İmanla küfr arasında insan

Bir-birindən ən uzaq şeylər nədir? desələr, "küfrlə iman" deyə bilərsiniz, nəticə etibarilə belədir. Ancaq gündəlik həyat etibarilə hiss, həvəs və ya vicdan, şüur və lətifeyi-rəbbaniyə aspektindən baxanda bir-birinə ən yaxın şeylər də küfrlə imandır. Aralarında incə bir pərdə var.

Ona görə də bu incə pərdənin o biri tərəfinə yuvarlananlar haqda dedi-qodu edib "Necə oldu ki, ora yuvarlandılar?" filan-fəsməkan deməkdənsə, "Allah bizi qorusun" deyə Haqq Təalaya üz tutub yalvarmaq lazımdır. Mütəmadi olaraq "Rabbəna lə tuziğ qulubənə badə iz hədəytəna. Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma!" (“Ali İmran” surəsi, 3/8) deməliyik.

Bütün qardaşlarımıza da eyni duanı etməliyik. Çünki heç gözləmədiyimiz insanlar itirə (haqq yoldan aza) bilər. Vəhyə katiblik edən insan belə yolunu azmışdır. Bunu istər təxribatın asanlığı, istər şeytani məsələlərin daha cazibədar, daha xoş gəlməsi ilə, istərsə də, hər an ayıq-sayıq ola bilməməklə izah edin, insan heç gözləmədiyi anda büdrəyib yıxıla, yoldan aza bilər.

Bu səbəbdən insan özünə güvənməməli, Ona sığınmalı və bu cür yolundan azmamağa çalışmalıdır. Özünü çox kiçik görməlidir. Hər gecə min rükət namaz qılsa da, başını səcdədən qaldırmasa da, qulluq vəzifəsini yerinə yetirə bilmədiyini düşünməli, buna inanmalıdır. İlin hər gününü ibadətlə dopdolu keçirən bir qul ağlının küncündən "Rəbbimə filan qədər ibadət etdim, bu istiqamətdə filan şeylərə nail oldum" kimi bir düşüncə keçərsə, özünü bir payə və bir məqam yiyəsi sansa, bu fikirlə keçən anlar həyatının ən qaranlıq zaman kəsiyinə çevrilər.

Halbuki diqqətli qul, "Mən bir köləyəm. Kölənin sərmayəsi olmaz, o, nə qazanır-qazansın qazanc ağasınındır" şüurunda olmalı, ibadət və xidmət müqabilində mükafat və əvəz gözləməməlidir. Üstəlik, “İyirmi Dördüncü Söz”də bəyan edildiyi kimi "Ubudiyyət müqəddimeyi-mükafatı-lahiqə deyil, nəticeyi-neməti-sabiqədir (İbadətlərimiz mükafatın səbəbi və başlanğıcı deyil, bizə əvvəlcədən verilən nemətlərin bir nəticəsidir). Bəli, biz mükafatımızı almışıq. Bunun əvəzində xidmət və ubudiyyətlə müvəzzəfik (vəzifəsini daşıyırıq)". Elə isə məsələ məqam əldə etmək, bir payəylə tanınmaq deyil, verilmiş bir payəyə layiq olmaq, nemətə şükrlə cavab verməkdir.

Məni mənə buraxma!

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) səhər-axşam "Allahummə əuzu bikə minəl-kufri" deyə dua edir. Bunu Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) təlim (öyrətmək) məqsədilə etdiyi dua kimi dəyərləndirmək lazımdır. Çünki peyğəmbərlər həm məsum (günahsız), həm də məsundurlar (qorunurlar); günaha meyilli deyillər, eyni zamanda Haqq Təala onları günahlardan qoruyur. Onlar özlərini xilas etmək üçün deyil, başqalarını xilas etmək üçün göndərilmiş insanlardır. Ancaq Allah Rəsulu (sallallahu əleyhi və səlləm) o əngin qulluq şüuru və təvazökarlığı ilə öz nəfsindən də narahat olub pis aqibətdən qorxa və qovulmaqdan əndişələnə bilər. Ancaq bizim tərbiyəmiz bu cür mülahizələri təlim kimi anlamağı tələb edir, yəni “O, bununla bizə hər kəsin aqibətindən əndişələnməli olduğunu öyrədir” şəklində başa düşməliyik. Buna baxmayaraq, O, həmişə özünü İlahi mərhəmətə möhtac görür. İlahi mərhəmət tərəfindən qucaqlanmasa, bir məqama ucaldılmasa, Cənnətdən məhrum olacağını düşünür.

Küfrün səbəbləri çox sinsi (hiyləgər) olduğuna görə, ibadəti ilə göylərdə uçan insan belə küfrə düşə bilər. Belə bir insan da çox əndişələnməli; enişdə-yoxuşda, piyada gedişində həmişə Haqq Təaladan siyanət (qoruma) diləməlidir. Bu mövzuda bizə öyrədilən duaları dilindən əskik etməməlidir. Bu dualardan biri belədir: "Ya Hayy, ya Qayyum, birahmətikə əstəğis, əslih li şəni kulləh, vəla təkilni ila nəfsi tarfətə ayn."

Hayy və Qayyum “Ayətəl-Kürsi”də ləfzi-cəlaldan (“Allah” kəlməsindən) sonra gələn iki mübarək isimdir. Ona görə də bəzi şəxslər bu iki ismi İsmi-Əzəm hesab etmiş, dualarda "Fərd, Hayy, Qayyum, Hakəm, Adl, Quddus" ardıcıllığı ilə deyilmişdir.

"Birahmətikə əstəğizu" “Sənin rəhmətinə sığınır, Sənə pənah gətirirəm” deməkdir. Başda keçən "Be" hərfini istər istiğasə (kömək diləmə), istər istianə (kömək istəmə), istərsə də müsahibə (yaxınlıq və mükalimə) şəklində başa düşün, bu, "Mərməhətini mənə dost et, məni köməyindən məhrum etmə, mərhəmətinlə etdiyin köməkdən nəsibsiz qoyma. Sənə sığınır, Sənin mərhəmətini diləyir, həmçinin məiyyətini istəyirəm" mənasına gəlir. "Əslih li şəni kulləhu" "Hər cəhətimi islah et, düzəlt" deməkdir. Bu sözdə bir təvazö, bir mahviyyət, insanın özünün acizliyinə - tamamilə “çökdüyünə”, “çat-çat olduğuna”, “sınıb dağıldığına” inamı var.

Sonra "Və la təkilni ila nəfsi tarfətə ayn” sözü gəlir, yəni “Məni bir göz qırpımı qədər də olsa, nəfsimlə baş-başa qoyma". Bəziləri buna "Və lə əkallə min zalik - “Göz qırpımından da az müddətdə məni mənlə baş-başa buraxma”" ifadəsini əlavə etmiş, bəziləri isə belə bir əlavə ilə dua etmişlər: "və lə ila əhadin min ibadikə. “Nəfsimlə baş-başa buraxmadığın kimi, başqa bir insanla da baş-başa buraxma”".

Demək ki insan bəzən hamar yerdə yeriyərkən belə heç fərqinə varmadan bir yerə ilişib yıxıla bilər. Yıxılması heç hiss olunmaz. İndiyə qədər neçə-neçə əzəmətli çinarlar yıxılmışdır. Ən güclü insanlar belə üzüstə yuvarlanmışdır. Allah (cəllə cəlaluhu) bizi hifz etsin.

Xülasə

  • Nəticələrinə görə bir-birindən ən uzaq olan şeylər də, bir-birindən sadəcə incə bir pərdə ilə ayrılmasına görə ən yaxın olan şeylər də imanla küfrdür.
  • İnsan bəzən düz yerdə yeriyərkən belə heç fərqinə varmadan bir yerə ilişib yıxıla və Allah qorusun, iman halqasından çıxa bilər.
  • Allah-Təalanın bizi iman halqasında hifz etməsi üçün - əməllərimizə güvənməməklə yanaşı - daim Ona dual edib yalvarmalıyıq.

İnancda dərinləşmək

Biz mömin olaraq dərindən inanmaq, inandıqalarımızı qəlbən duymaq və hiss etmək, bunları başqalarına çatdırmaq, şəffaf varlığa çevrilib hər tərəfdən daim Haqq Təalanı göstərmək məcburiyyətindəyik.

Başqa sözlə desək, vəzifəmizi dəqiqliklə yerinə yetirərkən özümüzü tamamilə ona həsr etməli və onda fani olmalıyıq. Bəzi “ruh insanlar”ı Uhuddan, Hz. Həmzədən danışarkən o ağır döyüşü qəlbən, ruhən yaşayır, Həmzəyə dönür. Biz də onlar kimi Haqq Təaladan bəhs edərkən könlümüzü Ondan axıb gələn əngin dalğalarla qovuşdurmağı bacarmalıyıq ki, inandırıcı ola bilək.

Müsəlmanlıq təkcə elm deyil, o, həyatdır. Yaşana-yaşana fərd və toplumla bütünləşir. İnancını bu səviyyədə yaşayıb təbiətən mənimsəyənlər bu məqama yüksəlir, uluhiyyət həqiqətinə yeni pəncərələrlə baxma imkanı əldə edirlər.

Bəli, imanı nəzəri səviyyədən əməli səviyyəyə yüksəltmək həm dünya, həm də üqba həyatı üçün çox əhəmiyyətlidir. Bunu bacara biliriksə, demək, iman həyatımızın hər sahəsində özünə yer etmişdir. Əgər əməllər yerinə yetirilərkən bu inanc dərinliyi hiss olunmazsa, həm inanc, həm də əməl yönündə nifaq (münafiqliq) baş qaldırar və gün gələr, insan - Allah qorusun - münafiqə çevrilər.

Digər tərəfdən, bunu duyub dadmaqla iş qurtarmır; dayanmadan mübarizə aparmaq lazımdır. Çünki bu məqam, bu hal insanı qürura, kibrə və ucba sürükləyə bilər ki, bu da inanan insanı yenidən nəzəri iman səviyyəsinə salar. Müqərrəbinə baxın, onlar hər an bilavasitə üluhiyyət təcəllilərinə müxatəb olurlar, amma onlarda ucbdan, qürurdan, kibrdən əsər-əlamət yoxdur. "Biz heç nə edə bilmədik" deyirlər, ürəyi ağızlarına gəlir və daim bu əhval-ruhiyyədə olurlar.

Layiqincə inanmayanlara, inana bilməyənlərə, əməl yönü zəif olanlara, başqa sözlə, yıxıla-yıxıla yol gedənlərə gəlincə onlar nəfsaniliyin və şeytaniliyin inhirafından müəyyən qədər xilas olsalar da, iman mənliklərində tam kök salmamışdır. İman onların əynində müvəqqəti geyim kimidir. İmanı əməllə mənliyinə hopdura bilməyənlər heç kimə heç nə verə bilməzlər. İnsan bundan xilas olmaq üçün maddi qidaya diqqət etdiyi kimi, mənən qidalanmağa da diqqət yetirməlidir. Özünü boşluğa salmamalı, həyatında heç bir “çat” qoymamalıdır.

Allah bizi insan etsin. İnsan dediyindən iki qat artıq özü eləməlidir ki, qəlbi sarı simtək inləsin. Ritmini pozmamalıdır ki, hər sözü kəlmeyi-tayyibə (Allahın ve Rəsulullah kəlamı. Dua, niyaz və salavatlar kimi kəlamlar) olsun. Ağılı, məntiqi, mühakiməsi, şüuru, qəlbi, lətifeyi-Rəbbaniyəsi daim canlı, diri olmalıdır ki, bu yükü apara bilsin. Əks halda insan ömür boyu çalışıb-çabalasa da, bir addım da irəli gedə bilməz.

Həftənin duası

Ey istəyənlərə cavab verən və dua edib yalvaranların dualarını qəbul edən Ucalar Ucası Rəbbim! Sən hər şeyə qadir, hər istədiyini edən və dualara cavab vermə şanına layiq yeganə Zatsan. Nə olar, bizim dualarımıza da cavab ver, bütün təhlükələrdən və əzabına düçar olmaqdan, həmçinin bunlardan meydana gələn qorxu və qəm-kədərdən də hifz eylə!

Sözün cövhəri

Dua aciz, yoxsul, möhtac və nöqsanını (diləklərinə çatmaqda aciz olduğunu) dərk edən qulun təzərrö, təzəllül və təvazökarlıqla "Rəhməti Sonsuz"a yönələrək, halını ona ərz edərək diləklərini Ondan istəməsinin başqa bir ünvanı olub Rəbbinə iman, güvən, etimad və tövhid anlayışının bir tələbidir. Bu çərçivədə Allaha üz tutan qul xövfü-rica duyğusundan möhkəm-möhkəm yapışar, başqalarının gözündən uzaq, yalnız ürəkdən Rəbbinə yalvarar və Ona gizli-gizli dua edər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.