Hislərdə ədalət və istiqamət

İfrat və təfritə yol vermədən dini-mübinin[1] əmrlərini yerinə yetirməyə ədalət deyilir.

Və ya ədalət insan və toplumun ümumi ahəngini təmin etmək üçün Allahın qoyduğu dəyərlərin məcmusudur.”Ədalət”in lüğəvi mənasına görə bir şəxsin və ya əşyanın digəri ilə bərabər olması deməkdir.

İslam alimləri Allaha qul, Peyğəmbərə ümmət olan bir insanın bütün – fərdi, ailəvi, ictimai məsuliyyətini ədalət çərçivəsinə daxil etmişlər. İctimai əlaqələr, idari əsaslar – hamısı ədalət məfhumuna daxildir.

Ədalətin bir də "insaf" mənası var, bu da hərəkətdə müvazinə deməkdir. Haqqın müdafiəsində və ya haqqın təmin edilməsində müvazinəti qorumaq da ədalətdir. Çünki belə hallarda, ümumiyyətlə insanlar haqqa çox riayət edə bilmirlər, bunun da qarşısını insafla almaq olar.

Ədalətin ilk addımı şəxsi həyatda Müsəlmanlığı yaşamaqdır. Növbəti addımda dairə ailədən cəmiyyətə doğru genişləndirilir: ibadət hissi, ibadət hissində mötədillik, eyni zamanda da istiqamətin təmini edilməsi. Quran "Ədalətli olun. Təqvaya daha yaxın olan şey ədalət və istiqamətdir" (“Maidə” surəsi, 5/8) buyurur. Əslində Qurandan istifadə təqvadan asılıdır və təqvaya ən yaxın olan şey ədalət və istiqamətdir. Hər cümə xütbədə oxunan "İnnallahə yə'muru bil-ədli vəl-ihsani..." (“Nəhl” surəsi, 16/90) ayəsində də ilk öncə ədalət, sonra ihsan əmr edilir. Yəni Allaha Onu görürmüş kimi qulluq etmə, hər işi “Məni Allah görür” anlayışı ilə görmə, daha sonra da yaxınlarından başlayaraq hər kəsə kömək əli uzatmaq.

Əslində dini istiqamət çərçivəsində yaşamaq da ədalətin bir təzahürüdür. Ustad Bədiüzzaman ağıl, şəhvət, qəzəb kimi üç əsas duyğunun ədalət və istiqamət çərçivəsində istifadə yollarını göstərir. Bəzi əsərlərində inad və hərislik hislərini də bu çərçivəyə daxil edir, hər birinin ifrat və təfritinə dair örnəklər verir.

“Niyə mənə də verməsin ki?”

Həsədi, yəni paxıllıq və qısqanclıq hissini götürək. Hər kəsi, hər şeyi qısqanmaq ifrat, heç nəyə əhəmiyyət vermək təfritdir. Bu ikisinin ortası qibtədir. Madam bizdə paxıllıq hissi var, gərək onu istiqamət və adalət çərçivəsində istifadə edək ki, bu da qibtədir. "Allah filankəsə, filan şey verdi, mənə niyə verməsin ki. Onun rəhməti genişdir" deməliyik. Diqqət edin "Niyə ona verdi?!" deyil. Bu, zərərlidir. Laqeyd qalmaq da qəbahətdir (verilən nemətlərə). Doğru olan "Niyə mənə verməsin ki?" anlayışıdır. Qurani-Kərim də "Qoy yarışanlar Cənnət dövlətinə qovuşmaq üçün yarışsınlar!” (“Mutəffifin” surəsi, 83/26) buyurur.

Örnəkləri çoxalda bilərsiniz. Məsələn, cərbəzə[2] və demaqoqluq ağılın ifratıdır. Təfriti isə atillik, tənbəllik, kahallıq, ərincəklikdir. Əksinə haqq və həqiqəti təsdiq etmək, dinin əmrlərinə tabe olmaq, nurlanaraq qəlbi müşayiət etmək, mükəlləfiyyəti şüurlu şəkildə dərk etmək, ictihad fəaliyyətləri və s... ağlın ədalət və istiqamət çərçivəsində istifadəsi deməkdir.

İnsanda zahirən pis görünən bir başqa hiss də inaddır. Doğru olmayan, şək-şübhəsiz səhv olan bir məsələdə iki ayağı bir başmağa keçirmək, “mütləq belə olmalıdır” demə ifratdır. Yanlış işə boyun əymə, təslim olma, etiraz etməmə... bu da təfritdir. Ədalət və istiqamət isə haqda səbatdır, haqdan ayrılmamaqdır. "Mən haqqı bildim, tanıdım. Məni doğrasanız da, dərimi soysanız da, dinimdən dönmərəm" anlayışı inaddan müsbət yöndə istifadə etməkdir.

Qeyz öz-özünə coşmaq deməkdir. Quran cəhənnəmi belə təsvir edir “Cəhənnəm az qalır qeyzindən parçalansın” (“Mülk” surəsi, 67/8). Bəzi hədisələr də insanı az qalır çatlatsın. Bəzən də əksinə insan heç nə anlamır, hiss etmir, əhəmiyyət vermir, “nəyimə lazımdır” anlayışı ilə hərəkət edir. Belə insanları dənizə atsanız, zərrə qədər islanmaz. Havadan nəm çəkmə ifrat, dənizə düşəndə islanmama təfritdir. Eyni şəkildə, insan bəzən yersiz coşur. Məsələn, ortada heç bir şey olmaya-olmaya "haqqımı yedilər" iddiası ilə döyünən, çırpınan, özünü yiyib-bitirən, qan qusdurulanlar kimi hərəkət edən insanlar var. Halbuki çox adi şeydir bu. Bu qədər qeyzə gəlməyə, bu qədər coşub-daşmağa nə hacət! Allah var, axirət var, hesab, mizan, Cənnət, Cəhənnəm var. Halbuki eyni adam Allaha, Peyğəmbərə söyüləndə ortada görünmürdü. Şəxsi həyatı, mənfəəti ilə bağlı məsələlərdə yeri-göyü dağıdan bu insan dinə-diyanətə, üstəlik hər gün söyənlərə laqeyd qalır, heç narahat olmur, başını yastığa qoyub rahat-rahat yata bilirdi. Bunun biri ifrat, digəri təfritdir. Ədalət və istiqamət isə yerində, üsuluna uyğun şəkildə reaksiya göstərməkdir.

Bəli, insan Allaha, Peyğəmbərə söyülən yerdə Kəfh səhabələri kimi "Onlar (kafir hökmdarın qarşısında) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa tanrıya ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir (küfr)danışmış olarıq!” (“Kəhf” surəsi, 18/14) demir, yanıb qovrulmur, başını yastığa rahat qoya bilirsə, Haqq üçün heç bir iş görmür deməkdir.

Xülasə

  • Allahın insan və cəmiyyətin ümumi ahəng və müvazinətini təmin etmək üçün ortya qoyduğu dəyərlər məcmusuna və ifrat-təfritə yol vermədən dini-mübinin əmrlərini yerinə yetirməyə ədalət deyilir.
  • Ustad Bədiüzzamanın fikrincə insanda ağıl, şəhvət, qəzəb, inad və ehtiras kimi bəzi hislər var. Hər birini ifrat-təfritə yol vermədən ədalət və istiqamət çərçivəsində istifadə etmək böyük əhəmiyyət kəsb edir.
  • Şəxsi həyatı, mənfəəti ilə bağlı mövzularda yeri-göyü dağıdan insan dinə-dəyanətə söyəndə narahat olmursa, belə adam Haqq üçün heç bir iş görmür.

İfrat-təfritdən uzaq müvazinət

Qorxu hissinin özünəməxsus yeri var. Allahı rəhbər bilmək, Ondan qorxmaq, Onu sevmək üçün verilmişdir.

Qurani-Kərim "O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və (gələcək) o saatdan lərzəyə gəlirlər" (“Ənbiya” surəsi, 21/49) deyir. Əgər insan bu hissi nəzərdə tutulan yerdə deyil, kor-koranə başqa yerdə istifadə edib hər şeydən qorxarsa, təfritə yol verər. Göydə şimşək çaxsa, qorxar, bir yerdə səs-küy olsa, ürəyi ağzına gələr, “ac qalaram” deyə ürkər. Gün gələr qorxu başına bəla olar.

Heç bir şeydən qorxmamaq, axirəti belə vecinə almamaq isə ifratdır. Bir deyim var, “Gözünü budaqdan əsirgəməz”[3]. Kamikadzelər kimi daim qorxu içində olmaq... Ədalət və istiqamət isə bu hissi əsl sahibinə - Allaha yönəltməkdir. Bununla insan dağınıqlıqdan qurtular, fikrini toplayar, özünə gələr. Yəni təkcə Allahdan qorxar, böyük bir məhabət və məxafət hissi ilə Ona yönələr və bütün o saxta, gərəksiz qorxulardan yaxasını qurtarar.

Xülasə, hər bir hissin ifrat, təfrit və tarazlı şəkli var. İnsan üçüncünü, əməl dəftərinə savab yazdıranı seçəcək, günahlara tərəf çəkənə yönəlməkdən və yönləndirilməkdən çəkinəcək və bununla ədaləti təmin edəcək. "Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” (“Nəhl” surəsi, 16/90) və "Ey iman gətirənlər! Haqın tərəfində olub var gücünüzlə və bütün işlərinizdə ədaləti gerçəkləşdirinər. Bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!" (“Maidə” surəsi, 5/8) ayələri bu həqiqəti vurğulayır. Bu gün ictimai ədalətin bərqərar olması sağlam imandan və Müsəlmanlığın doğru yaşanmasından asılıdır. Bu zaman dövlətin başınızın üstünü aldırmasına, təzyiq göstərməsinə ehtiyac qalmadan siz qanunlara könüllü riayət edərsiniz. Başqa sözlə, adil olarsınız. Həzrəti Ömər, Ömər b. Əbdüləziztək əksər Səhabə, Tabiun və İslam böyükləri kimi adil olub, ədalətlə hərəkət edərsiniz.

Sözün cövhəri

İmam Rəbbani, Mövlana, Bədiüzzaman kimi şəxsiyyətləri qəbul edib-etməmə də insanlar üçün bir imtahandır. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) dövründə belə Onun böyüklüyünü qəbul etməyən insanlar bəzi cəfəng fikirlərindən əl çəkə bilməmiş, - haşa yüz min dəfə haşa - Peyğəmbərimizi bu işə layiq görməmiş, “Cənabi-Allah ehsanı yerinə düşmədi” demişdilər. Və imtahandan üzüağ çıxmamışdılar.

Həftənin duası

Ya Rəbbi! Ulu dərgahına gəldik. Sənə xətaların ucbatından Səndən uzaq düşən, xətasını anladıqdan sonra nədamətlə qovrulan bir möhtacın diliylə səslənirik. Ümid edirik ki, diləyimizi sevənin sevdiyindən istəməsi kimi qəbul edəsən. Dualarımızı naçar qalmış iztirablı bir qulun duası kimi qəbul et, Sənə yaxın bəndələrin gözündən pərdəni götürdüyün kimi, Haqq və həqiqətlə bizim aramıza girən pərdələri də götür! Amin..

[1] Aydınlşdıran, aşkara çıxaran İslam dini.
[2] Söz hiyləsi. Çox danışaraq hiylə etmək. Haqlı-haqsız sözlərlə həqiqəti gizlətmək.
[3] Heç bir təhlükədən çəkinməmək, qorxmamaq.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.