O, fərqli üfüqlərin insanıdır

Zəmanəmizin biçarə insanı neçə-neçə dəyər ölçüsünü itirdiyi kimi, onun peyğəmbərlərə və xüsusən, peyğəmbərlər sultanı Həzrəti Məhəmməd əleyhissalama baxışı, düşüncəsi də tamamilə alt-üst olmuşdur. Halbuki Onu adi bir insan kimi bəşəri kriterilərlə dəyərləndirmək qətiyyən doğru deyil, hətta qeyri-mümkündür. Çünki O, yer üzünü yenidən inşa etmək və insanlığa yeni üfüqlər açmaq üçün müstəsna ruh və qabiliyyətlərlə göndərilmiş bir insandır... Və bizim kriterilərimiz Ona qiymət verməkdə acizdir, O, bunların fövqündədir. Bu baxımdan kim nə anladır-anlatsın, Onu tam mənası ilə anlada bilməz. Onu ən yaxşı anlayanlardan biri olan Həsən bin Sabitin:

"Mən sözlərimlə Həzrət Məhəmmədi (s.a.s.) mədh etmədim. Ancaq Onunla sözlərimi mədh etdim," [1] – dediyi kimi bütün gözəl sözlərə gözəllik bəxş edən Onun xoş xatirəsidir. Yoxsa bizim kəlmələrimiz Ona heç nə qazandırmır. Fərəzdak[2] da eyni sözləri kiçik fərqlə dilə gətirir... Əsrin böyük mütəfəkkiri bu sözləri Quran haqqında söyləyir: "Quranın möcüzəvi həqiqətlərini mən gözəlləşdirə bilmədim, gözəl göstərə bilmədim, əksinə, Quranın gözəl həqiqətləri mənim təbirlərimi gözəlləşdirdi, ülviləşdirdi."

Bütün bunlar bir mənada eyni duyğu və düşüncəni bölüşməkdir. Hamısı da eyni qaynaqdan ilham alan və eyni şeyləri fərqli ibarələrlə ifadə edən şəxslərdir; birinin mücməl[3] şəkildə bəhs etdiyi məsələni kimi təfsilatı ilə izah etmiş, kimi də şairanə tərənnüm etmişdir, – amma heç kimi o məhvərdən kənara çıxma­mışdır.

Eyni şəkildə bizlər də hər cəhətdən təhdisi-nemət[4] sayılan Rəsulullah ümməti olmağın üstünlüyünü hiss edir və sevincimizi hayqırırıq: Rəbbimizə nə qədər həmd və şükür etsək, yenə də azdır, çünki bizi ən böyük nemətlə şərəfləndirmiş və Həzrət Məhəmməd Mustafaya (s.a.s.) ümmət etmişdir. Bu, bir ilahi lütfdür. O, lütfünü istədiyinə və istədiyi qədər verir. Ancaq bizə bəxş etdiyi lütf o qədər böyükdür ki, heç bir ölçü və tərəziyə sığmaz. Bəli, başqaları ilə müqayisədə bizə ucsuz-bucaqsız ehsan dənizi bəxş edilmişdir...

Ancaq məsələnin bir yönü də var ki, onu da soruşmadan keçmək olmur. Görəsən, O Sultana layiq könül taxtımız varmı? Sultan öz taxtındadırmı? Könüllərimiz hər an ona açıqdırmı? Həz­rət Məhəmməd əleyhissalamın yolu, sünnəsi oturuşumuzda, duruşumuzda, geyimimizdə, ümumiyyətlə, bütün davranışlarımızda qəlb və ağlımıza hakimdirmi? Və bütün həyatımız Onun göstərdiyi istiqamətdədirmi? Əgər cavabımız "bəli"dirsə, deməli, quşu gözündən vurmuşuq. Röya və xəyallarımızı yalnız Onun gözəl üzü, nur camalı bəzəyirsə, deməli, bizlər artıq Məhəmmədi ca­maata çevrilmişik. Onun əxlaqı ilə "əxlaqlanan", həyatının hər səhifəsini Məhəmmədi ədəblə süsləyən bir camaat isə yer üzünün müvazinət ünsürüdür. Qənaətimcə, bu müvazinəti qoruyub saxlaya bilməməyimizin bircə səbəbi var: Məhəmmədi ruhda lazımi səviyyəyə çata bilməmək.

O, Allahın müstəsna yaratdığı müstəsna insandır. Bir insan kimi aramızda olması bizlər üçün ən böyük səadətdir. Çünki cənnətlər belə Onun təşrifi ilə şərəflənmiş və yenə də şərəflənəcək. Bu etibarla, insanlara Onu, həm də Ona layiq şəkildə çatdırmaq, izah etmək, anlatmaq bizim ən böyük vəzifəmizdir. Çünki bəşəriyyət həqiqi insanlıq səviyyəsinə məhz Peyğəmbərimizi dərk etməklə, qavramaqla ucalacaq. Mən də buna niyyət etmişəm. Ancaq bu meydanın əri, bu xütbənin xatibi olmadığımı əvvəlcədən etiraf edirəm. Yeganə arzum da Ona xas gözəlliklərin qavranılmasına çalışmaqdır və bütün hünərim də bu mövzuda səmimiyyətimdir.

Uzun müddət özümü Onun qapısında bir "qitmir" saymış, bununla təsəlli tapmışam. Ancaq günlər keçdikcə ümidimi qismən itirdim. Sonra öz-özümə dedim: "Kaş bir insan kimi deyil, Onun mübarək vücudunda bir tük olaraq yaradılaydım. Bəli, Allah-Təalanın xüsusi lütflərinə layiq bir insana bu qədər yaxın ola biləydim... Hər zaman bunu düşündüm. Ancaq Onu tanıdıqca belə bir şərəfə də layiq olmadığımı daha yaxşı anladım. İndi bütün arzu və istəyim sadəcə Onun ümmətinə mənsub bir fərd kimi qəbul edilməkdir. Ümid edirəm ki, Haqq-Təala belə bir camaat içində olanı Onun (Rəsulunun) şəfaətindən məhrum etməyəcək və "Onlar elə bir topluluqdur ki, onlarla bir yerdə olan insan (onlara verdiyim nemətdən) əsla məhrum qalmaz",[5] – deyəcək və məni də o topluluğa daxil edəcək.

Bəli, buna rəğmən o uca şəxsiyyəti anlatmağa niyyət etdim. Bü­tün səylərim insanların könlünə Onun sevgisini alovlandıran bir qığılcım ata bilməkdir. Nə deyim? Mən də həccə niyyət edən qarışqa kimi deyirəm:.."Onsuz da, o yolda ölməkdir bütün əməlim..."

O, bambaşqa üfüqlərin insanıdır. Bizim vəzifəmiz özümüzü Onun "tezliyinə", ritminə kökləməyə çalışmaqdır. Bu mümkün olarsa, arada açıq və şifrəli söhbətlər başlar. Əmri şəxsən Rəsulullah verər. İdarəni ələ alar. Onun idarə etdiyi camaat və cəmiyyətin dəyəri, keyfiyyəti o qədər ülvi, dərindir ki, mələklərdə belə qibtə hissi doğurar.

Bəlkə də, bəzilərinə bu dediklərimiz obyektiv görünməyə bilər. Heç qəmim olmaz, hər gün üç-beş nur üzlü gənc mənən Rəsulullahdan müjdələr alsa! Və yenə bəziləri pərdəsiz, hicabsız, birbaşa, həm də şəhadət aləmində Onunla irtibatda olduğunu söyləsə!

O, ruhaniyyəti və bəzilərinə görə də, nuraniləşən cismaniyyəti ilə daim aramızdadır. İmam Suyuti şəxsən Allah Rəsulu ilə yetmiş dəfədən çox görüşdüyünü deyir.[6] Bəli, O, bizim anladığımız mənada ölməmiş, sadəcə üfüqünü dəyişdirmişdir. Onun vəfatını adi bir insanın ölümü kimi başa düşmək böyük yanlışlıq olar. Çünki Qurani-Kərim peyğəmbərlik məqamından iki pillə aşağıda olan şəhidlərə "ölü" deməməyə çağırır. [7] O halda Ona necə "öldü" deyə bilərik? Bəli, Onun sadəcə başqa bir aləmə köçdüyünü dilə gətirə bilərik. Ona görə də (məqamca yüksəlib) həmin üfüqləri görənlər Onu orada birbaşa görə bilirlər…

Bədən və cismaniyyətin zindanından sıyrılıb qəlbən və ruhən dirilənlər, yüksələnlər keçmişi və gələcəyi eyni anda duya, yaşaya bilirlər. Bəli, o ali üfüqün insanları həm hal-hazırda sizinlə yan-yana dayanır, həm də əsri-səadətdə Allah Rəsulu ilə üz-üzə otururlar. Allah dostları "abdal"lar eyni anda bir neçə yerdə ola bilirlər. Bəs onda Sultanur-Rəsul niyə həm axirətdə, həm də dünyada, həm bizimlə, həm də mələklərin və nəbilərin önündə olmasın?! Olur və olacaq da...!

Bundan sonra deyəcəklərimi bura qədər dediklərimlə əsaslandırmaq istəyirəm. Peyğəmbərlərə və Peyğəmbərimizə baxış aspekti və baxışda niyyət çox əhəmiyyətlidir. Övliya, əsfiya, əbrar və müqərrəbini (Allaha yaxın insanlar, övliyalar, Allah dostları) dərk edib qav­ramaq xüsusi ruhi-mənəvi saflıq, könül təmizliyi tələb etdiyi halda, peyğəmbərləri cismaniyyətin sisli-dumanlı havasında­ idrak edib anlamaq mümkündürmü? Elə isə onları anlamaq üçün qəlbimizin bütün duyğuları ilə onlara yönəliməliyik. Üstəlik Həzrət Məhəmmədin (s.a.s.) şəxsiyyətini anlamaq istəyindən söhbət gedirsə, daha ciddi yönəlmək lazımdır. Təbii ki, yenə hər kəs öz qəlb gözünün səviyyəsində sezəcək… Lakin heç kim Onu tam mənada qavraya bilməyəcək. Bəli, Buseyri demiş:

Ömrünü röyalarla təsəlli tapmaqla keçirən yuxulu insanlar
Onun həqiqətini necə idrak edə bilər?!

[1] Ziyaəddin əl-Məvsili, əl-Məsəlüs-sair, 2/357; Kalkaşandi, Subhul-Aşa, 2/321.
[2] Ziyaəddin əl-Məvsili, əl-Məsəlüs-sair, 2/357; Kalkaşandi, Subhul-Aşa, 2/321.
[3] Az sözlə dərin mənalar vermək
[4] Allahın nemətlərinə şükür hissi ilə dolub-daşmaq və Onun lütflərini elan etmək
[5] Müslim, Zikr 25; Tirmizi, Daavat 129.
[6] Nəbxani, əl-Fəthul-kəbir, 1/7; Məscidi kəramatil-övliya, 2/158.
[7] "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz" (Bəqərə surəsi, 2/154). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur" (Ali-İmran surəsi, 3/169)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.