"Haqqımı halal etdim!.."

"Vicdan genişliyi" iman, elm, mərifət, məhəbbət, məxafə və başqalarının dərdinə yanma hisləri ilə dolu bir könlün əngin bir himmətlə bütün insanlığı qucaqlaması, qəlbin qapılarını hər kəsə açması, daima əfvedən, bağışlayan, mürüvvətli olması və xüsusilə də, bütün insanların hidayətini diləyib hər kəsin əbədi xoşbəxtliyini istəməsi şəklində tərif edə biləcəyimiz bir ruh ucalığıdır.

Digər bir ifadə ilə, "vicdan genişliyi" və ya "vicdanın inkişafı" bir insanın öz acizliyinin, fəqir və yoxsulluğunun fərqinə vararaq və bunları təmin edəcək bir güc və qüdrətə bağlılığın zəruriliyini duyaraq iman, təslim və təvəkküllə Zati-Üluhiyyətə sığınmaqla yanaşı, hər cür xudbinlikdən uzaqlaşaraq "insan" sözündəki "ünsiyyət" mənasına yönəlib mahiyyətindəki ictimai ruha uyğun hərəkət etməsidir.

İman, elm, mərifət və məhəbbət şüaları ilə aydınlanmış və inkişaf etmiş bir vicdan Yaradandan ötrü hər kəsə yaxınlıq duyar; qarşılaşdığı hər şeydə və hər kəsdə ilahi təcəllilərdən rənglər görər, ilahi naxışları tamaşa edər, səslər dinlər.. və bütün varlığın bir ünsiyyət, vəhdət içərisində olduğunu hiss edər; beləcə hər şeyə və hər kəsə isti münasibət göstərər. Belə ki, qəlbi dünyaları ehtiva edəcək qədər genişlənər; mənliyinin dərinliyində coşub-daşan düşüncələri sayəsində hüdudlar içində hüdudsuzlaşar, zaman və məkanla bağlı olduğu halda onların hüdudlarını aşar. Belə bir könül insani duyğuların inkişafı nisbətində fərdiliyi aşıb külliləşər; bütün inananlara qucaq açar, hər kəsə əl uzadar və bütün insanlığı ən səmimi duyğularla salamlar.

Vicdanı geniş olan bir mömin insanlarla rəftarda peyğəmbəranə bir üslub nümayiş etdirər; hər kəsi sevər, hər kəsin yaxşılığını istər. Özünü ən kiçik səhvə görə sorğu-suala çəkər, lakin başqalarının qüsurlarını görməz; yaxın-uzaq ətrafındakıların səhvlərini sadəcə normal hallarda deyil, hirsləndiyi zamanlarda belə bağışlayar və ən yolagetməz insanlarla belə yaxşı keçinməyi bacarar.

Əslində, uca dinimiz də öz mənsublarına əldən gəldiyi qədər bağışlamağı, kinə, nifrətə məğlub olmamağı və qisas alma duyğusuna qapılmamağı tövsiyə edir ki, onsuz da gözü axirətin yamaclarında olan, sonsuz səadət arxasınca gedən bir möminin başqa cür olması da qeyri-mümkündür.. başqa cür olması bir tərəfə, həqiqi mömin oturub-durub başqalarına xeyir yolları axtarar, xeyir diləyər, ruhundakı sevgini daim canlı tutmağa çalışar, hətta hər davranışında sevgidən çox şəfqəti əsas götürər; qeyz, nifrət və kindən isə daim uzaq durar. O, öz qəlbindən başlayıb hər yerdə yaxşılıq və gözəllik toxumlarının boy atıb inkişafına zəmin hazırlayar; üstünə kinlə, nifrətlə gələnləri belə təbəssümlə qarşılayar və ən təcavüzkar insanları belə sevginin gücü ilə məğlub edər.

Geniş vicdanlı insan daim sevgi və şəfqətin həyəcanı ilə yaşadığına görə duyğu və düşüncələrində, hal və hərəkətlərində olduğu kimi ibadətü-taət və dualarında da xudbinlikdən uzaq olar, himmətini həmişə ali tutar; təzərrö və niyazlarında bütün qohum-əqrəbasını, dost-tanışlarını da nəzərə alaraq hər kəs üçün xeyir diləyər.. hətta çərçivəni daha da genişlədərək Allah-taalaya yer üzündəki bütün insanların qəlbini imana, İslama, ehsana və Qurana yönəltməsi üçün yalvarıb-yaxarar.

Ustadın həssasiyyəti

İnsanın vicdanını inkişaf etdirən amillərin başında "məhasini-əxlaq" durur; buna görə də vicdan genişliyinin ən əsas əlaməti gözəl əxlaqdır. Məsələn, "əfvü-səfh" gözəl əxlaqın bir şöbəsidir; qüsurları bağışlama və əfvedici olub dostca rəftarı davam etdirmə geniş vicdanlı bir möminin şənidir.

Belə gözəl vəsflərə sahib olan bir mömin başqalarından gördüyü pis rəftar qarşısında belə səbirli, təmkinli, bağışlayan və özünü daim sorğuya çəkən olur. O, hər bəla və müsibətə: "Mən daha böyüyünə layiqəm!" mülahizəsi ilə yanaşar. Molla Nəsrəddinin başına qoz düşüncə yerdəki balqabağa baxıb: "Hər şey yerində gözəldir; ağacda qoz yerinə bu balqabaq olsa idi!" deyərək hikməti-ilahiyyəyə yanaşmasını dilə gətirdiyi kimi, o da: "Ya tam layiq olduğum müsibətlə qarşılaşsa idim.. demək ki, Allah (cəllə cəlaluhu) başıma gələsi bəlanı mərhəməti ilə əzdi-büzdü, belə kiçicik bir şey halına gətirdi və elə göndərdi, həmd olsun Ona!" deyərək məsələni öz xəta və günahlarına, istehqaqına, ləyaqətinə və qədəri-ilahiyə bağlar; yerdə ona pislik edənin bir payı qalıbsa, onu da bağışlayar.

Həzrəti Ustadın ona zülm edənlərə, müxtəlif ittihamlarla onu məhkum etmək istəyənlərə, oba-oba, şəhər-şəhər gəzdirənlərə və zindanlarda ona yer hazırlayanlara belə haqqını halal etməsi; əhli-dünyanın zülmünü qədərin ədaləti və özünü sorğuya çəkmə zaviyəsindən dəyərləndirərək heç kəsdən küsməməsi; ona düşmənçilik edənləri belə şəfqət dairəsindən kənara atmaması və onların da hidayətə gəlmələrini səmimi qəlbdən diləməsi bu mövzuya gözəl bir nümunədir.

Nur müəllifinin ona nalayiq sözlər deyən bir insan haqqında mülahizəsi necə də möminə layiq, necə də ibrətamizdir! Pis sözlərə belə cavab verir: "Əgər onun təhqiri və dediyi qüsurlar şəxsimə və nəfsimə aid isə Allah ondan razı olsun ki, mənim nəfsimin ayıblarını deyir. Əgər doğru deyibsə, məni nəfsimin tərbiyəsinə sövq edər və təkəbbürdən qurtulmağıma kömək olar. (...) Mənim boynumda və ya qoynumda bir əqrəb olduğunu biri desə və ya göstərsə, bundan incimək deyil, məmnun olmaq lazımdır".

Xülasə

  • İman, elm, mərifət və məhəbbət şüaları ilə aydınlanmış və inkişaf etmiş bir vicdan Yaradandan ötrü hər kəsə yaxınlıq duyar; qarşılaşdığı hər şeydə və hər kəsdə ilahi təcəllilərdən rənglər görər.
  • Hər kəsi sevib hər kəsin yaxşılığını istəmək, özünü ən kiçik səhvə görə sorğu-suala çəkib başqalarının qüsurlarını görməmək peyğəmbəranə bir davranışdır.
  • Geniş vicdanlı insan dualarında da xudbinlikdən uzaq olar və yer üzündəki bütün insanların qəlbini imana, İslama, ehsana və Qurana yönəltməsi üçün yalvarıb-yaxarar.

Zirvələr təmkin istər

Təbeyi-təbiun dövrünün böyük muhəddislərindən Yəhya b. Səid əl-Qattan həzrətlərinin acıdil qonşusuna rəftarı da bundan fərqli deyil. Bir gün qonşusu ona çox ağır sözlər deyir. Haqq dostu təhqir yağdıran insana heç cavab vermir, sadəcə bunları pıçıldayır: "Bəlkə də, düz deyir, mənə şəxsiyyətimi və necə insan olduğumu xatırladır. Bəli, mən kiməm ki, ya da nəyəm ki, bunlara ləyaqətim olmasın!"

Bəli, böyüklərdəki bu cür mülahizələr, buna bənzər hal və hərəkətlər vicdan genişliyinin əlamətidir. Onlar nəfsi üçün belə asan inciməzlər. Başqalarının qüsurlarını və öz yaxşılıqlarını dərhal unudar, amma öz xəta və günahlarını, bir də başqalarından gördükləri yaxşılıqları əsla unutmazlar. Hər şeyi ətraflı düşünər, məsələlərə obyektiv baxar, hadisələrə və şəxslərə mülayim və müsamihəli yanaşar və qəlblərini hər kəsə açar. Bütün inananlar vicdan genişliyi baxımından onlara bənzəməyə çalışmalı və o səviyyəyə gəlmək üçün səy göstərməlidirlər.

Pis əxlaqın nəticəsi

Digər tərəfdən, pis əxlaq insanda darlıq hasil edir. Vicdan cəhalət, təkəbbür, qürur, xudbinlik, qısqanclıq kimi pisliklərlə daralır, büzüşür və bir xudpəsəndilik dəhlizinə çevrilir. Məsələn, bir insanda qısqanclıq da deyə biləcəyimiz "həsəd" mərəzi varsa, o başqalarının müvəffəqiyyətini, zənginliyini, gözəlliyini, elmini, xoşbəxtliyini... qəbul etməz; özündə olmasını istədiyi xüsusiyyət və ya mövhibələrin başqasında olması onu narahat edər. Haqqın təqdirinə razı olmaq əvəzinə qədərin öz həva və həvəsinə uyğun cərəyan etməsini istər; hadisələr arzu etdiyi kimi getməyincə də qədəri tənqid edər və narahatlıq, həzəyan dolu ömür sürər.

Həsəd belə davam etdiyi təqdirdə bir neçə adama qarşı olan bu qısqanclıq hissi zamanla böyüyər, sonra da düşüncə və hissiyyatı tamamilə zəbt edərək insanı bütün yaxşılıqları, gözəllikləri qaralayan bir təcavüzkara çevrilər. Hətta bəzən hasid (həsəd edən insan) qısqandığı insanlar müsəlman olmasına baxmayaraq, hər fürsətdə onları təhqir edər; sırf qısqanclığına görə əhli-küfrlə bir olub həsəd etdiyi möminlərə hücum edər. Öz nəfsinin darlığına məhkum olan belə insan "əhsəni-təqvim"ə məxsus vicdan genişliyini və imanın həqiqi mahiyyətini əsla duya bilməz.

Təkəbbürlü insan da özünü böyük gördüyünə görə həqiqi böyüklərin böyüklüyünü həzm edə, qəbul edə bilməz. Hətta bir ustadı, bir müəllimi, bir mürşidi varsa, onu da həzm edə bilməz. Zahirən mürşidini təqdir edib arxasınca gedər, lakin bu zahiri təqdir və təqibdən də daxilən narahatlıq duyar. Bir-iki səhifə çevirmişsə: "Mən də bəzi şeyləri bilirəm," – deyər. Bəzi insanların Allahın dəstəyinə məzhər olmasına və ilahi inayətlə əhatə olunmasına heç inanmaz; xudbinlikdən uzaqlaşıb başqasını qəbul etməyə qətiyyən yaxın durmaz. Belə davam etdiyi müddətdə də daim darlığın pəncəsində vurnuxub durar.

Həftənin duası

Ya Rəbbim! Bizi qorxduğumuz hər şeydən hifz et və dualarımıza cavab ver. Sən qiymətini bilməməkdən ehtiyac hiss etmədiyimiz və rəhmət xəzinəndən diləmədiyimiz nemətləri belə bizə lütf edən Səxavətlilər Səxavətlisisən!.. Əllərimizi açıb ehtiyacımız olan hər şeyi Səndən diləyirik. Verənlərin ən gözəli Sənsən və biz Sənin lütflərinə daim möhtacıq.

Sözün cövhəri

Bir insanın gizli yönlərini ifşa etmək, səhvlərini faş etmək əsla doğru deyil. Bu insan haquqlarına da, müasir hüquqa da, İslam fiqhinə də zidddir. Əsas olan xəta və günahları faş etmək deyil, örtməkdir. Oğurluq edən bir adamı dərdəst edib Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hüzuruna gətirənlərə O, “Niyə gətirdiniz?” demişdi. Zina əməlini etiraf etmək üçün yanına gələnə də, “Qayıt və Allaha tövbə et!” buyurmuşdur. Dünyada möminin ayıbını örtənin ayıblarını Allah da Qiyamət Günü örtər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.