İbrət alacaq qədər ömür verilir

Həddi-büluğa çatandan sonra ölən hər bir insan ibrət alacaq qədər yaşamış sayılır. Artıq insan iyirmi, otuz, qırx, əlli... yaşında da ölsə, "Düşünüb həqiqəti görə bilmək üçün sənə ömür vermədikmi?" xitabının müxatəbidir.

Çünki bir saatı şüurlu yaşamaq belə Uca Yaradanın varlığını və xilqətin əsasını qavramaq üçün kifayət edir; dolayısilə, bir saat şüurlu ömür sürən insanın xüsusən də küfr məsələsində heç bir bəhanəsi ola bilməz. Halbuki Allah-Təala əksər insana həddi-büluğ yaşından sonra uzun ömür verir. Xaliqi-Kainat bəzi canlılara bir saat, hətta daha qısa ömür verir, bəzi isimlərinin bir anlıq təcəllisinə məzhər edir, sonra da həyatını yekunlaşdırır. Ömrü bir həftə, bir ay və ya bir il... olan canlılar var. Ancaq Haqq Təala unsanı bir saatlığa yaratmamışdır; normal şərtlərdə altmış illik ömür bəxş etmişdir.

Bu baxımdan, insan ətrafı duyaraq, hiss edərək və dəyərləndirirək bir saat şüurlu yaşasa belə, küfür məsələsində heç bir bəhanəyə haqqı olmaz. Bunun kimi də orta ömür sayılan altmış ili tamamlamış bir insanın da Allahın əmr və qadağalarına əməl etmək mövzusunda heç bir bəhanəsi ola bilməz. Nəzərə alsaq ki, həddi-büluğa çatan bir gənc artıq məsuliyyət daşıyır və küfr, günah və şirk məsələlərində heç bir bəhanə gətirə bilməz. Bunun kimi orta yaş həddini haqlayan bir insanın da bəhanə haqqı yoxdur.

Bəli, illərlə təhsilini, gələcəyini, evini-eşiyini, ailəsini və məişətini düşünən, yaşamaq, qazanmaq, rahat olmaq, lovğalanmaq və qürrələnməyin nə olduğunu bilən, dünya mənfəətləriylə əlaqədar yaxşını pisdən seçə bilən və ağlına batan bir məsələni illərlə əlləşib yerinə yetirə bilən; yəni yüzlərlə, minlərlə, milyonlarla mövzu haqda düşünüb bu haqda qərarlar verə bilən bir insan üluhiyyət həqiqətini, axirəti düşünməli deyilmi? Üstəlik əgər bu insan İnsanlığın İftixarından, Qurandan xəbərdardısa, ölümün “kəşfiyyat dəstəsi” sayılan xəstəliklərlə tanış olubsa və qocalıq bir çox dillə ona "sən yolçusan" deyibsə, bu insan üzünü tamamilə axirətə çevirməli, nöqsanlarını tamamlamalı və o biri dünya üçün azuqə hazırlamalı deyilmi?

Məhz bu həqiqətdən uzaq ömür sürən və həyatını qəflətdə keçirən bir insanın acı aqibətlə qarşılaşanda peşmançılıq çəkməsi, “kaş təkrar dünyaya gələm” kimi mümkünsüz arzulara qapılması və dünyadakı səhvlərinə bəhanələr axtarması onun heç bir işinə yaramayacaq. Onun bəhanələri nəzərə alınmayacaq və bəhanələrin arxasına gizlənməsinə imkan verilməyəcək.

Bu baxımdan, Qurani Kərim xüsusilə, müəyyən yaşı keçənlərə belə xəbərdarlıq edir: "İllərlə çox haqq və həqiqətə şahid oldunuz, üstəlik bir çox məşğuliyyəti də geridə qoydunuz; artıq heç bir bəhanəniz qalmadı. Elə isə yaxşı mömin olmaq üçün daha nəyi gözləyirsiniz?". Eyni zamanda ömrün sonunda yaxşılığı, ibadəti, saleh əməlləri daha da artırmağa və keçmiş nöqsanları az da olsa düzəltməyə təşviq edir. Deməli, qocalıqda dindən-diyanətdən daha möhkəm yapışmaq imanın gərəyidir.

İki böyük təhlükə

İnsanı iki böyük təhlükə gözləyir; biri, ümumiyyətlə, cavanlıqda digəri də, əksəriyyətlə qocalıqda özünü göstərir. Birincisi, başlanğıcda nəzəriyyədən kənara çıxmamaq, ikincisi isə axırda hər şeyə kültür kimi, şüursuzca yanaşmaqdır.

Bir dövrdə insanı aldadan xüsus təkcə nəzəriyyə ilə məşğul olub əməldə dərinləşməyi düşünməməkdir. Elə insanlar var ki, nə soruşsanız, bilirlər; siz "ixlas" demədən "İxlas Risaləsi"ni əzbərdən oxuyurlar; "Bəsmələ" haqqında olan “Birinci söz”ü əzbərdən bilirlər; "üxuvvət" sözünü eşidən kimi yaddaşa həkk etdikləri "Üxuvvət risaləsi"ni gözünün qabağına gətirirlər. Təəssüflər olsun ki, hər söz, hər hərəkət və hər davranışları ilə özlərini göstərməkdən heç cürə qurtula bilmirlər.

İkinci təhlükə isə müntəha ilə (işin sonu ilə) əlaqəlidir; nəzəriyədən əmələ keçməkdə deyil, tədricən bu əməli folklora çevirməkdədir. Bir insan müəyyən bir səviyyəyə gəlib İsmi-Əzəmin təcəllilərinə məzhər olsa, başını qaldaranda İsrafilin əzəmətli “heykəlini” görsə belə, əgər bir müddət sonra məsələyə təkcə adət-ənənin bir parçası kimi yanaşmağa başlasa, onun “karbonlaşması” və “yerlə-yeksan” olması qaçılmazdır. Səmayla (mövləvilərin zikir edərkən fırlanması), səmahla (ələvi və bəktaşilərin musiqili ayini), mövludla, qəzəllə və bəzi “qırtlaq ağalar”ın ilahiləriylə təsəlli axtarmaq bir folklor mərhələsinə və tənəzzül dövrünə addım atmaq deməkdir. “Karbonlaşmamaq”, “yıxılmamaq”, sönməmək və dinin əməli yönünü folklora qurban verməmək üçün İslamın hər məsələsinə şüurlu şəkildə yanaşmaq lazımdır. Kimi şüursuzca yatıb-durur və buna "namaz" deyir; təkcə yemə-içməyini kəsib ac qalmağı "oruc" zənn edir; müqəddəs torpaqlarda turist kimi gəzməyi "həcc" sayır. Ata-anadan gördüyünü, və ya kültürün bir parçası saydığı hərəkətləri şüursuzca və daxilən ürpərmədən icra edib ibadəti layiqincə yerinə yetiridiyini sayırlar.

Xülasə

  • Həddi-büluğa çatandan sonra ölən hər bir insan ibrət alacaq qədər yaşamış sayılır. Halbuki, Allah-Təala əksər insana yetkinlik yaşından sonra uzun ömür bəxş edir.
  • İnsan üçün təhlükələrdən biri dini qəbul etməklə yanaşı, onun qayda-qanunlarını əməldə əks etdirməmək, həyatı bir çəyirdək kimi torpağın altında çürütməkdir.
  • Başqa bir təhlükə isə: insan dini həyatı əməllərinə əks etdirsə də, şüursuzca yaşadığına görə ona Allahın əmri kimi deyil, bir kültür kimi baxır.

Rüxsətləri (bəzi məsələlərdə dinin verdiyi güzəştlər) His və Həvəslər Təyin etməməlidir!..

Bəzən hiss və həvəs fikir cildinə girə bilər və insan yanılaraq zərərli bir şeyi faydalı zənn edə bilər. Bu səbəblə, uca bir məfkurəyə özünü həsr etmiş bir ruh, heç vaxt sadəcə öz ictihad və istinbatı (məna çıxarma) ilə "Bu iş məsləhətlidir" deməməlidir.

Öz hissiyyatına görə qərar verməkdən və dolayısilə səhv hökm verməkdən qorxmalı; məsələni həmin işin mütəxəssisindən öyrənməli, məsləhətləşməli və başqa alternativlər axtararaq zərər ehtimalını ən minimum səviyəyə endirməyə çalışmalıdır. Həqiqətən də, düşündüyü şəkildə davranmaq məsləhətli ola bilər, lakin görəsən, bu məsləhət bir məsləhəti-mötəbərəmi (etibarlı məsləhət), məsləhəti-mürsələmi (göndərilmiş məsləhət), yoxsa məsləhəti-mərdudədirmi (faydasız, etibarsız)? Xalis bir mömin bu fərqlilikləri mütləq nəzərə almalı və doğru hökm verə bilmək üçün mütləq o işin öndər və rəhbərləri ilə məsləhətləşməlidir.

Sələfi-salehin əfəndilərimiz İslama qarşı insafın haqqını vermək və təməl prinsiplərə zidd getməmək üçün ən kiçik bir məsələdə belə saatlarla, hətta günlərlə müzakirə etmiş və ancaq elm əhli olanların fikirlərini öyrəndikdən sonra son hökmü bəyan etmişlər. Əbu Hənifə Həzrətlərinin yüzlərlə, bəzən minlərlə tələbəsi ilə səhərdən axşama qədər müəyyən mövzularda fikir mübadiləsi apardığı məlumdur. İmam Əbu Yusuf, İmam Məhəmməd və hətta İmam Züfer kimi tələbələrinin ona əks mülahizələri olduğu; bir məsələni aydınlaşdırmaq üçün -Ustad Nəcib Fazilin ifadəsi ilə- beyinlərini burunlarından qusduqları və İmam Azamın onların mülahizələrini də dinləyib böyük bir haqpərəstliklə "İşin həqiqəti budur" deyərək, öz düşüncəsinə zidd də olsa doğru olanın tərəfində olması hər kəsə məlumdur.

Elə isə, bu günün nəsli də hər hansı bir məsələdə, xüsusilə gələcək baxımından böyük bir ideala bağlı görülən və səmərəsi böyük olacağı təxmin edilən bir mövzuda öz hissləri ilə hərəkət etməməli, şəxsi şərhlərini əsas meyarların yerinə qoymamalı və məşvərətin haqqını mütləq verməlidirlər.

Çünki Həzrəti Ustadın dualarından biri də "Ya Rəbb, qüsurumuzu bağışla. Bizi özünə qul qəbul et. Əmanətini geri alacağın ana qədər bizi əmanətdə əmin et." şəklindədir. Bəli, nəfsimiz, dinimiz, imanımız... hər şeyimiz əmanət olduğu kimi, İslama xidmət düşüncəmiz, dünya görüşümüz və həyat fəlsəfəmiz də bizə əmanətdir. Bunlar dünən başqalarının çiyinlərinə yüklənmişdi, bu gün bizim, sabah da daha sonrakı nəsillərə yüklənəcək. Bu əmanəti deformasiyaya məruz qalmış halda təhvil vermək doğru deyil. Əgər, biz əmanətlərə sahib çıxmaz, onları lazımınca qorumaz və olduğu kimi xələflərimizə təslim etməzsək, gələcəyin sahiblərini ruhən zədələmiş olarıq ki, bu həm məfkurəmizə, həm də gələcək nəsillərə böyük bir haqsızlıqdır.

Həftənin duası

Ey Rəbbimiz! Bütün günahlardan və o günahlara aparan yollara düşməkdən yenə Sənin mərhəmət və inayətinə sığınırıq. Münəzzəh və müəlla yaxınlığını lütf edərək payələr fövqü payələrə yüksəltdiyin qürbət qəhrəmanlarına xatırlatdığın həqiqətləri – xəta, günah və üsyan mülahizələri zehnimizə hücum etmədən – bizə də xatırlat və çəkindirib qadağan etdiyin nə varsa bizə hamısını çirkin göstər, onların yalançı dadını qəlblərimizdən uzaq et! Amin…

Sözün cövhəri

Ölüm yoxluq deyil. Qəbir axirətə aparan bir dəhlizdir. Həyatında bir dəfə də olsa xəyalından yalan keçirməyən ənbiyanın, daim doğru söyləyən və doğru görən əsfiyanın və bu həqiqətə imza atan minlərlə övliyanın qənaəti belədir. İnsan fitrətində var olan əbədiyyət düşüncəsinin işarə etdiyi axirət həqiqətinə, cənnət həyatına, cənnətdə Haqq Təalanın camalını görməyə doğru getməkdədir. İmanın sayəsində insanın həm gəldiyi, həm hazırda olduğu, həm də gedəcəyi yer çox açıq və aydındır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.