Allah Rəsulu və hərbləri
1. Bədir döyüşü və səbəbləri
Və bu səmavi ehtişamla Bədrə gəldilər… və artıq ileyi-kəlimətullah vəzifəsini yerinə yetirməyə, yəni Allahın (cəllə cəlaluhu) uca adını ən pak duyğu və düşüncələrlə yaymağa əngəl çıxaranlara son zərbəsini vuracaq və deyəcəkdi ki: "Bundan sonra, Allahın adının hər tərəfdə anılmasına mane ola, Onun dərgahına üz tutan insanlara əsla təzyiq göstərə bilməyəcəksiniz".
Bəli, Onun uca ismi əngəllərlə qarşılaşmadan bütün qəlblərə yol tapmalı və bütün könülləri hüzura qovuşdurmalıdır. Həzrət Məhəmməd Mustafa (s.a.s.) bütün maneələri aradan qaldırmaq, ileyi-kəlimətullah amacıyla "ileyi-kəlimətullah"ı əsarətdən qurtarmaq üçün, ileyi-kəlimətullahın bütün bəşəriyyət tərəfindən bir prinsip olaraq qəbul edilməsi üçün, fikir və düşüncə azadlığına gedən yolları açmaq üçün Ona Məkkədə insan kimi yaşamağa imkan verməyən o gözü dönmüş kafirlərə son zərbəsini endirəcəkdi.
Bundan başqa, müsəlmanların o günədək min bir zəhmətlə qazandığı mal-mülkü, ev-eşiyi qəsb edilmişdi. Belə ki, Allah Rəsulu və səhabələr Məkkədən çıxarılanda özləri ilə birlikdə çox şey götürə bilməmiş, mallarını, mülklərini orada qoyub hicrət etmişdilər. Və indi Məkkə müşrikləri müsəlmanların gözünün qabağında bu malları dəvələrə yükləyib Şama, Yəmənə aparıb satırdılar. O ərəfədə Mədinə ətrafından keçməkdə olan karvanın yükü həmin talanmış mallardan ibarət idi və bunu mütləq almalı idilər.
Digər tərəfdən fürsət düşən kimi müsəlmanların qabağını kəsən, onları hədələyən, müsəlman olan hər kəsə olmazın əziyyətini verən, kimisinin sinəsini nizə ilə parçalayan və ciyərini çıxaran, kimini yurdundan-yuvasından edən düşmənlərə mütləq cavab verilməli idi.
Bəli, onlara son zərbəni vurmaqla: "Qüvvət sizin deyil, haqqın əlindədir və kim haqqa təslim olursa, Allah (cəllə cəlaluhu) onu qüvvətli edir. Bu gün olmasa da, sabah bütün qüvvələr, güclər haqqın əlinə keçəcək və gün gələcək, haqq söz sahibi olacaq, haqq düşüncəsi könüllərdə hakim olacaq, insana və insanla gələn uca mənaya hər kəs baş əyəcək, ehtiram göstərəcək" deyəcəkdi. Və Həzrət Məhəmməd (s.a.s.) məhz bu uca qayələr uğrunda mübarizə aparırdı.
Bu vaxt qövm və qəbilələr arasında qərarsız olanlar, tərəddüd keçirənlər vardı. Bəziləri müsəlman olmaq istəyirdilər, amma Qüreyşin zülm və işgəncəsindən qorxurdular. Onlar tərəddüd içində ayaqlarını qaldırmışdılar, ancaq addım atmağa çəkinirdilər.
İndi isə onlara addım atdırma vaxtı gəlmişdi. Qüvvətin Allahın (cəllə cəlaluhu) əlində olduğunu, qüvvət müvazinəsinin Mədinənin lehinə dəyişdiyini göstərəcək və onları rahatladacaqdı. "Qorxmayın, dərd etməyin, inanırsınızsa, yəni möminsinizsə, Allah (cəllə cəlaluhu) gec-tez sizə bir çıxış və qurtuluş yolu bəxş edəcək, qapıları, pəncərələri taybatay açacaq və siz hüzuru, səadəti, xoşbəxtliyi görəcəksiniz!" deyirdi.
O, belə deyirdi.. tərəddüd edənlər də Bədir döyüşünün sonunda anlayacaqdılar ki, artıq qüvvələrin yeri dəyişir. "Məkkə müşrikləri bizə bir şey edə bilməz" deyib Mədinəyə, mədəniyyətin paytaxtına, mədəniyyət düşüncəsi ilə gələn uca insan Həzrət Məhəmməd Mustafaya (s.a.s.) üz tutacaq və "Lə iləhə illəllah Muhəmmədun Rəsulullah" həqiqəti ilə yeni bir anlayışı mənimsəyəcəkdilər.
a. Bədirdəki qüvvələr
Allah Rəsulu səhih məğazi və siyər kitablarının rəvayətinə görə, Bədirə 305 nəfər səhabə ilə getmişdir. Döyüşdə iştirak etməsi şübhəli olanlarla birlikdə bu rəqəm 313-ə çatır.[1] Bəzi kitablar Bədir döyüşündə iştirak edən səhabələrin sayca Həzrət Davudun rəhbərliyi altında Calutla döyüşən əsgərlərin sayına bərabər olduğunu deyir.[2]
Bəli, bu iki dövrdə bəşərin taleyini dəyişdirən hadisələr baş verdiyinə, işıqlı qüvvələrin qara qüvvələrin üstünə getdiyinə, Həniflik həqiqətində İshaq və İsmail zirvəsi təmsil edildiyinə görə, hər iki ordunun sayı 313 nəfər ola bilər.
Bəli, Muhyiddin ibn Ərəbinin "Füsus" adlı əsərində dediyi kimi, bir orduya xilafəti təmsil edən Həzrət Davud, digərinə isə fərdiyyət və qövsiyyətin təmsilçisi, fərdiyyət məqamının sahibi Həzrət Məhəmməd Mustafa (s.a.s.) rəhbərlik edirdi.
Bədir ordusunda 2 atlı, 30-40 baş dəvə vardı. Müsəlmanların əksinə qarşı tərəfin düz 200 süvarisi vardı. Bir ata 100 at düşürdü... Bir süvari yüz süvari ilə döyüşəcəkdi. Müsəlman qoşunu 310 nəfər, müşrik ordusu isə 1000 nəfərə yaxın idi.[3] Yəni hər müsəlmana 3-4 döyüşçü düşürdü.
O dövrdə mükəmməl ordu necə idisə, Qüreyş qoşunu da elə silahlanmış, tam təchiz olunmuşdu.. Allah Rəsulu və səhabələr isə Bədrə beş-on dəvəni növbə ilə minərək gəlmişdi.. həm də 200 km.-lik bir məsafə qət edərək...
Bunları bilmək faydalı olar: səhra, yay, qızmar isti, ramazan ayı, səhabələr oruclu və 200 kilometrlik bir məsafənin qət edilməsi... Səhra nədir? Bədir haradadır?.. Həccə gedənlər bunu az-çox bilir. Bu gün o yollarda yanacaqdoldurma məntəqələri var. Onları və bəzi yaşıl yerləri nəzərə almasanız – ki, bunlar yeni şeylərdir – göz işlədikcə qum görəcəksiniz. Bəzən fırtınalar uğuldayacaq, sizi hədələyəcək, ancaq siz bu iki aylıq yolu bir neçə gün içində keçməyə çalışacaqsınız.. Həm də piyada.
Digər tərəfdən, müsəlmanlar Qüreyş karvanını qorxutmaq məqsədilə yola çıxmışdılar. Buna baxmayaraq, ilahi murad başqa idi və onlar qeyri-ixtiyari, istəmədən bu yerə sövq olunmuşdu. Allah (cəllə cəlaluhu) "Ənfal" surəsində muradını belə bəyan edirdi:
وَإِذْ يَعِدُكُمُ اللّٰهُ إِحْدَى الطَّائِفَتِيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ الشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ اللّٰهُ أَنْ يُحِقَّ الْحَقَّ بِكَلِمَاتِهِ وَيَقْطَعَ دَابِرَ الْكَافِرِينَ $ لِيُحِقَّ الْحَقَّ وَيُبْطِلَ الْبَاطِلَ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ
"O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin) sizin olmasını vəd edirdi. Siz silahsızın (qüvvətsiz karvanın) sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (İslamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi." ("Ənfal" surəsi, 8/7-8.)
b. Bədrə doğru
Allah (cəllə cəlaluhu) bunu dilədiyi üçün müsəlmanların arzusu, niyyəti başqa olsa da, onları karvanla deyil, düşmən ordusu ilə qarşı-qarşıya gətirdi. Müsəlmanlar karvanı təqib edib sıxışdırmaq və mallarını qaytarıb almaq niyyətində idilər, halbuki Allah-Təala onlara malları qəsbkarlıqdan əbədi qorumağın yollarını açırdı. Bəli, müsəlmanların ağır zərbəsi ilə darmadağın olan kafirlər bir daha özlərinə gəlməyəcək, səndələyə-səndələyə qalacaqdı.
Artıq bundan sonra اَلْحَقُّ يَعْلُو وَلاَ يُعْلَى عَلَيْهِ hökmü ilə Haqq qələbə çalacaq və heç bir şey Haqqa üstün gələ bilməyəcəkdi. Allah bunu murad edirdi. Kim nə arzu edir-etsin, مَا شَاءَ اللّٰهُ كَانَ وَمَا لَمْ يَشَأْ لَمْ يَكُنْ, yəni "Allah nəyi istəsə o olar. Allahın olmasını istəmədiyi şey də olmaz",[4] وَمَا تَشَاؤُونَ إِلاَّ أَنْ يَشَاءَ اللّٰهُ "Allah istəmədikcə siz istəyə bilməzsiniz"[5] əsaslarına görə.. Allah (cəllə cəlaluhu) Bədirə getməyi murad buyurmuşdu. Onun Sevgili Rəsulu da bunu sezirdi.
O müqəddəs ramazanda Qədr gecəsi addım-addım yaxınlaşarkən səmalar mənalı-mənalı gülür, yer üzü təbəssüm edirdi. Üstəlik, Bədrə çatanda ilahi rəhmətdən süzülən yağış damlaları müsəlmanların yorğunluğunu çıxardı, qəlbləri hüzur və səkinə ilə doldurdu. Buludlar elə bil məxsusi olaraq onlar üçün göndərilmişdi. Toz-torpaq yatmış... quyular su ilə dolmuş və yağış damcıları ilə birlikdə, sanki, mələklər də yer üzünə enmişdi.. Mələklər də enmiş və möminlərin nişanlarını taxıb "Sizə oxşamaq üçün belə etdik" demişdilər. Və o gün möminlərin parolu "Əhad! Əhad!" idi.[6] Hər kəs "Allah birdir!" deyib kükrəyəcəkdi. Libasları kəfəni kimi dümağdı. Çünki yola düşəndə, "Bilmək olmaz düşmənlə harada üz-üzə gələcəyik, harada çarpışacağıq. Bəlkə də, bizi bir az o tərəfdə huri və qılmanlar qarşılayacaq." demiş, Ərəfata çıxan hacılar kimi ağappaq libas geyinib gəlmişdilər. Bu gəlişin tamaşasına göz doymazdı...
Bu şanlı səfərdə iştirak edə bilməməkdən üzülən, qəm-qüssədən qəddi bükülən səhabələr vardı. Yuxusunda belə Rəsuli-Əkrəmin yanından ayrılmağı düşünməyən Ənəs ibn Nadr da bunlardan biri idi.. Gələ bilməmişdi və bunun hicranı ilə düz bir il alışıb-yanmışdı. Hicran ən təsirli duadır. İstəsəniz, mən də sizlər üçün iztirab və hicran istəyim, masivadan (Allahdan başqa hər şey) uzaq olmaq üçün hicran istəyim. (Allah (cəllə cəlaluhu) ağlınızı, qəlbinizi iztirabla, çilə və hicranla doldursun və yuxularınızı qaçırsın!)
Bəli, pərişan xalqımızın və bizim kimi düşünən dərdli millətlərin iztirabı ilə yatıb-durmaq, iztirabla sızlamaq elə müdhiş bir duadır ki, min rükət namaz qılsanız, hətta bu namazı Kəbədə əda etsəniz, min dəfə təvaf etsəniz, sonra da əl açıb yalvarsanız, yenə iztirab və müztərib duasının səviyyəsinə çata bilməzsiniz. Bəli, iztirab çəkərkən ağzınızı açıb "Ya Rəbbi!" demirsiniz, amma iztirabınız sizə yuxunu haram edir. Səhərə qədər fikirləşməkdən beyniniz çatlayır.
"Ah mənim Türkistandakı qardaşlarım, ah mənim Əfqanıstandakı qardaşlarım! Kim bilir, yenə hansı bacımın örpəyinə əl uzatdılar? Kim bilir, harada hansı anamı sıxışdırıb ismətinə təcavüz etmək istədilər? Cumabaladakı[7] qardaşlarım, Gümülcinədəki[8] qardaşlarım, Sofiyadakı qardaşlarım, İskeçədəki[9] qardaşlarım! Və o böyük sultanların bir vaxtlar məscidlərlə bəzədiyi, bu gün o məscidlərdən əsər-əlamət qalmayan Kavaladakı (Yunanıstanda şəhər) qardaşlarım! Və başqa məzlum qardaşlarım..."
Bəli, iztirab elə müdhiş duadır ki, ilahi dərgaha yol alarkən bütün səma əhli ona "Amin!" deyir. Mömin iztirabla yüksəlir Haqqın nəzərində. Və o iztirablı anlar dua ilə daha da səmərəli hala gətirilməlidir. O an ki, insanın beyni zoqquldayır, içi sancıdan doğranır və başını əlləri arasına alıb iztirabla qıvrılır. Çünki o an din qardaşları və fikirdaşları ilə eyni dərdi bölüşür, eyni qayəyə yönəlir. Biz də bunu həyata keçirmək üçün yaşayırıq. Bunu edə bilməyəcəyiksə, bizim üçün yerin altı da birdir, üstü də birdir. Zillətlə yaşamaqdansa, yəni mənim xalqımın, millətimin haqqı tapdalanacaq və mənim əlimdən bir şey gəlməyəcəksə, bizim üçün yerin altı üstündən daha xeyirlidir.
Səhabələr Bədrə məhz bu düşüncə ilə gəlmişdilər. Sevinirdilər. Çünki önlərində Cənnət vardı.. əbədiyyət vardı və Allahın razılığı vardı. Onların uca məfkurə uğrunda əzm və fədakarlıq göstərməsi mələkləri belə yer üzünə çəkib gətirirdi. Onlar "Əhad! Əhad!" dedikcə sanki səma yarılır və dəstə-dəstə mələk aşağı enirdi. Sanki Bədir başlamadan Bədrin zəfərini qeyd etmək və zəfər şənliyi təşkil etmək üçün mələklər yer üzünə təşrif gətirmişdi. Görən görürdü, başlarında ağ sarıq və əyinlərində ağ libaslar vardı. Nə üçün məhz ağ libaslar? Çünki səhabələr Bədrə ağ paltarda gəlmişdi. "Əhad! Əhad!" parolu ilə! Bəli, belə qarşılayırdılar qara ruhları kimi qapqara paltarda Bədrə gələn Məkkə müşriklərini və küfrün qartımış başbilənlərini!
Bədrə gülə-gülə gələn səhabələrdən biri bir ağacın başına çıxıb arxayın-arxayın xurma yeyirdi. Allah Rəsulunun: "Bu gün kim Allaha iman edərək və savabını Allahdan (cəllə cəlaluhu) umaraq burada döyüşüb ölərsə, Cənnətə gedəcək" müjdəsini eşidər-eşitməz dərhal əlindəki xurmaları kənara tulladı və: "Bunların əliylə ölmək məni Cənnətə aparacaqsa, bu canın minnəti olsun!" deyib düşmən cərgələrinə şığıdı. Axırda da şəhidlik şərbətini içib arzusuna çatdı"[10].
Onların hamısı bu arzu ilə yol almışdı, bu duyğu-düşüncə ətrafında birləşmişdilər. Ona görə də Bədrə şövqlə, sevinclə gəlmişdilər.. Bu, çox əhəmiyyətli məsələdir və heç bir güc bu əhval-ruhiyyənin qabağında dura bilməz.. və səhabə ordusu bu ruhla, bu şüurla hazırlanmışdı.
Ölümə gülə-gülə gedən əsgərlə kim döyüşə bilər?! Çünki onun gözündə nə dünya var, nə də axirət, yalnız "Allah" deyib yollara düşür. Kim dayana bilərdi, Haqq rizası üçün baş almağa, baş verməyə hazır olan bu ixlas ordusunun qarşısında?!
c. Nizami ordu
Bədir döyüşü ilə səhra həm də nizami bir ordu görürdü. Bu ordu sayəsində çapovulçuluq tarixə gömüləcək və dünya yeni bir sistemlə tanış olacaqdı. Çünki bu ordunun başında bəşəriyyətə sistem gətirən, nizam gətirən, ahəng gətirən insan dayanırdı. Bir surədə "Göyü bu nizamla O yüksəltdi və bu mizanı qoydu ki, siz də ibrət götürüb mizandan kənara çıxmayasınız. Elə isə siz də tərəzidə ədalətli olun, nizamı pozmayın." ("Rəhman" surəsi, 55/7-9) kimi ayələrlə üç dəfə mizanın, tarazlığın, ahəngin əhəmiyyətini bildirən Allahın (cəllə cəlaluhu) mizan əmrini ən gözəl şəkildə təmsil edən bir mizan və tarazlıq timsalı Həzrət Məhəmməd Mustafanı (s.a.s.) nizami bir ordunun başında Bədrə göndərməsindən təbii nə ola bilərdi?!
Kəşfiyyat dəstələri vardı və cahiliyyə insanları bunu bilmirdi. Bu kəşfiyyat dəstələri birbaşa həyatın içində, elə bişmiş, yetişmiş kəslər idi ki, ona tən ikinci bir peşəkar dəstə göstərmək mümkün deyildi.
Bu kəşfiyyatçı dəstələr iyirmiyə yaxın səfəri ilə səhranı ələk-vələk etmiş və çətinliklərdə bərkiyib təcrübə qazanmışdılar. Düşmənlə qarşılaşa-qarşılaşa, onlarla mərd-mərdanə haqq-hesab çəkə-çəkə, bəzən ən məhrəm yerlərə gedib çıxa-çıxa, məclislərinə vəlvələ sala-sala yetişmişdilər və bu təlimi görməyən bir ordunun onlarla bacarması mümkün deyildi. Düşmən haradadır? Düşmənin xəbərlərini gətirən qasidlər haradadır? Karvan hansı tərəfdədir? Yolun təhlükəsizliyi necə təmin edilməlidir? Bütün bunları çox yaxşı bilirdilər. Səhrada, hətta bəlkə də, bəşər tarixində ilk belə ildırımsürətli kəşfiyyat dəstələri Həzrət Məhəmmədin (s.a.s.) sayəsində təşkil edilmişdir.
Necə? Baxın, hərb və kəşfiyyatla məşğul olmamış Rəsulullah bir ordu qurmuş, yol təhlükəsizliyi təmin etmiş, 200 kilometrlik bir məsafəni piyada və dəvə yerişi ilə keçmişdi. Və bununla birlikdə yolda heç bir əngəllə qarşılaşmamışdı, çünki Onun o ildırımsürətli dəstələri səhranı 20 dəfə bu başdan vurub o başdan çıxmışdı. İstiqaməti, etibarlı yolları, keçidləri əvvəlcədən müəyyən etmişdilər. Bunun sayəsində heç bir əngəllə rastlaşmadan Bədrə qədər arxayın gəlmişdilər. Yolda qarşılarına çıxan daş-kəsək də, kol-kos da, qurd-quş da tanış idi. Və bu çox əhəmiyyətli bir məsələdir.
ç. Bədir quyuları
Ordunun düşərgə salıb istirahət etməsi üçün ən əlverişli mövqe Bədir quyularının başı idi. Düşmən iki yüz süvari ilə quyulara doğru sürətlə irəliləyirdi. Amma möminlər uzaqgörənlik və ağlasığmaz sürət sayəsində onları qabaqlaya bildi. O bölgədə bircə yerdə su vardı, o da Bədir quyuları idi. Artıq müsəlmanlar Bədir quyularını tutmuşdular. Bu da Qüreyşə bir zərbə oldu.
Bu əsnada kəşfiyyat dəstələri karvanı da gözdən qoymurdular. Burada işi həll edəndən sonra növbə karvanın idi. Çünki qafilə müsəlmanların Məkkədə qəsb edilən mallarını aparırdı. Məsələnin hüquqi tərəfi də buna haqq qazandırırdı: mallarını qəsbkarların əlindən almalı idilər.
Möminlər bu düşüncə ilə plan qururdular, amma Allah (cəllə cəlaluhu) başqa bir şey diləmişdi: Küfr ordusu Bədirdə ağır zərbə alacaq və bir daha ayağa qalxa bilməyəcəkdi.
Allah Rəsulu ordusunu sağ, sol və mərkəz cinahlara ayırdı.. ərəblər o günədək belə bir üsul görməmişdilər. Mərkəzi birliklərə mühacirlərin və ənsarın tanınmış simalarını daxil etdi ki, bunlar da ölümə beyət etmiş səhabələr idi. Tək qalsalar da, verdikləri sözdən dönmələri mümkün deyildi. Ordunun mərkəzinə məhz belə səhabələri yerləşdirdi. Bu birliyə də rəşadətini isbat etmiş Həzrət Əli və Sad ibn Muazı (radiyallahu anhumə) sərkərdə təyin etdi. Biri mühacirlərə, digəri də ənsara başçılıq edəcəkdi.[11]
Həzrət Əli xüsusi fəzilətdə ən böyük səhabə idi. Ümumi fəzilətdə isə ilk üç xəlifədən – alimlərin müştərək qənaətinə görə – sonra gəlir. Lakin Allah Rəsulu ilə qan qohumluğuna, o ailənin bəzi sirlərinə məhrəmliyinə, bütün övliyanın şərəfli baş tacı olduğuna və Peyğəmbər nəsli onunla davam etdiyinə görə.. bəli, bütün bu məsələlərdə onun tayı-bərabəri yox idi. Yeddi yaşında müsəlman olmuşdu. Küfrün tozu-torpağı onun ayaqlarına da bulaşmamışdı. Allah Rəsulu Qüreyş böyüklərindən: "Bu işdə mənə kim kömək edəcək?" deyə soruşanda su qabını bir kənara qoyub əlini sinəsinə vuran və: "Mən, ya Rəsulallah!" sözləriylə kükrəyən bir igid idi. Onda hələ doqquz yaşı vardı.[12]
Allah Rəsulu hicrət edəndə ona öz yerində uzanmağı, yəni ölümü gözə almağı təklif etmişdi.. Bığ yeri yenicə tərləmiş bu cavan sevinclə qarşılamışdı, elə bil Cənnətə dəvət olunurdu.[13] Bəli, Həzrət Əli həyatında bir dəfə də olsun, tərəddüd keçirməmişdi. Bu qəhrəman səhabə Bədirdə mühacir birliyinin başında dayanırdı. Seçiminə qurban olum, ya Rəsulallah! Adam seçməyi nə qədər gözəl bilirdin!
Sad ibn Muaza (r.a.) gəlincə, o da bir fəzilət abidəsidir. Sədaqətini isbat etmiş bir insan idi. Və yaralanıb ölüm döşəyinə düşərkən dilindən çıxan sözlər buna ən gözəl şahiddir. O gün belə demişdi:
"Allahım, əgər Sənin uğrunda bir döyüşdə də iştirak edəcəyəmsə, məni yaşat, yox əgər iştirak etməyəcəyəmsə, məni dərhal hüzuruna apar!"[14] Və o yataqdan bir daha qalxmamışdı. Cənazəsi dəfnə hazırlananda Allah Rəsulu barmaqlarının ucunda yerimişdi. "Niyə belə yeriyirsiniz, ya Rəsulallah?" deyə soruşanlara da: "Bütün göy əhli bu cənazəni yola salmaq üçün gəlib, ayağımı yerə basmağa utanıram!" cavabını vermişdi. Bu, nə mükəmməl seçimdir!
Mərkəzdə məhz bu cür səhabələr dayanmışdı. Sərkərdə zillətlə yaşamaqdansa, izzətlə ölümü seçən bir insan olsa, heç əsgər qaçarmı? O, başını fəda etdiyi yerdə əsgər geri durarmı? Elə əsgər də oraya şəhidlik arzusu ilə gəlmişdi! Allah Rəsulu da bu mərkəzin içində, yəni bu ətdən sümükdən qalada idi. Onun tükünə də toxunmağa imkan verməzdilər, vallah! Ölümün gözünə mərd-mərdanə baxan bu səhabələrin hamısı şəhid olmadan düşmənin Rəsulullaha yaxın düşməsi mümkün deyildi.
Bu mərkəzi qüvvələrin başında isə Rəsulullah dayanmışdı. Mərkəzin ümumi bayrağını Musab ibn Ümeyr daşıyırdı.[15] Bu, nə müdhiş mənzərə, bu, necə seçimdir! (Uhudda bir qılınc zərbəsi ilə sağ qolunu itirəndə bayrağı sol əlinə alan, sol qolu da kəsilincə, "Allah Rəsulunu qorumağa bircə qalxanım qaldı, vur, birini də boynuma vur!" deyən[16] axirət yurduna aşiq səhabə!) Həzrət Musab (r.a.) əlində dümağ bayraq mərkəzdə dayanmışdı. Sağ və sol cinahlar nizamla düzülüb, ön birliklər bir az irəlidə yerlərini alıb əmr gözləyirdi. Arxadan da ehtiyat dəstələr gəlirdi. Başında Qeys ibn Əbu Sad (r.a.) kimi qüvvətli bir səhabə... dırnaqlarını bir-bir çıxarsanız, "Of!" da deməzdi.
Müşriklərin önündə nizami bir ordu dayanmışdı. Dövrün məşhur sərkərdələri belə bir şey görməmişdilər! Elə Qüreyşin belini qıran da bu oldu.. Allah Rəsulu Bədirə yeni qaydada hazırlanmış ordu ilə gəlməsi düşmənin köhnə üsullarının heç bir işə yaramadığını göstərirdi. Allah Rəsulu yeni nizamla, onlar isə dağınıq və köhnə hərb üsulları ilə gəlirdi.
Bundan başqa, Allah Rəsulunun şəxsən ordunun başında dayanması müsəlmanları ruhlandırır, qoluna qüvvət, gözünə işıq verirdi. "Ölsək, birlikdə ölərik. Qanım qanınız, canım canınızdır!"[17] demişdi. Bir liderin öz tərəfdarları ilə birlikdə olması və onları ruhlandırması çox əhəmiyyətlidir. Allah Rəsulu bunu məharətlə edirdi: "Canım canınız, qanım qanınızdır, sizə toxunmaq mənə toxunmaqdır!" deyirdi. Oraya qədər dəvələri növbə ilə minərək gəlmişdilər. (Canım çıxsın, kaş ki ayağını başımıza basaydı!) İki nəfər də Onun dəvəsi ilə gəlmişdi. Bu səhabələr kədərdən boğulur, "Biz Sənin yerinə piyada gedə bilərik, Sən min!" deyirdilər. Allah Rəsulu razı olmurdu: "Nə siz Məndən qüvvətlisiniz, nə də Mənim əcr və savaba sizdən az ehtiyacım var."[18]
Bəli, bunu Allah Rəsulu deyirdi : "Nə siz Məndən qüvvətlisiniz, nə də Mənim əcr və savaba sizdən az ehtiyacım var." Rəsulullah səhabələri ilə qaynayıb qarışır, onlarla oturub-durur və yanlarından ayrılmırdı. Onlarla bir süfrənin başına keçir, eyni qabdan yemək yeyirdi.
İnsanlar arasında bərabərlik anlayışı Fransa inqilabından sonra dillərdən düşmür. Əcəba, o gündən bəri bərabərlik adlı şeyi heç görən varmı?!. Onu yalnız Səadət Əsrinin insanları görüb tanıdı, həm də Həzrət Məhəmməd Mustafa (s.a.s.) vasitəsi ilə.
Həyatının ən çətin dövründə göylər bütün qapılarını Ona açdı və Onu bağrına basdı. Bəli O, meraca çıxdı, Cənnət huriləri pişvazına tələsdi, mələklər başını səki daşı kimi ayaqlarının altına qoydular və Nizaminin dediyi kimi: "Yarım hilal atının ayaqları altında nal oldu." Cənnət: "Getmə, qal!" dedi. Ancaq O, insanların arasına qayıtdı. Böyük övliya Əbdülqüddüs bu hadisədən söz açarkən belə deyir: "Həzrət Məhəmməd (s.a.s.) heç kimin çata bilmədiyi yerlərə yüksəldi. Allaha and olsun ki, mən oralara çıxsaydım, bir daha geri dönməzdim!" Başqa bir vəli isə bu fikir haqda belə deyir: "Bu da nəbinin vəlidən böyük fərqi!"
O, Həzrət Məhəmməd Mustafadır (s.a.s.) . Bəli O, ilahi dərgaha yüksələrkən belə özünü sadə bir insan sayır və məqamından asılı olmayaraq, səhabələrindən ayrılmırdı.
Bəşəriyyət bərabərliyi, müsavatı Onun sayəsində gördü. Və bir gün tapacaqsa, yenə Onunla tapacaq. Bunu gözləmək hüququn mahiyyətindən doğan qaçılmaz bir reallıqdır. Və səhra bu ordunun əhəmiyyətli bir yönünü də görürdü. Səhra üçün böyük şərəf idi.. o gün səhranın ətəkləri ləl-cəvahiratla dolur və qumlu çöl Cənnət bağçalarının izzət və şərəfinə çatırdı.
Allah Rəsulu ordunu şəxsən nizama salıb mövqelərinə yerləşdirdi. Ardınca mərkəzdə böyük bir quyu qazdırıb döyüş müddətinə çatacaq qədər su ilə doldurdu. Daha sonra da digər quyuların hamısının gözünü tutdular.[19] Quyulara arxayın olub hazırlıqsız gələn düşmən ordusu məsələdən hali olunca qolu-qanadı qırıldı…
Ordunun nizam-intizamı və düzülüşü kimi, hərəkət şəkli də mükəmməl idi. Səhabələr harada kamanı çəkəcəyini, harada nizə atacağını, harada qılıncı sıyıracağını çox yaxşı bilirdi. Sağ cinah nə vaxt, sol cinah nə vaxt hərəkətə keçəcəkdi, ehtiyat qüvvələr nə vaxt müdaxilə edəcəkdi? Hamısının vaxtı çox gözəl tənzim edilmişdi.
Peyğəmbərimizin çadırının qurulduğu yer də uzaqgörənliklə seçilmişdi. Bu qədər əlverişli mövqeyi ancaq ən böyük hərb dahisi seçə bilərdi ki, o da Rəsulullah idi. Alaçığın açıldığı yerdən bütün hərb meydanına nəzarət edə bilirdi. Sağ cinah, sol cinah, ehtiyat qüvvələr rahat görünürdü. Ayrıca tapşırıqları döyüşçülərə vaxtında çatdırmaq mümkün olacaqdı. Artıq hər şey tamamlanmışdı, bir az sonra döyüş başlayacaq.. və 5-10 şəhidlə 3-4 qat güclü müşrik ordusunu yerlə yeksan edəcəkdilər. Qeyd edildiyi kimi, Peyğəmbərimiz o gün əsgərlərinə parol da vermişdi. Hər kəs "Allah birdir!" mənasında "Əhad! Əhad!" deyəcəkdi. Əhad Allahın (cəllə cəlaluhu) ismidir. Allahdan (cəllə cəlaluhu) qeyrisinə "Əhad" demək olmaz. Əhad zatı etibarilə birdir.
Tövhidi-üluhiyyət və tövhidi-rübubiyyəti bildirən mübarək surədə "De ki Allah birdir" ("İxlas" surəsi, 112/1) buyurulur. O, təkdir, ikincisi yoxdur. "Vahid"in ikincisi "isneyn"dir. Amma "Əhad"ın ikincisi yoxdur. Əhad rəqəmlər içində təkdir. İkincisi, üçüncüsü yoxdur. Yani Allah ikincisi mümkün olmayan birdir. Bədirdə parol "Əhad! Əhad!" idi. Və onlar "Əhad! Əhad!" dedikcə, elə bil o biri aləmlərdən "Ləbbeyk, qullarım!" deyə onların səsinə səs verilirdi.
"Əhad" adının seçilməsinin bir hikməti də budur: Məkkəlilər o günəcən parolun nə olduğunu bilmirdilər. Möminlər bu sayədə həm bir-birləriylə əlaqə saxlayır, həm də hamı bir ağızdan hayqırırdı ki, bu da müşriklərin ürəyinə qorxu salırdı. Möminlərin əynindəki kəfən kimi ağ paltarlar da bir tərəfdən müşriklərin əhdini kəsmişdi. Haqq ordusu isə ölümü axtarırdı. Bəli, möminlər şəhidlikdən başqa bir şey düşünmürdülər.
d. Təkbətək döyüşlər
Allah Rəsulu ümumi nizamı mükəmməl tənzim etməklə yanaşı, hadisələrin gedişatında da ən düzgün qərarlar verir və həyata keçirirdi. Əvvəl üç döyüşçü çıxardı müşriklərin qabağına. Bu üç igid ənsarın tanınmış simalarından idi. Ölümə can atan və şəhidlik axtaran bu insanlar nəinki o anda qarşılarına çıxan müşriklərlə, hətta Herakllarla, Gilqamışlarla belə döyüşə bilərdilər. Lakin qüreyşlilər qürurla: "Biz Mədinənin əkinçiləriylə, çobanlarıyla vuruşmarıq!" deyərək ölüm gətirən təkəbbürün ağuşuna atıldılar.
Allah Rəsulunun gözlədiyi də bu idi. Bilmirik, bəlkə də, bu da bir fənd idi. Bunu siyər kitabları yazmır, amma beynində planlaşdırdığına şübhə yoxdur. O, "Qalx, ey Həmzə!" "Qalx, ey Übeydə!" "Qalx, ey Əli!" buyurdu.
Ordulara bərabər bu üç səhabənin ikisi, əmisi oğlu biri də əmisi idi. Ölümə ilk göndərdiyi insanlar özünə ən yaxın əqrəbaları idi! Qarşı tərəf də meydana üç nəfər çıxarmışdı: Ütbə, Şeybə və Ütbənin oğlu Vəlid. Və düşmən artıq son sarsıntı ilə üz-üzəydi. Bu ən güclü qəbilə rəisinin, onun oğlunun və qardaşının Bədrin ortasında qılıncdan keçirilməsi düşməni sarsıdıb məğlubiyyətə sürüklədi... çox keçmədən müşrik ordusunun bu üç döyüşçüsü məğlubiyyətin möhürü kimi Bədrin ortasında cansız yatırdı. Müsəlmanlar şəhidliyin eşiyinə qədəm basmış Übeydəni götürüb əmisi oğlu, Cənnət Rəhbərinin hüzuruna gətirdilər.[20]
Düşmən ruhdan düşmüş, döyüşmək yerinə baş-gözünə vururdu. Üstəlik, Ütbə, Şeybə və Vəlidin canfəşanlığı "sayəsi"ndə Bədrə gələnlər vardı... onların öldürülməsi silahdaşlarını təşviş və öfkəyə sövq elədi.
Qayələr fərqli idi
Hər ağızdan bir avaz gəlməyə başlamış və ordunun nizamı tamam pozulmuşdu. Bu isə onları müsəlmanların ox və nizəsinə, sonra da qılınclarına doğru sürükləyirdi. Allah Rəsulu onlara elə bir zərbə vurdu ki, nə edəcəklərini bilməyib təlaş içində sağa-sola qaçmağa başladılar. Onsuz da, Bədir meydanına bir məqsədlə gəlməmişdilər. Qüreyşin böyükləri kütlə psixologiyasından məharətlə istifadə edərək onları kin və nifrət tufanının qabağına qatıb ta Bədrə kimi gətirmişdilər. Allah Rəsulu isə ileyi-kəlimətullah kimi uca bir məfkurə, yüksək bir amalla gəlmişdi.
Bəli, məfkurə çox əhəmiyyətlidir. Əbu Cəhl, Şeybə, Ütbə, İbn Əbi Muayt, Ümeyyə ibn Xələf nə üçün döyüşürdü? Bəlli deyildi. Onlar intiqam hissi ilə, kinlə, qəzəblə adam öldürməyə gəlmişdilər. Bu əməllər nə Kəbənin izzətini yüksəldəcəkdi, nə də onların etibarını artıracaqdı. Heç nə qazanası deyildilər, qazana bilməzdilər də, çünki oraya kinlə, nifrətlə, qeyzlə gəlmişdilər.
Möminlər isə ali bir qayəyə çatmaq üçün orada idilər: Bəli, Allah-Təalanın (cəllə cəlaluhu) uca adını bütün cahanda dalğalandırmaq onların yeganə arzusu idi! Hər kəsin ürəyi bu duyğu ilə döyünürdü və belə bir məfkurə yolunda ölməyə dəyərdi. Çünki Allah (cəllə cəlaluhu) üçün ölürdülər. Allah (cəllə cəlaluhu) üçün ölmək də Allaha (cəllə cəlaluhu) qovuşmaq deməkdi. Allahı (cəllə cəlaluhu) tanıyan heç nə itirməmiş, əksinə çox şey qazanmışdı.
Bəli, möminlər bu düşüncə və məfkurə ilə çarpışır, bu amal uğrunda şirin candan keçirdilər. Qarşı tərəf isə dünyadan bərk-bərk yapışmışdı, yaşamaq üçün yaşayırdı. Əgər Bədirdə zəfər qazansaydılar, Əbu Cəhil əhd eləmişdi; içki içəcək, qadın oynadıb əylənəcəkdi.[21] Halbuki müsəlmanlar orada namaz qıldı, dua etdi, Allaha (cəllə cəlaluhu) daha da yaxınlaşmaq üçün yollar axtardı.
Budur iki ordunun, iki toplumun fərqi: biri səmalarda və hüzurlu, o biri səfalət quyusunun dibində və iztirab içində ...
e. Ümmətin Fironu öldürülür
Əbdürrəhman ibn Avf (r.a.) nəql edir: "Bədirdə döyüşün qızğın vaxtı idi. Allah Rəsulunun bir ovuc qum götürüb düşmənin üzünə saçdığı və "Üzünüz qaralsın!" deyə buyurduğu anda kəllələr göydə uçuşurdu. Elə o əsnada yanıma yarlı-yaraşıqlı iki cavan yaxınlaşdı. Bəlkə də, hündür görünüb Bədrə gəlmək üçün barmağının ucuna qalxıb dayananlardandı. 15-16 yaşlarında iki cavan.. biri sağımdan yaxınlaşıb belə dedi: "Əbu Cəhli mənə göstərərsənmi, əmican?" Sordum: "Neyləyirsən onu?" Cavab verdi: "Allaha (cəllə cəlaluhu) söz verdim. Rəsulullahın bu düşmənini görsəm, öldürəcəyəm! (İndiyədək imana, iman nuruna, Quran nurunun yayılmasına mane olan bu bəd niyyətli, qara ruhlu müşriki, and içmişəm, vallah görsəm, nəfəsini kəsəcəyəm!) O biri ondan gizləyirdi niyyətini: sol qulağıma əyilib "Əmi, Əbu Cəhli mənə göstərərsən?" deyə soruşdu. Ona da eyni sualı verdim, cavabı birinci cavandan fərqli olmadı.
Bu vaxt birdən Əbu Cəhil gözümə dəydi.. Barmağımla işarə elədim.. Əlimi aşağı salmamış qartal kimi üstünə şığıdılar.. az sonra da bir neçə qılınc zərbəsi ilə yerə sərdilər." Cavanlardan biri ağır yaralanmışdı. O igid yaralansa da, Allah Rəsulunun "Ümmətin fironu" dediyi bəşər tarixinin ən mənfur kafirlərindən biri – Əbu Cəhlin nəfəsini kəsmişdilər.[22]
Bu igidlər Avf ibn Haris və Muavviz ibn Haris adlı qardaşlar idi. Daha dəqiq tanımaq istəyirsinizsə, onlar Uhud döyüşündə oğullarını, həyat yoldaşını, qardaşını şəhid verən, Allah Rəsulunun xirqəsindən öpüb "Sən sağ olandan sonra bütün müsibətlər çox xəfif gəlir!" deyən Sümeyrənin (radiyallahu anha) övladları idi.[23]
Elə ananın belə də oğulları vardı… Cəhaləti çox gerilərdə qoymuşdular. Uhudda arzularına çatmış, Allaha (cəllə cəlaluhu) qovuşmuşdular. Əslində, Bədrə də bu yüksək idealla gəlmişdilər.
Sözün məğzi: Allah Rəsulu ömrü boyu əlindən gələn pisliyi "əsirgəməyən", insanlığa, həqiqətə, elmə və ürfana, hətta iman və İslama düşmən kəsilən bu küfr təəssübkeşlərinə hərb elan edir və onlarla haqq-hesab çəkirdi. Ancaq bu haqq-hesabda son sözü deyənədək hər addımını elə taraz, elə vaxtlı-vaxtında, yerli-yerində atırdı ki, nə bir qəza, nə bir qüsur, nə də bir xəta baş verirdi! Elə bil Bədrə 50 dəfə getmiş, düşmənlə 50 dəfə qarşılaşmış və sanki o manevri 50 dəfə tətbiq etmişdi. Bəli, heç bir xətaya yol vermədən Bədrə gəlmiş, Allahın (cəllə cəlaluhu) inayət və kərəmi ilə müzəffər olmuşdular.
Zəfərdən zəfər doğur. Çünki "saleh dairə"nin içinə girmişdilər. (Bu ifadə bəzilərinə qəribə gələ bilər. "Fasid dairə" məfhumu hər kəsə məlumdur. İndi ona "kor döngə" deyirlər. Biz də bunun əks mənası kimi "saleh dairə"yə "vəlud (məhsuldar) döngə" deyək.) Saleh dairə yaxşılığın yaxşılıq doğurması, fasid dairə isə pisliyin pislik doğurmasıdır. İşlədiyimiz bir xəta qarşımıza yeni xəta çıxarır, o da başqa bir xətanı doğurur, o da o birini çəkib gətirir, o da başqa birinə qapı açır... və beləcə davam edir.
Bəli, silahlar çox yaxşı hazırlanmış, ordu yaxşı mövqedə yerləşdirilmişsə, həmişə gözəl nəticələrlə qarşılaşacaqsınız. "Yaxşılıqlar yenə yaxşı şeylər doğurur" hikmətli kəlamı Allah Rəsulunun ifadəsidir.[24] Bədir zəfəri bir yaxşılıqdır. Ruhda, qəlbdə, düşüncədə iz buraxan yaxşı və xeyirli bir işdir. Allah (cəllə cəlaluhu) bu yolda canla-başla meydana atılanların üzünə min bir xeyir yolunu birdən açdı. Sanki, onlara: "İstədiyiniz yolla irəliləyin. Hansı yolla getsəniz, zəfər qazanacaqsınız!" buyururdu və elə də oldu.
ə. ...Və qalibiyyət
Allah Rəsulunun dalbadal zərbələri müşriklərin belini qırmışdı. Uzun müddət bu qorxu canlarından çıxmayacaqdı. Əbu Cəhlin bəzi tərəfdarları təbliğat aparmasaydılar, müşrikləri döyüşə təhrik etməsəydilər, Uhudda müsəlmanların qarşısına çıxmağa kimsədə nə cəsarət, nə də istək vardı. Qüreyş Uhuda qisas almaq üçün gələcəkdi. "Ya dövlət başa, ya quzğun leşə!" "Nə olursa olsun, müsəlmanlarla bir daha döyüşəcəyik!" deyirdilər. Hindin Əbu Süfyanı təhrik etməsi bunun ən bariz misalıdır. O, belə deyirdi: "Mənim atam öldü, əmim öldü, qardaşım Vəlid öldü. Sənsə arvad kimi evdə oturmusan. Bir arvadla yaşamaqdansa, gedib anamla qalaram!"
Qadınlar hər gün ağlayır-sızlayır, paltarını, üz-gözünü cırır, baş-gözünə döyür, beləcə kişiləri təhrik edirdilər. Qadınların bir il çəkən bu təhriki "nəticəsiz" qalmadı, gözü dönmüş müşriklər Uhudda müsəlmanlarla üz-üzə gəldilər. Bu mövzuya ayrıca toxunacağıq.
Bəli, Allah Rəsulu Bədirdə onlara elə bir zərbə endirmişdi ki, bir daha müsəlmanlarla qarşılaşmağı heç ağıllarına da gətirmirdilər. Amma onların içində baş qaldıran kin və nifrət fırtınası da öz-özünə yatana oxşamırdı. Bununla belə Allah Rəsulu Bədrin sonunda onlara yaxşılıq etməklə sınmış qürurlarını sarımaq istəmişdi. Məsələn, bütün əsirlər əlləri bağlı Allah Rəsulunun hüzuruna gətiriləndə o günədək müsəlmanlara pislik etmiş bu insanların hamısının qılıncdan keçirilməsini əmr edə bilərdi. Halbuki Peyğəmbərimiz dərin şəfqətiylə onları bağışlamağı üstün tutmuş, "bunları bağışlayaq" buyurmuşdu. Halbuki Allah Təala əsirləri bağışlamaqdansa, fidyə alıb buraxmağı tövsiyə edəcəkdi. Rəsulullahsa bu qədər incə idi. O gün bəzi əsirlər də on mədinəliyə oxuma-yazma öyrətməklə əsirlikdən xilas olacaqdı. Allah Rəsulunun bu davranışı da nəticəsiz qalmayacaqdı...
f. Rəsulullahın əsirləri bağışlamaqda məqsədi
Bəli, bu, bir yaxşılıq idi.. Birincisi, ölüm gözləyən bu insanlar fidyə təklifini eşidəndə sevinclərindən yerə göyə sığmamışdılar. Onsuz da fidyə Məkkədə müsəlmanlardan qəsb etdikləri mal-mülkün əvəzi idi.
İkincisi: O dövrdə Mədinədə oxuma-yazma bilən çox az idi. Halbuki gün gələcək, elm və dini bu insanlar yayacaqdılar. Ona görə də yazı savadına daha çox ehtiyacları vardı. Digər tərəfdən Məkkə ilə Mədinənin mədəni fərqi bu sayədə mədinəlilərin lehinə dəyişəcəkdi.
Üçüncüsü: Mədinədə oxuma-yazma öyrətmək üçün qalan bu insanlar İslamiyyəti yaxından görüb tanıyacaq... və Məkkəyə, öz evlərinə Rəsulullahın bəyanlarını, İslamın gözəlliklərini aparacaqdılar. Çünki Allah Rəsulu o mərdliyi ilə, alicənablığı ilə onların qəlbini fəth eləmişdi.
Təsəvvür edin ki, Əbu Cəhlin qardaşı İbn Hişam müsəlman olanadək Allah Rəsuluna qarşı təşkil edilən heç bir müharibədə iştirak etmədi. O, Peyğəmbərimizdən elə bir mürüvvət və insanlıq görmüşdü ki, Ona qılınc çəkməkdən utanırdı. Çoxu belə düşünürdü.
Dördüncüsü: Bu əsirlərin yaxınları və qohumları onların həyatına görə narahat idilər. Amma çox keçmədən əsirlərin burnu da qanamadan azadlığa qovuşub sağ-salamat Məkkəyə gəlməsi onların qəlbində müsəlmanlara qarşı ilıq bir sevgi əmələ gətirmişdi. Çünki özləri müsəlmanlara nələr etmişdilər, nələr etmək istəmişdilər! O isə amansız düşmənlərinə də mürüvvət göstərmişdi. Məkkəli bu yaxşılığı heç öz doğma övladına da etməmişdi, edə bilməzdi də.
Bu nəciblik həm məkkəliləri, həm də ətraf müttəfiqləri əməlli-başlı ovsunlamış və yumşaltmışdı. Könüllər elə fəth edilmişdi ki, əgər Bədirdən sonra Əbu Cəhil yaşasaydı, Bəni-Məhzumda öz evində özündən başqa kafir qalmayacaqdı. Çünki o ailədə belə hər kəsin qəlbi yumşalmışdı. Bəni-Ümeyyənin sərt siması Əbu Süfyan belə artıq mülayim davranırdı. Həyat yoldaşı Hind Bədirdə atasını, əmisini və qardaşını itirsə də, bu zəki və ağıllı adam Uhudda qərarlaşdırılan ikinci Bədrə getməmişdi. Əgər onlar yumşalmasaydılar, daha amansız yollara əl atardılar.
Bəli, Allah Rəsulu Bədirlə bir saleh yola girmişdi artıq. Çünki o gün zalım zalımdı. Üstün gələndə, əlinə fürsət keçəndə təcavüzkar əməllərindən qalmırdı. Hind əlinə imkan düşən kimi Həzrət Həmzənin (r.a.) ciyərlərini yamyamtək çeynəmişdi.[25] Fürsət tapsaydı, Bədirdə də eyni şeyi edərdi. Müsəlmanlarsa əksinə belə bir fürsət ələ düşəndə müsəlman kimi hərəkət edir və yüksək insanlıq nümunələri göstərirdi. Hər kəsin nifrət və kin qazandığı yerdə O, hüsn-rəğbət qazanırdı. Budur Həzrət Məhəmməd (s.a.s.) fətanəti! Və biz Onun hərbi dühasını bu fətanətin bir yönü kimi götürürük.
g. Zəfəri doğuran səbəblər
Allah Rəsulunun Bədir zəfərini bu səbəblərlə izah etmək mümkündür:
Birincisi, Allah Rəsulu hərb baxımından çox yaxşı strategiya qurmuşdu. Bir sərdarın əmri altında, bir və müştərək hərəkət edən, bir ağızdan əmrlər alan, bir əmrlə irəliləyən İslam ordusu ilə Bədrə gəlmişdi. Bu orduda yüksək əhval-ruhiyyə və müdhiş bir iman gücü hakimdi. Bu iman gücü ilə dünyadan belə Cənnət yamaclarını görürdülər. Hətta bu ordu Bədir təpələrində gəzərkən addımlarını Cənnətin yamacına, yoxsa Bədrin ətəklərinə atdığını ayırd edə bilmirdi.
Bədrə məhz bu cür iman və ruhla gəlmişdilər. Üstəlik də bu döyüşçülərin hamısı əmrə itaətin incəliyini dərk edirdi. Bəziləri başından, canından olsa da, kimsə əmr gəlmədən bir şey etməyəcəkdi. Hər kəs Allah Rəsulunun əmrlərini can-başla gözləyəcəkdi.
Bəli, əmrin bir mərkəzdən verilməsi müharibənin gedişində çox əhəmiyyətlidir. Allah Rəsulu nə lazımsa, etmiş və bu mərkəzi möhkəm təməllər üstünə oturtmuşdu. Bundan savayı mükəmməl xəbərləşmə şəbəkəsi qurmuşdu. Alaçığını qurduğu yerdən hər tərəfi rahatlıqla müşahidə edir, bəzən aşağı enərək əsgərlərinin arasında gəzinir və zəiflik gördüyü yerlərdə şəxsən olurdu ki, bunu Həzrət Əlinin (r.a.) sözündə də görürük: "Biz Rəsulullaha pənah gətirərdik. Düşmənə ən yaxın yerdə O olardı"[26].
Ancaq Ona toxunmaq kimsənin hünəri deyildi! İrəli atılan ətdən-sümükdən qalaya çırpılır və dağılıb gedirdi. Bəli, O, həmişə əshabının arasında olur, onlara mənəvi güc verirdi. Döyüşçülərin arasında gəzinir və: "Allah (cəllə cəlaluhu) sizinlədir və sizə yardım edəcək" deyirdi. Hər kəs bu güclü əhval-ruhiyyə ilə, bu itaətlə mətin dayanmışdı. Elə bil Cənnətə gedirdilər.
O dövr baxımından İslam ordusu mükəmməl nizam-intizama malik idi. Düzgün strategiya, sağ cinah nədir, sol cinah nədir, mərkəz nədir, mərkəzi qüvvə nədir, ehtiyat qüvvə nədir? Budur mükəmməl hərb! Və o gün Allah Rəsulu bir hərbçi kimi bütün bunlardan yerli yerində istifadə etmişdi. Məsələn, hərb əmrə itaətdir, müdavimlər ilk təlim müddətində itaətə alışdırılır.
Bəli, əmrə itaətdə incəlik çox əhəmiyyətlidir. "Uzan!", uzanacaqsan, "Qalx!", qalxacaqsan. Allah Rəsulu əsgərlərini oraya gələnədək itaətə alışdırmışdı. Orada da uca sərdar alaçığını Bədrin bir təpəsində qurub hər şeyi oradan müşahidə edirdi. O, əmr verir, onlar da əmrə itaət edirdi. O, əsgərini Bədrə gətirənəcən elə bir imanla yetişdirmişdi ki, bu döyüş sanki həyata xor baxanlarla həyata talib olanlar arasında baş verirdi.
Biri gül bağçasından gül qoparmaq istəyir, biri də qanı ilə gül böyütmək, gül yetişdirmək istəyirdi. Biri: "Həyatın yükünü belimdə daşıdığım bəsdir, açılsın artıq Cənnət qapıları, girim onun yasəmənliklərində gəzim!" O biri isə: "Ah kaş buradan sağ-salamat qayıdaydım, bir şərab içəydim, rəqqasələri qabağımda dolandıraydım və həyatdan ləzzət alaydım!" deyirdi.. bəli, burada həyata xor baxanlarla həyata qul-kölə olanlar döyüşürdü. Bu, möhkəm, intizamlı bir ordunun dağınıq dəstələrlə qarşılaşması idi və döyüşün nəticəsi başlanğıcdan bəlli idi. Çünki burada nizamla nizamsızlıq vuruşurdu.
Ərz etdiyim kimi, ordunun harasında bir boşluq açılır, bir diş qırılır, bir səhabə yaralanırdı, Allah Rəsulu dərhal oranı möhkəmləndirirdi. Əsgərlər Allah Rəsulunu önlərində görüncə daha da şücaətlə döyüşür və boşluğu aradan qaldırırdılar. Mütəmadi olaraq fərqli taktikalar irəli sürmək qüdsilərin ən nəzərəçarpan xüsusiyyətidir. Bədirə də fərqli taktikalarla gəlmişdilər. O, bunları çox da yazıb pozmurdu.. Çünki yazılmış planlar düşmən əlinə keçə bilərdi.
Allah Rəsulu planlarını ən kiçik təfərrüatını gözdən qaçırmadan beynində hazırlayırdı. Bu gün xəritələrin üstündə yazılıb-pozulan və cızma-qara planlarla çətinliklə göstərilən manevrləri O beynində qurur, vaxtı və yeri gələndə də tətbiq edirdi. Bədir də belə idi. Düşmən düşünür-daşınır, 50 casus göndərir, amma bir şey öyrənə bilmirdi. Hərbin sonuna qədər, Allah Rəsulunun hərəkət planından sirdaşları və yaxın sərkərdələri müstəsna, heç kimin xəbəri yox idi. Düşmən isə kor-koranə döyüşürdü. Halbuki Allah Rəsulunun hara ox atacağını, mizrağı hara saplayacağını çox yaxşı bilir və planlı şəkildə hərəkət edirdi.
Bəli, strategiya çox əhəmiyyətlidir və mən müasir dövrə aid bəzi xüsuslar istisna, bu qədər inkişafa baxmayaraq hələ də bu səviyyədə strategiyaya vaqif olduğumuzu düşünmürəm!
h. Mömin döyüşdə mövqeyini tərk etməz
Mühüm məqamlardan biri də əmr gələnədək müsəlmanların hissə qapılıb hərəkət etməməsi və əzmlə döyüşüb mövqelərində möhkəm dayanması idi. Hətta məğlubiyyət qaçılmaz olsa belə, "hər şey qurtardı" deyib yerlərini tərk etməməli idi. Allah da müqəddəs kitabında bunu əmr edirdi:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا زَحْفاً فَلاَ تُوَلُّوهُمُ اْلأَدْبَارَ
"Ey iman gətirənlər! Döyüş üçün irəliləyəndə kafirlər bir yerə toplaşdıqları vaxt onlarla rastlaşsanız, dönüb onlardan qaçmayın!" ("Ənfal" surəsi, 8/15)
Bir nəfər də qalsa, qaçmamalı idilər. Vyana məğlubiyyətini[27] hər dəfə xatırlayanda ürəyim sızlayır və öz-özümə belə deyirəm:
Kaş Merzifonlunun əsgərləri son nəfərə qədər orada öləydi, bircə nəfəri də qaçmayaydı. Bəlkə də, orada məğlubiyyət zəfərə dönə bilərdi. Tarix boyu "Qızıl alma"nı ala bilmədilər, bəlkə də, almaq olardı. Amma elə ki mömin həyatı şirin görməyə, ölümdən qorxmağa, hətta Cənnət və imana ikinci, üçüncü məsələ kimi baxmağa, bundan da betəri, dünyanı gözündə böyütməyə başladı, o zaman Allah (cəllə cəlaluhu) da onu məhabətdən məhrum etdi, möminin məhabətsiz qaldığını görən kafir də gəlib qələbə çaldı. Artıq mömini görsələr belə, ondan çəkinmir, gözünün içinə baxa-baxa aldadır və onu məsxərəyə qoyurlar.[28]
Möminə hərb meydanından qaçmaq yaraşmaz. O, orada tikə-tikə doğranar, amma boylanıb geriyə də baxmaz. Tarix bu cür minlərlə qəhrəmana şahid olmuşdur. Və hamısı da bu qorxmazlığı sanki Bədrin aslanlarından öyrənmişdir. Bu döyüş gələcək nəsillərə nümunə olması baxımından çox əhəmiyyətlidir.
Yərmükdə 20 min qəhrəman 200 min bizanslı ilə döyüşmüşdü. O da Bədir kimidir. Təbii ki, bu zəfər eyni ruh və şüura malik insanların əzmi ilə qazanılmışdı. Yərmükün minlərlə qəhrəmanından biri də Hunaş ibn Qeysdir... Günorta vaxtı ayağı bir qılınc zərbəsiylə qopub düşür, ancaq bundan xəbəri olmur. İkindi vaxtına doğru möminlər zəfər qazanmağa başlayanda bu bahadır atdan enmək istəyir. Həmişəki kimi ayağını yerə uzadarkən bir tərəfi boşa gedir və yerə yıxılır. Dikəlib ayağa qalxmaq istəyincə məsələni başa düşür: o gün ayağı özündən əvvəl Cənnətə getmişdi.[29]
O cahangirlərin gözündə nə dünya vardı, nə də axirət. Onlar Yunusun dili ilə "Mənə Sən gərək, Sən!" deyir, hər yerdə Onunla nəfəs alırdılar.
Döyüşdə qaçmaq böyük bir cürmdür. Bu məsələdə Allah-Təala bir meyar bəyan etmiş və geri çəkilməyə ancaq bu meyar çərçivəsində icazə verilmişdir. Və heç kim bu meyarı öz nəfsinə, həvəs və düşüncəsinə görə izah edə bilməz. Ölçü bu ayədir:
وَمَنْ يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُ إِلاَّ مُتَحَرِّفاً لِقِتَالٍ أَوْ مُتَحَيِّزاً إِلَى فِئَةٍ فَقَدْ بَاءَ بِغَضَبٍ مِنَ اللّٰهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ
"Təkrar döyüşmək üçün bir tərəfə çəkilmək və ya başqa bir (müsəlman) dəstəyə qoşulmaq məqsədi istisna, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar .Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir." ("Ənfal" surəsi, 8/16)
Mütənin qəhrəmanları geri dönəndə xəcalətdən Allah Rəsulunun hüzuruna çıxa bilməmişdilər. Özlərini fərari sayır və gözə görünməməyə çalışırdılar. Peyğəmbərimiz isə onları bağrına basıb yuxarıdakı ayə ilə təsəlli verdi: "Siz qaçmadınız. Mənə qoşuldunuz. Qüvvənizi toplayıb yenə gedəcəksiniz."[30] Bəli, mömin yalnız sərdarın əmri və bu düşüncə ilə geri çəkilə bilər.
Burada əhəmiyyətli xüsuslardan biri də sərkərdənin hər an əsgərlərinin başında olmasıdır. Tarix şahiddir ki, nə vaxt islami bir dövlətin rəhbərləri ordunun başında olmuşdur, əksər hallarda müsəlmanlar zəfər qazanmışdır. Və müəyyən bir dövrdə Osmanlılarda olduğu kimi, nə vaxt hökmdarlar sarayda oturmağa başlamışdır, o zaman da geriləmə, zəifləmə və tənəzzül özünü göstərmişdir. Qanuni Sultan Süleymanın 46 illik səltənəti at belində və döyüş meydanlarında, hərbi yürüşlərdə keçmişdir. Dövləti zirvədə saxlamağı – Allahın inayəti ilə – bacarmasının ən böyük sirri də məhz bundadır.
Burada görürük ki, Bədir də digər zəfərlər kimi, müsəlmanların Allah yolunda, Allaha güvənərək və səbəblərə riayət edərək qazandığı bir zəfərdir. Bəli, Allah Rəsulu feli duanı edəndən, yəni döyüş üçün lazımi hazırlıqları görəndən sonra elə oradaca əllərini açıb Uca Rəbbinə yalvarmışdı. Bu iki dua birləşincə Allah-Təala da möminlərə parlaq bir zəfər nəsib etmişdi.
Geniş və ətraflı olmasa da, siyər və məğazi kitablarının bizə çatdırdığı qədər Bədir müharibəsini sizə təsvir etməyə çalışdım. O, mükəmməl bir hərbçi idi. Bu mahir sərdar bir ovuc fədakar əsgəri ilə, xətasız, əngəlsiz Rəbbinin murad buyurduğu mövqeləri tutmuşdu. Biz Onun müvəffəqiyyətlərində: "Muhəmmədun Rəsulullah" gerçəyini oxuyuruq. Bəli, Ona uğur gətirən nədir, niyə həmişə müvəffəq olur?
Çünki Məhəmməd (s.a.s.) Allahın (cəllə cəlaluhu) Rəsuludur. O, Allahın təlimi ilə, tərbiyəsi ilə mükəmməl hərbçi olmuşdur. Bəli O, dərsini Allahdan (cəllə cəlaluhu) alırdı. Çünki vəzifə başında idi. Bu mövzuda Ona bəxş edilən ən böyük lütflərdən biri də Allahdan (cəllə cəlaluhu) gələn əmrləri bütün incəlikləri ilə dərk edib qiymətləndirmə qabiliyyətinə malik "Fətanəti-əzəm" istedadı idi. Bu, insanı heyrətə salan ağıl (hiyləgərliklə, dedi-qodularla, lüzumsuz işlərlə məşğul olan, öz bildiyini edən ağıl deyil), ilahi məqsədləri, Allahın (cəllə cəlaluhu) əmr və istəklərini qüsursuz anlayan ağıl demək idi.
Bəli, İnsanlığın İftixarı ilahi fərman Quranla kainat kitabının gerçəklərini birləşdirməyə müvəffəq olan yeganə insandır. Bəli, Quran nə deyirsə, ondan əvvəl Allahın (cəllə cəlaluhu) ilahi elm qələmi ilə işlədiyi, qüdrət və iradə ilə ortaya qoyduğu kainat kitabı da eyni şeyləri bəyan edir. Bu iki kitabı uzlaşdırmaqda, daha doğrusu, bu uyğunluğu qavrayıb ifadə etməkdə və həyata keçirməkdə Həzrət Məhəmməd (s.a.s.) təkdir, müstəsnadır və tayı-bərabəri yoxdur.
[1] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/261; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/268.
[2] Təbəri, "Camiul-bəyan", 2/631; Şövqəni, "Fəthül-Qadir", 1/268.
[3] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/260.
[4] Əbu Davud, Ədəb, 100.
[5] "İnsan" surəsi, 76/30; "Təkvir" surəsi, 81/29.
[6] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/182; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/274.
[7] Bolqarıstanda vilayət – red.
[8] Komotini - Yunanıstanda türklərin sıx yaşadığı şəhər – red.
[9] Yunanıstanda türklərin sıx yaşadığı Ksanti bölgəsi – red.
[10] Buxari, "Məğazi", 17; Müslim, "İmarə", 145.
[11] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/159; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/260.
[12] Əhməd ibn Hənbəl, "Əl-müsnəd",1/159.
[13] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/8; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/176.
[14] Buxari, "Məğazi", 30; Müslim, "Cihad", 67.
[15] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/159; İbn Sad, "Ət-təbəqatul-kübra", 3/120; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/260.
[16] İbn Sad, "Ət-təbəqatul-kübra", 3/120.
[17] Müslim, "Cihad", 86; Əhməd ibn Hənbəl, "Əl-müsnəd",2/538.
[18] Əhməd ibn Hənbəl, "Əl-müsnəd",1/411; Beyhaqi, "Əs-sünənül-kübra", 5/258.
[19] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/168; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/267.
[20] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/173; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/273.
[21] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/166; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/266.
[22] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/183; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/287-289.
[23] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/50; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/46-47.
[24] Buxari, "Cihad", 37; "Riqaq", 7; Müslim, "Zəkat", 121-123.
[25] Əhməd ibn Hənbəl, "Əl-müsnəd",1/463; İbn Əbi Şeybə, "Müsənnəf", 7/371.
[26] Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 1/86; Təbərani, "Əl-mücəmül-övsət", 3/372.
[27] 1683-cü ildə Osmanlı ordusunun uğursuzluqla nəticələnən II Vyana mühasirəsini nəzərdə tutur – red.
[28] Əbu Davud, "Məlahim", 5; Əhməd ibn Hənbəl, "Əl-müsnəd",5/278.
[29] Bəlazuri, "Fütuhul-büldan", 1/142-143; İbn Əsakir, "Tarixi-Dəməşq", 15/377; İbn Həcər, "Əl-isabə", 2/187; "Təbsirül-müntəbih", 1/397.
[30] Əbu Davud, "Cihad", 106; Tirmizi, "Cihad", 36.
- tarixində yaradılmışdır.