İffətli nəsillərin ruzisi: Halal loğma

Allah-Təala yer üzünü, səmaları və onlardakı saysız-hesabsız nemətləri yaradmış və insanlığın istifadəsinə vermişdir.

Bu nemətlərin istifadəsində əsas dini hökm onların mübah olmağıdır, yəni qadağan olmayan nemətlər halaldır. Belə ki, Haqq-Təala bəzi şeylərə qadağa qoymuş və bu ümumi istifadə iznini müəyyən hökmlərlə məhdudlaşdırmışdır.

Ayə və hədislərin ortaya qoyduğu hökmlərlə qəti qadağan olunan şeylərə "haram" deyilir. Haramları müəyyənləşdirən, təyin edən bilavasitə həzrəti Şaridir (şəriətin sahibi Allahdır (c.c.)); bu baxımdan sırf Allahın əmri olduğu üçün onlara yanaşmaq lazımdır. Bununla yanaşı, hər haramın nəticə etibarilə, bir çox zərəri və qadağa qoyulmasının saysız hikmətlərinin olması da bir həqiqətdir. Hər hansı bir haram işləməyin bəzən maddi, bəzən də mənəvi zərəri olur. Məsələn, bir loğma haram insanı yoldan çıxara, hətta ailə və uşaqların ümumi əhvalına da təsir edə bilər.

Həzrəti Rəzzaqi-Kərim olan Allah: "Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun!" ("Maidə" surəsi, 5/88); "Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir." ("Bəqərə" surəsi, 2/168) məallı ayələrlə nemətlərdən istifadə etmə çərçivəsini müəyyənləşdirmiş; halal və təmiz ruzinin dalınca getməyi əmr etmişdir. Bu etibarla insan Allah-Təalanın nemətlərindən yeyib-içə bilər, ancaq hər əlinə keçəni də istifadə edə bilməz. Dini baxımdan haram buyurulmuş, şübhəli hesab olunan və ya başqasının haqqı olan nemətlərə fikir verib diqqət yetirmək lazımdır. Halal yolla qazanmaq və maddi-mənəvi təmiz olan şeylərdən –məşru dairədə qalmaq şərti ilə – faydalanmaq lazımdır.

Haqqın sevdiyi qabarlı əllər

Rəsuli-Əkrəm Peyğəmbərimiz (s.ə.s.): "İbadət on parçdadan ibarətdir. Bu on parçanın doqquzu halal ruzini axtarmaqdadır," – buyuraraq halal-harama diqqət etməyin əhəmiyyətini vurğulamış; bir çox hədislərində ruzi axtaranları öymüş və ümmətini halal qazanca təşviq etmişdir. Rəsulullah (s.ə.s.) bir bəyanında: "Elə günahlar var ki, onları nə namaz, nə oruc, nə də həcc təmizləyə bilər. Onları ancaq yaşayışını təmin etmək üçün işləyərək silə bilər," – buyurmuş, bir başqa hədisdə də: "İşləməkdən əlləri qabar olmuş və yorğun yatan insan bağışlanar, günahlarından qurtular!" – deyə müjdəsini vermişdir.

Allah Rəsulu (s.ə.s.) alın təri ilə ailəsinin yaşantısını təmin edən hər kəsi təqdir etmiş və bu mövzuda mütəmadi olaraq səhabələri halal gəlirə təşviq etmişdir. Məsələn, bir gün Peyğəmbərimiz (s.ə.s.) Sad bin Muaz (r.a.) ilə qarşılaşanda ona əl verib görüşmüş və Həzrəti Sadın əllərinin qabar-qabar olduğunu görüncə bunun səbəbini soruşmuşdur. Böyük səhabə: "Ailəm üçün işləməkdən belə oldu!" – deyincə Həbibi-Əkrəm: "Budur Allahın sevdiyi əllər!.." – buyuraraq əziz dostunun qabar əllərinə işarə etmişdir.

Uca Rəbbimiz hər sözü və nümunəvi həyatı ilə göstərmişdir ki, bu qısa həyat elə və ya belə keçib gedir. İnanan insan gördüyü işin asanlıq və çətinliyindən asılı olmayaraq gəlirin halal yoxsa haram olduğuna baxmalı, nə olur-olsun, halal ruzi təmin etməyə çalışmalıdır. Yeri gələndə o, daş yonmalı, ya da əlinə bir bel alıb iş axtarmalı, yeri gələndə başqasının torpağını belləməli, bir başqasına yol açmalı və mütləq Haqq-Təalanın halal saydığı bir yolla yaşayışını təmin etməlidir. Bəli, halal gəliri əldə etmək qayəsi ilə görülən işin mahiyyəti əhəmiyyətli deyil. Bəziləri müəyyən işləri alçaldsa da, hər halal iş Allahın nəzdində məqbuldur.

Qəlbin qatili: haram loğma

Harama düşməməyə diqqət etməyi tövsiyə edən Allah Rəsulu (s.ə.s.) bir hədisdə belə buyurur: "Halal da bəllidir, haram da, ancaq bu ikisinin arasında ikisinə də bənzəyən bəzi şübhəli şeylər var ki, insanların çoxusu bunu seçə bilməz. Bu şübhəli şeylərdən qorunan insan dinini, namusunu və iffətini qorumuş olar. Şübhəli sahəyə girən adam bir qoruğun kənarında heyvanlarını otladan çoban kimidir. Qoruğun kənarında qoyun otaran çoban qoyunlarının hər an qoruğa girmə ehtimalı ilə üz-üzədir. Bilin ki, hər məlikin bir qoruğu var, Allahın qoruğu da haramlardır. Bunu da bilimək lazımdır ki, bədəndə bir ət parçası var. O, sağlam olunca bədən də sağlam olar, o, xarab olanda bədən də xarab olur. Bu ürəkdir!"

Buna görə də Haqq dostlarından biri belə demişdir: "Bəzən haram bir loğma ilə qəlbi elə dəyişir ki, onu bir daha əvvəlki halına qaytarmaq olmur. Bütün günahlar qəlbi qatılaşdırır, xüsusilə də, gecə ibadətinə mane olur. Təhəccüd namazı və gecə ibadəti ilə qaranlığı işıqlandırmağın önündəki ən böyük əngəl haram loğmadır. Halal loğma da qəlbə çox müsbət təsir göstərir və onu canlandırır, qəlbi gözəlliyə və xeyrə sövq edir. Qəlbini hər an sorğuya çəkənlər haram loğmanın, ya da halal ruzinin təsirini təcrübə ilə çox yaxşı bilirlər".

Xülasə

  • Nemətlərin istifadəsində əsas dini hökm onların mübah olmağıdır, yəni qadağan olmayan nemətlər halaldır.
  • Elə günahlar var ki, onları nə namaz, nə oruc, nə də həcc təmizləyə bilər. Onları ancaq yaşayışını təmin etmək üçün işləyərək silə bilər.
  • Bəzən haram bir loğma ilə qəlbi elə dəyişir ki, onu bir daha əvvəlki halına qaytarmaq olmur. Bütün günahlar qəlbi qatılaşdırır, xüsusilə də, gecə ibadətinə mane olur.

Mübarək kölə

Bir vaxtlar Mərv şəhərinin qazısı qızının evlilik vaxtı gəldiyinə qərar verir və ona layiq bir kürəkən axtarmağa başlayır. Qızı istəməyə gələnlərin sayı çox olsa da, qazı tələsmədən qapını döyən namizədləri bir-bir gözdən keçirir, yeganə qızını ərə vermək üçün ən uyğun insanı tapmağa çalışır. Həmin günlərdə qazı bir yuxu görür; yuxuda ona: "Qızını "Mübarək" adlı kölənə ver!" – deyilir. Qazı eyni yuxunu bir neçə dəfə görüncə köləsini də sınağa çəkib onun saleh insan, xeyirli kürəkən namizədi olduğuna qərar verincə fikrini dost-aşinaya açır. Bəziləri qazı qızının bir köləyə verilməsinə razı olmasalar da, Mərv qazısı qərarını verir. Qızın da razılığını alıb köləsini çağırır və onları evləndirir.

Nikahdan bir ay ötür. Qazı qızın və kürəkənin hal-xətrini soruşmaq üçün onlara baş çəkir. Qızı: "Atacan, kürəkənin çox yaxşı insandır, lakin hələ də örtümü endirmədi. Evləndiyimizdən bəri məndən uzaq durur; yedirir, içirir, ancaq əli-əlimə dəymir," – deyir. Qazı buna təəccüblənir. Dərhal kürəkənini tapıb ondan bunun səbəbini soruşur. Aldığı cavab qarşısında qazı göz yaşlarına saxlaya bilmir. Kürəkən belə deyir: "Atacan, nə olar incinməyin, sui-zənn etməyin, lakin siz şəhərin qazısısınız, sizə çox gələn-gedən olur, evinizə hədiyyələr göndərilir. Cənabi-Haqqın mənə bir əmanəti və hədiyyəsi olan qızınızın o şübhəli şeylərdən yemiş olmasından qorxdum. Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.): "Bədəndə haram loğmanın təsiri ancaq qırx günə keçir!" –buyurduğunu öyrənmişəm. Möhtərəm qızınızı, həyat yoldaşımı heç olmasa, qırx gün alın tərimlə qazandığım halal loğma ilə bəsləmək istədim ki, Xaliqi-Kərim olan Allah nəsib etsə, övladımız saleh insanlardan olsun".

Bəli, bu bir hekayədir. Həqiqətən, belə bir hadisə olubmu, bilmirik. Evlənən hər kəsin də belə bir şeyə baş vurmasına ehtiyac yoxdur. "Mübarək" adlı o Allah dostunun qırx gün gözləmək məsələsi sübyektiv xarakter daşıyır. Ancaq mənəviyyat aləminin sultanlarından olan böyük vəli Abdullah bin Mübarək məhz bu təmiz evlilikdən dünyaya gəlmişdir.

Xülasə, özümüz və uşaqlarımız barədə ən çox haram yeməkdən qorxmalıyıq. Çünki Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm): "Haram loğma ilə bəslənib böyüyən bir insana cəhənnəm daha layiqdir," – buyurur. Hər haram ya yeyib-içəndən, ya da onun ailə, uşağından, burada olmasa da, o biri aləmdə mütləq çıxacaq. Bəli, halal qəlbin cilası olduğu kimi, haram da onun ləkəsidir. İbadətlərinin mötəbər, dualarının məqbul və övladlarının saleh qul olmasını istəyənlər halal dairədən ayrılmamağa diqqət etməlidirlər.

Həftənin duası

“Əvvəl” Sən, “Axir” Sən, “Zahir” Sən, “Batin” Sən, hər şeyin elminə sahib yeganə “Alim” də Sənsən. Bilərək və ya bilməyərək işlədiyimiz günahları Sənin müqəddəs sevgini qazanmış qullarının günahları (kimi) qəbul et. Sənin inayətinlə bizdə bir qisim həsənə meydana gəlmişsə, onları da xəta və qüsurları ilə Sevgindən məhrum olanların həsənəsi kimi qəbul etmə.. aqibətimizi ixlaslı qullarının aqibəti kimi et.. ümidlərimizi də piça çıxarma, ey hər istəyəni əliboş qaytarmayan lütf və kərəm Sahibi...

Sözün cövhəri

Danışdığımız mövzular, üslubumuz, jest və mimikalarımız insanları səhv şeylər fikirləşməyə səbəb olmamalıdır. Düşüncələrimiz, düşüncələrimizin ifadəsində istifadə etdiyimiz sözlər, hüquqda olduğu kimi, çərçivəsi müəyyən, köhnə ifadəylə desək, “əfradını cami, əğyarını mane (heç bir nöqsan buraxmadan əhatəli şəkildə izah etmək)”, sağlam və möhkəm olmalıdır. Xüsusilə çiynində ağır məsuliyyət daşıyan, toplumun “matmahı nəzər” halına gəlmiş insanlar uluorta danışmamalıdırlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.