Hüzn və iztirab ən məqbul duadır

İndiki dövrdə İslam aləminin ürək yaxan vəziyyəti qarşısında çarəsizlikdən hüzn duyma Allaha inamın, Qurana bağlılığın, Əfəndimizə "Muhammədun Rəsulullah" demənin gərəyidir.

Hər mömində daim belə bir hüzn olmalıdır. Dövr gülüb-oynama dövrü deyil. Ana və atasını bir gündə itirən, eyni gündə torpağa tapşıran bir insan şən-şux dəf çala, gülüb oynaya bilərmi? Bu, onun ağılsızlığının dəlaləti olmazmı? Halbuki hal-hazırda müsəlmanlığın məruz qaldığı xəyanət və təzyiqlər ana-atanın, ailənin, uşaqların hamısının birdən ölməsindən daha böyük fəlakətdir.

Elə isə, heç olmasa günün müəyyən vaxtlarında bu zülmü yada salma, bu haqda təfəkkür etmə, qurtuluş üçün hüznlü dualarla Rəbbimizə yalvarma Allaha səmimi qəlbdən imanın və ixlaslı olmanın gərəyidir. Bu səbəblə, belə bir dövrdə hüzn, o hüznə bağlı iztirab Kəbədə edilən dualardan daha məqbuldur. Bəli, qənaətimcə Ərafatda əl açıb dua etməkdən daha böyük bir dua varsa, o da Məhəmməd ümmətinin dərdi ilə gecələri səccadəyə gedib "Nə olar Allahım, ümməti-Məhəmmədi bu zillətdən qurtar" iniltisi ilə edilən duadır.

Hüznlə təfəkkürün kəsişdiyi, iç-içə girdiyi mövzulardan biri də aqibət qorxusudur. Məsələn, inanan bir insan: "Məni aqibət gözləyir, görəsən, bu sui-aqibətmi, yoxsa hüsnü-aqibətmi? Görəsən, indiyə qədər müsəlman kimi özümü qoruya bildimmi, bəs bundan sonra qoruya biləcəyəmmi?" duyğu və düşüncəsində olmalıdır. Belə insan isə daim hüznlüdür, kədərlidir. Belə bir hüznün gərəyi də daim təfəkkürdür. Yəni bu mömin: "İmanda necə dərinləşim, mərifətdə necə ənginləşim, məhəbbət və zövqü-ruhanidə Allahla necə irtibatda olum ki, sui-aqibətimi hüsnü-aqibətə çevirim?" dərdi, iztirabı və hüznə qərq olduğu nisbətdə onu təfəkkürə sövq edəcək.

Belə bir təfəkkür hüzn mənbəli, hüzn tələvvünlü bir təfəkkürdür. Buna böyüklər səhər-axşam: "Allahummə ahsin aqibətəna fil-umuri külliha və əcirna min hizyid-dünya və azabil-axirati- Allahım! Bütün işlərimizin axırını gözəlləşdir! Bizi dünyada rəzil-rüsvay olmaqdan və axirət əzabından qoru!" duasını etmişlər.

Təfəkkür və duanı ümuma yaymaq lazımdır

Ancaq mən burada mövzu ilə bağlı vacib bildiyim bir məsələni vurğulamaq istəyirəm. Əlbəttə ki, şəxsi aqibətimizi təfəkkür edib hüznlənmək kiçik məsələ deyil. Lakin şəxsi aqibətin hüzn və təfəkküründən daha çox, məncə, əsas olan ruhumuzdakı bu hüznü, ağlımızdakı bu təfəkkürü başqalarına da aşılamaq, dərd bildiyimiz əsasları aləmin dərdinə çevirmək, təfəkkür və hüznü hər kəsin ruhuna duyurmaq və beləcə bu mənəvi duaları külli bir duaya çevirə bilməkdir.

Çünki xüsusilə, ümuma aid məsələlərdə duaların qəbulu həmin duanın külliliyi ilə çox əlaqəlidir. Bildiyimiz kimi, Cənabi-Haqq insanın tək etdiyi duanı da qəbul edir. Bir mömin şəxsi diləyini Allahın lütf edəcəyinə inanaraq qəlbən, səmimiyyətlə istəsə, Cənabi-Haqq onun istəyinə cavab verər. Lakin bu da yaddan çıxarılmamalıdır ki, külli dualar çox nadir hallarda qəbul edilmir. Bu səbəblə, hüzn və təfəkkürün Allah nəzdində daha da qiymətli olması onun ümumiləşdirilib hər kəsin işi, məsələsi halına gətirilməsi ilə bağlıdır.

Mənə görə hüzn və iztirab ən səmimi dualardan daha böyük duadır. Üstəlik bu hüzn və iztirab başqa insanların imanı, başqalarının əbədi həyatını qurtarmaq üçün çəkilirsə. Demək olar ki, bu düşüncə ilə bir dəqiqəlik iztirab yüz qurban kəsməkdən, bir neçə nafilə həcdən daha bərəkətli əməldir. Səmimi qəlbdən ah çəkənin hər ahına cavab verilmişdir. Ona doğru yüksələn heç bir səmimi səs-səda cavabsız qalmamışdır, yetər ki, bizim səsimiz səmimi olsun.

Peyğəmbər Əfəndimizə (s.ə.s.) "Hüzn Peyğəmbəri" deyilməsi necə də mənalıdır! Çünki O, daim hüznlü idi. İnsanlarla qarşılaşanda sırf onlar üçün təbəssüm edirdi. Busirinin Qəsideyi-Bürəsində ifadə etdiyi kimi, çöhrəsində təbəssüm vardı. Lakin gülməyə gəlincə O, həyatı boyu üç dəfə gülmüşdü.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.