"Rəbbinin yoluna hikmətlə dəvət et!"

Haqq Təala Qurani-Kərimdə: "Qiyamət günü öz günahlarına tamamilə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları (yük) necə də pisdir!" ("Nəhl" surəsi, 16/25) keçən bu ayələrlə düz yola, haqq və həqiqətə dəvət kimi çox mühüm və müqəddəs bir vəzifəni ilk öncə hikmətlə, hikmət çərçivəsində yerinə yetirməyi əmr edir.

Gəlin mövzunu misallarla bir az açaq. Deyək ki siz, bir insana haqq və həqiqətdən danışacaqsınız. İlk növbədə bu mühüm iş üçün əlverişli şərait hazırlanmalıdır. Məsələn, qəlbinizdəki sevgi və səmimiyyətin təzahürü kimi əvvəlcə onu yeməyə, çay içməyə dəvət edə bilərsiniz. Dəvət qəbul olunduqdan sonra ilk görüşünüzdə içdən, təbəssümlə əlini sıxıb dostluğunuzu, səmimiyyətinizi göstərə bilər, həmsöhbətinizi öz mövqeyində qəbul edib düşüncələrinə hörmətlə yanaşaraq öz mülayimliyinizi nümayiş etdirə bilərsiniz. Bu xoş niyyətli davranışların hər biri sizi müxatəbinizə bir addım yaxınlaşdıracaq, onun da sizə doğru bir addım gəlməsinə zəmin hazırlayacaq və nəticə olaraq bütün bunlar ona çatdırmaq istədiyiniz həqiqətlərin qəbuluna şərait yaradacaqdır. Bəli, siz səmimi şəkildə təbəssüm edər, həmsöhbətinizə gözəl davranarsanız, onun da sizinlə gözəl rəftar etməsinə, gözəl söz söyləməsinə və gözəl sözlərinizi qəbul etməsinə zəmin hazırlamış olarsınız.

Davranışda olduğu kimi, üslubda da hikmətli olmaq çox vacibdir. "Doğru" bilavasitə çox dəyərli olduğuna görə hər sözümüz doğru olmalıdır. Lakin doğrunu qarşıdakına çatdırarkən şərtləri, zamanı, əhval-ruhiyyəni, insanların hissiyyatını nəzərə almaq lazımdır. "Doğrunu söyləyirəm" deyə həqiqətləri insanların üzünə vurmaqla, başına qaxmaqla təqdim etsəniz, dəyər verdiyiniz həqiqətlərə ilk növbədə özünüz hörmətsizlik etmiş, dolayısilə müxatəbinizi də hörmətsizliyə sövq etmiş olarsınız.

Ürəyimi ağzıma gətirən an

Yeri gəlmişkən bir xatirəmi, icazənizlə, danışmaq istəyirəm. Həbsdə bəzi "solçu" yoldaşlarla eyni kamerada qalırdıq. Bir gün mən imkan tapıb onlara bir məsələni çatdırmaq istədim. Ancaq söz arasında Karl Marks əleyhində bir söz işlətdim. Onların içində fəqirə (özünü nəzərdə tutur) hörmətlə yanaşan bir memar yoldaş da vardı. Hətta bu şəxs dialoq və xoşgörü fəaliyyətləri başlayanda bir qəzetdə təqdiramiz yazı da yazmışdı. Belə yaxın münasibətimiz olan bir adam, mən Marksa azca toxunanda dərhal ayağa qalxdı və: "Xoca! Başlayım?" dedi. Məhz o an ürəyim ağzıma gəldi. Çünki başlasaydı, (Allah qorusun) Allahdan, Peyğəmbərdən, Qurandan başlayacaqdı. Mənim o vaxt açdığım məsələni "zaman" adlı o böyük müfəssir iyirmi il sonra hayqıraraq elan etmiş və o təsbitimin yanlış olmadığını ortaya qoymuşdu.

Bəli, söylədiyim səhv deyildi, lakin bu da bir həqiqətdir ki, müxatəbin hissiyyatını, anlayışını nəzərə almadan doğrunu onun başına vurmaq da hikmətə uyğun deyil və yanlış üslubdur. Çünki Qurani-Möcizül-Bəyan: "- Müşriklərin Allahdan başqalarına tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər" ("Ənam" surəsi, 6/108) buyurur. Peyğəmbərimiz də (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifdə ana-ataya söyməyin böyük günah olduğunu bildirir. Səhabələr təəccüblə: "Adam heç ana və atasına söyər?" deyincə Allah Rəsulu (əleyhissalatu vəssalam): "Bəli, bir nəfər durub başqa birinin atasına söyər (nasəza, nabəca sözlər deyər), o da qayıdıb onun atasına söyər. Durub anasına söyər, o da onun anasına söyər" (Buhari, Edeb 4) buyurdu. Əgər Quran və sünnə belə əmr edirsə, mənim o hərəkətim, əlbəttə, doğru deyil.

O insanların qəlbini qırmağın heç bir mənası yox idi. Nəsə demək vacib idisə, onları incitmədən, üsluba uyğun şəkildə ifadə edilməli idi. Ağlı və məntiqi bir kənara atıb, məsələlərə hissi yanaşıb hikmətdən uzaq bir üslub işlətmək böyük xətadır ki, indiyə qədər bu mövzuda çox şey itirmişik.

Üslubda hikmət və şəfqət olmalı

İcazənizlə bununla bağlı bir xatirə də danışım. Ədirnədə xütbə verdiyim bir məscidə bir neçə hakim və prokuror gəlirdi. Hətta onlardan biri həmyerlim olduğu üçün mənə yaxınlıq göstərirdi. Mən minbərə çıxanda üsluba sadiq qalmaq üçün kiməsə söz atmamağa diqqət edirdim. Lakin siz müəyyən bir dövrü nəzərdə tutsanız da, insanlar məsələni bu dövrün nümayəndələrinə şamil edirlər. Məscidə gələn hakimlərdən biri bir neçə xütbəni dinlədikdən sonra məni ədliyyəyə çağırdı. Ədliyyədə hakim mənə belə dedi: "Bəzi imamlar xütbədə əlindəki mətni oxumağa çətinlik çəkir, hətta bəzən səhv oxuyurlar. Cənabi-Haqq sənə bədahətən nitq istedadı verib. Mən bir neçə xütbənizə qulaq asdım, ümumi söhbətlərinizi götürəndə gördüm ki, siz filankəs haqqında danışırsınız. Xütbənizə qulaq asmağa bu qədər ziyalı gəlir, nə ehtiyac var bunları deməyə?"

Bütün bunlar gözümün qabağına gələndə öz-özümə: "Əgər o insan məscidə gəlirsə, dini, dinin gözəlliklərini çatdırma, hikmətlə ruhuna nüfuz edib könlünə girmə imkanı var ikən, işarə ilə də olsa, onların: "Bu imam filankəsi tənqid edir, halbuki o, yaxşı adamdır" deyə düşünməsinə imkan verilməməlidir. Çünki belə bir vəziyyətdə ağzınızdan ləl-cəvahirat da tökülsə, qarşıdakı şəxs sizə qulaq asmaz. Halbuki dəyərləri sevdirmənin yolu qəlbləri oxşamaqdan aslıdır. Allah(cəllə cəlaluhu) fironun yanına gedən Hz. Musaya: "

- Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!" ("Taha" surəsi, 20/44) buyurmurmu?

Xülasə

  • Rəbbimiz bizə düz yola, haqq və həqiqətə dəvət kimi çox mühüm və müqəddəs bir vəzifəni ilk öncə hikmətlə, hikmət çərçivəsində yerinə yetirməyi əmr edir.
  • Bir insana haqq və həqiqəti anlatmadan öncə bu iş üçün əlverişli şərait hazırlanmalıdır.
  • Qarşıdakı insanın hissiyatını, anlayışını nəzərə almadan həqiqəti başına vura-vura anlatmaq yanlış üslubdur.

Yoluxucu xəstəlik və qoruyucu həkimlik

Şübhəsiz ki, böyük-kiçik hər şan-şöhrət arzusu, ad-san düşüncəsi qəlbi və ruhi həyatı təhdid edən təhlükəli bir virusdur. Bu arzu və ehtiras Allahla münasibətin kəsliməsinə səbəb olduğu kimi, Allahın yardımına da mane olur. Elə isə bu təhlükəli xəstəliyə tutulmadan, onun əsarətinə düşmədən tədbir görməli və məsələyə ciddi yanaşmalıyıq.

Əgər bizdə belə bir meyil varsa, və ya yoldaşımızda görmüşüksə, bu hiss başqalarını da yoluxdurmasın, bu duyğunu hərəkətə gətirməsin deyə təcili "karantin" elan etməli, yayılmasına imkan verməməliyik. Çünki mənəvi xəstəliklər maddi xəstəliklərdən daha təhlükəlidir, daha tez yayılır, daha çətin müalicə olunur. Ad-san, şan-şöhrət virusuna yoluxan insanı geri qaytarmaq çox çətindir. Buna görə də bu hislərə qarşı daim hazır və ayıq-sayıq olmalıyıq. İmkan daxilində mərifət gücümüzü immunitet sistemi kimi işlədərək "antişöhrət" və "antişan" antibiotikləri sintezləyərək onları təsirsiz hala gətirməliyik.

Nəfsinə meydan oxuyan əzəmətli şəxsiyyətlər

İmam Rəbbani və Bədiüzzaman kimi böyük şəxsiyyətlərin həyatına baxanda görürük ki, onlar həyatlarının parlaq, qibtə doğuran, heyran¬edici fəaliyyət dövrlərində belə nəfslərini amansızca sorğu-suala çəkmişlər. Məsələn, Türkiyə kimi bir ölkədə ağır şəraitdə din abidəsini yenidən dirçəldən və bu haqda məktublar alan, təqdir dolu sözlər eşidən, şəxsiyyəti, əsərləri böyük maraqla qarşılanan Həzrəti Pir fəaliyyətinin belə parlaq dövründə nəfsinə: "Sən, ey riyakar nəfsim! "Dinə xidmət etdim" deyə qürurlanma,

"Şübhəsiz ki, Allah bu dini facirlə də möhkəmləndirər" (Buhari, Cihad 182). Sən müzəkka (Təmizlənmiş, paklanmış) olmadığın üçün özünü o facir (Günahkar) bilməlisən," – deyir. Halbuki o dövrdə Həzrəti Ustadın nəşr etdiyi Risaleyi-Nur əsərləri yalnız Türkiyədə deyil, dünyanın hər tərəfinə yayılmış; qısa müddətdə Mədineyi-Münəvvərədə, Misir, Pakistan və s. ölkələrdə rəğbətlə qarşlanmışdı. Uzun zaman Bağdadda yaşayan Əhməd Ramazan bəy Bağdaddan müxtəlif yerlərə minə yaxın məktub göndərilməsinə vəsilə olduğunu demişdi. İnformasiya imkanlarının məhdud olduğu belə bir dövrdə Ustad Həzrətləri beş-on məsləkdaşı ilə ümid bəslədiyi hər yerə əl uzatmağa çalışır, o cüzi imkanlarla, bir mənada, dünya ilə oynayırdı. Onun bu fəallığı, əzmi həqiqi mənada rəğbətlə qarşılanmış, alqışlanmışdır. Lakin o, özünü "məzhər (Bir şeyin göründüyü, izhar olduğu yer)" deyil, gözəlliklərin gəlib keçdiyi "məmər" hesab edirdi. Beləliklə o, bütün bu gözəlliklərin şəxsinə aid olmadığını dilə gətirmiş, bəyənilmə, təqdir edilmə, şan-şöhrət kimi hislərə qarşı səngər qazmış, bu xəstəliklər mənəvi dünyasına addım atmadan tədbir görmüş, içinə sızmasına imkan vermə¬miş¬dir.

Həftənin duası

Allahım! Boğazımıza qədər qəbahətlə kirlənmiş olsaq da, Sən səyyiatımızı (pis əməllər, günahlar), məasi (günahlar, üsyanlar) və məsavimizi (pisliklər, fənalıqlar) bağışla... Bizi öz nəzdindəki xəzinələrinlə, öz gücünlə, qüvvənlə dəstəklə, dəstəklə ki bu fani dünyadan ancaq Sənin yardımınla əmniyət və səlamətə çıxa bilərik. Peyğəmbərimiz Həzrəti Məhəmmədə, ailəsinə və bütün səhabələrinə salət və salam edərək bunları Səndən diləyirik; dualarımızı qəbul et Rəbbim!..

Sözün cövhəri

Bir insanın İslami eşq və həyəcanını davam etdirə bilməsi daim aksiyonda olmasından asılıdır. Bu da bu yolda sürəkli planlar, proqramlar qurmaqla, tez-tez beynini, qəlbini, ruhunu yoxlamaqla mümkündür. Həmçinin öyrəndiyi həqiqətləri başqalarına çatdırmaq üçün mütləq bir nəfərin dalınca düşməlidir. Anlayıb ruhən mənimsədiyi düşüncələrin qəbul etdiyi maddi qidaların bədənini formalaşdırdığı kimi, onun ruhunu formalaşması da belə bir həmlə və aksiyona bağlıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.