atası Hz. İbrahim və Hz. İsaya bənzəyir. Çünki onlarda da hilm (fitri yumşaqlıq), silm (sülh, barışmaq) və şəfqət üstünlük təşkil edir.
- Deyə bilərik ki, məsləyimizin (yolumuzun) əsası Peyğəmbərimizin sahib olduğu, “Məhəmmədi ruh” adlandırdığımız xarakterə bürünməkdir.
Hüzünlə yoğrulmuş təfəkkür
İndiki dövrdə İslam aləminin ürək yaxan halı qarşısında çarəsizlikdən hüzn duyma Allaha inamın, Qurana bağlılığın, Əfəndimizə "Muhammədun Rəsulullah" deməyin gərəyidir.
Hər mömində daim belə bir hüzn olmalıdır. Zaman gülüb-oynayacaq zaman deyil. Təsəvvür edin ki, bir nəfər ana-atasını eyni gündə itirib, başsağlığına gələnləri qəbul edir. Lakin o belə bir vəziyyətdə deyib-gülür, gülüb-oynayır. Bu, o insanın ağılsızlığına dəlalət etməzmi? Halbuki, hal-hazırda müsəlmanlığın məruz qaldığı xəyanətlər, tənəzzüllər ana-atanın, həyat yoldaşının, övladların hamısının birdən ölməsindən daha böyük bir fəlakətdir. Elə isə, heç olmazsa günün müəyyən vaxtlarında bu zülm və təcavüzü anıb təfəkkür etməli, qurtuluş üçün qəmgin bir əda ilə Rəbbimizə yalvarıb yaxarmaq "Allaha səmimi qəlbdən inanmışıq" deməyin və ixlaslılar yolunda olmağın gərəyidir. Buna görə, demək olar ki, belə bir dövrdə hüzn, o hüznə bağlı iztirab Kəbədə edilən dualardan daha məqbuldur. Bəli, qənaətimcə, Ərafatda əl qaldırıb dua etməkdən daha böyük bir dua varsa, o da bu kimsənin Muhamməd ümmətinin dərdi ilə qəddi bükülmüş bir halda gecə başını səccadəyə qoyub: "Nə olar Allahım, Muhamməd ümmətini bu zillətdən qurtar" deyə inim-inim inilti içində etdiyi duadır.
Hüznlə təfəkkürün kəsişdiyi, iç-içə girdiyi mövzulardan biri də iman nöqteyi-nəzərindən aqibətimiz mövzusdur, məncə. Məsələn, inanan bir könül: "Məni bir aqibət gözləyir, amma, görəsən, bu hansı aqibətdir; pis aqibətmi, yoxsa yaxşı aqibətmi? Görəsən, müsəlmanlıq naminə indiyə qədər doğru istiqamətdə qala bildimmi, bundan sonra qala biləcəyəmmi?" duyğu və düşüncəsi içindədirsə, demək ki, belə bir düşüncə sahibi hər an hüzn içindədir. Belə bir hüznü olan da daima təfəkkür etməlidir. Yəni o mömin: "İman baxımından necə dərinləşməli, mərifət baxımından necə ənginləşməli, sevgi və zövqü-ruhani baxımından Allahla nə cür münasibət qurmalıyam ki, sui-aqibətimi hüsnü-aqibətə çevirə bilim?" düşüncələri ilə iztirab və hüzndən inim-inim inləyincə bu hal onu təfəkkürə sövq edəcəkdir. Belə bir təfəkkür hüzn mənbəli, hüzn tələvvünlü bir təfəkkürdür. Buna görə böyüklərimiz səhər-axşam tez-tez: "Allahım! İşlərimizin axırını xeyir elə! Bizi dünyada alçaq, rüsvay olmaqdan və axirət əzabından qoru!" duasını etmişlər.
Həftənin duası
Ey həm dünya, həm də üqbada bitib tükənməyən xəzinələrin sahibi.. ey ehsan və ətasıyla bütün aləmləri əhatə edən uca Rəbb! (Müqəddəs və bərəkətli) xəzinələrinin qapılarını bizə də aç.. təvəccöh buyur və dərgahından xüsusi bir nur lütf edərək simalarımızı, qəlblərimizi pürnur et.. Sənə yaxınlaşdırmayan və Səndən uzaqlaşdıran bütün masivanı (Allahdan qeyri hər şeyi) təcəllilərinin şüalarıyla könlümüzdən çıxart.. çıxar ki, qəlbimizdə yalnız Sənin sevib razı olduğun şeylərə qarşı arzu və iştiyaq qalsın.
Sözün cövhəri
İnsan fitrətən (təbiətən) gözəl xüsusiyyətlərlə yanaşı, bəzən pisliklərə də əsas təşkil edən kin, nifrət, ədavət.. və s. xüsusiyyətlərlə təchiz edilmişdir. Bunların hamısının birdən deyil, bircə dənəsinin mənliyi əsir alması həmin insanın artıq onun toruna düşməsi deməkdir ki, bundan da xilas olmaq çox çətindir. Belə halda, insanın ağlının, məntiqinin işləməsi və başqa bir şey düşünməsi mümkün deyil. Zənnimcə, pis əxlaqın əsası və bu mənada insanın “kopyası” olan şeytan belə bu cür xasiyyətlərin təsiri altında olan insanı tərk silah edər, artıq ona ilişməz.
- tarixində yaradılmışdır.