İmanla küfür arasında

Fəthullah Gülən: İmanla küfür arasında

Allah təbarəkə və təala “Hucurat” surəsində imandan bəhs etdikdən sonra fəlakət doğuran üç xüsusiyyətə diqqət çəkir: "... inkara, fasiqliyə və üsyana qarşı sizdə nifrət oyatmışdır" (“Hucurat” surəsi, 49/7) deyərək insan qəlbinin küfür, fisq və üsyana nifrət etməsinin ilahi bir nemət olduğunu bildirir.

Bildiyimiz kimi, imanın əksi küfrdür. Küfr Allaha inanmamaq, haqqı qəbul etməmək və inkarla Allahın nemətlərinin üstünü pərdə çəkmək deməkdir. Əslində, bir qəlb imanı sevirsə və imanla könlünü abad etmək istəyirsə, küfrdən nifrət eməlidir. Belə ki, imanın dadını alan insan küfrdən mütləq nifrət edir. İnsanlığın İftixarı Peyğəmbərimiz (əleyhissalatu vəssalam) buyurur: "Bu üç xüsusiyyət kimdə varsa, imanın dadını almış sayılır: Allahı və Onun Rəsulunu hər şeydən və hər kəsdən çox sevmək, sevdiyini sırf Allah rizası üçün sevmək və hidayətə çatandan sonra təkrar küfrə düşməyi oda atılmaqdan daha dəhşətli görmək".

Fisqlə üsyan da küfrə və əbədi fəlakətə açılan həmin qapılardandır və imanın rahiyəsini qəlbən duyan bir insan bu iki təhlükəli sahədən fərsəx-fərsəx uzaq olmalıdır.

Fisq Allahın əmrindən üz döndərmək, haqq yoldan çıxmaq, böyük günahlara batmaq və ya mütəmadi kiçik günahlar işləyərək Allaha itaət halqasından kənara çıxmaq mənasına gəlir.

Daimi yönəliş

Ömrünün hər anını dua və niyazla zinətləndirən Seyyidül-mürsəlin Peyğəmbərimiz sözügedən ayəni dua qəlibinə salmış və: "Allahummə həbbib iləynəl-imanə və zəyyinhu fi qulubinə və kərrih ileynəl-küfr vəl-füsuqa vəl-isyan vəcalnə minər-raşidin" (Allahım! İmanı bizə sevdir və qəlbimizi onunla zinətləndir. Küfr, fisq və üsyanı isə bizə çirkin göstər və bizi kamala çatanlardan eylə) yalvarışı ilə Allahu-əzimüşşana üz tutmuşdur.

Ayələrdə keçən ifadələr, Peyğəmbərlərin həyatı və Rəsuli-Əkrəmin sözləri bizi öz əməlimizə arxayın olmamağa, "hidayətə çatdıq, qurtulduq" kimi düşüncələrə qapılmamağa və daim təzərrö ilə, niyazla Allaha yönəlib Onun hifz və inayətinə sığınmağa səsləyir. Demək ki, kamil insan zirvəsinə yüksəlmək və ən azı möminlik vəsfini qorumaq ancaq bu cür daimi yönəlişlə mümkündür.

Bəli, həqiqətən iman etmiş və kamala çatmış bir mömin böyük-kiçik hər günahı çirkin görər, günaha, xətaya qətiyyən düşməməyə çalışar. O inanır ki, hər bir günah ona bəxş edilən imanı çirklədəcək, hətta çatladacaq. Belə bir insan bir yerdə büdrəyib günaha düşərsə və hissə qapılıb qəfil üsyana meyl edərsə, dərhal tövbə və istiğfar qapısını döyüb ruhunu təmizləyər. O, təmizlənmə işini qətiyyən təxirə salmaz, çünki hər an Qaf dağından daha ağır yüklə Allahın hüzuruna çıxmayacağına dair əlində bir sənədi yoxdur. Çox yaxşı bilir ki, Tövbəni bir dəqiqə belə gecikdirmək özünün zərərinədir. Onun etiqadına görə, günahın bircə saniyədə yaşamasına imkan verilməməlidir. Çünki günah tövbə çeşməsi ilə vaxtlı-vaxtında təmizlənməsə, qəlbi sancan zəhərli bir ilana çevrilib orada yuva sala, törəyib çoxala bilər. Tövbəsi gecikən hər bir günah yeni cürümlərə zəmin hazırlayır. Elə isə həqiqi mömin bir günah işlədimi, məsələn, gözünə bir haram dəydimi, haram bir tikə yedimi, bir yalan söylədimi... dərhal o günahdan xilas olmaq üçün bir yol axtarmalı, bir-iki dəqiqə də keçmədən alnını səcdəyə qoymalı, tövbə və istiğfarla yuyunub təmizlənməli və Cənabi-Allahın hüzuruna çıxmağa hazır vəziyyətə gəlməlidir.

Sevdir bizə sevdiklərini...

Xülasə, Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hər səhər etdiyi bu dua səhər-axşam bizim də dilimizdən düşməməli, duada keçən sətirləri düşünərək Rəbbimizə yönəlməli, Rəhman və Rəhim Allaha bu hislərlə səslənməliyik:

Allahım imanı bizə sevdir, canımızdan, qanımızdan, həyatımızdan daha çox sevək onu. Rəbbim, qəlblərimizi imanın əsasları ilə bəzə, könüllərimizə Zatının sevgisini ver, Həbibinin məhəbbətini doldur sinələrimizə və sevdiklərini sevdir bizə. “Yoldan ayırma bizi, doğrunu söylət, sevinci duyur, həqiqəti öyrət. Sən hiss etdirməsən biz hiss edə bilmərik, Sən dilimizi açmasan, biz danışa bilmərik, Sən sevdirməsən, biz sevə bilmərik. Sevdir bizə sevdiklərini, uzaqlaşdır bizi uzaq olduqlarından, yar et bizə kamala çatdırdıqlarını" (M. Həmdi Yazır). Vicdanımızı eşqinlə, məhəbbətinlə elə işıqlandır ki, imanı rəngarəng, cazibədar görək. Rəbbim! Küfrə və bizi küfrə sürükləyən bütün günahlara qarşı içimizdə nifrət oyat. Xüsusilə, iman, İslam, din və diyanət halqasından çıxıb fasiqlərdən olmaqdan və əmrlərinə itaət etməyib asilər kimi uçuruma yuvarlanmaqdan bizi hifz eylə... Amin.

Xülasə

  • Bir qəlb imanı sevirsə və imanla könlünü abad etmək istəyirsə, küfrdən nifrət eməlidir. Belə ki, imanın dadını alan insan küfrdən mütləq nifrət edir.
  • Kamil insan zirvəsinə yüksəlmək və ən azı möminlik vəsfini qorumaq ancaq bu cür daimi yönəlişlə mümkündür.
  • Həqiqətən iman etmiş və kamala çatmış bir mömin böyük-kiçik hər günahı çirkin görər, günaha, xətaya qətiyyən düşməməyə çalışar.

 

Yetmiş yaşlı yaramaz uşaqlar

“Hücurat” surəsində keçən bir ayənin (7-ci ayə) bildirdiyinə görə kamala çatanlar o şəxslərdir ki, imanı sevir və qəlbini onunla süsləyir, könlünü iman ziyası ilə işıqlandırır, küfr, fisq və üsyana nifrət edib onlardan üz döndərir və daima iman yolunda olub doğruluq və itaətdən ayrılmır.

Demək ki, rüşdə çatmaq yaşla ölçülmür. Neçə-neçə ahıl var ki, on beş yaşına çatmamış uşaq kimidir. Əvvəlini-axırını düşünməyən, nəfsinə uyub hər gün “tonlarla” günah işləyən bu yaramazlar nə gözlərinə, nə də qulaqlarına nəzarət edirlər... Nə dillərini günahdan uzaq tutur, nə də digər üzvlərini... Rüşd yaxşını pisdən seçməyi bacarmaq, haqq yolda sabitqədəm, səbirli və dönməz olmaqdır. Beləliklə də, rüşdə çatan, özünü dərk edən və doğru yolu tapıb sirati-müstəqimdə gedən insan axtarırsınızsa, onu ancaq imanı sevib könlünü onunla zinətləndirən və küfrdən, fisq və üsyandan nifrət edənlərin arasında tapa bilərsiniz.

Əgər bir insan inandığını iddia edə-edə küfrə qarşı sayıq deyilsə, günah dəryasına yelkən açıbsa, üsyan vadilərindən ayığını kəsmirsə, gözünü-qulağını, dilini-dodağını haramdan çəkmirsə... Yaşı neçə olursa-olsun, onu raşid adlandırmaq, onun rüşdə çatdığını demək çox çətindir. Niyə? Çünki belə insan göz görə-görə qəlbinin yaralayır, iman evini tar-mar, axirət həyatını yerlə-yeksan edir. Cənnət saraylarına günahları ilə od vuran bir insana necə raşid demək olar? Günah külüngünü əlinə alıb Cənnət qəsrlərini bir-bir uçuran və Cənnət evini yıxan bir insanın yaxşını pisdən seçdiyini demək mümkünmü? Həzrəti Piri-Muğan "Burada bir “əlhəmdülillah” deyərsən, orada bir Cənnət meyvəsi yeyərsən" demirmi? Elə isə burada bir namaz qılarsan, orada bir Cənnət qəsri ucaldarsan ... Burada bir günah işləyərsən, orada böyük bir sarayı yerlə bir edərsən ...

Həftənin duası

Rəbbimiz! Heç bir dilək və istəyimiz olmadan mərhəmət, rəhmət, lütf və və inayətin bizi varlıq aləminə gətirdi, bizi imanla, İslamla şərəfləndirdi. Rəbbimiz, bizi rizandan məhrum etmə, məhrum edərək bizi cəzalandırma!.. Bu riza yolunda müstəsna inayətinlə bizə qüvvət ver ki, hüzuruna üzüağ, alnıaçıq gələ bilək.

Sözün cövhəri

İmanla küfür arasında dağlar, təpələr olsa da, diqqətsiz atılan hər bir addım insanı küfür bataqlığına yuvarlaya bilər. Düşüncənin yanlış istiqamətə meyillənməsi get-gedə davranışlara da təsir edər, insanın duyğu və düşüncə dünyasına girən hər şey fərqinə varmadan həmin duyğu və düşüncələri dəyişdirə bilər. Ustad bu məsələni sünnə əsasında çox gözəl səsləndirir: "Hər bir günahın içində küfrə gedən bir yol vardır".

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.