Addımını diqqətlə at, batmaqdan qorx
Qulluq yolunda sürüşkən və təhlükəli yerlər var, bu sürüşkən zəminə biz "məzəlleyi-əqdam" deyirik. İnsanın sürüşüb yıxılmasına səbəb olan, onu müvəqqəti də olsa yolundan edən bu sürüşkən yerləri bir çərçivədə dəyərləndirmək olduqca çətindir. Çünki tarix təşəxxüslə yola çıxan, lakin güclü olsa da, bir-iki addım getməmiş noxud dənəsinə basaraq kəlləmayallaq gedən, gözləmədiyi yerdə qəflətən uçuruma yuvarlanan minlərlə insana şahiddir. Bəzən biçik bir çınqıl daşına ilişib yıxılan insanın nə vaxt, harada sürüşəcəyini bilməsi həmişə mümkün olmur.
Bədiüzzaman Həzrətləri bir yerdə "...sənin mahiyyətinə (Allah-taala) elə mənəvi “cihazlar” və lətifələr yerləşdirmişdir ki, bəziləri dünyanı udsa, doymaz" deyir. Baş bir batman daşı qaldırsa da, göz bir tükə belə dözə bilmir. Bunun kimi, bəzi lətifələrin bir tükə, hətta kiçik bir qəflət və zəlalətə belə dözümü yoxdur. Məsələn, fitrətimizdə elə bir ehtiyac və sevgi istedadı var ki, dünya onu doyurmur, cənnətdən və əbədi səadətdən başqa heç bir şeyə razı olmur, Allahdan başqa heç bir şeylə hüzur tapa bilmir.
Ustad başqa bir yerdə "Madam ki belədir, diqqətli ol, (addımını) diqqətli at, batmaqdan qorx. Bir loğma, bir kəlmə, bir danə, bir ləma, bir işarə və bir öpməklə batma. Dünyayla doymayan böyük lətifələrini onda batırma" deyir. Demək ki, bir loğma haram, bir kəlmə yalan, harama bir nəzər və ya qeyri-məşru bir təmas – bunların hər biri bir sürüşkən zəmindir və bəzi lətifələrin sönməsinin, hətta ölməsinin baiskarıdır. İnsan heç əhəmiyyət vermədiyi bu kiçik büdrəmə hadisələri ucbatından tədricən yoldan çıxır, kimliyindən uzaqlaşır, dəyərlərə yadlaşır və çox təhlükəli sürüşkən zəminə daxil olur. Bəzən ayağı sürüşür, bəzən yıxılır, bəzən də ağzıüstə yerə sərilir və bir də belini dikəldə bilmir. Ömür boyu ikiqat və beli əyri gəzməyə məhkum olur.
Şeytanın oxları
Bədiüzzaman Həzrətlərinin "Hücumatı-Sittə" adlandırdığı şeytanın ən təhlükəli tələləri də məzəlleyi-əqdəmdir. Hübbu-cah[1], qorxu, tamah,[2] irqçilik (mənfi milliyyətçilik), ənaniyyət[3] və tənpərvərlik[4] kimi tələlərə düşərək lətifələrini öldürən insanların sayı heç də az deyil. Məqam əldə etmə arzusu, məşhurluq ehtirası və şöhrət düşkünlüyü mənasına gələn hübbu-cah az çox hər insanda var və başda əhli-dünya[5] olmaqla bir çoxları üçün öldürücü bir məzəlleyi-əqdəmdir. Heç kimdən qorxmamanın yeganə yolu əsl qorxmağa layiq olandan qorxmaqdır. Bunu dərk etməyənlər üçün xof hissi də ayrı bir ölüm quyusudur. Bir şeyi hədsiz istəmək, acgözlük və doymazlıq mənalarına gələn tamah isə bəzi şər güclərin möminləri belə öz mənfur əməllərinə alət etmək üçün istifadə etdikləri, İlahi qəzəbə səbəb olan və əbədi həyatı puç edən bir tələdir. Dövləti-Aliyənin (Osmanlı dövləti) də süqutuna səbəb olan mənfi milliyyətçilik, insanın ən zəif və fənalığa ən çox meyilli olan ənaniyyət hissi və haqq ərənlərini belə dörd divar arasına həbs edən tənpərvərlik kimi xəstəliklər də çox sürüşkən və təhlükəli cələlərdir.
Bu şeytani oxların hər biri insanları ciddi yaralayan, yorğan-döşəyə salan, hətta öldürən bir virus kimidir. Məsələn, tamah hissi tuli-əməldən, uzun ömür yaşama arzusundan və bitib-tükənməz istəklərdən qaynaqlanır. Bu xəstəliyə yoluxan insan heç ölməyəcəkmiş kimi dünyaya bağlanır, heç vaxt gözü doymur, gördüyü hər şeyi istəyir. İstədiklərini əldə etmək üçün o qapı-bu qapı sürünür... heç fərqinə varmadan həyatı çürüyüb gedir. Məsələn, tənpərvərlik və rahata düşkünlük insanı xanəpərəstə[6] çevirir. Əslində ailə müəyyən dünyəvi ehtiyacları təmin etmək və axirət həyatına hazırlıqda köməkçi ünsür olmasına baxmayaraq, onu sırf məqsəd bilib xanəpərəstlik hissinə qapılmaq da çox təhlükəli bir məzəlleyi-əqdəmdir. "Birdən yuvamdan olsam, ailəmi itirsəm. Allah qorusun, uşaqlarımdan ayrı düşsəm" kimi düşüncələr insanın müqavimət gücünü zəiflədən, bütün təhlükələrə zəmin hazırlayan hislərdəndir.
Xüsusilə bu dövrün insanları üçün ən sürüşkən zəminlərdən biri də ənaniyyətdir. Həyata öz mənliyinə (ənəsinə) görə izah gətirmə, hər şeyi öz qərarı və seçimi ilə etmək.. ümumi hər kəsə aid olan və vicdan genişliyindən qaynaqlandığı üçün hədsiz ənginliyə malik şeyləri öz dar vicdanına, daha doğrusu daraltdığı vicdanına görə qiymətləndirərək bir çox geniş məsələləri daraltma.. dolayısilə dünya qədər mənəvi yardım ola-ola qapıları açmama və bundan imtina etmə.. bütün bunlar kamil möminlik yollarında buz bağlayıb zəncirvari qəzalara səbəb olan amillərdir və hər biri bir mənada səfahətə səbəbidir. Biz səfahəti daha çox yemə-içmə, zövqü-səfaya düşkünlük, sırf cismani istəklər dalınca düşmə və bəhimi ömür yaşama və s. kimi başa düşsək də və buna rahata düşkünlük desək də, bu cürə ənaniyyətin özü də bir ruh səfalətidir. Bu xəstəliyə yoluxanın mübarizə əzmi və qətiyyətinin taxtını ənaniyyəti təmin etmə hissi ələ keçirir. İleyi-kəlimətullah sevgisinin, dini dünyaya yayma eşqinin yerini tanınma və bilinmə arzusu tutur. Təmənnasız dinə və millətə xidmət etmə düşüncəsi dünyəvi təmənna hissinin hücumlarına və şəxsi mənfəət düşüncəsinə məğlub olur. Belə bir insanın da artıq heç kimə faydası olmaz.
Xülasə
- Fitrətimizdə elə bir ehtiyac və sevgi istedadı var ki, dünya onu doyurmur, cənnətdən və əbədi səadətdən başqa heç bir şeyə razı olmur, Allahdan başqa heç bir şeylə hüzur tapa bilmir.
- Bədiüzzaman Həzrətlərinin fikrincə lətifələri öldürən şeytanın ən təhlükəli tələsi hübbu-cah, qorxu, tamah, irqçilik, ənaniyyət və tənpərvərlik.
- Tarix təşəxxüslə yola çıxan, lakin güclü olsa da, bir-iki addım getməmiş noxud dənəsinə basaraq kəlləmayallaq gedən, gözləmədiyi yerdə qəflətən uçuruma yuvarlanan minlərlə insana şahiddir.
Niyyət təvazöyə, qismət kibirə
İnsanın ənaniyyət “virus”undan qurtulması, heç olmasa "mən" əvəzinə "biz" deməsi və daim Onu göstərən bir üfüqə çatmağa cəhd göstərməsi çox əhəmiyyətlidir.
Ancaq bu məsələdə çox təhlükəli sürüşkən bir nöqtə var. Bəzən iradi təvazö, iradi məhviyyət və iradi xəcalət kibir, qürur və ücubdan qat-qat təhlükəlidir. Təvazökarlığa niyyət təvazönü kibrə çevirir, mütəvazi görünmək üçün utana-utana dayanmaq çox çirkin bir riyakarlıq və yalandır. Bu cür hərəkətlərin arxasında başqalarına "əstağfirullah" dedirtmə “yatırım”ı vardır. Əgər əzilib-büzülmə, utanma, baş əymə insan təbiətindən irəli gəlmirsə və qəlbin, səmimiyyətin zahirdə ifadəsi deyilsə, hər biri bir şirk qoxan "əstağfirullah" yatırımlarıdır. Əsas olan İslam əxlaqını təbiətə mənimsətmək, Quran əxlaqı ilə əxlaqlanmaq və Peyğəmbərimiz Həzrəti Məhəmmədin (əleyhi əkməlüttəhaya) ədəbi ilə ədəblənməkdir. Sən də Ustad Həzrətləri kimi "Mən yoxam, mənim qüdrət və səlahiyyətim də yoxdur, danışan yalnız həqiqətdir, iman həqiqətləridir" deyə inildəyə bilərsən.. gələn-gedən əl-ətəyini öpər, gündə bəlkə yüz dəfə özündən imtina etdiyini deyərsən. Ancaq, Allah qorusun, bu sözlər könlünün səsi-sədası deyilsə, hərəkət və davranışlarında sünilik varsa, deməli o “imtina”nın altında minlərlə insan tərəfindən tanınmaq arzusu var. Sən bir insan olaraq "Mən yoxam" desən də, bəlkə də min insanın səni tanıyıb bilməsini umursan. Başıaşağı görünsən də, gözün daim təqdir və alqışdadır.. bu duyğu-düşüncə isə kibir, qürur və ücubdan daha təhlükəlidir. Açıq kibir bəllidir, seçildiyi və bilindiyi üçün ondan yaxa qurtarma ehtimalı var. Lakin təvazö və məhviyyətin altında gizlənən kibir, qürur və ücubdan qurtulmanın yolu yoxdur. Bunlar sağalmaz öldürücü virus kimidir.
Bu “virus”lara yoluxmadan və sürüşkən zəminə ayaq basmadan hədəfi İlahi rizaya çevirmək üçün ilk öncə Allah-taalaya sığınmalıyıq. Oturub-durub "Allahümmə inni əuzu bikə min ən –üşrikə bikə şəyən və ənə aləmu və əstağfirukə limə ləaləmu - Allahım bilə-bilə şirk qoşmaqdan, Səndən başqasını ilah bilib Sənin güc-qüvvəndən başqa şeylərə güc istinad etməkdən Sənə sığındım. Bilmədən və fərqində varmadan etdiyim xətalardan Sənə sığınır və tövbə edirəm" deyə Onun rəhmət qapısına üz tutmalıyıq.
Həftənin duası
Ən qaranlıq anlarda, ən tənha yerlərdə, ən kimsəsiz çöllərdə belə daim bizimlə olan qəriblərin dostu, kimsəsizlərin kimsəsi və çarəsizlərin çarəsi Uca Allaha kainatın zərrələri qədər həmd və şükür; Peyğəmbərimizə, əhli-beytinə və səhabələrinə, onların savabları qədər səlatü-salam edirik. Ey mərhəməti sonsuz Rəbbimiz! Bizim və dünyadakı bütün qulların qəlbinə iman və İslamı bəxş et, həqiqətlə bizim aramıza girən bütün pərdələri qaldır.
Sözün cövhəri
Hazırkı durumumuzu nəzərə alaraq İslama könül verən insanlar qırxda bir zəkat payı verməklə heç bir iş görə bilməyəcəyini bilməli və buna görə hərəkət etməlidirlər. İslam davası bu gün bizdən daha çox fədakarlıq gözləyir ki, bu düşüncəyə malik neçə-neçə qüdsi dava ərənləri var. Bu insanlar ümid çırağımızdır. Evin, maşının, fabrikin açarlarını, sənədlərini gətirib “Millətimizin elm, mədəniyyət səviyyəsini yüksəltmək üçün alın bunları istədiyiniz yerdə istifadə edin” deyirlər.
[2] İnsanlardan bir şey ummaq, bəlkə kimsə nəsə verər deyə gözləmək, insan əlinə baxmaq, acgözlülük, ifrat istək.
[3] Mənəm-mənəmlik hissi, “Mənimdir” deyə sahiblənmə hissindən meydana gələn zehni bir varlıqdır.
[4] Rahatçılığı çox sevmək, tənbəllik.
[5] Dünyaya qapılıb axirəti düşünməyən insanlar.
[6] Ailəyə ifrat dərəcədə bağlılıq.
- tarixində yaradılmışdır.