Hər günah küfrə bir qapı açır

Dəyişmə və başqalaşma ciddi, çox əhəmiyyətli bir məsələdir. Çünki dəfələrlə ifadə edildiyi kimi, bir cür dəyişən hər cür dəyişə bilər. Bəli, bir dəyişən artıq min dəyişməyə hazırdır. Belə şəxs fərqinə varmadan dəyişə-dəyişə, başqalaşa-başqalaşa tamamilə başqa insana çevrilər. Bu ciddi məsələni təsdiq edən müxtəlif hədisi-şəriflər də vardır. Məsələn, bir hədisdə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) belə buyurur: "Qul bir günah işləyəndə qəlbində qara bir nöqtə meydana gəlir. Tövbə edib əfv diləsə, qəlbi yenə parlayar. Təkrar günaha dönsə, ləkə böyüyər və bütün qəlbi zəbt edər" (Tirmizi, Tefsir, Mutaffifin). Bu hədisdən belə başa düşürük ki, insan qəlbi bir dəfə kirləndimi bu kirlənmənin hara qədər gedəcəyini əvvəlcədən təxmin etmək mümkün deyil. İnsan bir də baxıb görər ki, mərkəzdən kənara atılan bir addım 100 addımlıq yol olub.

Əslində Ustad Həzrətləri də "hər günahın içində küfrə gedən bir yol var" deyərək bu həqiqətə işarə edir. Çünki günah fitrət və təbiəti aşındıran xəstəlik olduğuna görə fitrət və təbiətdən uzaqlaşma, yəni bir mənada başqalaşma, dəyişmə deməkdir. Hz. Pir eyni həqiqəti başqa yerdə belə dilə gətirir: "Özünü qoru, addımını diqqətlə at, batmaqdan qorx. Bir loğmada, bir kəlmədə, bir dənədə, bir ləmada, bir işarədə, bir öpməkdə batma". Mənası belədir ki: sən dünyaları öz içində batıran, ancaq yenə də doymayan çox ülvi, Allah-taalaya və əbədiyyətə vurğun və yalnız Alahın camalı və kamalı ilə tətmin olan lətaif və duyğularını fani arzu və həvəslərlə kirlətmə. Əks halda, böyüklərimizin dediyi kimi, əl-əldən, ayaq-ayaqdan üzüləndən sonra, yəni can boğaza gələndə: "Nə deyib buna baxmışam, nə deyib bunu dinləmişəm, nə deyib buna getmişəm, nə deyib buna əl uzatmışam kaş ki eləməsəydim!" deyə peşman olarsan.

Bu səbəblə inanan insanın dəyişmə, başqalaşma yoluna girmədən, bunun birinə də fürsət vermədən daim sabitqədəm olması çox mühümdür. Çünki dəyişmə və başqalaşma kor-koranə buz üstündə yeriməkdir. İnsan hər an düşüb yıxıla bilər. Elə isə heç bir məsələni kiçik görmədən geyim-keçimdən şəkil və şəmailə qədər hər şeydə özümüz olma yollarını axtarıb tapmalı və bu yolu getməyə qərarlı olmalıyıq. Əks halda dəyişmə fantaziyasına qapılıb geydiyimiz paltarı dəbdən düşdü deyə bir kənara atsaq, bir azdan o da dəbdən düşəndə onu da bir kənara atmağa məcbur qalarıq. Zamanla bu şəkil və şəmailimizə sirayət edər. Artıq özündən qaçan, özündən uzaqlaşan, az-az saç-başından kəsib doğrayan insana çevrilərik, ancaq dəyişmə və başqalaşma yenə də davam edər. Bundan sonra sıra kirpiyə, yoxsa qaşa gələr bilmirəm, ancaq bir gün qayçı elə bir yerdən kəsər ki, kökümüzü qopardar.

Lut gölünün dibindən Everestin zirvəsinə

Yaranandan bu günə qədər bəşəriyyət, bəlkə, əlli dəfə şam kimi əriyib sönmüş, ancaq Allahın izni ilə, məşəl yenidən alovlanmış və bəşəriyyət yenidən nura qovuşmuşdur. Bəli, bəşəriyyət əlli dəfə Lut gölünün dibinə çökmüş, ancaq bu çöküşün arxasınca Everest zirvəsinə yüksəlmiş; sıfır nöqtəyə düşən insanlıq təkrar zirvələrə ucalmağı bacarmışdır.

Öz dövrünün bütün mənfiliklərinə rəğmən Peyğəmbərimiz (s.ə.s.) qeysərləri, kisraları məğlub edib bir həmlədə bu vəziyyətdən bəşəriyyəti qurtarmışdır. Bəşər tarixində bunun o qədər təkrarı var ki, ümidsizliyə düşməyin yeri yoxdur. Buna görə də mömin bir quyuya düşəndə buradan çıxmaq qeyri-mümkündür deyə, ümidsizliyə düşməməlidir. Çünki o hər şeyə gücü çatan Sonsuz Qüdrət Sahibinə inanır. Məsələn, Allahın inayəti ilə oradan keçən bir karvan həmin quyuya vedrəsini sallayıb səni xilas edə bilər. Belə bir ehtimal olmasa da, sən inanan insan olaraq ümidsizliyə qapılmamalı, dırnaqlarınla dırmaşıb oradan çıxmaq üçün bir yol tapmalısan. Necə ki bəşəriyyət Allahın inayəti ilə əlli, bəlkə yüz dəfə düşdüyü o quyudan çıxıb çuxuru zirvəyə çevirmişdir. Əgər kamillik axtarırsınızsa, ilk işiniz ümidsizliyi ayaqaltına almaq olmalıdır. Çünki ümidsizlik və ümid yelləncək kimidir, ümidsizlik aşağı enməlidir ki, ümid lazımi yerə yüksələ bilsin.

Səbir, səbir, səbir...

Əgər bizdə ciddi mənada bir başqalaşma və dəyişmə varsa, heç kim “bu düzəlməz" deyə bilməz. Lakin bunu da nəzərə almalıyıq ki, iki-üç əsrlik təxribatı bir anda düzəltmək çox çətindir. Biz əsrlərdən bəri çökmüş bir qalanı tikməyə, dirçəltməyə çalışırıq. Belə ki, hətta iman əsasları sarsılmış, ana-ata hüququ tapdanmışdır. Deməli, Allaha inamdan ana-ata hüququna qədər hər şey yerlə-yeksan edilmişdir. Cəmiyyət bütün bunları birdən ayağa qaldıra bilməz. Qaldı ki, bir mədəniyyətə mənsub insanlar belə, başqa bir mədəniyyətlə üzləşəndə inteqrasiya problemi yaşanır. Məsələn, qərb bir vaxtlar fəhlə kimi ölkəsinə gələn insanların uzun illər keçməsinə baxmayaraq, hələ də inteqrasiya olunmamasından şikayət edir. Üstəlik bunlar mədəni və dini cəhətdən o qədər də üstün təbəqənin insanları sayılmır.

Bu səbəblə deyirik ki, əgər iki-üç əsrdən bəri müəyyən duyğu, düşüncə, anlayış, fəlsəfə, dünyagörüşü və bəlkə də, şəkil və şəmailimiz (xarakter) ciddi mənada aşınmaya məruz qalıbsa, bunun birdən-birə düzəldilməsi çox çətindir. Əslində təşrii əmrlərində (şəriət qanunları) oxuduğumuz bu həqiqəti təqvini əmrlərdə (yaradılış qanunları) də görə bilərik. Məsələn, sürfədən kəpənəyin çıxması kimi, bəzi metamorfozlar (dəyişikliklər) keçirərək varlıq aləmində öz yerini alan heyvanatda belə bu mərhələ birdən-birə baş vermir. Siz dəyişmə təklifini verdiyiniz şəxsin çiyninə üç-dörd mutasiyanı birdən yükləsəniz, o insanı öldürərsiniz. Elə isə düzəltmək istədiyiniz xüsusları alışdıra-alışdıra sevdirməli, sevdirib mənimsətməlisiniz. Səhabə toplumu belə meydana gəlmişdir. Vəhydən əvvəl bu cəmiyyətdə ümmi və bədəvi insanlar var idi. Onlardan bəziləri qapıdan girib "Abdulmuttalibin nəvəsi Məhəmməd buradamı?" deyə xitab edirdilər. Lakin elə gün gəldi ki, bu insanlar Allahın nazil etdiyi vəhyi mənimsəmiş bir mömin olaraq əqlə təlim verən, nəfsə doğru yolu göstərən, qəlbi təmizləyən mədəniyyət müəllimləri halına gəldilər. Elə isə biz də bu yolda qərarlı, əzmli və səbirli olmalıyıq.

Xülasə

  • İnsan Cənabi-Haqqın qadağalarının heç birini kiçik görməməlidir. Çünki o kiçik görünən gün gələr insanı küfr bataqlığına sürükləyə bilər.
  • Toplumumuz bu gün olduğu kimi, keçmişdə də dəfələrlə maddi-mənəvi təxribata məruz qalmış, inandığı dəyərlərindən uzaqlaşdırılmışdır. Ancaq hər səfər o yenidən dirilməyi bacarmışdır.
  • Dəyərlərə yadlaşmaq iki-üç əsrlik maddi-mənəvi təxribatın nəticəsidir. Bu yaranın müalicəsində tələsməmək, olduqca səbirli olmaq lazımdır.

İdrak səviyyəsinə görə xitab edilməli...

Bir məsələ bütövlükdə, birdən-birə ortaya atılsa, şok təsiri bağışlayar və ciddi mənada etiraz oluna bilər. Buna görə fərqli düşüncə, təklif və layihələr insanların düşüncə dünyasına yavaş-yavaş, isindirə-isindirə təqdim edilməlidir. Üstəlik yüksək zəkalar bir mənada rəhbər insanlar deməkdir. Fitrən fərqli düşüncə və fikirləri ortaya qoymağa meyillidirlər. Ancaq bu məsələdə əqli-səlimə (yaxşını pisdən ayırıb insana haqq və həqiqəti, iman və İslamiyyəti göstərən ağıl ve düşüncə) görə hərəkət edib ağlın dərinliyindən istifadə etmək çox vacibdir. Ağılın dərinliyi isə digər insanların hissiyyatını nəzərə almaqdır. Məsələn, belə istedada malik olan bir insan öz-özünə sual verməlidir: "Görəsən, belə qeyri-adi və orijinal təklif mənə edilsəydi, mən bunu necə qarşılayardım?" Bəli, rəhbər səviyyəsində olan yüksək zəkalar başqalarını öz yerinə qoyaraq məsələyə bu nəzərdən baxmağı bacarmalıdırlar. Bu nəzərə alınsa, düşüncə və layihələri birbaşa ortaya qoyaraq "Alın bunu, qurtarın özünüzü!" demək kimi yanaşmalara yol verilməz.

Heç unutmuram, iqtisadi sahədə fəaliyyət göstərmiş və bu günə qədər əldə etdiyi nəticələri bir kitabda toplamış bir şəxs "Yazdım, atdım ortaya. Götürsünlər, baxsınlar, ağıllarını başlarına yığsınlar, tətbiq etsin və qurtulsunlar," demişdi. İndi o şəxsin mülahizə və mütaliələrini dəyərləndirəsi deyiləm, o başqa bir məsələ. Lakin bunu rahat deyə bilərəm ki, dünya tarixində indiyə qədər belə bir ölkə olmayıb ki, bir kitab yazılsın, tətbiq olunsun və beləcə iqtisadiyyatını düzəltsin. Hətta iqtisadiyyat tarixi nəzərindən bu sual da verilə bilər: Görəsən, iqtisadiyyat kitabları iqtisadiyyatı düzəldir, yoxsa iqtisadiyyat iqtisadiyyat kitablarına ilham olur? Çünki hər kəs öz dövrün iqtisadiyyatını yazır, bu zaman da, bəlkə, bəzi düyün nöqtələr çözülür. Ancaq problemlər mövcud, işləyən sistem içində həll olunur, çözüm yollarını tapır.

İqtisadiyyat sahəsində olduğu kimi, ümumi mənada bir düşüncə və layihə ictimaiyyata təqdim edilərkən insanların hissiyyatı, anlayış və düşüncəsi mütləq nəzərə alınmalıdır. Madam ki, Qurani-Kərim Uca vəsflərə malik Allahın səsi-sədası olmasına baxmayaraq, əksər insanın səviyyəsinə görə nazil olmuş və İlahi Kəlamın insanlarla görüşü, mühavirəsi belə bir çərçivədə baş vermişdir. Yəni insanın idrak səviyyəsi nəzərə alınmış və ayələr məhz buna görə endirilmişdir. Cəmiyyətə rəhbər ola biləcək yüksək zəkalar da bu ilahi əxlaqı prinsipə çevirib fikir və layihələrini müxatəblərin anlayış və hissiyyatını nəzərə almaqla ortaya qoymalıdır.

Sözün özü

Mənlik (eqo) nəfy[1] edilməli və bu məsələ mütəmadi olaraq vurğulanmalıdır. “Heçlik" anlayışı o qədər çox, o qədər əqli və məntiqi cəhətdən vurğulanmalıdır ki, insan uğur və müvəffəqiyyətin zirvəsində, zəfərin sərxoşluğunda belə, “Mən etdim, mən elədim, mən bacardım..." kimi şirk qoxan şeytani xırıltılarla İlahi inayəti öz adına çıxmasın. Bəli, insan təbiəti ölgünləşməyə meyillidir. Bəzən müvəffəqiyyətlər onda fəxarət hissini oyadır. Bu səbəblə insana acizliyini, fəqirliyini, “sıfır" olduğunu müxtəlif vasitələrlə xatırlatmaq çox əhəmiyyətlidir.

Həftənin duası

Yoxluğu varlığı ilə süsləyən, damlaya dəryaların vüsətini bəxş edən, zərrəyə günəş olma qabiliyyətini verən Aləmlərin Rəbbi Allahım! Bizi ilahi güc və siyanətinlə dəstəklə, masivaya[2] əl açdırma.. işlədiyimiz pis əməllərdən və dar düşüncə ucbatından təfərrüata aid məsələləri də sayıb-tökərək mübaliğə etdiyimiz istəklərə görə bizi mərhəmətindən məhrum etmə! Allah Rəsuluna, Onun pak ailəsinə, müstəsna dostlarına salətü-salam edərək bunu Səndən diləyirik!


[1] Varlığını inkar etmək, heç saymaq

[2] Allahdan qeyri hər şey

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.