Nəticə

Əsil liderin xüsusiyyətləri baxımından Peyğəmbərimizin şəxsiy­yətini qısaca təhlil etməyə çalışdıq.. edə bildiksə, anladıq ki, bütün bu xüsusiyyətləri özündə cəmləşdirən yalnız və yalnız Odur. Bəli, tarix fəzilətlərə Peyğəmbərimiz səviyyəsində yiyələnən bircə bəşər övladına da şahid olmamışdır ki, Onunla müqayisə edək.

Buradan belə bir nəticə hasil olur: Allah Rəsulunun bütün xüsusiyyətləri ən mükəmməl və ən yüksək səviyyədədir. Onun bu mükəmməlliyi və üstünlüyü başqaları ilə müqayisədə deyildir. Çünki Allah-Təala Onu bir bəşər üçün müqəddər olan ən yüksək zirvədə yaratmışdır.

O, mükəmməl və qüsursuz bir hərb dahisi idi. Onun fətanətinin bu yönünü təkcə "dahilik, düha" sözü ilə ifadə etmək xəta olar. Ancaq kəlmə qıtlığı (təəssüflə etiraf edək ki) bizi də bəzən xətaya məcbur edir və qeyri-ixtiyari olaraq Onu "hərb dahisi" adlandırırıq. Halbuki Allah Rəsulunun hərb qabiliyyətini bu kəlmə ilə ifadə etmək mümkün deyil. Çünki Onun hərbi istedadı da vəhylə dəstəklənmişdir və peyğəmbər fətanəti ilə bağlıdır. Elə bizim də məqsədimiz Onun bu cəhətlərinin peyğəmbərliyinə dəlil olmasıdır. Biz Peyğəmbərimizlə əlaqəli bütün məsələlərə bu düşüncə ilə yanaşırıq. Bəzən sözlə ifadə etməsək belə, əsas düşüncəmiz budur.

Bu əsas düşüncədən yola çıxaraq, indi də Onun hərbi dühasının peyğəmbərliyə dəlil olan tərəflərinə qısaca və sürətlə təmas edib keçəcəyik. Aşağıda verilən bütün xüsusiyyətlər ancaq həyatını döyüş meydanlarında keçirən və hərb sahəsində fitri istedada malik insanlarda ola bilər..

Bir şeyi də unutmayaq ki, yer üzünün bütün mahir hərbçiləri, böyük şəxsiyyətləri hərbi dühanın fövqündə dayanan Rəsulullah fətanəti ilə müqayisədə çox kiçik qalır. Demək, Onun hərbi qabiliyyəti də özündən deyil. Çünki O, ümmi bir insan idi. Məhəllə davadalaşından fərqlənməyən Ficar döyüşlərindən baş­qa bir hərb görməmişdi. Orada da sadəcə əmilərinə ox daşımış, bir ox da atmamışdı[1].Halbuki indi ağır müharibələrə məharətlə rəhbərlik edir, ortaya qoyduğu taktika və strategiyalarla döyüşlərdə bişmiş təcrübəli sərkərdələri belə heyrətə gətirir və qələbə qazanmadan geri dönmürdü. O, ömründə bircə sətir kitab belə oxumamışdı ki, hərb sənətinə dair nəsə öyrənib özünü yetişdirsin. Elə isə Onun hərbi dühası peyğəmbər vəsfi olan fətanətini, fətanəti də peyğəmbərliyini isbat edirdi. O, bənzərsiz bir sərkərdə idi. Yer üzü Onun kimi böyük hərb dahisinə şahid olmamışdır. Bənzərsiz idi, böyük idi, çünki:

Əvvəla: O, Allahın əmri ilə bir amal və məqsəd qoymuşdu qarşısına. Onun məfkurəsi dəqiq və konkret idi: Haqqı yayacaq və buna mane olan bütün əngəlləri aradan qaldıracaqdı.. Bütün həyatını bu məqsədə həsr elədi. Həm özü, həm də ətrafındakı insanlar bu amala aparan yol və üsulları gündən-günə təkmilləşdirdilər, ancaq əsla dəyişdirmədilər. Bu uca və yüksək amaldan uzaqlaşıb talançılıq etmək Ondan və Onun nəcib səhabələrindən fərsəx-fərsəx uzaq idi. Onun 23 illik peyğəmbərlik həyatını tədqiq edənlər yolun başlanğıcında dediklərinin sonunda söylədiklərindən fərqlənmədiyini görəcəklər.

Onun üçün, demək olar, heç bir mərhələdə əsas məqsəd döyüşmək olmamışdır. Döyüşə bir çarə kimi ən axırda müraciət etməli olurdu. Qarşı tərəfə həmişə alternativlər təklif edir və ən axırda da döyüşün adını çəkirdi. İlk olaraq İslamı qəbul etməyə və ya cizyə verməyə çağırırdı.[2] İslamda bu ilk iki şərtdən birini qəbul edən tərəflə döyüşmək doğru deyil. İslam belə bir davranışı caiz görmür.

Hətta Peyğəmbərimiz bir prinsip olaraq uşaqları, qadınları və əli silah tutmayan insanları öldürməyi qadağan etmiş, dörd bir tərəfə ordular göndərərkən bu prinsipləri döyüşçü və sərkərdələrə daima xatırlatmışdır.[3] Xalid ibn Vəlid (r.a.) bir qövmdən doğrudürüst yaşamadığı üçün,[4] Üsamə ibn Zeyd (r.a.) isə qorxudan iman etdi deyə[5] öldürdüyü insanlara görə Allah Rəsulundan xəbərdarlıq və məzəmmət eşitmişdi.

Bəli, O elə bir qayə qoymuş, elə bir yol seçmişdi ki, nəinki özü və səhabələri, hətta əsrlər sonra gələn müsəlmanlar belə bu hədəfə sadiq qalmış.. və bütün səylərini o istiqamətə sərf eləmişdi. Bu qədər təxribata məruz qalmasına baxmayaraq, o dövrün bugünkü davamçısı olaraq varlığını qoruyub saxlayan dövlətlər buna ən gözəl nümunədir. İndi lazımi keyfiyyətdə olmasalar belə, yenə də Allah Rəsulu ilə əlaqələri inkaredilməzdir..

İkincisi: Allah Rəsulu "Ən gözəl müdafiə hücumdur" prinsipi ilə hərəkət edirdi. Bəzən müdafiə taktikasına əl atsa da, bunların hamısı hücuma zəmin hazırlamaq üçün idi.

Üçüncüsü: O, səfərlərini həmişə bəsirətlə təşkil etmişdir. Hərbi yürüşlərin heç birində tədbiri əldən qoymurdu. Peyğəmbərimiz hər addımını ən kiçik təfərrüatı nəzərə alaraq atırdı. Həyatında bir dəfə də olsun, geri addım atmağa məcbur olmaması buna bir dəlildir.

Məsələn, bir dəfə düşmənin sayını müəyyən etməkdə çətinlik çəkmişdilər. Kəşfiyyatçı dəstələr bir nəfəri tutub gətirmiş və zorla danışdırmaq istəmişdi. Ancaq həmin adamı doğru söylədikcə döyür, yalan danışanda isə əl çəkirdilər. Bu vəziyyətdən xəbər tutan Allah Rəsulu dərhal onu sərbəst buraxmağı əmr etdi. Sonra da həmin adamdan yaxınlaşan ordunun gündə təxminən neçə dəvə kəsdiyini soruşdu. O da bildiyi sayı dedi. Peyğəmbərimiz bir dəvənin neçə nəfərə çatdığını nəzərə alaraq, düşmənin sayını müəyyən etdi və planını buna uyğun qurdu.[6]

Göründüyü kimi, Peyğəmbərimiz addımını kortəbii atmırdı. Düşmənin gücünü hesablayır, əsgərlərini ona görə hazırlayırdı. Bu da bir hərb dahisi üçün vacib xüsusiyyətlərdəndir.

Dördüncüsü: Həmişə nizamlı hərəkət edirdi. Hara nə vaxt gediləcək, düşmənə nə vaxt hücum ediləcək – bunları çox yaxşı planlayırdı. Xeybərə gedişi də bu prinsipin açıq dəlilidir. Özünü Qatafana hücum edirmiş kimi göstərib Xeybərin üzərinə yürüş etdi. Qatafanlılar hücum təhlükəsi hiss edib qalalarına çəkildilər. Xeybərlilər isə müharibə gözləmədikləri üçün hazırlıq görmədilər. Xeybər səhər yuxudan oyanmamış sübh namazını qılıb, dualarla cuşa gələn müsəlmanlar Rəsulullahın mükəmməl plan və taktikası ilə düşmənin başının üstünü aldırdı və qalanı bir su içimində fəth etdi.[7]

Məkkəyə də eyni taktika ilə gedilmişdi. Həzrət Əbu Bəkir (r.a.) belə hara və nə üçün gedildiyini bilmirdi. Elə getmişdilər ki, məkkəlilər vəziyyətdən xəbər tutanda qaçmağa belə fürsət tapmamışdılar.[8] Yuxarıda misallarda bəhs etdiyimiz hərbi səfər­lər və bizim toxunmadığımız, amma siyər kitablarında əksini tapan bütün döyüşlər belə planlı həyata keçirilmişdir.

Beşincisi: Peyğəmbərimiz düşmənlərlə elə vaxtda və yerdə üz-üzə gəlirdi ki, zaman və şərait həmişə düşmənin əleyhinə, müsəlmanların da lehinə olurdu. Bu da yenə Allah Rəsulunun o qeyri-adi fətanətinin əsəridir. Bədirdə müsəlman ordusu su quyularının ətrafında mövqe tutmuşdu. Müşriklər isə susuz bir yerdə qalmışdılar.[9]

Altıncısı: Vaxtı düzgün qiymətləndirirdi. Məsələn, Xəndəkdə vaxtı uzatdıqca-uzatmış, qış yaxınlaşmış və məkkəlilər geri qayıtmaq məcburiyyətində qalmışdılar.[10] Onsuz da vəziyyət tamamilə müsəlmanların lehinə idi.

Hüneyn qəzvəsinin vaxtını da düzgün seçmişdi. Əgər bir az geciksəydilər, hücum fürsətini itirəcək və çətin vəziyyətdə müdafiə olunmaq məcburiyyətində qalacaqdılar. Amma Allah Rəsulu dərhal hərəkət əmri verdi və Hüneyndə zamanı müsəlmanların lehinə çevirdi. Həmin döyüşdə düşmən oxçularını mövqelərdən çıxarıb özünə tərəf çəkməsi də bir taktikadır. Ön qüvvələr geri çəkilmiş, oxçular da onları təqib etməyə başlamışdılar. Halbuki onların ən güclü silahı ox-yay idi. Mövqelərindən çıxıb səpələnən kimi, ox atmaq da bir işə yaramadı. Artıq yaxın məsafədən döyüşə girmişdilər. Burada qılınclar danışacaqdı, hücum əmri də vaxtında verilmişdi.

Yeddincisi: Bir ordu üçün döyüşdə ən mühüm ehtiyaclardan biri də ərzaq və yaraq-əsləhə təminatıdır. Allah Rəsulunun hansısa müharibədə ərzaq və döyüş sursatı qurtarıb deyə döyüşü tərk etməsinə tarix şahid olmamışdır.

Qurani-Kərim yüzlərlə ayəsi ilə inananları sədəqə verməyə və əliaçıq olmağa hazırlamış, Allah Rəsulu da bu xüsusiyyətdən çox gözəl istifadə etməyi bacarmışdır. İslamda cihad onsuz da həm malla, həm də canla həyata keçirilir.

[1] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 1/326.
[2] Müslim, "Cihad", 3; Tirmizi, "Siyər", 48; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 5/352.
[3] Buxari, "Cihad" 147-148; Müslim, "Cihad", 3, 24-25; Tirmizi, "Siyər", 48; Əbu Davud, "Cihad" 82.
[4] Buxari, "Ehkam" 35; Nəsayi, "Ədəbül-qudat" 17.
[5] Buxari, "Məğazi", 45; Müslim, "İman" 158.
[6] İbn Hişam, Əs-siratün-nəbəviyyə, 3/164.
[7] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/299-300; İbn Sad, "Ət-təbəqətül-kübra", 2/106;İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/181-182.
[8] İbn Hişam, "Əs-siratün-nəbəviyyə" 5/55.
[9] İbn Hişam, "Əs-siratün-nəbəviyyə" 3/167-168.
[10] İbn Hişam, "Əs-siratün-nəbəviyyə" 4/189-192.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.