Allah Rəsulunun bərqərar etdiyi mühit

Allah Rəsulunun bərqərar etdiyi mühit

Allah Rəsulu sabahları bu gün kimi, hətta ovcunun içi kimi görürdü ki, bu da yalnız Ona xas məziyyətdir. Hüdeybiyyə bu həqiqəti bütün çılpaqlığı ilə göstərir. Zaman yaşlanıb dəyişsə də, Allah Rəsulunun ortaya qoyduğu yeni düsturlar təzəliyini, təravətini saxlamaqda, hətta get-gedə cavanlaşmaqdadır.

Rəsulullah Allahın buyurduğu dini qayda və prinsiplərlə zühur etmiş, bunları həməsrlərinə çatdırmış və öyrətmişdir. Bu məsələlər də onların səyləri ilə bugünədək gəlib çatmışdır. Allah (cəllə cəlaluhu) bütün sələflərimizdən əbədiyyən razı olsun! Qurani-Kərim qədirşünaslıq mövzusunda bizə bunları öyrədir:

رَبَّنَا اغْفِرْ لَنَا وَِلإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِاْلإِيمَانِ وَلاَ تَجْعَلْ فِي قُلُوبِنَا غِلاًّ لِلَّذِينَ آمَنُوا
"Ey Rəbbimiz! Bizi əfv eylə! Alahım, bizdən əvvəl bu yola baş qoymuş, bu məfkurəni çiyninə götürmüş, bu günədək qorumuş və gətirib bizə çatdırmış bütün sələflərimizi bağışla. İman gətirənlərə qarşı qəlbimizdə kin və ədavətə yer vermə." ("Həşr" surəsi, 59/10)

Qədirbilənlik ifadəsi olan bu dua ta səhabəyə qədər gedib çıxır. Hər məzarın başında dayanıb "Fatihə" oxuyanda bu qədirşünaslığı dilə gətirməyə çalışırıq. Sələflərimiz fövqəladə cəhdləri ilə Allah Rəsulundan sonra bir çox dövlətlər qurmuşdur. Bir qərbli deyir ki: "Həzrət Məhəmməd çox böyükdür." Nə üçün? Çünki irəli sürdüyü düstur və prinsiplərlə yüzə yaxın dövlət qurulmuş, bir çox mədəniyyətin özülləri atılmış, dünyanın hər tərəfinə ordular göndərilmiş və mahir sərkərdələrin başçılıq etdiyi bu ordular hər səfərdən müvəffəqiyyətlə dönmüşdür. Sadəcə fateh kimi deyil, eyni zamanda, elm məşəli kimi getmiş və dünyanın dörd bir yanında elm-ürfan ocaqları qurmuşlar.

Baxın, Bağdad, Orta Asiyada düşmənlərimizin dağıdıb qurtara bilmədiyi məbədlərimiz, külliyyələrimiz, şəfaxanalarımız, məscidlərimiz və möhtəşəm Əndəlüs! Elm və sənət dahilərini heyrətə salan bütün qədim əsərləri ilə.. mədəniyyəti və sənəti ilə.. əxlaqı və bəşəriyyətin müştərək dəyərlərinə hörmətiylə! Beş yüz illik qəddar bir zaman məngənəsində ovxalan-ovxalana dağılan bir möhtəşəm mədəniyyətdən salamat qalanlar qarşısında ürpərməmək mümkün deyil.

Bir də onlara estetikanı dərindən bilən insaflı alimlərin gözü ilə baxmaq mümkün olsa... Allah bilir necə xariqə gözəliklər aşkara çıxacaq, necə lədünni[1] hislər seziləcək!

Bəli, Onun izləri üzərində minlərlə elm yuvası qurulduğu, yüz minlərlə elm və sənət xadimi yetişdiyi kimi, Onun gətirdiyi sistemi təmsil edən yüzlərlə dövlətin də əsası qoyulmuşdur. Əməvilər, Abbasilər, Səlcuqlular, Xarəzmşahlar, Qaraxanlılar və şanlı Os­manlı dövləti...

İslam dini xristianlıqla müqayisə edilməməlidir. Xristianlıq heç vaxt kilsədən kənara çıxa bilməmişdir. Dövlət ya teokratiya adlanan keşişlərin ortaya atdığı ictihadlarla və ya materialist insanların irəli sürdüyü dünyəvi prinsiplərlə idarə edilmişdir. Amma Həzrət Məhəmmədin (s.a.s) bəyanları və dini belə deyildi. O, Kitab və Sünnənin canlı, dərin, cahanşümul, ictihad və təcdidə açıq əsasları üzərinə quruldu və davam etdi. Onun iqlimində zaman dəyişir, surət dəyişir, məna və mahiyyət əbədi qalırdı. Bu dünyada mədəniyyətlərin, dövlətlərin biri qürub edir, biri doğur və günəşin şəfərləri əskik olmurdu yer üzündən.

Bəli, biri ömrünü başa vurmadan o biri dünyaya gəlirdi: Səlcuqlular öz dövrünü, missiyasını bitirər-bitirməz Allahın (cəllə cəlaluhu) lütfü ilə Söyüdün köksündə ipəkqurdu kəpənək olur, kəpənək göyərçinləşir, göyərçin tovuza dönür və Məhəmmədi səmalarda qanad açıb pərvazlanırdı... qüsursuz, mükəmməl. Təbiətin içində varlıqla bütünləşərək, yer üzündə Allahın xəlifəsi olma mahiyyət və dərinliyiylə...

Bəli, bu məna və məzmunda böyük-kiçik yüzlərlə dövlət Onu təmsil etdi, "Səndən mədəd istəyirik, mədəd, ey Rəsullar Sultanı!" dedi. Və Həzrət Məhəmmədin (s.a.s) o səmavi süfrəsindən istifadə etdi, Onunla şəkilləndi, Onunla təşəkkül tapdı...

[1] Lədün bir elm sahəsi. Lədünni lədün elminə aid. Ona vaqif olan gizli sirləri gördüyü kimi, ilahi əsrara da aşina olur. Bu elmin sultanı Allah Rəsuludur. Bu elmin əhli isə peyğəmbərlər (ə.) və Allah dostlarıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.